PDF Oxu

Siyasət

  • 13

Gələn il Azərbaycanın bütün hərbi xərcləri 3 milyard dollardan çox olacaq

Gələn il Azərbaycanın bütün hərbi xərcləri 3 milyard dollardan çox olacaq

"2010-cu ildə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilir"
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq bildirib ki, -2010-cu ilin sonuna iki ay vaxt qalır. Prezident vurğulayıb ki, 2010-cu ildə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilir. Prezident vurğulayıb ki, doqquz ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Belə ki, bütün dünya üçün böhranlı il kimi tarixdə qalan 2009-cu ildə iqtisadiyyatımız 9 faizdən çox artıb, bugünkü iqtisadi inkişaf çox qiymətlidir. Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artıb. Dövlət başçısı vurğulayıb ki, bu göstəricilər müsbət göstəricilər kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, son illər ərzində Azərbaycanda çox sürətli iqtisadi inkişaf müşahidə olunurdu, əlbəttə, bu yüksək bazanın üstündə əlavə inkişafa nail olmaq üçün böyük səylər göstərilməli idi. Azərbaycanda iqtisadi sahədə aparılan düşünülmüş siyasət bizə bu göstəricilərə nail olmaq üçün şərait yaratdı. Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, iqtisadiyyat müxtəlif yollarla inkişaf edir. Prezident İlham Əliyev bildirib ki, biz iqtisadiyyatımızın şaxələndirilməsinə nail ola bilmişik və qeyri-neft sektorunun inkişafı bunun gözəl göstəricisidir: "Eyni zamanda, Azərbaycanda güclü sosial siyasət aparılır. Bu da həmişə olduğu kimi, siyasətimizin əsas istiqamətlərindən biridir. Bu il əhalinin pul gəlirləri 11 faiz artmışdır. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu il və xüsusilə keçən rübdə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi 75 manatdan 85 manata qaldırılmışdır. Bu meyillər Azərbaycanda keçən illərdə də müşahidə olunurdu, gələcək illərdə də əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən bütün addımlar atılacaqdır. Onu da qeyd etmək istəyirəm ki, pensiya və əməkhaqqının indiki minimum səviyyəsi bizi hələ də qane etmir. Amma əgər MDB məkanı ilə özümüzü müqayisə etsək görərik ki, bu göstərici Azərbaycanda ən yüksək səviyyədədir. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu proqram, təxminən 600 min insanı əhatə edir. 128 min ailə hər ay dövlətdən orta hesabla 108 manat yardım alır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial siyasət, sözün əsl mənasında, prioritet məsələdir. Bu ilin doqquz ayında sosial sahə ilə bağlı bütün məsələlər həllini tapıb. Sosial infrastrukturun yaradılmasına böyük investisiyalar qoyulubdur. Bu il 23 səhiyyə müəssisəsi təmir olunubdur, 59 məktəb və əlavə korpus, 3 regional olimpiya idman mərkəzi tikilibdir və "Kür" Olimpiya Tədris-İdman Mərkəzi bu yaxınlarda istifadəyə verilibdir. Bu proses davam etdirilir və gələn ilin büdcəsində əlbəttə ki, sosial infrastrukturun möhkəmlənməsi üçün əlavə tədbirlər görüləcəkdir.
Regionlarda gedən işlər bizi qane edir. Mən regionlara tez-tez gedirəm, vəziyyətlə tanış oluram və görürəm ki, həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır. Təsadüfi deyil ki, bu il də Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam edibdir. İlin əvvəlindən bəri Azərbaycanda 56 min yeni iş yeri açılmışdır. 2003-cü ildən sonra Azərbaycanda 900 minə yaxın iş yeri açılmışdır. Bu da özlüyündə onu göstərir ki, işsizlik kimi çox çətin və ağır problem Azərbaycanda tədricən öz həllini tapır. Əminəm ki, növbəti illərdə Azərbaycanda işsizliklə bağlı daha da böyük addımlar atılacaqdır. Bu gün Azərbaycanda işləmək istəyən vətəndaşlar əksər hallarda işlə təmin oluna bilərlər. Nəzərə alsaq ki, Azərbaycanda böyük tikinti layihələri icra edilir, Azərbaycan dövləti tərəfindən sahibkarlığın inkişafına həm kreditlər hesabına böyük dəstək verilir, həm başqa imtiyazlar göstərilir, əlbəttə, bu amillər də işsizliyin aradan qaldırılması üçün öz rolunu oynayacaqdır. Çünki bu gün məşğulluq məsələlərinin həlli üçün özəl sektor artıq ön plana çıxıbdır. Bu da, ilk növbədə, dövlətin özəl sektora olan diqqəti və dəstəyinin nəticəsidir. İş yerlərinin 70 faizi özəl sektorda yaranmışdır.
Bir sözlə, bu günə qədər görülən işlər və xüsusilə bundan sonra görüləcək işlər Azərbaycanı daha da möhkəmləndirəcək, ölkəmiz bu siyasətdən həm iqtisadi, həm siyasi cəhətdən, bütün başqa sahələrdə çox böyük fayda görəcəkdir." Prezident eyni zamanda bildirib ki,
2010-cu ildə müsbət nəticələr göz qabağındadır. Bunun əlaməti gələn ilin dövlət büdcəsidir. Gələn ilin dövlət büdcəsi bu il və əvvəlki illərdə əldə edilmiş, qazanılmış uğurlar əsasında formalaşıb. Artıq büdcənin parametrləri açıqlanıbdır. Gələn il Azərbaycanda dövlət xərcləri 12 milyard 700 milyon manat təşkil edəcək. Bu, 15 milyard dollar deməkdir. Bu, çox böyük rəqəmdir. Prezident bildirib ki, əgər bu büdcəni adambaşına hesablasaq, görərik ki, Azərbaycan bu sahədə qabaqcıl ölkələrin sırasındadır. Büdcə kəsiri də lazımi səviyyədədir. Yəni, vaxtilə Avropa İttifaqı tərəfindən qəbul edilmiş meyarların altındadır. Bu da çox gözəl göstəricidir. Yəni, Azərbaycanda bu işlər Avropa standartlarına tam uyğun şəkildə aparılır. Ölkə Prezidenti qeyd edib ki, büdcəmiz həm investisiyayönümlüdür, həm də sosial məsələlər orada həll olunacaqdır. Sosial məsələlərin həlli, qeyd etdiyim kimi, bizim üçün çox vacib məsələdir. Bir sözlə, növbəti ilin dövlət büdcəsi bizə imkan verəcək ki, gələn il üçün nəzərdə tutduğumuz bütün layihələr icra olunsun."
"Dövlət büdcəsində hərbi xərclər xüsusi yer tutur"
Ölkə Prezidenti bildirib ki, bu ilin dövlət büdcəsində hərbi xərclər xüsusi yer tutur. Prezident bildirib ki, bu, birinci il deyil ki, Azərbaycanın hərbi xərcləri xərclər arasında birinci yerdədir. Bu, təbiidir: "Çünki biz müharibə şəraitində yaşayırıq və ordu quruculuğu prosesinin sürətləndirilməsi, gücləndirilməsi üçün Azərbaycan dövləti əlindən gələni edir. Bu gün orduya ayrılan xərclər Silahlı Qüvvələrimizi gücləndirir. Bu gün Azərbaycan Ordusu bölgədə - Cənubi Qafqazda ən güclü, ən peşəkar, ən mübariz ordudur və əlbəttə ki, biz bu istiqamətdə aparılan işləri davam etdirəcəyik. Gələn il bizim bütün hərbi xərclərimiz 2 milyard 500 milyon manat səviyyəsində olacaq ki, bu da 3 milyard dollardan çoxdur. Nəzərə alsaq ki, torpaqlarımızı işğal altında saxlamağa davam edən Ermənistanın bütün dövlət büdcəsi 2 milyard dollardan bir az çoxdur, görərik ki, Azərbaycanın hərbi xərclərinin Ermənistanın bütün xərclərindən üstün olması ilə bağlı vaxtilə qarşımıza qoyduğumuz vəzifə artıq həll olunub və bu gün bu, reallıqdır. Zaman keçdikcə əlbəttə ki, biz bütün xərclərimizi, o cümlədən müdafiə xərclərimizi daha da artıracağıq. Ermənistandan fərqli olaraq, biz bunu öz pulumuzla edirik, heç bir başqa ölkədən asılı deyilik, heç bir başqa ölkə qarşısında gözükölgəli deyilik, heç kimə yalvarmırıq. Ermənistandan fərqli olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan xalqının iradəsi və zəhməti hesabına qururuq. Xalqımızın zəhməti hesabına qazanılmış gəlirlər Azərbaycan üçün ən vacib olan ordu quruculuğu sahəsinə yönəldilir. Biz gələcəkdə də bu işləri davam etdirəcəyik. Torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, tezliklə bu işğala son qoyaq."
"Biz imkan verə bilmərik ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın"

Ölkə Prezidenti daha sonra çıxışında dağlıq qarabağ münaqişəsi ilə bağlı məsələlərə də aydınlıq gətirib: "Bilirsiniz ki, işğal edilmiş ərazilərə bu yaxınlarda ATƏT-in qiymətləndirmə missiyası göndərilmişdir. Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Beş il bundan əvvəl, 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası ilk dəfə olaraq işğal edilmiş torpaqlara göndərilmişdi. O missiya tərəfindən hazırlanmış hesabat açıq-aydın göstərir ki, erməni qəsbkarları, erməni vandalları hansı cinayətlər törətmişlər. Bu günlərdə həyata keçirilən missiya əlbəttə ki, həm müqayisə aparmalı, eyni zamanda, orada baş verən dağıntıları, cinayətləri öz hesabatında bir daha əks etdirməlidir. Mən ümid edirəm ki, missiyanın hesabatı ədalətli, obyektiv olacaq, balanslaşdırılmış olmayacaqdır. Çünki danışıqlar prosesində bir çox hallarda vasitəçilər fəaliyyətini balanslaşdırılmış yanaşma ilə qururlar. Ancaq bu sahədə heç bir balanslaşdırmadan söhbət gedə bilməz. Çünki bu, bizim torpağımızdır, orada bütün binalar ermənilər tərəfindən dağıdılıb, bir dənə daş üstə daş qalmayıb, bütün tarixi abidələrimiz, məscidlərimiz, evlər dağıdılıb və talan edilib. Bütün bunlar erməni vandalları tərəfindən törədilib. Orada bütün maddi dəyərlər erməni talançıları tərəfindən oğurlanıb və dağıdılıb. İşğal edilmiş ərazilərdə törədilən cinayətlər erməni faşizminin vəhşi sifətini göstərir. Biz bunu bilirik və çox müsbət haldır ki, dünya birliyi bu barədə bir daha məlumat alacaqdır. Mən çox ümid edirəm və bir daha demək istəyirəm ki, bu hesabat obyektiv olsun və reallıqları əks etdirsin. Budəfəki missiyanın xüsusiyyəti bir də ondan ibarətdir ki, onun tərkibinə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də daxil edilibdir. Bu, çox vacib haldır, həm siyasi, həm də praktiki cəhətdən. Ümid edirəm ki, biz yaxın zamanlarda bu hesabatla tanış olacağıq. O ki qaldı, münaqişənin həlli ilə bağlı məsələyə, bir daha demək istəyirəm ki, Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi vardır və Azərbaycan bu mövqedən bir addım geri atmayacaqdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu məsələ həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu prinsipdən kənarda heç bir məsələ həll oluna bilməz. Biz imkan verə bilmərik ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti 1918-ci ildə Azərbaycan torpaqlarında - İrəvan xanlığı, Zəngəzur mahalı ərazilərində yaradılmışdır.
İkinci erməni dövləti Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda yaradıla bilməz. Biz bu prinsipial mövqeyi bütün beynəlxalq təşkilatlarda müdafiə edəcəyik. Biz praktiki işlərimizlə, atılan addımlarla, ölkəmizi gücləndirməklə bu günü yaxınlaşdırırıq ki, torpaqlarımız işğalçılardan azad olunsun.
Beynəlxalq təşkilatlara gəldikdə, deyə bilərəm ki, son zamanlar bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqelərini bildirmişlər. Əlbəttə ki, bunların arasında BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsas rol oynayır. Ondan başqa, ATƏT-in qərarları, Avropa Şurasının, İslam Konfransı Təşkilatının və son zamanlarda Avropa Parlamentinin qətnamələri və qərarları birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, işğala son qoyulmasını tələb edir. Bu, məsələnin siyasi və hüquqi tərəfidir. Məsələnin praktiki tərəfi də mövqeyimizi gücləndirir, çünki bu gün Ermənistanı Azərbaycan ilə müqayisə etmək mümkün deyildir. Azərbaycan çiçəklənən, qüdrətlənən, güclənən, müasir, dinamik inkişaf edən, öz resurslarına arxalanan ölkədir. Ermənistan kommunikasiyalardan kənarda qalan, asılı vəziyyətdə olan, başqa ölkələrin və dairələrin ianəsi ilə güclə dolanan ölkədir. Yəni, bu iki ölkəni müqayisə etmək mümkün deyildir. Bu gün gətirdiyim rəqəmlər, gələcək planlar haqqında dediyim sözlər bunu göstərir. Heç şübhə etmirəm ki, illər keçdikcə fərq daha da böyüyəcək və beləliklə, biz hərbi potensialımızı daha da gücləndirməklə məsələnin həllinə nail olacağıq. Ermənistanda bir məsələni də unutmamalıdırlar. Bu, demoqrafiya məsələsidir. Bu gün Azərbaycan əhalisinin sayı 9 milyondan artıqdır. Ermənistanda isə ölkədən kütləvi şəkildə köç baş verir. Çünki insanlar orada dözülməz şəraitdən beziblər. Orada yaradılmış polis rejimi insanlara imkan vermir ki, azad şəkildə yaşasınlar. Erməni qəsbkarları təkcə Azərbaycan xalqının qanını axıtmayıblar. Hərbi cinayətlər təkcə Xocalıda və başqa yerlərdə törədilməmişdir. Onlar 2008-ci ildə öz xalqına qarşı qəddarlıq, cinayətlər törətmişlər. Ordu tərəfindən 10-dan yuxarı vətəndaş öldürülmüşdür. Yəni Azərbaycan həm siyasi, həm iqtisadi, həm demoqrafiya cəhətdən əlbəttə ki, böyük dərəcədə fərqlənir. Mən əminəm ki, bu məsələlərin kompleks şəkildə, bax bu yolla inkişaf etməsi bizi məqsədimizə gətirib çatdıracaqdır."
* * *
Sonra Maliyyə naziri Samir Şərifov çıxış edərək görülən işlər barədə məlumat verib. Nazir vurğulayıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ümumi daxili məhsul 4,1 faiz artaraq 29,3 milyard manata, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata çatmışdır. Əhalinin maliyyə imkanlarının göstəricisi sayılan əhaliyə təqdim olunan pullu xidmətlərin həcmi artaraq ötən ilin müvafiq dövrünün göstəricisini 10,5 faiz üstələmiş, pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz, əhalinin banklardakı əmanətləri isə 34,4 faiz artmışdır. Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib ki, son üç il ərzində Neft Fondunun aktivləri təxminən 10 dəfə artmışdır. Xam neftin cari qiymətləri ilə və Fondun xərclərinin cari il səviyyəsində saxlanması şərti ilə növbəti 5 il ərzində Neft Fondunun aktivlərinin 50 milyard ABŞ dollarına qədər artması proqnozlaşdırıla bilər. Cari ilin oktyabr ayının 1-nə olan məlumata əsasən, Fondun yaradılmasından bu günə kimi Neft Fondunun idarəetmədən toplam gəlirləri ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçmişdir. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev 2007-ci ildə Azərbaycan İstilik Elektrik Stansiyasında yenidənqurma işləri başlanmışdır. 2011-ci ildə bu işlər başa çatdırılandan sonra stansiyanın gücü 2000 MVt-dan 2600 MVt-a yüksələcəkdir. Stansiyanın səmərəliliyinin artması nəticəsində ildə 500 min ton yanacağa qənaət ediləcəkdir. Gücü 25 MVt olan Füzuli Su Elektrik Stansiyasının tikintisi 2011-ci ilin ortalarında başa çatdırılacaqdır. Prezident İlham Əliyev yekun nitqi ilə çıxış edərək qarşıda görüləcək işlər barədə danışıb, bundan başqa bir sıra məsələlərə dair müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Prezident vurğulayıb ki, 2010-cu ilin yekunları gələn il müzakirə olunacaq. Ölkə Prezidenti həmçinin əlavə edib ki, bu yekunlar uğurlu olacaq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəkdir.

Digər xəbərlər