Həştərxanda 3 prezidentin görüşü keçirilib
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətində səfərdədir. SİA-nın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, 3 ölkənin liderləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparırlar. Xatırladaq ki, görüş Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsinin açılışı olub. Azərbaycan Prezidenti açılış mərasimində çıxış edib.
"Heydər Əliyev Rusiya ilə Azərbaycan dostluğunun inkişafı üçün çox işlər görüb"
"Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Həştərxanda abidəsinin açılışı Azərbaycan və Rusiya dostluğunun daha bir sübutudur. Rusiya və Azərbaycan isə təkcə qonşu deyil, eləcə də, strateji tərəfdaşdırlar". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılış mərasimində bildirib.
"Heydər Əliyev özünün bütün həyatı boyu Azərbaycan xalqının rifahı naminə çalışıb, o, daim Rusiyaya və rus xalqına sevgi ilə yanaşıb; onun həyatının bir hissəsi oxuduğu və işlədiyi Rusiya ilə ayrılmaz şəkildə bağlıdır. Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin uğurla inkişaf etməsi üçün çox işlər görüb", - İlham Əliyev deyib.
Prezidentin sözlərinə görə, abidə və onun ətrafındakı park daim iki xalq arasında dostluq və qardaşlığın rəmzi, ikitərəfli Azərbaycan-Rusiya münasibətlərinin inkişafının mühüm amili olacaq. "Hətta biz vahid dövlətdə yaşamağa son qoyulduqdan- 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, Azərbaycanla Rusiya arasında münasibətlər sürətlə inkişaf etməyə başladı. Bu illər ərzində biz bütün istiqamətlərdə müsbət inkişaf görürük. Və bu gün bu bizə münasibətlərimizi strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə etməyə imkan verir", - İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Rusiya Xəzərin bundan sonra da sülh, dostluq və əməkdaşlıq dənizi olaraq qalması üçün regionda fəal çoxtərəfli əməkdaşlığın təminatına can atır.
"Biz Rusiya ilə birgə artıq çoxdan Xəzərdə öz ərazi sərhədlərimizi müəyyən etmişik. Bu il Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı biz quruda dövlət sərhədlərini dürüst müəyyən etdik. Bütün bu amillər regionumuzda ümumi atmosferə müsbət təsir edir", - o bildirib.
Prezidentin sözlərinə görə, bu gün həm iki Xəzər və həm də iki Qafqaz ölkəsi kimi, Rusiya ilə Azərbaycan regional əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsi işində və iqtisadi inkişafda mühüm rol oynayırlar. "Əminəm ki, ölkələrimizin sabitləşdirici rolu bundan sonra da artacaq", - İlham Əliyev deyib.
"Bu gün iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədə olduğu bir vaxtda, Bakı və Moskva iqtisadi əlaqələri fəal inkişaf etdirir və enerji məsələlərini uğurla həll edirlər; eləcə də, mədəniyyət sahəsində əməkdaşlıq edirlər. Mən həştərxanlılara və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinə bu gözəl inkişaf etməkdə olan şəhərdə Heydər Əliyevin abidəsinin ucaldılmasına dair bizim təşəbbüsümüzü dəstəklədiklərinə görə minnətdaram. Bu abidə xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinin rəmzi olacaq", - Azərbaycan Prezidenti deyib.
Qeyd edək ki, abidənin ucaldılması ilə bağlı razılaşma vilayət hökumətinin sədri Konstantin Markelovun ötən ilin dekabrında Bakıya səfəri zamanı əldə olunub. Cari ilin aprelində Bakı şəhər Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev abidənin ucaldılmasına görə bir neçə yerə baxış keçirib, bundan sonra Həştərxanın Kirov rayonunun Volqaboyu sahilində hündürlüyü 7 metr olan bürünc abidənin tikintisi variantı seçilib.
Azərbaycan tərəfi ilə razılaşmaya əsasən, indiki bağ xarici görünüşcə xeyli dəyişdiriləcək, abadlıq zonası sahilədək- Qu gölündəki körpüdən Müqəddəs Knyaz Vladimir kilsəsinə qədər olan ərazini əhatə edəcək.
Abidə ətrafındakı bağın abadlıq layihəsi "Azərlayihətikinti" İnstitutunun mütəxəssisləri tərəfindən yerinə yetirilib. Abadlıq işlərinin maliyyələşdirilməsini Azərbaycan tərəfi öz üzərinə götürüb.
"Biz istərdik ki, Azərbaycanın ərazi bütövlüyü hərbi əməliyyatlar olmadan bərpa olunsun"
Həştərxan səfəri zamanı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparılıb. Qəzetimiz çapa gedənədək danışıqların detalları haqda məlumat olmasa da, əsas prinsiplərin aydın olduğunu deyə bilərik. Belə ki, Azərbaycan Prezidenti Ukraynaya səfəri öncəsi münaqişənin həlli və aparılan danışıqlarda Bakının qəti mövqeyini Ukrayna KİV-lərinə verdiyi açıqlamalarında bir daha bəyan edib.
"Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Dağlıq Qarabağ probleminin həllinin uzanması status-kvonun saxlanmasının onun maraqlarına xidmət etdiyini hesab edən Yerevanın yanlış təsəvvürü ilə də bağlıdır"- Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Ukraynanın "Den" ("Gün") qəzetindəki yazıda Azərbaycan Prezidentinin mövqeyi belə ifadə olunub: "Erməni tərəfi nizamlanma prosesini hər vasitə ilə yubatmağa cəhd edir. Artıq razılaşdırılmış məsələlər yenidən Ermənistan tərəfindən müzakirə mövzusu kimi irəli sürülür. Bununla da bu prosesi sonsuzluğa qədər uzatmaq cəhdləri açıq-aydın görünür. Başlıca səbəb də bundadır".
İlham Əliyev bildirib ki, ikinci səbəb beynəlxalq ictimaiyyətinin özünün qəbul etdiyi beynəlxalq təşkilatların qərarlarına çox laqeyd yanaşmasıdır. Ermənistan beynəlxalq hüquq normalarını çox kobud şəkildə pozur.
"Dünya birliyinin tanıdığı Azərbaycan ərazisi 20 ildir işğal altındadır. Hərbi cinayətlər törədilib, Xocalı şəhəri tamamilə məhv edilib və azərbaycanlılara qarşı soyqırım aktı törədilib, 613 dinc sakin öldürülüb, onların yüzdən çoxu uşaqlar olub. Bu qanlı hərbi cinayətlərə dünya ictimaiyyəti tərəfindən demək olar heç bir reaksiya verilməyib ki, bu da "təcavüzkarın iştahasını" daha da artırıb", - dövlət başçısı deyib.
Prezidentin sözlərinə görə, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanması, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal olunmuş ərazilərdən- təkcə Dağlıq Qarabağdan deyil, ətraf 7 rayondan da bütün işğalçı qüvvələrin çıxarılması daha vacibdir.
"Əhalinin öz müqəddəratını təyinetmə hüququna gəldikdə, bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çox uğurla həll oluna bilər. Bu məsələdə erməni siyasətçilərinin siyasi iradəsi, eləcə də, vasitəçilərin fəal mövqeyi lazımdır. Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt razılaşmayacaq. Biz onu bərpa edəcəyik. Çox istərdik ki, bu, hərbi əməliyyatlar olmadan, çox tez olsun", - İlham Əliyev bildirib.
Prezident İlham Əliyev Ukraynaya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəzilik Şurasının qətnamələrinə tam uyğun gələn ardıcıl və prinsipial mövqeyinə görə minnətdarlığını bildirib.
"Həmçinin, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda BMT Baş Assambleyasında Azərbaycanın təqdim etdiyi qətnaməyə səsvermə zamanı Ukraynanın dəstəyini böyük minnətdarlıq hissi ilə qəbul etdilər", - o deyib.
"Biz bütün münaqişələrin həll olunmasını istəyirik. Və əgər bu, baş verərsə, mən əminəm ki, bütün tərəflər bundan yalnız xeyir götürəcəklər. Bizim üçün Dağlıq Qarabağ münaqişəsi bir nömrəli problemdir. Daha doğrusu, bundan başqa mən nə bu gün, nə ortamüddətli, nə də uzunmüddətli perspektivdə daha vacib problem görmürəm", - Azərbaycan Prezidenti bildirib.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı sabit inkişaf edir, ölkə dinamikdir, müasirdir və regional məsələlərdən əlavə, dünya məsələlərində artıq müəyyən çəkiyə malikdir.
"Dağlıq Qarabağ münaqişəsi bizim iqtisadi inkişafımızın qarşısını ala bilmədi: bir milyon qaçqın və məcburi köçkünün olduğu 9 milyonluq əhali ilə biz belə uğurlara nail olduq. Bir anlıq təsəvvür edin ki, bizim belə bir problemimiz yoxdur: axı, biz təkcə müdafiəyə deyil, eləcə də, qaçqınların normal evlərdə yerləşdirilməsinə nə qədər vəsait sərf edirik, biz qəsəbələr, məktəblər, xəstəxanalar, yollar tikirik. Biz buna yüz milyonlarla dollar xərcləyirik", - O deyib.
Azərbaycan Prezidentinin sözlərinə görə, eyni məsələ Ermənistana da aiddir, o, regional əməkdaşlıq layihələrinə, iqtisadi inteqrasiyaya cəlb oluna bilərdi. "Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmayıb, bu baş verməyəcək. Fikrimcə, onlar Türkiyə ilə öz münasibətlərinin nizamlanmasına tamamilə əsassız ümid bəsləyirlər və Ermənistan-Türkiyə sərhədinin açılmasına bel bağlayırlar. Lakin bu, baş verməyəcək. Əvvəla, ərazi iddialarına malik olduğun və bütün beynəlxalq təşkilatlarda qondarma "soyqırım"la ləkələməyə çalışdığın ölkə ilə münasibətləri normallaşdırmaq olmaz. Digər tərəfdən, regionda əməkdaşlığın qarşısını alan əsas amil- Qarabağ münaqişəsi mövcuddur", - dövlət başçısı qeyd edib.
Prezidentlərin Həştərxan görüşü öncəsi psixoloji üstünlük Azərbaycan tərəfdə idi
Göründüyü kimi, Azərbaycan Prezidenti münaqişənin həlli istiqamətində aparılan prosesdə öz qəti mövqeyini ortaya qoyub və dasınışıqların hansı prinsiplər əsasında aparılmasının vacibliyini ortaya qoyub. Ərazi bütövlüyümüzün sülh yolu ilə bərpa olunmayacağı təqdirdə, İlham Əliyevin Azərbaycanın işğal olunmuş torpaqlarımızın hərbi yolla azad edəcəyinə eyham vurması qarşı tərəfə ciddi təsir göstərir.
Azərbaycan lideri Azərbaycanla Ermənistanı istər beynəlxalq diplomatiyada, istər istisadi, istərsə də hərbi sahədə müqayisə etməklə mövcud durum və arzuolunmaz halın baş verəcəyi təqdirdə, yaranacaq vəziyyəti çılpaqlığı ilə ortaya qoyub. Həştərxan səfəri öncəsi bu cür bəyanatlar səsləndirməsi görüşdə psixoloji üstünlüyün öncədən təmin olunduğunu göstərir.
Bölgədə, zaman keçdikcə, Azərbaycanın Ermənistan qarşısında bütün sahələrdə daha çox qüdrətlənməsi müşahidə olunur ki, bunu beynəlxalq təşkilatlar da təsdiq edirlər. Ermənistan rəhbərləri də real durumdan xəbərdardırlar. Bunları nəzərə alaraq, Həştərxan görüşündən münaqişənin sülh yolu ilə həllində ciddi bir irəliləyişin baş verəcəyini gözləmək olar.