Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında, Azərbaycan Respublikasının kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi haqqında Sərəncamlar imzalayıb. Ölkə Prezidenti bundan başqa Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında da Sərəncam imzalayıb. Prezidentin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun yenidən qurulması məqsədilə Sabirabad rayon İcra Hakimiyyətinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.