PDF Oxu

Siyasət

  • 19

Azərbaycanda yeni liman kompleksinin təməli qoyulub

Azərbaycanda yeni liman kompleksinin təməli qoyulub

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimində iştirak edib. SİA-nın məlumatına görə, öncə yeni liman kompleksinin ümumi mənzərəsini əks etdirən videoçarx nümayiş olunub. Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi Azərbaycan Prezidentinin 2007-ci il 18 oktyabr tarixli sərəncamına əsasən həyata keçirilir.
Liman kompleksinin layihəsi beynəlxalq tenderin qalibi olan Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfindən hazırlanıb.
Limanın dəniz hissəsində giriş kanalı və dönmə akvatoriyasında dib dərinləşdirmə və quru hissəsində infrastrukturun layihələndirilməsi işləri başa çatdırılıb. Hazırda limanda tətbiqi nəzərdə tutulan müasir kran, maşın və mexanizmlərin seçimi və müasir naviqasiya-rabitə sisteminin layihələndirilməsi üzrə işlər aparılır.
Liman kompleksinin tikintisi üçün 400 hektar ərazi ayrılıb. Tikinti 3 mərhələdə aparılacaq. Liman kompleksinin yükaşırma imkanı birinci mərhələdə 10 milyon tona qədər yük, 40 min TEU-ya qədər konteyner, II mərhələdə 17 milyon tona qədər yük, 150 min TEU-ya qədər konteyner, III mərhələdə isə 25 milyon tona qədər yük və 1 milyon TEU-ya qədər konteyner olacaq. Birinci mərhələnin inşa müddəti 3 il 6 ay nəzərdə tutulur.
Liman kompleksində beynəlxalq nəqliyyat-logistika mərkəzinin tikintisi də planlaşdırılır. TRACECA çərçivəsində "Beynəlxalq nəqliyyat-logistika mərkəzlərinin yaradılması" layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat-logistika mərkəzi üçün əlverişli hesab edilib, Avropa Birliyinin qrantı hesabına mərkəzin baş planı işlənib hazırlanıb və baxılmaq üçün Nəqliyyat Nazirliyinə təqdim edilib.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi. Ölkə Prezidenti vurğuladı ki, bu tarixi bir hadisədir. Dövlət başçısı qeyd etdi ki, yaxın zamanlarda burada, bu boş ərazidə möhtəşəm, müasir, ən yüksək standartlara cavab verən ticarət limanı yaradılacaq.
Ölkə Prezidenti qeyd etdi ki, ticarət limanının yaradılması ilə bağlı işlər gedir. Layihələndirmə işləri görülmüş, yerin seçilməsi ilə bağlı tədqiqatlar aparılıb. Bütün bu işlər təqdimatda çox əyani şəkildə göstərilib. Bu yerin seçilməsi də təsadüfi xarakter daşımır. Həm dənizin bu hissəsində məqbul şərait yaradılması, eyni zamanda, ərazinin bütün magistral avtomobil yolları ilə bağlı olması, əlbəttə ki, bu yerin seçilməsində xüsusi rol oynamışdır. Bakının bu bölgəsindən şimal, cənub və qərb istiqamətlərinə çox rahatlıqla avtomobil bağlantısı vardır və dəmir yolunun mövcudluğu, əlbəttə ki, bu yerin seçilməsində mühüm rol oynayıb: "Bir sözlə, mən əminəm ki, yaxın zamanlarda, yəni, nəzərdə tutduğumuz vaxtda Xəzər dənizində böyük, əzəmətli və çox funksional yeni liman tikiləcəkdir. Buna böyük ehtiyac vardır. Çünki hazırkı Bakı Ticarət Limanı tələblərimizə cavab vermir. Bu liman şəhərin mərkəzində yerləşir və əlbəttə ki, sakinlər üçün problemlər yaradır. Nəzərə alsaq ki, hazırda Bakının bulvar hissəsinin genişləndirilməsi və uzadılması layihəsi işlənilir, limanın bu əraziyə köçürülməsi şəhər sakinlərinin gəzinti və istirahəti üçün yeni imkanların yaradılmasına gətirib çıxaracaqdır.
Digər tərəfdən, bugünkü Bakı Dəniz Ticarət Limanı keçən əsrin 30-cu illərində tikilmişdir və sonralar müəyyən mərhələlərdə rekonstruksiya işləri aparılmışdır. Ancaq hazırda Azərbaycanın nə indiki, nə də ki, gələcək inkişafının tələblərinə uyğun deyildir. Ona görə limanın bu ərazidə yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın təhlükəsizlik məsələlərini uğurla həll etmək, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirmək, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək və nəticədə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaratmaqdır. Digər tərəfdən, Azərbaycanda son illər bütün işlər dünya standartları səviyyəsində görülür. Biz bütün böyük investisiya layihələrinə çox ciddi yanaşırıq, böyük təhlillər aparılır, xarici mütəxəssislər cəlb olunur. Bu limanın layihələndirilməsində dünyanın tanınmış xarici şirkəti fəal iştirak etmişdir. Yəni, bizim yanaşmamız bundan ibarətdir ki, Azərbaycanda yaradılan bütün infrastruktur dünya standartlarına cavab verməlidir və uzunmüddətli əhəmiyyət daşımalıdır. Tikiləcək dəniz limanı onilliklər bundan sonra da Azərbaycana xidmət göstərəcək və beləliklə, iqtisadi gücümüzü artıracaqdır.
Mən çox şadam ki, dəniz ticarət limanının fəaliyyətə başlaması nəticəsində, eyni zamanda, birinci mərhələdə 1400, üçüncü mərhələdə 3 min Azərbaycan vətəndaşı işlə təmin olunacaqdır. Bu, özlüyündə böyük sosial məsələlərin həllinə gətirib çıxaracaqdır. Xüsusilə Ələt qəsəbəsində yaşayan vətəndaşlar burada işləyəcəklər, öz xidmətlərini göstərəcəklər. Bir sözlə, Bakının bu ucqar hissəsi inkişaf edəcək, burada sürətli canlanma prosesi başlanacaqdır.

Azərbaycanın coğrafi vəziyyəti belədir ki, biz bütün yolların kəsişməsində yerləşirik. Bu, bizim üstünlüyümüzdür." Ölkə Prezidenti qeyd etdi ki, nəqliyyat infrastrukturu olmadan bu layihələrin həyata keçirilməsi mümkün deyildir, məhz ona görə biz öz coğrafi vəziyyətimizdən çox səmərəli istifadə etməliyik və edirik. Azərbaycanda güclü nəqliyyat infrastrukturu yaradılır. İlham Əliyev diqqətə çatdırdı ki, bu gün artıq ölkəmizi üç qonşu dövlətlə bağlayan müasir avtomobil yolları tikilir, şimal və qərb istiqamətində bu işlər demək olar ki, tamamlanır. Bu magistral avtomobil yolları yaxın zamanlarda tam şəkildə istismara veriləcəkdir: "Cənub istiqamətində işlər gedir və ümid edirəm ki, iki il ərzində cənub avtomobil yolu da yüksək standartlara uyğun olmaq şərti ilə istismara veriləcəkdir.
Azərbaycanda dəmir yolu nəqliyyatına böyük investisiyalar qoyulacaqdır, xüsusi proqram qəbul edilib. Bu günə qədər işlər yüksək səviyyədə aparılır, ancaq əsas işlər növbəti illərdə görüləcəkdir. Hava nəqliyyatına böyük investisiyalar qoyulubdur. Azərbaycanda dörd beynəlxalq aeroport fəaliyyət göstərir və bu aeroportların tikintisi son illər ərzində sürətlə getmişdir. Azərbaycanda dəniz nəqliyyatı böyük tarixə və ənənələrə malikdir. Xəzər hövzəsində Azərbaycan dənizçiləri xüsusi fəaliyyətə malikdirlər və son illər ərzində tankerlər, quru yük gəmiləri alınmışdır. Beləliklə, Xəzərdə rolumuz artmaqdadır. Yəni, bütün nəqliyyat infrastrukturunun genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində çox fəal və böyük işlər görülmüşdür.
Bu məqsədlər üçün böyük investisiyalar qoyulmuşdur. Deyə bilərəm ki, investisiyaların böyük hissəsini Azərbaycan dövlətinin vəsaiti təşkil etmişdir. Eyni zamanda, biz beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edirik.
Azərbaycanın ümumi iqtisadi inkişafı və maliyyə ehtiyatları bizə imkan verir ki, xarici maliyyə qurumlarından istənilən məbləğdə maliyyə resurslarını ölkəmizə gətirək. Beləliklə, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız daha da dərinləşir.
Hesab edirəm ki, biz hazırda bölgə və Avropa qitəsi üçün çox vacib olan dəmir yolu layihəsi üzərində fəal işləyirik. Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bu layihə bildiyiniz kimi, uzun illər ərzində müzakirə mövzusu idi. Fəqət, ciddi praktiki addımlar atılmamışdı. Ancaq son illərdə üç ölkənin birgə səyləri nəticəsində bu layihənin həyata keçirilməsi üçün praktiki addımlar atılmışdır, Azərbaycan öz tərəfindən maliyyə resurslarını cəlb etmişdir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu uğurla tikilir. Əminəm ki, vaxtilə bu layihədən kənarda qalan ölkələr o, həyata keçiriləndən sonra onun imkanlarından bəhrələnəcəklər.
Ən başlıcası bu layihə Azərbaycanın nəqliyyat imkanlarını böyük dərəcədə artıracaq, regional nəqliyyat mərkəzi kimi rolumuzu daha da gücləndirəcək, Avropanı Asiya ilə etibarlı və keyfiyyətli dəmir yolu ilə birləşdirəcəkdir. Yəni, bütün bu amillər bizə diktə edirdi ki, mütləq Azərbaycanda yeni, müasir dəniz ticarət limanı tikilməlidir. Görülən bu işlərin cədvəli və sürət templəri bir-biri ilə bağlıdır. Ümid edirəm ki, bu layihələr nəzərdə tutduğumuz vaxtda icra ediləcəkdir. Beləliklə, bölgədə nəqliyyat sahəsində tamamilə yeni vəziyyət yaranacaqdır. Mən ümid edirəm ki, nəzərdə tutduğumuz bütün vəzifələr vaxtında və böyük keyfiyyətlə icra ediləcəkdir. Bir daha demək istəyirəm ki, biz bu layihəyə çox böyük diqqətlə, həssaslıqla yanaşmışıq. Bu gün Azərbaycanın tikinti sektorunda ölkə əhəmiyyətli böyük layihələrə ən müasir yanaşma tətbiq olunur. Tələsmədən, hər şey dəqiq ölçülüb-biçilir, tədqiqatlar aparılır, dünyanın aparıcı xarici mütəxəssisləri bu işlərə cəlb olunur və bütün işlər əsaslı görülür. Biz dünyada mövcud təcrübəni bilirik və öyrənirik. Ona görə mən heç şübhə etmirəm ki, burada yaradılacaq liman dünya səviyyəsində olacaq, bu gün fəaliyyət göstərən limanlar arasında öz gözəlliyi və funksional mahiyyəti ilə fərqlənəcəkdir. Mən, əziz dostlar, bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkə tarixində çox əhəmiyyətli hadisədir. Bu gün və 2014-cü ildə limanın istismara veriləcəyi gün Azərbaycan tarixinə yazılacaqdır. Biz və gələcək nəsillər bu gözəl işlərin nəticələrini görəcəyik. Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir, bizim bölgədəki mövqelərimiz daha da möhkəmlənəcək, regional əməkdaşlıq daha da sürətlə gedəcək və biz yeni qələbəni əldə edəcəyik. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun." Layihənin təqdimat mərasimindən sonra Prezident İlham Əliyev yeni limanın təməlini qoydu. Dövlətimizin başçısı kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı. Sonra Prezident İlham Əliyev limanın ərazisi ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, Bakını Azərbaycan-İran sərhədi ilə əlaqələndirən avtomagistralın 66-cı kilometrliyində, həmçinin Bakını Gürcüstan və digər istiqamətlərlə əlaqələndirən avtomobil və dəmir yolu xətlərinə yaxın ərazidə, Xəzər dənizi sahilində yerləşməsi yeni limanın əhəmiyyətini daha da artırır. Limanın ərazisi sahildən təqribən 4 kilometr məsafədə yerləşən və təbii dalğaqıran rolunu oynayan Gil adası vasitəsilə böyük dalğalardan qorunur.
Limanın ərazisi ilə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər