Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Ukrayna Milli Telekompaniyasına, bu ölkənin "Profil-Ukrayna" jurnalına və "Den" qəzetinə müsahibə verib. Dövlət başçısı müsahibəsində Ukrayna-Azərbaycan münasibətlərində, regionda gedən proseslərə, Qarabağ münaqişəsinə və Azərbaycanda gedən inkişafa toxunub.
"Ukrayna həmişə Azərbaycanı, biz isə həmişə Ukraynanı dəstəkləmişik"
Ukrayna ilə Azərbaycanın strateji tərəfdaşlığı məsələsi haqda suala Azərbaycan Prezidenti belə cavab verib: "Bizim ikitərəfli əlaqələrimiz uğurla və dinamik şəkildə inkişaf edir, qarşılıqlı siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Ölkələrimiz uzun illər boyu, praktiki olaraq, müstəqillik əldə edildikdən dərhal sonra çox sıx qarşılıqlı əlaqə saxlayır, iqtisadi sahədə ikitərəfli əməkdaşlıq genişlənir və çox yaxşı perspektivlər vardır.
Ukrayna bizə çox yaxın və dost ölkədir. Bizim iqtisadiyyatlar bir-biri ilə rəqabət aparmır. Ümid edirəm ki, ölkələrimiz arasında həm ikitərəfli, həm də regional formatda fəal əməkdaşlıq xətti, o cümlədən, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət xətti təsdiqlənəcəkdir".
Azərbaycan Prezidenti qeyd edib ki, hər iki ölkə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq edir. "İstərdik ki, münasibətlərimiz iqtisadi inkişaf və energetika sahəsində əməkdaşlıq məsələlərində konkret praktiki məzmun kəsb etsin. Beynəlxalq təşkilatlar çərçivəsində bizim münasibətlərə və qarşılıqlı siyasi əlaqələrə gəldikdə isə, onlar ən yüksək səviyyədədir. İstər BMT-də, istərsə də, digər beynəlxalq təşkilatlar çərçivəsində Ukrayna həmişə Azərbaycanı, biz isə həmişə Ukraynanı dəstəkləmişik".
Həqiqətən də, hər iki ölkə həm sovet dövründə həm də müstəqillik dövründə dost münasibətlər saxlayıb və beynəlxalq aləmdə bir-birini müdafiə ediblər. İndi bu münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün potensial imkanlar kifayət qədərdir.
"Biz Azərbaycan
şirkətlərinin Ukrayna iqtisadiyyatına
sərmayə qoymaq
imkanlarını çox ciddi şəkildə nəzərdən
keçiririk"
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın iclasının yekunlarına əsasən, Ukrayna tərəfi ölkələr arasında əmtəə dövriyyəsini artıraraq, 2 milyard dollara çatdırmağın zəruri olması fikrini söyləyib.
Azərbaycan Prezidenti də fikri dəstəkləyərək qeyd edir ki, əmtəə dövriyyəsini iqtisadiyyatda təkcə neft-energetika sahəsi üzrə deyil, həm də, hələlik, fəal qarşılıqlı əlaqə olmayan sahələr hesabına artırmaq bizim üçün daha maraqlı olardı. "Bu, ilk növbədə, kommunikasiya vasitələrinə, informasiya-kommunikasiya texnologiyalarına aiddir. Bilirik ki, Ukraynada bu sahəyə böyük diqqət yetirilir və Azərbaycanda da bu istiqamətdə çox iş görülür. Kənd təsərrüfatı və emal sənayesi, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlıq, Ukraynada istər energetika ilə bağlı olan, istərsə də ona aidiyyəti olmayan müxtəlif investisiya layihələrində Azərbaycan şirkətlərinin iştirakı".
Dövlət başçısı bununla bağlı deyib: "Biz Azərbaycan şirkətlərinin Ukrayna iqtisadiyyatına sərmayə qoymaq imkanlarını çox ciddi şəkildə nəzərdən keçiririk. Artıq müəyyən planlar vardır, iki ölkənin müxtəlif infrastruktur layihələrində bizim şirkətlərin iştirak etməsi üçün beynəlxalq səviyyəli şirkətlər mövcuddur".
Burada bir məqama diqqətini cəlb etmək istəyirik. Bir neçə il öncəyədək Azərbaycan Prezidenti xarici ölkələrdə olduqda, həmin ölkənin şirkətlərini Azərbaycana sərmayə qoymağa çağırırdı. İndi isə Azərbaycan Prezidenti bizim şirkətlərin Ukraynaya yatırım qoymaq imkanlarının olduğunu vurğulayır. Fikrimizcə, qısa müddətdə bir ölkənin uzaq məsafə qət etməsini təsəvvür etmək üçün bu fakt kifayətdir.
"Bəzi xarici
qəzetlərdə yazılanın əksinə olaraq,
Azərbaycanın güman olunandan daha çox qaz ehtiyatı var"
Məlum olduğu kimi, bir qədər öncə imzalanmış ACRİ layihəsi çərçivəsində Azərbaycan Rumıniyaya sıxılmış qaz göndərəcək və hazırda Ukraynada qazın durulaşdırılması üzrə Odessada müvafiq zavod tikmək və Azərbaycandan sıxılmış qaz almaq məsələsi barədə fəal diskussiyalar aparılır. Xarici mətbuatda tez-tez yazırlar ki, Azərbaycanda artıq qaz yoxdur. Bununla bağlı suala da Prezident İlham Əliyevin cavabı qəti olub.
"Vaxt var idi ki, bizim neft ehtiyatlarımızla bağlı məsələlər də xarici ölkələrin bəzi KİV-lərində fəal müzakirə edilir və deyirdilər ki, Azərbaycanda neft yoxdur, Bakı-Tbilisi-Ceyhan neft kəməri heç vaxt tikilməyəcəkdir və üçüncü ölkələrin nefti olmadan bu kəmər tam gücü ilə işləyə bilməyəcəkdir. Əlbəttə, biz o vaxt bilirdik ki, belə fikirlər həqiqətə uyğun deyildir. Biz bu gün Xəzərin, Azərbaycanın ehtiyatlarını dünya bazarları ilə, Aralıq dənizi sahilləri ilə birləşdirən yeganə enerji dəhlizi olan boru kəmərini tikdik.
Bu gün Azərbaycanın neft ehtiyatları bu boru kəmərinin potensialından tam istifadə etməyimizə imkan verir. Biz həmin boru kəmərini tikməyə başlayanda, Azərbaycanda neft hasilatının səviyyəsi təxminən 15-16 milyon ton civarında idi. Bu gün, həmin boru kəməri işə salınandan 4 il keçəndən sonra Azərbaycanda 50 milyon tondan çox neft hasil edilir. Buna görə də, təbii ki, etibarlı ixrac yollarının mövcud olması neft-qaz sahəsinə sərmayə qoyuluşunu da şərtləndirir.
Qaz məsələsinə gəldikdə, o, bazara daha çox bağlıdır, ona görə ki, nefti dünyanın istənilən nöqtəsində - ya boru kəməri, ya da dünya okeanlarına çıxış olan istənilən yerdə satmaq olar. Qaz isə bilavasitə istehlakçıya bağlıdır. Bu gün bizim dünya səviyyəsində qəbul edilmiş qaz ehtiyatlarımız da sifariş xarakteri daşıyan yazılara baxmayaraq, özümüzü çox inamlı hiss etməyə imkan verir".
Azərbaycan Prezidenti bəyan edib ki, Azərbaycanda minimal, yəni təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetr, geoloqların proqnozlarına əsaslanan real ehtiyatların həcmi isə 5 trilyon kubmetrə yaxındır. "Bu, onilliklər ərzində, bəlkə 100 ildən artıq müddətdə böyük miqdarda qaz ixrac etməyimizə imkan verəcəkdir. Bu gün Azərbaycanda qaz hasilatının səviyyəsi təqribən 30 milyard kubmetrə, lap dəqiq desək, 28,5 milyard kubmetrə bərabərdir. Daxili qaz istehlakı təqribən 10-11 milyard kubmetrdir. Bu, o deməkdir ki, qalan həcm ya ixrac edilir, ya yeraltı anbarlara, ya da təzyiqi saxlamaq üçün neft laylarına vurulur.
Biz qaz hasilatını qısa müddətdə artıraraq, 40 milyard, hətta 50 milyard kubmetrə çatdıra bilərik, lakin bunun üçün kontraktlar lazımdır. Buna görə də biz əsas diqqəti məhz yeni satış bazarlarının müəyyənləşdirilməsi məsələsinə yönəltmişik. Bu gün biz, praktiki olaraq, bütün qonşularımıza- Türkiyəyə, Gürcüstana, Rusiyaya, İrana qaz ixrac edirik və bu istiqamətlərdə həcmi artırmağa imkanımız vardır".
"Azərbaycandakı
coşqun inkişafı
şərtləndirən əsas amil, ilk növbədə, Azərbaycandakı
siyasi sabitlikdir"
Məlum olduğu kimi, son 4 ildə Azərbaycan mühüm iqtisadi artıma nail olub. Bu artım 100 %-lik yaxın bir rəqəmə söykənir və beynəlxalq təşkilatlar tərəfidən də təqdir olunur. Ukraynalı jurnalistin "buna necə nail olmusunuz" sualına Azərbaycan Prezidenti belə cavab verib.
"Mən hesab edirəm ki, bu cür coşqun inkişafı şərtləndirən əsas amil, ilk növbədə, Azərbaycandakı siyasi sabitlikdir. Əcnəbi sərmayədarlar inanırlar ki, əvvəla, ölkənin siyasi kursu ardıcıl davam etdiriləcək və ikincisi, xarici sərmayələr etibarlı şəkildə qorunacaqdır.
İndiki mərhələyə gəldikdə isə, deməliyəm ki, son 6 ildə Azərbaycanda ÜDM, demək olar ki, 3 dəfə, daha dəqiq desək, 2,8 dəfə artmış və bu, təbii ki, iqtisadiyyata və əhalinin sosial müdafiəsinə təsirini göstərmişdir. Yoxsulluq göstəricisi 49 faizdən 11 faizə düşmüşdür. Təqribən 900 min iş yeri yaradılmışdır. Başqa sözlə desək, biz iqtisadiyyata və infrastruktura çox sərmayə qoymuşuq.
Biz regionlarda çox güclü sosial və sənaye infrastrukturu yaratdıq. Beləliklə, əhalinin paytaxta axını dayandırıldı. Bakının hüdudlarından kənarda, ucqar rayonlarda müəssisələr yaratmağa başladıq. Biz çox fəal energetika siyasəti yeritdik, elektrik enerjisini və qazı idxal edən ölkədən onları ixrac edən ölkəyə çevrildik. 2006-cı ilə qədər biz bu məhsulları idxal edirdik, indi isə ixrac edirik. Ümumiyyətlə, bütün bunlar böhrandan minimum itki ilə çıxmağımıza kömək etdi. Hətta böhranlı 2009-cu ildə neftin qiymətinin 4 dəfə düşməsinə baxmayaraq, bizim iqtisadiyyat 9,3 faiz artmışdır.
Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan MDB məkanında ən rəqabətqabiliyyətli ölkədir. Biz enerji amilinin prioritetliyindən imtina etmişik, yəni, diqqəti sahibkarlığa, kənd təsərrüfatına kömək məsələlərinə cəmləşdirmişik. Biz, praktiki olaraq, ərzaq mallarının əksər növləri üzrə özümüzü təmin edirik".
Prezident İlham Əliyev nəzərə çatdırıb ki, əvvəllər heç vaxt belə olmamışdı. "Sovet dövründə Azərbaycana ərzaq məhsulları kənardan, o cümlədən, Ukraynadan gətirilir, Azərbaycandan isə şərab, meyvə, tərəvəz ixrac edilirdi. İndi biz güclü emal sənayesi yaratmışıq. Bununla da, yüz minlərlə insanı həm kənd təsərrüfatında, həm emal müəssisələrində işlə təmin etmişik. Biz özəl sektora güzəştli kreditlər verilməsi proqramını həyata keçiririk. Bu məqsədlə hər il çox güzəştli faizlərlə 100 milyon manatdan, yəni 120 milyon dollardan çox vəsait ayrılır.
Bu amillərin sayəsində bizdə iqtisadi artım əvvəla yüksək, ikincisi, sabit olmuşdur. Əvvəlki illərdə ÜDM artımının 20-30-35 faiz fonunda keçən il bu göstərici 9,3 faiz olmuşdur. Hətta bu il bizdə iqtisadi artım 4 faizdən bir qədər çox olduğuna baxmayaraq, həmin 4 faiz 2006-cı ildəki 35 faizdən çox-çox sanballıdır. Mənim fikrimcə, yəqin ki, əsas səbəb budur".
Göründüyü kimi, Prezident İlham Əliyev artıq xaricdə qüdrətli bir dövlətin başçısı kimi danışır və onu da məhz belə qəbul edirlər. İlham Əliyev cəmi 7 ildə Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiqlik göstərərək, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevirmiş və artıq bir sıra dövlətlər ölkəmizin iqtisadi inkişafını yüksək qiymətləndirərək, bizimlə əməkdaşlığa maraqlıdırlar.