Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Salyan rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün yeni qəsəbə tikilib.
Dünən Prezident İlham Əliyev qəsəbənin açılışında iştirak edib.
Bu ilin mayında Kür və Araz çaylarında baş verən daşqın təbii fəlakətlə nəticələnib. Daşqından dərhal sonra - mayın 7-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq orqanlara tapşırıqlar vermişdi. Minlərlə texnika və canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə cəlb olunmuşdu. Təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı dövlət strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində alınmışdı. Dağılan bəndlərin operativ bərpası, əhalinin daha təhlükəsiz yerlərə köçürülməsi nəticəsində insan tələfatına yol verilməmişdi. Mayın 11-də Prezident İlham Əliyevin təbii fəlakət bölgəsinə getməsi və burada sakinlərlə görüşməsi, onların problemləri ilə maraqlanması dəyən ziyanın aradan qaldırılmasının dövlətimizin başçısının daim diqqətində olduğunu göstərmişdi. Tədricən əhalinin yaşayış yerlərinə köçürülməsinə, evləri dağılan insanların mənzil problemlərinin həllinə başlanmışdı. Müvafiq strukturların cəlb olunduğu tikinti-quraşdırma işləri zamanı əsas diqqət evlərin əvvəlki kimi çiy kərpicdən yox, daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına yönəldilmişdi. Daşqınlar nəticəsində dağılan evlərin dövlətimizin başçısının tapşırıqlarına əsasən, yeniləri ilə əvəz olunması və zərər çəkənlərin isə bərpası istiqamətində görülən işlər uğurla həyata keçirilmişdir. Bu prosesin qış başlayana qədər başa çatdırılması və evlərini itirən insanların yeni mənzillərlə təmin olunması istiqamətində kompleks tədbirlər genişləndirilmişdi. Cari ilin mayında su altında qalan 7012 hektar ərazidə yaranan problemlərlə əlaqədar aparılan tikinti-quruculuq işləri evlərini itirən əhalinin tam təminatını əhatə etmişdir. İlkin mərhələdə Prezident İlham Əliyev bu ilin sentyabrında Hacıqabul rayonunun Meyniman kəndində yeni tikilən evlərin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Qeyd edək ki, İmişli, Sabirabad, Saatlı, Kürdəmir, Salyan, Zərdab, Neftçala və Hacıqabul rayonlarında ümumilikdə 1617 ev qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırıqları əsasında bu rayonlarda 3375 ev təmir olunmuş, 1500 yeni ev tikilmiş, bir çox mənzillərdə bərpa və gücləndirmə işləri aparılmışdır. Bu rayonlar üzrə 7424 ailəyə ümumilikdə 6 milyon 547 min manatdan çox maddi yardım edilmişdir. Tikinti prosesində infrastruktur obyektlərinin inşası da diqqətdə saxlanılmışdır. Təbii fəlakətə məruz qalan bölgələrdə 27 məktəb, 6 məktəbəqədər təhsil müəssisəsi, 12 tibb ocağı, 15 məscid və digər obyektlər bərpa olunaraq yenidən əhalinin istifadəsinə verilmişdir. Bütün bunlar Prezident İlham Əliyevin təbii fəlakətdən ziyan çəkən insanlara, onların məruz qaldığı problemlərin həllinə həssas münasibətinin məntiqi nəticəsidir. Məhz qış gələnə qədər evlərini itirən insanların yeni mənzillərlə təmin olunması kimi mühüm tapşırığın öhdəsindən çox qısa zamanda gəlinməsi də dövlətin vətəndaşlara hərtərəfli münasibətinin bariz nümunəsidir.
Salyan rayonunda da bu ilin yazında baş vermiş daşqınların nəticələri aradan qaldırılır, evlərindən məhrum olan sakinlər üçün yeni mənzillər inşa edilir. Dövlətin hərtərəfli dəstəyi nəticəsində inşaat işləri sürətlənir. Daşqınlar zamanı Salyan rayonunun 20 yaşayış məntəqəsində 2 mindən artıq həyət su altında qalmışdı. Təbii fəlakət nəticəsində 500-ə qədər evə, 6 məktəbə, 2 uşaq bağçasına müxtəlif dərəcəli ziyan dəymişdi. Kür çayının daşması nəticəsində Salyan rayonunda qəzalı vəziyyətə düşmüş evlərin əvəzinə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni evlər inşa olunmuşdur.
Salyan rayonunda salınmış yeni qəsəbəyə gələn Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış oldu.
Sonra dövlətimizin başçısı yeni qəsəbənin ümumi planına və aparılmış tikinti-quruculuq işlərini əks etdirən stendə, inşaat işlərində istifadə olunmuş materialların nümunələrinə baxdı.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verdi ki, qəsəbənin ümumi ərazisi 20 hektardır. Qəsəbə üçün torpaq sahəsi Kür Qaraqaşlı bələdiyyəsinin ehtiyat fondundan ayrılmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən burada ümumilikdə 68 yeni ev inşa edilmişdir. Evlərdən 10-u ikiotaqlı, 48-i üçotaqlı, 10-u isə dördotaqlıdır. Yeni mənzillərdə sakinlərin normal yaşamaları üçün hərtərəfli şərait yaradılmışdır.
Diqqətə çatdırıldı ki, evlərin inşası zamanı tikinti işlərinin tez və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Yaşayış massivinin lazımi infrastrukturla təmin edilməsi də diqqətdə saxlanılmışdır. Qəsəbədaxili yollara asfalt döşənmiş, ətraf abadlaşdırılmışdır. Burada 2 transformator quraşdırılmışdır. Yaxın gələcəkdə evlərin hamısı təbii qazla təmin ediləcəkdir.
Sonra Prezident İlham ƏLİYEV qəsəbə sakinləri ilə görüşdü, onları təbrik edərək görülən işlər barədə fikirlərini bölüşdü. Prezident bildirdi ki, gözəl qəsəbə tikilib, çox gözəl evlərdir - müasir, geniş, işıqlı. Təbii fəlakətdən əziyyət çəkmiş vətəndaşlar artıq belə gözəl qəsəbədə yaşayacaqlar. Dövlət başçısı bildirdi ki, əvvəlki, uçulmuş evlər, onların böyük əksəriyyəti keyfiyyətsiz idi, çiy kərpicdən tikilmişdi. Amma bunlar gözəl şəraiti olan iki, üç, dördotaqlı daş evlərdir. Yəni, burada yaşamaq üçün bütün şərait vardır. Bu evlər qısa müddətdə, cəmi bir neçə ay ərzində tikilib. Qarşıya vəzifə də qoyulmuşdu ki, evlər qış gələnə qədər tikilsin ki, insanlar bu evlərə köçsünlər. Prezident vurğuladı ki, təbii fəlakətdən əziyyət çəkmiş bütün bu insanlar dövlət tərəfindən qayğı, dəstək görürlər, həm kompensasiya ödənilir, həm də evlər tikilir. Bu, Azərbaycan dövlətinin gücünü, vətəndaşlarına olan münasibətini göstərir.
Yeni evlərlə təmin edilən sakinlər adından çıxış edən Səfurə RZAYEVA təbii fəlakət dövründə dövlətin onları tək qoymadığını vurğuladı. O, Prezident İlham Əliyevin tapşırıqları əsasında qısa müddətdə daşqının nəticələrinin aradan qaldırıldığını və ziyan çəkən vətəndaşların hərtərəfli şəraiti olan evlərlə təmin olunduğunu qeyd edərək dedi ki, bu evlər çox zövqlə, müasir tələblər səviyyəsində daşdan tikilmişdir. Bu yaraşıqlı evlər rayona gözəllik verir. İnsanlarımız burada rahat yaşayacaqlar. Sakinlər diqqət və qayğıya görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdilər. Sabirabad rayonuna gələn Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlətimizin başçısına rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi. Görülən işlərlə tanış olan Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak edib.
Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Sabirabad rayonuna da ziyan dəymişdi. Təbii fəlakətdən zərər çəkən digər rayonlarla yanaşı, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Sabirabadda da kompleks tədbirlər həyata keçirilmişdir. Rayonda təbii fəlakətdən 33 yaşayış məntəqəsi ziyan çəkmişdir. Ümumilikdə, 9 min evə ziyan dəymişdir. Uçmuş evlərin yerində hökumət komissiyasının qərarına əsasən 630 yeni evin tikintisi nəzərdə tutulmuşdur. Qısa müddətdə 317 evin tikintisi tam başa çatdırılmışdır. Daşqınlardan ziyan çəkən yaşayış məntəqələrində zəruri infrastrukturun yaradılması və həyətyanı sahələrin normal vəziyyətə gətirilməsinə xüsusi diqqət yetirilmişdir. Yeni evlər müasir tələblərə uyğun inşa olunmuşdur.
Daşqınlar nəticəsində Yusif Qasımov adına Mürsəlli kənd orta məktəbi də tamamilə yararsız vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırıqlarına əsasən məktəbdə əsaslı təmir və yenidənqurma tədbirləri aparılmışdır.
Prezident İlham Əliyev məktəb binasının əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxdı. Məlumat verildi ki, avqust ayından başlayaraq görülən işlər nəticəsində məktəbin üç korpusdan ibarət ikimərtəbəli binası müasir standartlara uyğun surətdə yenidən qurulmuşdur. Bütün lazımi avadanlıqla təchiz olunmuş təhsil ocağının həyətyanı sahəsinə asfalt döşənmiş, ətraf abadlaşdırılmışdır.
Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu.
Məktəbin akt zalında Prezident İlham Əliyevə "Daşqınlarla mübarizə layihəsi çərçivəsində Azərbaycan-Niderland əməkdaşlıq proqramı" təqdim olundu. Məlumat verildi ki, bu layihə Niderlandın "Del Tares" və "Royal Haskoning" şirkətləri ilə birgə Azərbaycanın müvafiq qurumları tərəfindən hazırlanmışdır.
Prezident İlham Əliyev layihənin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Təbii fəlakət bölgəsində görülən işləri əks etdirən sxemlərlə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşdü.
Prezident İlham ƏLİYEV sakinləri təbrik edib:
"Sabirabad rayonunda böyük tikinti işləri gedir, qısa müddət ərzində 400-dən yuxarı ev tikilib və təmir olunubdur. Bu proses davam edir. Elə etməliyik ki, qalan bütün işlər də tezliklə həllini tapsın. Bu il biz misli görünməmiş təbii fəlakətlə üzləşmişdik. Yaxın tarixdə belə bir hadisə olmamışdır. Əlbəttə ki, bu təbii fəlakət bütün imkanlarımızın səfərbər olunmasını tələb edirdi. Mən çox məmnunam ki, bütün qurumlar çox operativ, çox səmərəli işlədilər. İlk növbədə, xilasedicilər böyük peşəkarlıq göstərmiş və insanları vaxtında təhlükəsiz yerlərə köçürmüşlər. O yerlərdə müvəqqəti yaşamaq üçün şərait yaradıldı, ərzaqla təmin olunma, təhsillə bağlı məsələlər həllini tapdı. Hər bir müvəqqəti məskunlaşma yerində tibbi məntəqələr təşkil olundu. Yəni, Azərbaycan dövləti ilk növbədə, insanların təhlükəsizliyini təmin etmək üçün səylərini göstərmişdir və əlbəttə, xilasetmə işləri yüksək səviyyədə aparıldı. Bir dənə də itki, zərərçəkən olmamışdır. O ki qaldı, dağılmış evlərə, uçmuş binalara, Azərbaycan güclü dövlətdir və biz öz gücümüzə arxalanaraq bütün bu təmir-tikinti işlərini apardıq. Bu gün, bir neçə ay keçəndən sonra artıq evlərin böyük əksəriyyətinin tikintisi reallaşıbdır. Üç min beş yüz ev ya uçmuşdur, ya da qəzalı vəziyyətə düşmüşdür. Artıq ölkə üzrə təxminən 1500 ev tikilibdir. Sabirabad rayonunda inşası gözlənilən evlərin 77 faizi artıq tikilibdir. Təkcə evlər deyil, məktəblər, məscidlər, tibb məntəqələri, sosial obyektlər böyük vəsait tələb edən məsələlərdir. Eyni zamanda, biz bunu qısa müddət ərzində etməli idik ki, qış gələnə qədər bütün bu işlərin böyük əksəriyyəti öz həllini tapsın.
Bu gün artıq görülən işlər bir daha onu göstərir ki, Azərbaycan ilk növbədə güclü, böyük maliyyə imkanlarına malik olan dövlətdir. Azərbaycanda sosial siyasət bizim üçün prioritet məna daşıyır. Bu il dünyanın müxtəlif yerlərində, başqa qitələrdə, Avropa ölkələrində təbii fəlakətlər - yanğınlar, sellər, daşqınlar geniş vüsət almışdır. Biz televiziya vasitəsilə görürdük ki, əksər hallarda bütün bu fəlakətlər böyük itkilərlə, insan itkiləri ilə müşayiət olunurdu. Mən qeyd etdiyim kimi, biz Azərbaycanda bütün qüvvələri səfərbər edib insan itkisinə yol vermədik. Digər tərəfdən, Avropa ölkələrində bütün təmir-bərpa işləri, onun maliyyə dəstəyi sığorta şirkətləri tərəfindən həyata keçirilir. Azərbaycanda hələ bu praktika tətbiq olunmur və burada uçmuş evlərin 70 faizi çiy kərpicdən tikilmişdi, keyfiyyətsiz evlər idi. Azərbaycan dövləti bütün bu yükü öz üzərinə götürdü. Dərhal qərar qəbul edildi, büdcəyə dəyişiklik edildi, 300 milyon manat əlavə olundu ki, biz bütün bu işləri tezliklə görək. Artıq bir neçə ay ərzində gedən tikinti-quruculuq işləri göstərir ki, biz bu işin öhdəsindən gələ bilmişik. Bütün bu təmir və bərpa işlərini öz gücümüzə arxalanaraq, heç bir xarici yardım almadan, tezliklə və keyfiyyətlə görə bilmişik. Bu, bir daha onu göstərir ki, qarşımızda duran bütün vəzifələr layiqincə yerinə yetirilir. Bir də onu göstərir ki, istənilən təbii fəlakət qarşısında Azərbaycan dövləti və Azərbaycan vətəndaşları bütün qüvvələri səfərbər edib öz dəyanətlərini göstərə bilirlər.
Biz bütün bu işləri qısa müddət ərzində gördük və əminəm ki, bax burada, bu evlərdə insanlar rahat yaşayacaqlar. Onların yaşayış səviyyəsi daha da yaxşılaşdı və əvvəlki dövrlə müqayisəedilməz dərəcədə işlər görüldü.
Təkcə Sabirabadda deyil, seldən, daşqınlardan əziyyət çəkmiş bütün başqa bölgələrdə bu gün geniş tikinti işləri gedir. Əslində bu bölgələr tikinti meydançasına çevrilibdir. Azərbaycanın bütün bölgələrində bu işlər gedir. Sizi bu evlərin istismara verilməsi münasibətilə təbrik edirəm və hamınıza cansağlığı arzulayıram."
Məktəbin direktoru Əhəd ŞÜKUROV dövlətimizin başçısına bütün görülən nəhəng işlərə görə rayon sakinlərinin ən xoş arzularını çatdırıb: "Uzun müddətdir yaddaşımızdan çıxmayacaq bu gün bizim üçün müqəddəsdir. Bizi təbii fəlakət nəticəsində yaranmış ağır vəziyyətdən çıxaran, bizə yeni həyat bəxş edən əziz Prezidentimiz, bu gün görüşümüzə gəlmisiniz. Buna görə biz Sizə dönə-dönə minnətdarıq.
Sizin səyiniz sayəsində bütün idarə, təşkilat və müəssisə rəhbərləri səfərbər olundu, Şirvan şəhərində çadır şəhərciyi quruldu. Ərzaqla, tibbi xidmətlə, bir sözlə, hər cür şəraitlə təmin edildik, dövlət orqanlarının nümayəndələri tərəfindən nəzarətdə olduq. Xilasedicilərimiz köçürmə işlərini yerinə yetirərkən hətta həyatlarını təhlükə altına qoyaraq, bütün evləri bir-bir gəzib tam əmin olurdular ki, orada heç kəs qalmamışdır. Biz Azərbaycan dövlətinin, onun müdrik rəhbərinin insan rifahına böyük qayğısını gördük. Elə buna görə insanlarımızın duaları sizlərlədir, əziz Prezidentimiz."
Prezident İlham ƏLİYEV: "O günlər bir daha göstərdi ki, Azərbaycan xalqı nəyə qadirdir. Təkcə texniki imkanlardan, maliyyə vəsaitindən söhbət getmir. Əgər güclü iqtisadiyyatımız olmasaydı, əvvəlki illərdə bu güclü potensialı yaratmasaydıq, biz bu işin öhdəsindən çətin gələ bilərdik. Ancaq bununla bərabər, o çətin günlər göstərdi ki, Azərbaycan xalqı çox işlərə qadirdir və bütün xalq səfərbər olunmuşdu. Sahilbərkitmə işlərinin aparılması üçün Bakıdan, başqa yerlərdən maşın karvanı ilə böyük daşlar, qayalar gətirilirdi. Ancaq o fəlakətin qabağında bəzi hallarda biz gücsüz idik. Çünki sular, sellər bütün bəndləri dağıdırdı, göllər daşırdı. O vaxt qarşımızda ancaq və ancaq insanları xilas etmək, bununla bərabər, sahilbərkitmə işlərini görmək məsələsi dayanmışdı. Bu gün xarici mütəxəssislər tərəfindən hazırlanmış təqdimat barədə mənə məlumat verildi. Biz göstəriş vermişdik ki, fəaliyyətimizi xarici mütəxəssislərlə bərabər görüləcək işlər əsasında quraq. Elə edək ki, gələcəkdə özümüzü bu bəladan birdəfəlik sığortalayaq. Bu gün görülən işlər artıq onu göstərir ki, biz düzgün istiqamətdə addımlayırıq. Xaricdən dəvət olunmuş mütəxəssislər bizim üçün böyük bir inkişaf planı hazırlayırlar. Onun əsasında bütün işlər öz həllini tapacaqdır. Sahilbərkitmə, bəndbərkitmə işləri, suların idarə olunması və tənzimlənməsi, su anbarlarının fəaliyyəti, çayların lildən təmizlənməsi, yəni, bütün bu kompleks tədbirlər görüləcək ki, gələcək illərdə özümüzü bu bəladan xilas edə bilək.
Ancaq bir də demək istəyirəm ki, bu ilin yaz ayları bizim üçün nə qədər çətin olsa da, o qədər də şərəfli idi. Çünki son illər ərzində Azərbaycanın hər bir yerində biz ancaq tikinti-quruculuq, abadlıq, inkişaf görürük. Azərbaycan vətəndaşları ildən-ilə daha da yaxşı yaşayırlar, maaşlar, pensiyalar mütəmadi qaydada qaldırılır. Bütün şəhərlər, rayonlar abadlaşır, yollar salınır, müəssisələr tikilir - yəni, bu illərdə biz bunu görürdük. Allah bizi bu bəladan qoruyurdu. Ancaq nə edək ki, təbiət qarşısında bəzən insanlar aciz olurlar. Ancaq Azərbaycan xalqı bu fəlakət qarşısında bir daha gücünü, məharətini, peşəkarlığını göstərdi. Bu kəndin sakinləri ilə bərabər, bütün qurumlar - dövlət məmurları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, ordumuz, polis qüvvələri gecə-gündüz işləyirdilər. Təhlükə altındakı məntəqələrdən insanları başqa yerə köçürmək, sonra o yerləri, o evləri qorumaq üçün nə qədər böyük işlərin görülməsi tələb edilirdi. Deyə bilərəm ki, biz bir dənə də xoşagəlməz hala rast gəlmədik. Bu çətin anlarda, əlbəttə, hər bir vətəndaş bir məqsədi güdürdü ki, təbii fəlakətdən əziyyət çəkənlərin tezliklə köməyinə gəlsin, onlara dəstək versin. Həm dövlət qurumları, dövlət şirkətləri, eyni zamanda, özəl şirkətlər də özlərini yaxşı tərəfdən göstərdilər. Özəl şirkətlər bazar iqtisadiyyatı əsasında fəaliyyət göstərirlər. Onlar da bütün bu işləri təmənnasız görürdülər. Texnika, fəhlələr, işçilər gəlirdi, işləyirdilər. Onlar da öz üzərlərinə böyük maliyyə öhdəliyi götürmüşdülər və sonra da dövlətdən bir manat da kompensasiya istəməmişlər. Yəni, bu da göstəricidir.
Bütün bu anlar, aylar yenə də deyirəm, nə qədər çətin olsa da, bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına həmişə ilk növbədə qayğı göstərir və göstərəcəkdir. Azərbaycanda güclü sosial siyasət aparılır və istənilən məsələni həll etmək üçün bizdə həm iradə, həm güc, həm də peşəkarlıq vardır. Bir daha sizi təbrik edirəm, sizə cansağlığı arzulayram." Tədbirdə iştirak edən Sabirabad rayonunun Şıxlar kəndinin sakini Ağaşirin TARIVERDİYEV də qısa vaxt ərzində təbii fəlakət zonasında aparılan genişmiqyaslı işlərə görə Prezidentə sakinlərin minnətdarlığını bildirdi. O, dövlətimizin başçısını evinə qonaq dəvət etdi. Prezident İlham Əliyev sonra Şıxlar kəndinə gəldi. Dövlətimizin başçısı Ağaşirin Tarıverdiyevin yeni mənzilində yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, daşqınlardan ciddi zərər çəkmiş Şıxlar kəndində yeni evlər tikilmişdir. Yeni mənzillərdən 292-si ikiotaqlı, 272-si üçotaqlı, 27-si isə dördotaqlıdır. Evlərdə kommunal infrastruktur da müasir tələblərə uyğun qurulmuşdur. Yeni mənzillərin inşası ilə yanaşı, rayon ərazisindəki 344 evdə bərpa-gücləndirmə işlərinə də başlanmışdır. Həmin evlərdən 64-ü artıq hazır vəziyyətə gətirilmişdir. Daşqınlardan ziyan çəkmiş 2.947 ailəyə maddi yardım göstərilmişdir.
Prezident İlham Əliyev çay süfrəsi arxasında yeni evin sahibləri ilə söhbət etdi. Bu ilin aprel-may aylarında Kür və Araz çaylarıının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Saatlı rayonunun Yeni Novruzlu kəndi ərazisində evləri uçulan vətəndaşlar üçün təzə evlər tikilmişdir. Prezidenti İlham Əliyev yeni evlərin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev fərdi evlərdə yaradılmış şəraitlə tanış oldu, qəsəbənin planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxdı.
Yeni Novruzlu kənd orta məktəbinin təzə binası ilə tanış olan Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşdü, onları təbrik etdi. Sahət Əmiraslanov kənd sakinləri adından dövlətimizin başçısına diqqət və qayğıya görə minnətdarlıq etdi. Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı İmişli rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün təzə evlər tikilmişdir. Dünən Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni evlərin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə evlərdə yaradılmış şəraitlə tanış oldu. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verdi ki, ümumi sahəsi 40 hektar olan kənddə iki, üç və dördotaqlı 104 fərdi ev inşa olunmuşdur. Bundan başqa, 132 yerlik məktəb binası, poçt şöbəsi, klub, kitabxana, tibb məntəqəsi, yarımstansiya tikilmiş, içməli su təmizləyən qurğu quraşdırılmış, park salınmışdır. Dövlətimizin başçısı sakinləri təbrik etdi. Qələndar Qaraxanov sakinlər adından dövlətimizin başçısına diqqət və qayğıya görə minnətdarlıq etdi.
Prezident İlham Əliyevə Zərdab və Kürdəmir rayonlarında aparılan tikinti işləri barədə də məlumat verildi.
Dövlətimizin başçısı Allahmədətli kənd orta məktəbinin yeni binasında yaradılmış şəraitlə tanış oldu.