Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Mingəçevir şəhərinə gəlib. Azərbaycanın bütün regionları kimi, Mingəçevir şəhəri də özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində şəhərin iqtisadiyyatı daha da inkişaf edib, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, quruculuq işləri geniş vüsət alıb. Cari ilin birinci yarısında Mingəçevir şəhərinin istehsal müəssisələrində 55 milyon manatlıq sənaye məhsulu istehsal olunub, tikinti-quraşdırma işlərinə 20 milyon manat vəsait xərclənib, əsas kapitala 22 milyon manat investisiya yönəldilib, istehlak bazarında 73 milyon manatlıq mal satılmış və xidmətlər göstərilib. Təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Mingəçevirdə aparılan abadlıq və quruculuq işləri bu gün də davam edir, yeni parklar və istirahət ocaqları salınır. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoydular. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin ətrafındakı parkı gəzdilər, burada aparılan abadlıq və quruculuq işləri ilə tanış oldular. Prezident İlham Əliyev dünən Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak edib. Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, mərkəzdə yaradılmış şəraitlə tanış oldu.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, nazirliyin sifarişi əsasında tikilən mərkəzdə Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılıb.
Prezident İlham Əliyev 2004-cü ildə Mingəçevirə səfəri zamanı keçmiş "Kür" avarçəkmə bazasında da olmuş, onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra, 2007-ci ildə tikinti işlərinə başlanılıb.
Layihəyə əsasən kompleksə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxana, döşəməsi NBA standartlarına uyğun olan 391 tamaşaçı yerlik idman zalı, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir. Bazanın ərazisində abadlıq işləri aparılıb və istirahət guşələri yaradılıb. Bazadan istifadə etmək barədə xarici ölkələrdən müraciətlər daxil olur. Artıq üç ildir ki, bazanın yardımçı hissəsində avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatası keçirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hovuza, idman zalına, anqara baxdılar, motorlu qayıqda Kür çayının bu hissəsini gəzdilər.
Dövlətimizin başçısı və xanımı 1875-ci ildə əkilən qovaq ağacı qarşısında xatirə şəkli çəkdirdilər. Sonra dövlətimizin başçısı və xanımı hündürlüyü 40 metr olan yarışları müşahidə qülləsi ilə tanış oldular. Dörd mərtəbədən və terrasdan ibarət binada müşahidə zalı, jurnalistlər və hakimlər üçün otaqlar, kafe-bar və digər yardımçı otaqlar vardır.
Prezident İlham Əliyev və xanımı qüllədən avarçəkənlərin məşqinə baxdılar. Olimpiya Tədris-İdman Mərkəzinin açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Prezident İlham ƏLİYEV mingəçevirliləri yeni "Kür" Olimpiya İdman Bazasının açılışı münasibətilə ürəkdən təbrik edərək bildirdi ki bu bazanın çox böyük tarixi vardır. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə burada çox böyük quruculuq-abadlıq işləri aparılıb. Ölkə Prezidenti diqqətə çatdırdı ki, Mingəçevir hələ Sovet İttifaqının avarçəkmə mərkəzinə çevrilmişdi. Mingəçevirlilər o illəri yaxşı xatırlayırlar ki, burada müxtəlif yarışlar keçirilib. Demək olar ki, bütün müttəfiq respublikalardan avarçəkənlər gəlmişlər, yəni şəhərin inkişafı üçün bu bazanın çox böyük əhəmiyyəti var idi. Prezident bildirdi ki, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində öz torpaqlarını itirmiş vətəndaşlarımız burada məskunlaşıblar. Prezident xatırladıb ki, 1990-cı illərdə buraya dəfələrlə gəlib, vəziyyətlə tanış olub. Prezident dedi ki, O vaxt Milli Olimpiya Komitəsinin prezidenti kimi çox istəyib ki, bura yenidən bərpa olunsun və yüksək səviyyədə baza yaradılsın. Ancaq o vaxt imkanlar məhdud idi:
"Biz, ilk növbədə o vaxt burada məskunlaşmış soydaşlarımızı köçürməli idik. Biz buna nail olduq, onları yaxşı şəraitlə təmin etdik. Ondan sonra layihələndirmə işləri aparılmışdır.
Nəhayət, üç il bundan əvvəl bazanın yenidən tikilməsinə başlanmışdır və bu gün həm dünya səviyyəli idman, həm də turizm mərkəzidir. Mən burada yaradılmış bütün obyektlərlə bu gün yaxından tanış oldum. Baxmayaraq burada dəfələrlə olmuşam, bir daha görürəm ki, bu bazada ən yüksək standartlar tətbiq edilib. Gözəl mehmanxana, trenajor zalları, üzgüçülük hovuzu yaradılıb, avarçəkmə üçün lazım olan bütün avadanlıq quraşdırılıb. Bura artıq həm idman, həm də turizm mərkəzidir. Ümid edirəm ki, idmançılarımız, ilk növbədə bu imkanlardan səmərəli istifadə edəcəklər və biz xaricdən də qonaqlar gözləyirik. Mingəçevir beynəlxalq turizm mərkəzinə çevrilməlidir. Buna nail olmaq üçün bütün imkanlar - gözəl təbiət, təmiz hava, iqlim, təbii şərait vardır. İndi yollar da çəkilir. Bakını Mingəçevirlə birləşdirən avtomobil yolu tikilir. Gəncə aeroportu fəaliyyətdədir. Yəni, Mingəçevir bir turizm mərkəzi olmalıdır. İndi Azərbaycanın müxtəlif yerlərində turizm mərkəzləri yaradılır. Hərəsi öz təbii şəraiti ilə fərqlənir. Həm gözəl dənizimiz, dağlarımız, çaylarımız, bulaqlarımız və həm də bölgədə yaradılan belə gözəl mehmanxana kompleksləri bu prosesi daha da sürətləndirir. Burada idmanla məşğul olmaq üçün, ilk növbədə bütün şərait yaradılıb. Azərbaycanda idmanın avarçəkmə növü öz inkişaf dövrünü yaşayır. Artıq avarçəkənlərimiz dünya və Avropa çempionatlarında yüksək nəticələr qazanırlar, dünya çempionatlarında birinci yerləri tuturlar. Azərbaycan tarixində bu, heç vaxt olmamışdır.
Son illər ərzində avarçəkmədə görülmüş işlər və əslində yaradılmış dönüş Azərbaycanın bu idman növündə də qabaqcıl yerlərə gətirib çıxarılmasına imkan yaradır. Bizim komanda - gənclərimiz, yeniyetmələrimiz - müxtəlif yarışlarda iştirak edirlər. Azərbaycan artıq idman dövlətidir, bunu hamı bilir. Amma idmanın avarçəkmə növü bizdə sovet dövründə də o qədər inkişaf etməmişdir.
Bu gün isə görürük ki, Azərbaycanda bu idman növü də inkişaf edir və nəinki infrastruktur, eyni zamanda, idmançıların peşəkarlığı artır. Xaricdən məşqçilər dəvət olunubdur. Əminəm ki, avarçəkənlərimiz gələcək Olimpiya Oyunlarında Azərbaycanı ləyaqətlə təmsil edəcəklər.
O ki qaldı, idmanın inkişafına, bütövlükdə Azərbaycanda idman çox sürətlə inkişaf edir. Biz bu sahədə böyük uğurlara nail ola bilmişik. İdmançılarımız Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında dövlət bayrağımızı göylərə qaldırırlar. Bu, bizdə böyük qürur hissi yaradır. Mən istəyirəm ki, Azərbaycanda bütün idman növləri inkişaf etsin və biz görürük ki, bu nailiyyətlər vardır.
Çox şadam ki, futbolçularımız da nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər. Biz onlara inanırdıq. Komandamız gənc komandadır və çox böyük əzmkarlıq göstərir. Əlbəttə ki, hələ peşəkarlıq üzərində işləmək lazımdır. Ancaq artıq görürük və sevinirik ki, milli komandamız və klublar beynəlxalq yarışlarda ləyaqətli oyun göstərirlər, özlərini çox ləyaqətli aparırlar. Srağagünkü qələbəmiz, əminəm ki, bizi daha da ruhlandıracaqdır. Mən əminəm ki, Azərbaycanda idmanın futbol növü də yüksək zirvələrə çatacaqdır. Buna vaxt və səbir lazımdır. Əminəm ki, bir neçə ildən sonra futbolçularımız hər bir oyunda azarkeşləri sevindirəcəklər.
Bir sözlə, Azərbaycan idman sahəsində dünyada qabaqcıl yerlərdədir. Gənc idmançılarımız, uşaqlarımız, yeniyetmələrimiz yüksək nəticələr göstərirlər. Bu yaxınlarda Sinqapurda gənclər arasında birinci Olimpiya Oyunlarında Azərbaycan inkişaf etmiş ölkələrin sırasında idi. Birinci onluğa daxil olunubdur, bu da tarixi qələbədir. Bu, onu göstərir ki, idmançılarımız artıq uşaqlıq yaşlarından gözəl nəticələr göstərirlər. Ölkədə yaradılmış infrastruktur, hər bir bölgədə olimpiya kompleksləri, trenajor zalları, idmana dövlət tərəfindən göstərilən qayğı və diqqət bu reallıqları təmin edir. İdmanla məşğul olanların səyləri, idmançıların peşəkarlığı, idmana cavabdehlik daşıyan qurumlar, Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir məqsədə xidmət edirlər. Artıq Mingəçevir təkcə energetiklər şəhəri deyil, sənaye şəhəridir, mədəniyyət mərkəzidir. Burada şahmat məktəbi, sosial obyektlər, məktəblər yaradılmışdır, yol çəkilir. Bütün bunlar şəhərin inkişafına xidmət göstərəcəkdir.
Mən sizi - burada yaşayanları bu uğurlar münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Demək istəyirəm ki, mən də öz fəaliyyətimdə Mingəçeviri daim diqqətdə saxlayacağam. Şəhərin inkişafı üçün bundan sonra da əlavə tədbirlər görüləcəkdir. Bir daha sizi təbrik edirəm." Prezident İlham Əliyev və xanımı mərasim iştirakçıları ilə xatirə şəkli çəkdirdilər. Dünən Azərbaycan Prezidenti İlham Əliyev M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının binasında aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə tanış olub. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə binanın qarşısındakı istirahət parkında aparılmış abadlıq işləri ilə tanış oldular. Prezident İlham Əliyev teatr binasının təmirdən əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotoşəkillərə baxdı.
Məlumat verildi ki, teatrın binası 1951-ci ildə tikilib və 1953-cü ildən istifadədədir. 1968-ci ildən Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir. Həmin vaxtdan bəri şəhərin bu mədəniyyət ocağında indiki səviyyədə əsaslı bərpa və yenidənqurma işləri aparılmayıb. 2008-ci ildə başlanan yenidənqurma işləri isə ən yüksək səviyyədə, müasir standartlara uyğun aparılır. Ümumi sahəsi 2300 kvadratmetr olan ikimərtəbəli binada 32 otaq vardır. Qrim, məşq və rəssamlar üçün otaqlar, yeməkxana birinci mərtəbədə olacaq. İkinci mərtəbədə 160 yerlik kiçik zal fəaliyyət göstərəcək. İnzibati otaqlar da bu mərtəbədə yerləşəcək. Teatrın əsas zalı 510 tamaşaçı üçün nəzərdə tutulmuşdur. Binada yenidənqurma işləri 2011-ci ilin martında başa çatdırılacaq.
Prezident İlham Əliyev yenidənqurma işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair tapşırıq və tövsiyələrini verdi. Dünən Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva həmçinin Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu. Məlumat verildi ki, ikimərtəbəli binanın ümumi sahəsi 400 kvadratmetrə yaxındır. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin ictimai-siyasi həyatında, o cümlədən YAP-ın fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. Yüz kvadratmetr sahəsi olan iclas zalında 80 nəfərlik müasir oturacaqlar quraşdırılıb. İkinci mərtəbədə ulu öndər Heydər Əliyevin kəlamlarını əks etdirən guşə yaradılıb. İş otaqları da bu mərtəbədədir. Bütün otaqlar lazımi avadanlıq və kompyuterlə təchiz olunub.
Binanın qarşısındakı geniş sahədə yaşıllıq zolağı salınıb, fəvvarə quraşdırılıb. Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünən Mingəçevir şəhərində şahmat məktəbi binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, 1986-cı ildə inşa olunmuş şahmat məktəbinin binasında əsaslı təmir və yenidənqurma işlərinə ötən ilin aprelindən başlanılıb. Şahmat məktəbinin yerləşdiyi 2 hektar ərazi tamamilə abadlaşdırılmış, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmış, açıq səma altında xüsusi şahmat meydançası yaradılmışdır.
Binada eyni vaxtda dörd ayrı dərs üzrə 32 idmançının şahmatın sirlərinə yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Sinif otaqları şahmat taxtaları, saat və kompyuterlərlə təchiz olunmuşdur. Burada dərs prosesini izləmək üçün videokameralar quraşdırılmışdır. Beynəlxalq və respublika əhəmiyyətli yarışlarda nailiyyətlər qazanmış yerli şahmatçıların şəkillərindən ibarət fotoguşə məktəbin uğurlarını əks etdirir. Məktəbdəki inzibati otaqlar və yarış zalı da şahmata aid bütün lazımi avadanlıq və vəsaitlərlə təchiz edilmişdir. Ümumi sahəsi 300 kvadratmetr olan yarış zalında eyni vaxtda 68 şahmatçı öz bacarığını sınaya bilər.
Mingəçevir şahmatçıları son 5 ildə bir sıra beynəlxalq yarışlarda fərqlənmişlər. Şahmatçılar Sənan Quliyev, Fərid Şirinov və Zeynəb İsmayılzadə dünya və Avropa birinciliklərində uğurla çıxış etmişlər.
Dövlətimizin başçısı balaca idmançı ilə şahmat oynadı.
Bina ilə tanış olan Prezident İlham Əliyev burada yaradılmış şəraitdən razılığını bildirdi.
Sonda dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdilər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun açılışında iştirak ediblər. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yolun yenidən qurulması işləri bu il həyata keçirilib. Uzunluğu 21 kilometr olan yol üçüncü dərəcəlidir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 7 metrdir. Torpaq yatağı ilə birlikdə yolun eni 12 metrə bərabərdir. Bu yolun region üçün strateji əhəmiyyəti böyükdür. Çünki bu yol Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 263-cü kilometri ilə Mingəçevir şəhərini birləşdirir. Bundan əlavə, Mingəçevir şəhərinin paytaxtla, həmçinin respublikanın şimal-qərb bölgəsi ilə nəqliyyat əlaqəsini təmin edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan Gəncə-Qazax regionuna və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri bu yoldan istifadə edir. Dövlətimizin başçısı və xanımı Mingəçevir şəhərinin yeni inşa olunan giriş qapılarına da baxdılar.
Prezident İlham Əliyev səfər çərçivəsində Mingəçevir şəhərinin "Günəşli" yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, "Günəşli" yaşayış massivinə qaz xəttinin çəkilişinə 2008-ci ilin ortalarından başlanılıb. Magistral qaz xəttinin uzunluğu 7290 poqonmetrdir. Massivdaxili xətlərin uzunluğu isə 30 kilometr təşkil edir. Bildirildi ki, "Günəşli" yaşayış massivində ümumilikdə 2 min ev vardır və onların hamısının "mavi yanacaq"la təmin olunması nəzərdə tutulur. Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi bütün evləri sayğacla təmin edib. Qeyd olundu ki, əgər 2009-cu ildə Mingəçevir şəhərində əhali kateqoriyasından olan yeni abunəçilərin sayı 680 idisə, 2010-cu ilin 9 ayında bu rəqəm 1655-ə çatıb. Bu ilin 9 ayında şəhər üzrə təbii qazdan istifadə edən əhali abunəçilərinin sayı isə 21 min 413 nəfər təşkil edib. Dövlətimizin başçısı "Günəşli" yaşayış massivinə təbii qazın verilməsini bildirən məşəli alovlandırdı. Prezident İlham ƏLİYEV massivin sakinlərini təbrik edərək onlara ürək sözlərini çatdırdı: "Sizi təbrik edirəm. "Günəşli" massivinə də qaz çəkildi, bu, böyük hadisədir. Bu hadisə münasibətilə sizi təbrik edirəm. Mingəçevirin qaz verilməmiş təkcə bu massivi qalmışdı, burada heç vaxt qaz olmamışdır. Ancaq bu gün biz buna nail olduq. İndi mənə məlumat verildi ki, 2 min abunəçi, 2 min ailə, 2 min ev təsərrüfatı qaz alacaqdır. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.
Bu onu göstərir ki, bizdə aparılan qazlaşdırma siyasəti öz konkret nəticələrini verir. Bizim qaz ehtiyatlarımız çoxdur, təbii ehtiyatlarımız da vardır. Biz indi qazı başqa ölkələrə də ixrac edirik. Belə olan halda, ilk növbədə, Azərbaycan vətəndaşları bu imkanlardan istifadə etməlidirlər. Qarşıya vəzifə qoyulub ki, Azərbaycanda əhalinin, müəssisələrin, yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılsın. Bu, çox böyük göstəricidir. Çünki Azərbaycanda elə ucqar kəndlər var ki, oraya bəlkə də qaz xətti çəkmək o qədər də sərfəli deyildir. Biz oranın enerji problemlərini başqa yolla həll edirik. Ancaq biz əsas yaşayış məntəqələrinə - böyük şəhərlərə, qəsəbələrə, kəndlərə qazın verilməsini təmin edirik.
Dövlət Neft Şirkəti son zamanlar həm Bakıda, həm də bütün rayonlarda böyük qazlaşdırma işləri aparır. Demək olar ki, hər ay hansısa yeni yaşayış məntəqəsinə qaz çəkilir. Köhnə kəmərlər, borular təzələri ilə əvəz olunur, təzyiq normallaşır. Bu işlər onu göstərir ki, Azərbaycanda sosial siyasət çox güclüdür.
Mən qeyd etdim ki, biz təbii qazı başqa ölkələrə də ixrac edirik və ixrac qiyməti daxili qiymətdən ən azı iki dəfə çoxdur. Ancaq bu, bizim üçün sosial məsələdir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları qaz, işıq, su ilə davamlı şəkildə təmin olunsunlar. İşıq problemi Azərbaycanda çoxdan aradan qaldırılıb. Qazlaşdırmanın böyük hissəsi həll olunub. İçməli su, kanalizasiya problemləri isə qalır. Bu problemlər bu il və gələn illərdə bizim üçün əsas problemlərdir. Çalışacağıq ki, Azərbaycanın bütün şəhərləri, bütün rayonları içməli su ilə təmin olunsun, bütün kanalizasiya xətləri tikilsin. Çünki vaxtilə əksər rayonlarımızda kanalizasiya olmamışdır. Bu, böyük vəsait tələb edən məsələlərdir. Ancaq Azərbaycan dövləti bunu edir və edəcək ki, vətəndaşlarımız ildən-ilə daha da yaxşı yaşasınlar. Bilirsiniz ki, Azərbaycanda bütün bu qiymətlər dövlət tərəfindən tənzimlənir. Biz heç vaxt imkan vermərik ki, bu qiymətlər kiminsə tərəfindən süni şəkildə şişirdilsin. Yəni, dövlət buna nəzarət edir. Biz elə etməliyik, qiymət elə olmalıdır ki, insanların onu ödəməyə maddi imkanları çatsın. İşıq, qaz qonşu ölkələrlə müqayisədə bizdə çox ucuzdur. Belə olan halda, qazdan istifadə etmək iqtisadi cəhətdən də insanlara çox sərf edir.
Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm."
Prezident İlham Əliyev Mingəçevir su anbarının və Su Elektrik Stansiyasının yerləşdiyi əraziyə də gəlib. Dövlətimizin başçısına Su Elektrik Stansiyasında aparılacaq yenidənqurma işləri barədə məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirə səfərini başa çatdıraraq, Yevlax şəhərinə gəlib. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev parkda aparılmış yenidənqurma və bərpa işləri haqqında məlumat verdi. Prezident İlham Əliyev oktyabrın 14-də Yevlaxa səfəri çərçivəsində "Azərtoxum" MMC toxumçuluq müəssisəsinin açılışında iştirak edib. Müəssisənin kollektivi dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladı. Müəssisədə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, "Azərtoxum" MMC toxumçuluq müəssisəsinin tikintisi üçün 7 hektar torpaq sahəsi ayrılıb. Tikintisinə 2009-cu ilin iyununda başlanmış müəssisə 80 tonluq qapandan, tutumları 1000, 1500 və 2500 ton olan 12 anbardan, toxum laboratoriyasından, təmir sexindən, yanacaqdoldurma məntəqəsindən və evlərdən ibarətdir. Müəssisədə 80 nəfər daimi işlə təmin olunmuşdur.
Dövlətimizin başçısı müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesi ilə tanış oldu, hazır məhsulların sərgisinə baxdı. Prezident İlham Əliyev dünən Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib. Şəhər ictimaiyyətinin nümayəndələri və məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar. Prezident İlham Əliyev məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə onları təbrik etdi, uğurlar arzuladı.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, binanın tikintisinə 2009-cu ilin iyul ayında başlanılıb. Binanın ümumi sahəsi 1192,2 kvadratmetrdir. Birinci mərtəbədə direktor, müəllimlər, qəbul, təsərrüfat otaqları, qarderob və iki sinif otağı, kitabxana, idman zalı, tibb məntəqəsi yerləşir. İkinci mərtəbə 9 sinif və 2 kompyuter otağı vardır. Üçüncü mərtəbə isə kimya, fizika kabinetləri, 2 labaratoriya otağı, 7 sinif otağı, təsərrüfat otağından və akt zalından ibarətdir.
Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi. Prezident İlham Əliyev dünən Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, bulvar-hotel kompleksi üçün 10 hektar torpaq sahəsi ayrılıb. Hotelin tikintialtı sahəsi 2156 kvadratmetrdir. Beşmərtəbəli hoteldə 44 nömrə, restoran, bar, idman zalı, mətbəx, hovuz, ofis otaqları və digər yardımçı otaqlar olacaq. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hotelin maketi, otaqların dizayn elementlərinin fotoeskizləri və işçi layihə ilə tanış oldular. Bildirildi ki, Kür çayının sahilində 1,5 kilometrlik bulvarın uzunluğunun 4 kilometrə çatdırılması, burada istirahət və əyləncə üçün hər cür şəraitin yaradılması nəzərdə tutulur. Hazırda ərazidə yaşıllıq işləri aparılır.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin 2002-ci il sentyabrın 13-də Kür sahilindəki bu sahədə olmasının qeyd edildiyi qaya parçasına baxdı. Prezident İlham Əliyevə "Qırmızı kitab"a daxil edilmiş Kür çayının sahilindəki uzunömürlü qovaq ağacı haqqında da məlumat verildi.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva ağacın qarşısında xatirə şəkli çəkdirdilər. Kompleksdə aparılan abadlıq və quruculuq işlərindən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.