PDF Oxu

Siyasət

  • 15

Azərbaycanda sosial yüksəliş davam edir

Azərbaycanda sosial yüksəliş davam edir

2010-cu ilin doqquz ayında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Bu barədə faktlar və statistik göstəricilər Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında açıqlanıb. İclasda cari lin 3 rübündə ölkənin sosial-iqtisadi, elmi-mədəni, hərbi, humanitar və s sahələrdə inkişafına dair rəqəmlər səsləndirilib.

Prezident İlham Əliyev müşavirədə bildirib: "Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu göstəricilər müsbət göstəricilər kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, son illər ərzində Azərbaycanda çox sürətli iqtisadi inkişaf müşahidə olunurdu, əlbəttə, bu yüksək bazanın üstündə əlavə inkişafa nail olmaq üçün böyük səylər göstərilməli idi. Azərbaycanda iqtisadi sahədə aparılan düşünülmüş siyasət bizə bu göstəricilərə nail olmaq üçün şərait yaratdı".
Müşavirədə qeyd edilib ki, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, iqtisadiyyat müxtəlif yollarla inkişaf edir. Qeyri-neft sektorunun inkişafı bunun gözəl göstəricisidir. Azərbaycanda güclü sosial siyasət aparılır. Bu il əhalinin pul gəlirləri 11 faiz artmışdır. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu il və xüsusilə keçən rübdə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi 75 manatdan 85 manata qaldırılmışdır. Azərbaycanı MDB məkanı ilə müqayisə etsək görərik ki, bu göstərici Azərbaycanda ən yüksək səviyyədədir.
Ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu proqram, təxminən 600 min insanı əhatə edir. 128 min ailə hər ay dövlətdən orta hesabla 108 manat yardım alır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial siyasət, sözün əsl mənasında, prioritet məsələdir. Dövlət başçısı bəyan edib ki gələcək illərdə də əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən bütün addımlar atılacaqdır.
Bir sözlə bu ilin doqquz ayında sosial sahə ilə bağlı bütün məsələlər həllini tapıb. Sosial infrastrukturun yaradılmasına böyük investisiyalar qoyulubdur. Bu il 23 səhiyyə müəssisəsi təmir olunubdur, 59 məktəb və əlavə korpus, 3 regional olimpiya idman mərkəzi tikilibdir və "Kür" Olimpiya Tədris-İdman Mərkəzi bu yaxınlarda istifadəyə verilibdir. Müşavirədə qeyd edilib ki, sosial infrastrukturun möhkəmlənməsi üçün əlavə tədbirlər görüləcəkdir.
Regionlarda həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır. Təsadüfi deyil ki, bu il də Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam edib. İlin əvvəlindən bəri Azərbaycanda 56 min yeni iş yeri açılmışdır. 2003-cü ildən sonra Azərbaycanda 900 minə yaxın iş yeri açılmışdır.
Azərbaycan dövləti tərəfindən sahibkarlığın inkişafına həm kreditlər hesabına böyük dəstək verilir, həm başqa imtiyazlar göstərilir. Bu gün məşğulluq məsələlərinin həlli üçün özəl sektor artıq ön plana çıxıbdır. Bu da, ilk növbədə, dövlətin özəl sektora olan diqqəti və dəstəyinin nəticəsidir. İş yerlərinin 70 faizi özəl sektorda yaranmışdır.
Prezident İlham Əliyev vurğulayıb ki, əgər dövlət tərəfindən kreditlər verilməsəydi, sahibkarlığa qayğı göstərilməsəydi, 2004-cü ildə regional inkişaf proqramı qəbul edilməsəydi, əlbəttə ki, bu gün özəl sektor bu səviyyədə inkişaf edə bilməzdi: "Biz həm iri özəl müəssisələri dəstəkləyirik, həm də ki, kiçik müəssisələri dəstəkləməliyik. Çünki həm dünya praktikası, həm keçən ilin iqtisadi və maliyyə böhranı göstərdi ki, kiçik bizneslə zəngin olan, yəni kiçik biznesin inkişaf etdiyi ölkələrin iqtisadiyyatı daha da dayanıqlı olur. Əlbəttə ki, biz həm kiçik sahibkarlığı dəstəkləyəcəyik, eyni zamanda, iri, böyük beynəlxalq, transmilli şirkətlərin, özəl şirkətlərin yaradılması üçün Azərbaycan dövləti səylərini göstərəcəkdir. Bu gün Azərbaycan şirkətləri xarici bazarlarda uğurla fəaliyyət göstərir".
Ümumiyyətlə, son illər Azərbaycanda ən müxtəlif sahələrdə həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə də sosial problemlərin aradan qaldırılması yolu ilə əhalinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlib. Hakimiyyəti ilk gündən xalqa və dövlətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev sosial-liberalizm xəttinə üstünlük verməklə keçid dövrü üçün xarakterik olan sosial problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirib.
Azad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, sadəcə, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki kəskin fərqi aradan qaldırmaq, ifrat təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu artırmaqdır.
Bu siyasət eyni zamanda insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir.
Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bazar iqtisadiyyatı ilə sosial müdafiənin bu cür kombinasiyası əldə olunan uğurların əsasını təşkil edən əsas amillərdəndir.
Dövlətin sosialyönümlü siyasəti enerji daşıyıcılarının qiymətlərinin tənzimlənməsi məsələsində də özünü qabarıq göstərir. Bir çox postsosialist ölkələri kommunal xidmətlərin qiymətini dünya səviyyəsinə yaxınlaşdırmaq üçün hələ bir neçə il əvvəl "şok terapiyası"na üstünlük verdikləri halda, Azərbaycan hökuməti məhz əhalinin aztəminatlı təbəqəsinin sosial mənafeyini nəzərə alaraq bu yolu seçməyib.
Dövlət başçısı bildirib ki, yanacaq sektorunda qiymətlərin tənzimlənməsi obyektiv zərurətdən irəli gələn, daxili bazarın qorunması məqsədinə xidmət edən, ən əsası sosial ədalət prinsipinə tam adekvat olan bir addımdır. Son illər bütün dövlətlərdə yanacağın, elektrik enerjisinin və kommunal xidmətlərin qiymətləri qalxdığı halda, Azərbaycan bu qiymətləri mümkün qədər sabit saxlamağa çalışıb.
Bütün bunlar göstərir ki, ölkədə təbii sərvətlərin satışından əldə olunan vəsaitlər bugünkü və gələcək nəsillərin mənafeyi naminə düzgün və səmərəli istifadəyə xidmət edir. Dövlət məhz insan amilini rəhbər tutaraq vətəndaşların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi yönümündə təsirli tədbirlər həyata keçirir.
Ümumiyyətlə, 2010-cu ilin 3 rübünün yekunları göstərdi ki, Azərbaycan Prezidenti, Azərbaycan dövləti bütün səylərini ilk növbədə əhalinin social rifahının yüksəlməsinə sərf edir. Lakin bununla yanaşı dövlətin maliyyə ehtiyatlarının gücləndirilməsi, ordunun möhkəmləndirilməsi və digər vacib sahələr də diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycanın sərvətləri Azərbaycan xalqına sərf olunur.

Digər xəbərlər