Azərbaycan xalqı öz torpaqlarını heç vaxt unutmayacaq
Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Prezident İlham Əliyev Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib. Şəhər ictimaiyyətinin nümayəndələri və məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV kollektivi və ictimaiyyətin nümayəndələrini məktəbin açılışı münasibətilə təbrik edib.
- Məktəbin tikintisi münasibətilə sizi təbrik edirəm, çox gözəl, müasir məktəbdir. İcra başçısı mənə dedi ki, buradakı məktəb çox bərbad vəziyyətdə idi, uzun illər təmirsiz qalmışdı. Bina söküldü və yerində belə gözəl, yaraşıqlı məktəb tikildi. Özü də bir saylı orta məktəb gərək hər cəhətdən bir nömrəli olsun. Sizi ürəkdən təbrik edirəm, bu, gözəl hadisədir. Uşaqlar da burada yaxşı oxuyacaqlar, müəllimlər üçün də şərait yaradılıb.
Müəllimlər böyük işlər görürlər. Bu yaxınlarda Azərbaycanda müəllimlər günü qeyd olunmuşdur. Bu münasibətlə sizi bir daha təbrik edirəm. Müəllimlərin cəmiyyətdə rolu çox böyükdür və vacibdir. Gənc nəslin tərbiyə olunmasında, uşaqların yüksək bilik almasında müəllimlərin rolu birincidir. Biz elə etməliyik ki, bütün uşaqlarımız yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar. Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş üçün, həm də ölkələr üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların uğurları təhsilin səviyyəsi ilə bağlıdır. Nə təbii ehtiyatlar, nə mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad və bilik əsasdır. Çünki dünyanın inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır. Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk addımlarını məktəblərdə atırlar.
Biz elə etməliyik ki, təhsilimizdə ən qabaqcıl səviyyə təmin olunsun. Xüsusilə nəzərə alsaq ki, bu gün Azərbaycanda belə gözəl məktəblərin sayı çoxdur. Ancaq son 5-6 il ərzində 2 mindən çox məktəb tikilib və təmir olunubdur. Bu işlər davam etdirilir. Biz elə etməliyik ki, Azərbaycanda bərbad, qəzalı vəziyyətdə heç bir məktəb qalmasın. Yevlaxda da məktəb tikintisi çox sürətlə gedir. Deyə bilərəm ki, regionların arasında bəlkə də ən sürətli məktəb tikintisi prosesi məhz Yevlaxdadır. Son illərdə 20-dən çox məktəb tikilib və təmir olunub. Düzdür, hələ ki, yaxşı vəziyyətdə olmayan məktəblər vardır. Ancaq tədricən onlar da ya təmir olunacaq, ya da ki, sökülüb yerində belə gözəl, müasir məktəblər tikiləcəkdir.
Həm infrastruktur, həm təhsilin səviyyəsi - bax, bu iki vacib amil Azərbaycanda yüksək səviyyədə olmalıdır. Gözəl məktəb tikmək olar. Bu gün maddi imkanlarımız bu şəraiti bizim üçün yaradır. Ancaq bu məktəbdə gərək təhsilin səviyyəsi yüksək olsun. Burada oxuyan uşaqlar anlamalıdırlar ki, həyatda layiqli yer tutmaq üçün mütləq bilikli olmalıdırlar. Əvvəlki dövrlərdə bəzən gənclərin bir hissəsi daha çox diplom əldə etmək üçün çalışırdılar. Çünki diplom o vaxt bütün qapıları açırdı. Sovet İttifaqı zamanında hər bir insan işlə təmin olunurdu. Ancaq biz indi bazar iqtisadiyyatı, açıq rəqabət şəraitində yaşayırıq. Ona görə diplomun olması heç nəyi göstərmir, bilik, peşəkarlıq olmalıdır. Ona görə məktəb tikintisi, peşə məktəblərinin, uşaq bağçalarının yaradılması - bütün bunlar təhsil sistemimizi gücləndirir. Əlbəttə ki, biz indi dünyada tətbiq olunan qabaqcıl təcrübəni Azərbaycana gətiririk. İndi elektron tədris proqramları, elektron lövhələr, kompyuter proqramları vardır. Bizdə bu sahədə də işlər yaxşı səviyyədədir, 6-7 il bundan əvvəl min şagirdə bir kompyuter düşürdü. İndi ölkə üzrə 20 şagirdə bir kompyuter düşür və uşaqlar kompyuteri bizdən yaxşı bilirlər. Bəzən biz onlardan nə isə soruşuruq. Çünki bu, müasirlikdir, yenilikdir, inkişafdır."
Sonra ölkə Prezidenti uşaqlarda vətənpərvərlik tərbiyəsinin
aşılanması və bu istiqamətdə maarifləndirilməsi barədə də fikirlərini açıqlayıb:
"Təhsillə, vətənpərvərlik tərbiyəsi ilə bağlı bu məsələlərə Azərbaycanda çox böyük diqqət göstərilir. Bir də demək istəyirəm ki, müəllimlərin bu işlərdə rolu, fəaliyyəti həlledicidir.
Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Siz də xatırlayırsınız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixə, həm indiki vəziyyətə, həm də gələcəyə aid kifayət qədər çoxsaylı geniş çıxışlarım olubdur. Ancaq bu hissləri, bu vətənpərvərlik duyğularını uşaqlara gündəlik olaraq müəllimlər aşılayırlar. Ona görə müəllimlərdən çox şey asılıdır. Azərbaycanda bugünkü uşaq 10 ildən, 20 ildən sonra necə vətəndaş olacaq, Vətəni necə sevəcək, Vətən uğrunda necə vuruşacaq, Vətən üçün nə edəcək - bax, bütün bunların təməli məktəblərdə qoyulur. Ona görə təhsilə diqqət, sadəcə olaraq, bir inkişaf istiqaməti deyil, bu, qlobal, ölkə üçün həlledici məna daşıyan bir siyasətdir. Əgər təhsillə bağlı məsələlər düzgün həll olunmasa, bu siyasət, bizim bütün başqa uğurlarımız heç bir səmərə verməz.
Bizim təbii sərvətlərimiz, güclü iqtisadiyyatımız vardır. İndi vəziyyət sabitdir, Azərbaycanda ictimai-siyasi sabitlikdir. Ancaq ölkəni inkişaf etdirən insanlardır. Yəni bilikdir, fikirdir, iradədir, qabiliyyətdir. Mən çox istəyirəm, biz hamımız istəyirik ki, vətəndaşlarımız bilikli, savadlı, yaxşı vətəndaş, vətənpərvər olsunlar, Vətəni sevsinlər. Bunu etmək üçün biz güclü dövlət qurmalıyıq. Uşaqlarımız tariximizi yaxşı bilməlidirlər. Çünki sovet dövründə uzun illər biz tarixin bir hissəsini bilirdik, amma digər hissəsini bilmirdik. Bəzi hallarda bizə qəhrəman kimi təqdim olunan insanlar, əslində, Azərbaycan xalqına qarşı cinayətlər törətmişlər. Bu tarixi biz yaxşı bilirik. Biz real tarixi sonradan öyrənməyə, dərk etməyə başladıq. Məni bir Prezident və vətəndaş kimi ən çox hiddətləndirən o deyil ki, misal üçün biz bilmirdik 1918-ci ildə nələr baş verirdi, 26 komissar qəhrəman kimi təqdim olunurdu, əslində isə, onlar azərbaycanlılara qarşı amansız qəddarlıq törətmişdilər. Yəni, məsələ onda deyil ki, biz bunları bilmirdik, indi bilirik. Məsələ ondadır ki, biz onların qəhrəman olduqlarına inanırdıq. Yəni belə tərbiyə almışdıq. Azərbaycan xalqının qanını axıdan şaumyanlar və onun kimi qəddar erməni cinayətkarlar Azərbaycanda qəhrəmanlar kimi təqdim olunurdu. Onların şərəfinə abidələr ucaldılırdı. Siz bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı komissarının şərəfinə abidə ucaldılmışdı.
Mən göstəriş verdim ki, o abidə sökülsün, dağıdılsın. Mən göstəriş verdim, şəxsən! Ancaq necə?! Göstəriş verdim ki, Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin nümayəndələri, din xadimləri orada basdırılmış cəsədlərin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görsünlər. Halbuki vaxtilə orada basdırılmış adamlar azərbaycanlılara qarşı qəddarlıq törətmişdilər. Biz yenə Azərbaycan xalqına xas olan dözümlülük, mədəniyyət, tolerantlıq nümayiş etdirdik və orada basdırılmış cəsədləri başqa yerə hörmətlə köçürdük. Ancaq o tarix daha Azərbaycanda olmamalıdır. Uşaqlarımız sual verməməlidir ki, bu kimdir? Nə üçün bunun abidəsi burada ucaldılıb? Bu, Azərbaycan xalqı üçün nə edib? Yəni, məni, necə deyərlər, ən çox darıxdıran məhz odur ki, vaxtilə biz bilməmişik ki, nə olub, sonradan bilmişik.
Bizim uşaqlar xoşbəxtdirlər. Onlar müstəqil ölkədə yaşayırlar. Bu gün taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı öz taleyinin sahibidir və uşaqlarımız tariximizi, keçmişimizi, bugünkü reallıqları yaxşı bilməlidirlər. Mən o görüşdə söyləmişdim ki, Azərbaycan xalqı öz torpaqlarını heç vaxt unutmayacaqdır. Mən dəfələrlə söyləmişdim ki, bugünkü Ermənistan - xəritədə Ermənistan Respublikası adlandırılan ərazi əzəli Azərbaycan torpağıdır. Bu, həqiqətdir. Əlbəttə, Zəngəzur, İrəvan xanlığı bizim torpaqlardır! Orada azərbaycanlılar əsrlər boyu yaşamışlar. Ermənilər müəyyən bölgələrdə olublar. Amma onlar XIX əsrdə kütləvi şəkildə köçürülmüşlər. Necə ola bilər ki, 1918-ci ildə İrəvanın Ermənistanın paytaxtı elan olunması Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə baş verib?! Əgər o bölgələr dırnaqarası "Böyük Ermənistan"a aid idisə, onda nə üçün bizdən icazə alırdılar?! Mən sizi bir daha bu gözəl hadisə - məktəbin istifadəyə verilməsi münasibətilə təbrik etmək istəyirəm. Müəllimləri bir daha peşə bayramları münasibətilə təbrik edirəm. Sizə uğurlar, cansağlığı arzulayıram."
Mərasim iştirakçıları Prezident və xanımı ilə xatirə şəkli çəkdirdilər. Sonra məktəbin açılışı oldu. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu. Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi. Azərbaycan Prezidenti həmin gün Yevlaxa səfəri çərçivəsində "Azərtoxum" MMC toxumçuluq müəssisəsinin açılışında iştirak edib.
Müəssisənin kollektivi dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladı.
"Azərtoxum" MMC-də yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, toxumçuluq müəssisəsinin tikintisi üçün 7 hektar torpaq sahəsi ayrılıb. İnşasına 2009-cu ilin iyununda başlanmış müəssisə 80 tonluq qapandan, tutumları 1000, 1500 və 2500 ton olan 12 anbardan, toxum laboratoriyasından, təmir sexindən, yanacaqdoldurma məntəqəsindən və evlərdən ibarətdir.
Dövlətimizin başçısı müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesi ilə tanış oldu, hazır məhsulların sərgisinə baxdı.
Bildirildi ki, müəssisə müxtəlif növ dənli bitki toxumlarının istehsalı, hazırlanması və işlədilməsi ilə məşğul olacaqdır. Bu müəssisənin yaradılmasında əsas məqsəd rayonlaşdırılmış sortlar, super elit və yüksək məhsuldar toxum hazırlamaqdır. Burada dünyanın ən mükəmməl və modern sistemləri, texnologiya, maşın və avadanlıq tətbiq ediləcəkdir. Mərkəz 100 min ton toxum hazırlamaq və işlətmək gücünə malikdir.
Azərbaycan Dövlət İnvestisiya şirkətinin həmtəsisçisi olduğu müəssisənin avadanlığı 15 min hektar sahənin əkilib-biçilməsinə imkan verir. İşçilərin sayı mövsümlə əlaqədar 200 nəfərdən 400 nəfərə çatır. Orta aylıq əməkhaqqı 500 manatdır. Hazırda Tərtər, Yevlax, Şəki, Zaqatala, Qax, Balakən rayonlarında 6 min 500 hektar sahədə əkin işləri aparılır. Gələcəkdə əkin sahələrinin artırılaraq 50 min hektara çatdırılması nəzərdə tutulur ki, bu da min nəfərin işlə təmin edilməsi deməkdir. Müəssisənin təcrübə-sınaq sahələrində toxum səpini də aparılır. Bununla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan əkinçilərə toxumların növləri barədə məlumat verilir, əkindən biçinə qədər texnoloji proses izah edilir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 14-də Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar. Dövlətimizin başçısına məlumat verildi ki, bulvar-hotel kompleksi üçün 10 hektar torpaq sahəsi ayrılıb. Hotelin tikintialtı sahəsi 2156 kvadratmetrdir. Beşmərtəbəli hoteldə 44 nömrə, restoran, bar, idman zalı, mətbəx, hovuz, ofis otaqları və digər yardımçı otaqlar olacaq. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hotelin maketi, otaqların dizayn elementlərinin fotoeskizləri və işçi layihə ilə tanış oldular. Prezident İlham Əliyevə "Qırmızı kitab"a daxil edilmiş, Kür çayının sahilindəki uzunömürlü qovaq ağacı haqqında da məlumat verildi. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva ağacın qarşısında xatirə şəkli çəkdirdilər. Kompleksdə aparılan abadlıq və quruculuq işlərindən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.