Ermənistan-Azərbaycan münaqişəsi tezliklə həll edilməlidir
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar işğalçı Ermənistanın qeyri-konstruktivliyi səbəbindən hələ də nəticə vermir. SİA-nın araşdırmasından da məlum olub ki, erməni tərəfi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra yenilənmiş Madrid prinsiplərini qəbul edib-etmədiyini bildirməli olduğu halda, müxtəlif bəhanələrlə bu cavabı uzatdı.
Hazırda isə işğalçı Ermənistan Rusiyanın təşəbbüsü ilə son altı görüşü kənara qoyaraq, yalnız prezidentlərin iyun ayında keçirilmiş Sankt-Peterburq görüşünü əldə bayraq edərək, danışıqların bu görüşün nəticələri əsasında davam etdirilməsində israrlıdır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünün də nəticəsiz başa çatmasına səbəb məhz işğalçı tərəfin bu tipli iddiaları oldu.
Azərbaycan isə hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Bu səbəbdən də Azərbaycan problemin həllində əsas istiqamət kimi diplomatik danışıqlara üstünlük verdiyini nümayiş etdirir. İşğalçı Ermənistanın bu danışıqları pozmaq üçün min bir bəhanə gətirməsinə, qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan, hələlik, səbrlə münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu göstərir.
Xüsusi olaraq, qeyd etmək lazımdır ki, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini tələb edən Azərbaycan, birmənalı olaraq, problemin Azərbaycanın ərazi bütövlüyündə tənzimlənəcəyi mövqeyindədir. Dünyanın bütün ölkələri, beynəlxalq təşkilatlar da, öz növbəsində, qəbul etdikləri sənədlərlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və münaqişənin məhz bu çərçivədə həll edilməsinin vacibliyini önə çəkiblər.
İkinci bir tərəfdən, bu gün Ermənistan özü də dərk edir ki, apardığı işğalçı siyasət bu ölkənin iqtisadi-siyasi məhvini reallaşdırıb. O baxımdan ki, məhz Azərbaycanın ərazilərini işğal altında saxladığı üçün qonşuları ilə iqtisadi-ticari əlaqələr qura bilməyən, bölgədə reallaşan qlobal miqyaslı layihələrdən kənarda qalan Ermənistanda iqtisadi durum acınacaqlı vəziyyətdədir. Bu isə istər ölkənin siyasi vəziyyətinə, sabitliyinə, istərsə də hərbi durumuna öz mənfi təsirini göstərir. İşğalçı dövlətin ordusu günü-gündən daha da pis vəziyyətə düşür. Hərbi hissələrdə korrupsiya, ölüm, zorakılıq halları artır, gənclər Ermənistan ordusunda xidmət etməkdən boyun qaçırır, ölkəni tərk edir.
Azərbaycanın inkişafı isə göz önündədir. Bir faktı qeyd etmək kifayətdir ki, ölkəmizin hərbi xərclərə dövlət büdcəsindən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsi qədərdir. Digər tərəfdən, Azərbaycan son bir neçə ildə xarici ölkələrdən aldığı və özünün istehsal etdiyi hərbi müdafiə sənayesi ləvazimatları ilə ordunun texniki təchizini də mükəmməl səviyyəyə çatdırıb. Ermənistanın işğal siyasətini davam etdirməsi Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün alternativ yola müraciətinə gətirib çıxara bilər. Çünki Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bəyan edib ki, Dağlıq Qarabağ torpaqları, hansı yolla olursa-olsun, işğaldan azad ediləcək və Azərbaycan sülh danışıqlarını uzun müddət davam etdirilməsinin əleyhinədir.
Xatırladaq ki, Rusiya, ABŞ və Fransa prezidentləri Dmitri Medvedev, Barak Obama və Nikolya Sarkozi Kanadada "Böyük səkkizliy"in (G-8) sammiti çərçivəsində birgə bəyanat qəbul edərək, hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən, Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayıblar.
Bunlar yenilənmiş Madrid prinsiplərinin əsas müddəalarıdır: qalan iki rayonun beş ildən sonra azad olunması şərti ilə birinci mərhələdə yeddi rayondan beşinin azad edilməsi, kommunikasiyaların açılması, bərpa işlərinin keçirilməsi, qaçqınların öz evlərinə qayıtması, əhalinin təklükəsizliyini təmin etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağa geniş özünüidarəetməni təmin edən aralıq statusunun verilməsi, sonda, tərəflər arasında etibarın bərpa olunmasından sonra dinc şəraitdə Dağlıq Qarabağın son statusunu müzakirə etmək mümkün olacaq.
Ölkə başçısı bu günlərdə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli və torpaqların azad olunması məsələsinə toxunub. Prezident İlham Əliyev bildirib ki, müharibənin başa çatması üçün sülh müqaviləsi imzalanmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır: "Bu gün atəşkəs rejimi şəraitindəyik. Hələ müharibə başa çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Müharibə o vaxt başa çatacaq ki, sülh müqaviləsi bağlanacaq.
Sülh müqaviləsi o vaxt bağlana bilər ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları qayıtsın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Azərbaycan xalqı əsrlər boyu Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bütün tarixi adlar, toponimlər Azərbaycan xalqının adı ilə bağlıdır. Yəni, bu, bizim torpağımızdır. Bu ədalətsizlik 20 ilə yaxındır ki, davam edir. Ancaq bu, uzun illər bundan sonra davam edə bilməz. Azərbaycan bu gün istənilən məsələni istənilən yolla həll etməyə qadirdir".
Prezident İlham Əliyev Azərbaycan Ordusunun hazırlıq səviyyəsinin yüksək olduğunu söyləyib. Dövlət başçısı qeyd edib ki, orduya hər zaman lazımi vəsait ayrılacaq: "Azərbaycan Ordusu sərhədlərimizi lazımi səviyyədə qoruyur və bax, o dağın arxasında yerləşən düşmən də bunu yaxşı bilir və dərk edir. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli ordudur. Ordumuz hər il daha da güclənir və ordu quruculuğu üçün bütün lazımi tədbirlər görülür. Biz orduya, hərbi məsələlərin həllinə lazımi qaydada, lazımi səviyyədə vəsaiti ayırırıq və ayıracağıq. Bu gün Azərbaycan qüdrətli dövlətdir. Əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz buna nail olacağıq".