PDF Oxu

Siyasət

  • 22

Azərbaycan iqtisadiyyatı 2010-cu ilin 9 ayında

Azərbaycan iqtisadiyyatı 2010-cu ilin 9 ayında
"Doqquz ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edibdir. Nəzərə alsaq ki, bütün dünya üçün böhranlı il kimi tarixdə qalan 2009-cu ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır, bugünkü iqtisadi inkişaf çox qiymətlidir. Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu göstəricilər müsbət göstəricilər kimi qəbul edilməlidir. Azərbaycanda iqtisadi sahədə aparılan düşünülmüş siyasət bizə bu göstəricilərə nail olmaq üçün şərait yaratdı. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.
Müşavirədə açıqlanan nəticələrə əsasən demək olar ki, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, iqtisadiyyat müxtəlif yollarla inkişaf edir. Hökumət ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail ola bilib və qeyri-neft sektorunun inkişafı bunun gözəl göstəricisidir.
Məlum olduğu kimi, hər bir ölkənin əsas qarantı və inkişaf göstəricilərindən biri də onun maliyyə ehtiyatlarıdır. Bu ilin 9 ayında valyuta ehtiyatlarımız artıb. Artıq Azərbaycanın strateji valyuta ehtiyatları 28 milyardı ötüb. Prezident İlham Əliyev hökumətin iclasında bununla bağlı deyib: "Baxmayaraq ki, valyuta ehtiyatlarımızın əsas mənbəyi neft-qaz satışıdır və keçən il neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür, biz düşünülmüş siyasətlə və bu imkanlardan səmərəli şəkildə istifadə etməklə həm ölkə qarşısında duran problemləri həll etdik, infrastruktur layihələrinə böyük vəsait ayırdıq, eyni zamanda, həm keçən il, həm də bu il valyuta ehtiyatlarının azalmasına imkan vermədik. Artıq bu gün mənə verilən məlumata görə, ümumi valyuta ehtiyatlarımız 28 milyard dollardan çoxdur. Bu, əlbəttə ki, bizi daha da gücləndirir, bizi tam şəkildə əmin edir ki, bundan uzun illər, onilliklər sonra Azərbaycan ancaq və ancaq inkişaf yolu ilə gedəcək, Azərbaycan daha da çiçəklənəcək, daha da zəngin dövlətə çevriləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər daha da sürətlə həllini tapacaqdır".
Ölkənin ümumdaxili məhsulunun ildən-ilə artması inkişafın ən əsas göstəricisidir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ümumi daxili məhsul 4,1 faiz artaraq 29,3 milyard manata, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata çatmışdır.
Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz çox olmuş, başqa sözlə əhalinin pul gəlirlərinin artım sürəti, cənab Prezidentin qeyd etdiyi kimi, mövcud inflyasiyanı iki dəfə üstələmişdir. Əhalinin maliyyə imkanlarının göstəricisi sayılan əhaliyə təqdim olunan pullu xidmətlərin həcmi artaraq ötən ilin müvafiq dövrünün göstəricisini 10,5 faiz üstələmiş, pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz, əhalinin banklardakı əmanətləri isə 34,4 faiz artmışdır.
Cari ilin 9 ayı ərzində Azərbaycan Respublikası 140 ölkə ilə xarici ticarət dövriyyəsini həyat keçirmişdir ki, bunun həcmi 20,2 milyard dollar, o cümlədən idxalın həcmi 4,5 milyard, ixracın həcmi isə 15,7 milyard ABŞ dolları təşkil etmişdir. Yəni bu dövr ərzində xarici ticarət saldosu müsbət 11,2 milyard ABŞ dolları olmuşdur.
Hesabat dövründə dövlət büdcəsinin mədaxili 7 milyard 505 milyon manat və ya 93,6 faiz yerinə yetirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 270 milyon manat və ya 3,7 faiz çoxdur.
Bütövlükdə bu mənzərə bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır, daxili resurslara söykənir, Azərbaycanda iqtisadi və sosial məsələlərin həllində düşünülmüş proqram, strategiya, hər il üçün layihə paketi var.
Bu il neft-qaz sektorunda qarşıda qoyulan məsələlər həll olunur, neft və qaz hasilatı artır. Müşavirədə səslənən rəqəmlərə görə, ilin sonuna qədər Azərbaycanda 50 milyon tondan çox neft və 28 milyard kubmetrdən artıq qaz hasil ediləcəkdir. Bunun böyük hissəsi ixrac edilir və ixrac imkanları, ixracın coğrafiyası genişlənir. Bu gün Azərbaycan qazı qonşu ölkələrə nəql edilir.
Azərbaycan nefti bütün dünyaya daşınır. Demək olar ki, Azərbaycan nefti artıq bütün qitələrə çatıbdır. Bu, xarici ölkələrlə həm iqtisadi, həm ikitərəfli əlaqələrimizin inkişafı üçün çox müsbət şərait yaradır.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda energetika, neft-qaz sahələrində görülən işlər təkcə daxili işlərlə məhdudlaşmır. "Neft-qaz sənayesində apardığımız işlər bölgə və son zamanlar Avropa qitəsi üçün mühüm rol oynamağa başlamışdır. Yəni nə biz, nə də ki, tərəfdaşlarımız Azərbaycanın neft-qaz siyasətinə təkcə Azərbaycanın daxili işi kimi baxmırıq. Çünki bu, artıq beynəlxalq münasibətlərdə, dünya enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayır. Azərbaycan bu gün enerji sektorunda müstəqil və çox etibarlı oyunçuya çevrilibdir.
Ölkəmizdə aparılan işlər, müəyyən edilən strategiya, taktika və inkişaf perspektivləri bölgə ölkələrinə, dünya enerji bazarına, neft resurslarının müxtəlif yollarla müxtəlif bazarlara çıxarılmasına təsir edir. Onu da qeyd etməliyəm ki, bu, çox müsbət təsirdir. Çünki Azərbaycan öz təbii resurslarından və enerji siyasətindən elə istifadə edir ki, daha da çox dostlarımız, tərəfdaşlarımız olsun. Enerji siyasətimiz ancaq və ancaq əməkdaşlığın dərinləşməsinə xidmət edir"-deyə ölkə başçısı bildirib.
Azərbaycan artıq iri energetika ölkəsinə çevrilib. Bu il bu sahədə xüsusilə vacib addımlar atılmışdır. Azərbaycanın qaz potensialı artıq daha da səmərəli şəkildə realizə edilir. Qaz ixracı getdikcə artır. Yeni layihələr üzərində iş gedir. Hökumət bu sahədə həm investisiya qoyuluşunu təmin edir, həm texniki-iqtisadi əsaslandırma hazırlayır ki, bütün layihələr səmərəli olsun.
Ümumiyyətlə, 2010-cu ildə müsbət nəticələr göz qabağındadır. Bunun əsas əlaməti gələn ilin dövlət büdcəsidir. Gələn ilin dövlət büdcəsi bu il və əvvəlki illərdə əldə edilmiş, qazanılmış uğurlar əsasında formalaşıb. Artıq büdcənin parametrləri açıqlanıb. Gələn il Azərbaycanda dövlət xərcləri 12 milyard 700 milyon manat (15 milyard dollar). Bu, Gürcüstan və Ermənistanın birlikdə götürülmüş büdcələrindən az qala 3 dəfə çoxdur. Əgər biz bu büdcəni adambaşına hesablasaq, görərik ki, Azərbaycan bu sahədə qabaqcıl ölkələrin sırasındadır. Büdcə kəsiri də Avropa İttifaqı tərəfindən qəbul edilmiş meyarların altındadır.
Gələn ilki büdcə həm investisiyayönümlüdür, həm də sosial yönümlü. Təkcə onu qeyd etmək lazımdır ki, dövlət büdcəsinin 13-i (33,3 faizi) sosial xərclərə ayrılıb. Bu da dövlət başçısının əhalinin sosial müdafiəsinə nə dərəcədə böyük önəm verdiyinin əyani təzahürüdür.
Dövlət başçısı bununla bağlı hökumətin iclasında deyib: "Növbəti ilin dövlət büdcəsi bizə imkan verəcək ki, gələn il üçün nəzərdə tutduğumuz bütün layihələr icra olunsun. Bu layihələr çoxdur, həm tikinti sahəsində, həm sosial məsələlərin həlli işində. Biz Azərbaycanda böyük sənaye müəssisələrinin dövlət dəstəyi ilə yaradılmasına çalışırıq. Azərbaycan Dövlət İnvestisiya Şirkəti bu məsələlərdə fəal rol oynayır.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlərin verilməsi, aqrolizinq, subsidiyalar- yəni, qarşımızda duran məsələlər çoxdur. Ölkədə həllini gözləyən problemlər vardır. Biz bu problemləri bilirik və bu gün bu barədə danışacağıq. Biz hər il üçün işimizi konkret proqram əsasında qururuq ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə ölkə sürətlə inkişaf etsin".
Bir sözlə, bu günə qədər görülən işlər və xüsusilə bundan sonra görüləcək işlər Azərbaycanı daha da möhkəmləndirəcək, ölkəmiz bu siyasətdən həm iqtisadi, həm siyasi cəhətdən, bütün başqa sahələrdə çox böyük fayda görəcəkdir. Prezident İlham Əliyevin müşavirədə dediyi kimi, Azərbaycan gələn il də öz sürətli inkişaf kursunu davam etdirəcək və vətəndaşlarının rifahının artmasını təmin edəcək.

Digər xəbərlər