Ələtdə yeni Beynəlxalq ticarət limanı inşa olunacaq
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı ticarət limanında aparılacaq köçürmə və yenidənqurma işləri ilə tanış olub. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı Bakı ticarət limanının köçürüləcəyini və ərazidə əsaslı abadlıq işləri həyata keçiriləcəyini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Ələtdə yeni Beynəlxalq ticarət limanı inşa olunacaq və əvvəlki ticarət limanının yerində istirahət guşələrinin yaradılması nəzərdə tutulub. Bakı bulvarı hər iki istiqamətə uzadılacaqdır. Dövlətimizin başçısı bu tədbirlərin sürətləndirilməsi ilə bağlı iclasda tapşırıqlar verib. Artıq Bakı ticarət limanının bir hissəsinin köçürülməsi və burada aparılacaq abadlıq işləri ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarının icrasına başlanılıb. Prezident İlham Əliyevə görüləcək işlər barədə məlumat verildi. Qeyd edildi ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq bu liman yeni əraziyə köçürüləcək. Yenidənqurma işləri çərçivəsində burada paytaxt əhalisinin və respublikamızın qonaqlarının hərtərəfli istirahəti üçün hər cür şərait yaradılacaq. Bakının digər yerlərində olduğu kimi, ticarət limanının yerləşdiyi ərazidə də ən müasir standartlara uyğun park salınacaq. Hazırda bu istiqamətdə işlərin icrasına başlanılıb. Prezident İlham Əliyev hazırlıq işlərinin gedişi ilə tanış oldu, tapşırıq və tövsiyələrini verdi.