Azərbaycan və Ukrayna prezidentləri birgə Bəyannamə imzaladılar
Dünən Azərbaycan Prezidentinin Ukraynaya səfəri başlayıb. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç birgə Bəyannamə imzalayıblar. SİA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, hər iki ölkənin başçısı, həmçinin, Ukrayna-Azərbaycan Prezidentlər Şurasının ikinci iclasının protokolunu imzalayıblar. Bundan başqa, Azərbaycan və Ukrayna xarici siyasət idarələri arasında arxiv işinin təşkili sahəsində əməkdaşlıq sazişi imzalanıb.
"Azərbaycan perspektivdə Ukraynaya nəql etdiyi neftin həcmini artırmağa hazırdır". Ukrayna mediasının yaydığı məlumata görə, bu fikirləri Kiyevdə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.
"Biz cari ildə Ukrayna bazarlarına 1 milyon ton neft nəql etmişik. Gələcəkdə bu həcmi artırmağı planlaşdırırıq, perspektivdə də Xəzərin şərq sahilindən bizim qonşularımızın nefti də nəql edilə bilər. Bu, Xəzər regionu ölkələrinin inteqrasiyasına yardımçı ola bilər. Bununla, belə biz daha bir enerji regionu yaradacağıq. Bu, tammiqyaslı əməkdaşlıq olacaq".
İlham Əliyev bildirib ki, bu əməkdaşlığın nə qədər uğurlu olması digər enerji daşıyıcılarının nəqli ilə bağlı digər məsələlərin həllindən asılıdır. O, qeyd olunan məsələni ukraynalı həmkarı ilə müzakirə etdiyini deyib.
Ukrayna prezidenti Viktor Yanukoviç iclasdan sonra keçirilən mətbuat konfransında bildirib ki, bu yığıncaqdan əvvəl, xüsusən, yekun Protokolun hazırlanması üçün böyük iş aparılıb: "Məqsəd bu Protokolu konkret məna və məzmunla doldurmaq idi. İkitərəfli əlaqələrimizin çox əvvəl qoyulmuş ənənələri davam edir. Biz Azərbaycan Prezidenti ilə çoxdan bir-birimizi tanıyırıq.
Razılığa gəldik ki, Ukrayna-Azərbaycan münasibətlərini fəallaşdıraq və ona məzmun verək. Biz milli maraqlarımıza uyğun şəkildə faydalı əməkdaşlıq edə biləcəyimiz məsələlərin siyahısını genişləndirdik. Bunlar iqtisadi-ticarət sahəsində əməkdaşlıq məsələləri və beynəlxalq təşkilatlarda birgə işi əhatə edir. Yüzillərdir Ukrayna və Azərbaycan xalqları arasında mövcud olan humanitar əlaqələrin spektri də genişdir".
V.Yanukoviç iki ölkənin iqtisadi-ticarət əlaqələrində yanacaq-energetika sahəsinin xüsusi yer tutduğunu söyləyib. O, Ukrayna ilə Azərbaycan arasında imzalanacaq strateji müqavilənin hazırlanması üçün birgə işçi qrup yaratmaq barədə razılığa gəldiklərini açıqlayıb. Bu müqaviləyə əsasən Ukraynanın Azərbaycandan alacağı enerji ehtiyatlarının həcmi ciddi şəkildə artırılacaq.
V.Yanukoviç bu əməkdaşlıqda üçüncü ölkələrin, məsələn, Rusiyanın və digər Xəzəryanı ölkələrin iştirakını da istisna etməyib: "Biz bu proqramın necə yerinə yetiriləcəyinə dair mexanizmlər işləyib hazırlayacağıq. Bu gün enerji ehtiyatlarının diversifikasiyası məsələsi gündəmdə çox kəskin dayanır. Biz hesab edirik ki, Azərbaycanın neft və qaz istehsalını artırmaq üçün çox böyük perspektivləri var. Dostlarımıza arzu edirik ki, onlar tezliklə bu perspektivi reallaşdırsınlar".
V.Yanukoviç əminliklə vurğulayıb ki, bu il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi faizlərlə deyil, dəfələrlə artacaq: "Bu, ikitərəfli işin nəticəsidir. Bizim vəzifəmiz əldə olunanla kifayətlənməyərək, qarşılıqlı faydalı fəaliyyəti davam etdirməkdir. Ukrayna Azərbaycanın xarici ticarət tərəfdaşı kimi hazırda ikinci yerdədir. Biz, əlbəttə ki, bu nəticəni yaxşılaşdırmaq istəyirik".
Azərbaycan Prezidenti İlham Əliyev də hərtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivinin çox ümidverici olduğunu söyləyib: "Biz siyasi münasibətlər və məsləhətləşmələri gücləndirmək, beynəlxalq təşkilatlarda biz-birimizə dəstək vermək, regional işlər, xüsusən, Xəzər-Qara dəniz hövzəsinin inteqrasiyası məsələlərində fəal əməkdaşlıq etmək niyyətimizi bir daha təsdiqlədik".
İlham Əliyev enerji və yanacaq-energetika kompleksi ilə bağlı məsələləri ətraflı müzakirə etdiklərini deyib: "Bu sahədə konkret nəticələri görürük və əməkdaşlığın genişləndiriləcəyinə ümid edirik. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artmasından da şadıq. Biz fəaliyyətimizi konkret məzmunla zənginləşdirmək və daha fəal əməkdaşlıq üçün iqtisadiyyatımızın potensialından maksimum istifadə etməliyik. Bunun üçün hər cür əsas var".
Qeyd edək ki, İlham Əliyev və Viktor Yanukoviç Azərbaycan və Ukrayna arasında strateji müqavilənin imzalanması barədə razılığa gəliblər. Azərbaycan və Ukrayna xarici siyasət idarələri arasında arxiv işinin təşkili sahəsində əməkdaşlıq sazişi imzalanıb. Hər iki ölkənin başçısı, həmçinin, Ukrayna-Azərbaycan Prezidentlər Şurasının ikinci iclasının protokolunu imzalayıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna səfəri daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, dünən Kiyev şəhərindəki parklardan birinə Azərbaycanın Ümummili Lideri Heydər Əliyevin adı verilib. SİA-nın məlumatına görə, Kiyev Şurası sessiyasının bu gün keçirdiyi iclasında Qlıboçitski küçəsi, 20/22 ünvanında yerləşən parka Heydər Əliyevin adı verilib.
Şuranın katibi Oles Dovqiy bildirib ki, qərar layihəsi Azərbaycanın Ukraynadakı səfirliyinin müraciəti əsasında və Ukrayna Nazirlər Kabinetinin tapşırığı ilə hazırlanıb. O, həmçinin, bildirib ki, qərar layihəsi Kiyev Şurasının bütün komissiyalarından keçib.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna səfəri iki ölkə arasındakı dost münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə böyük töhfə verəcək. Ukrayna və Azərbaycanın hələ sovet dövründən yaxın münasibətlərdə olduğu, müstəqillik dövründə isə bu münasibətləri daha yüksək səviyyədə davam etdirdiyi məlumdur.
Bu səfər nəticəsində ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi üçün daha böyük imkanlar açılır. Azərbaycan və Ukrayna həm də beynəlxalq təşkilatlar daxilində də yaxın əməkdaşlıq edirlər. Qaradəniz Əməkdaşlıq Təşkilatı, GUAM, ATƏT, AŞ kimi beynəlxalq təşkilardakı fəaliyyətlərini uzlaşdırırlar. Ermənistan-Azərbaycan münaqişəsində Ukraynanın lap əvvəldən tutduğu qəti və birmənalı mövqeyi də bu ölkənin Azərbaycanın strateji tərəfdaşı olduğunu ortaya qoyur.