İnkişaf edən ölkədən qüdrətli dövlətə gedən yol
Regionların sosial - iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramlarının icrası bölgələrdə inkişaf və tərəqqinin əldə olunması ilə müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə aparılan davamlı siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın bölgələrində yaşayan insanların həyat tərzi, şəhər və rayonlarda insanların rahat və normal yaşaması üçün dövlət tərəfindən yaradılan şərait paytaxtdakından o qədər də fərqlənmir.
Azərbaycanın inkişaf edən belə bölgələrindən biri də Naxçıvan Muxtar Respublikasıdır. Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və təcavüzkar siyasəti nəticəsində ciddi problemlərlə üz - üzə qalan bölgələrimizdən biri də Naxçıvan Muxtar Respublikası idi. Çünki münaqişə nəticəsində muxtar respublika ilə Azərbaycan arasında əlaqə yalnız hava nəqliyyatı vasitəsi ilə mümkün olduğundan müharibənin xalqımıza vurduğu ağrı - acıları ən çox çəkən bölgələrdən biri də blokada şəraitində yaşayan Naxçıvan oldu.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin apardığı düşünülmüş və uzaqgörən siyasət nəticəsində Naxçıvan bu gün inkişaf etmiş bölgələrimizdən birinə çevrilib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Naxçıvan Muxtar Respublikasına etdiyi səfər zamanı bir daha öz təsdiqini tapdı. Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti muxtar respublikada bir sıra yeni obyektlərin və mərkəzlərin açılışında iştirak etdi. Yeni istifadəyə verilən obyektlərdən biri isə Ordubad rayonunda inşa edilən Biləv Su Elektrik Stansiyası idi ki, bu stansiya rayonu və ona yaxın əraziləri elektrik enerjisi ilə təmin edəcək.
Onu da qeyd edək ki, hər bir bölgənin inkişafı, ilk növbədə, həmin ərazinin kommunikasiya vasitələri ilə təmin olunmasından ibarətdir. Bir neçə il əvvəl Naxçıvanın elektrik enerjisi və qazla təminatında müəyyən problemlər olsa da, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa vaxtda həyata keçirilən işlər nəticəsində muxtar respublikanını elektrik enerjisi və qaz təminatı ilə bağlı problemlər həllini tapdı. Bu gün muxtar respublikanın enerji təminatı, demək olar ki, daxili resurslar hesabına həyata keçirilir. İran İslam Respublikası ilə əldə olunmuş anlaşmaya əsasən, Naxçıvan Muxtar Respublikası İran üzərindən keçməklə qazla təmin olunur. Bütün bunlar isə bölgədə inkişafın getməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
Lakin muxtar respublikada əhalinin sosial-iqtisadi problemlərinin aradan qaldırılması istiqamətində görülən işlər bununla kifayətlənmir. Son illər muxtar respublikada onlarla yeni iş yerləri açılıb ki, bu da əhalinin işlə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvanda təhsil və mədəniyyət ocaqlarının inkişafına xüsusi diqqət göstərilir.
Naxçıvan həm də Azərbaycanda regional mərkəz kimi tarixi missiyasını davam etdirir. Qeyd edək ki, bu bölgə istər Azərbaycan üçün, istərsə də ümumilikdə bölgə üçün mühüm strateji əhəmiyyət kəsb edən bir yer olduğundan son illər bir sıra dövlət və regional əhəmiyyətli tədbirlər məhz bu bölgədə keçirilir. Ötən il Türkdilli Dövlət Başçılarının Zirvə sammiti Naxçıvanda keçirildi. Bu Sammitdə iştirak edən türkdilli dövlətlərin başçıları bu tədbir çərçivəsində həm Naxçıvanda gedən iqtisadi - inkişafın şahidi oldular, həm də bu bölgənin tək Azərbaycan üçün deyil, bütövlükdə, türk dünyası üçün nə dərəcədə mühüm əhəmiyyət daşıyan yer olduğunu bir daha təsdiqlədilər.
Azərbaycan Prezidenti İlham Əliyevin muxtar respublikaya budəfəki səfəri də bu baxımdan diqqət çəkən oldu. Prezident İlham Əliyevin Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətin araşdırılması üçün regiona gələn ATƏT-in Minsk Qrupu həmsədrlərini Naxçıvanda qəbul etməsinin özünün də böyük simvolik mənası var idi. Çünki həmsədrlərin Naxçıvana getməsi bir tərəfdən vasitəçilərə münaqişə nəticəsində Azərbaycanla birbaşa əlaqəsi kəsilən muxtar respublika üçün Ermənistanın hansı problemləri yaratdığını aydın şəkildə müşahidə etməyə imkan verdi. Eyni zamanda, vasitəçilər uzun müddətdən bəri ermənilərin iddia etdiyi bu bölgənin qədim Azərbaycan torpağı olduğunu bir daha şahidi oldular. Azərbaycan Prezidenti Naxçıvanda olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bəyan etdi. Münaqişənin baş verdiyi illərdə Naxçıvanın da böyük təhlükələrlə üz-üzə qaldığını xatırladan dövlət başçısı müharibənin hələ də bitmədiyini, lakin buna baxmayaraq Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin inkişaf etdiyini bəyan etdi.
Nəzərə alsaq ki, ATƏT - in Minsk Qrupuna həmsədrlik edən ölkələrdəki bəzi təşkilatların bir çox hallarda Azərbaycanda gedən iqtisadi inkişafa, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərə münasibəti obyektiv olmur, vasitəçilər öz ölkələrində bu məsələlərlə bağlı yaradılan rəylərin bir çox hallarda qərəzli və reallıqdan uzaq olduğunu bir daha əyani şəkildə görmüş oldular. Çünki artıq Azərbaycan ancaq inkişaf etməkdə olan dövlət adlandırılmır, o, istər öz maliyyə ehtiyatlarına və potensialına, istərsə də iqtisadi inkişafına görə regionun lider dövlətidir. Cənubi Qafqazda gedən geosiyasi proseslərdə həlledici rola və sözə sahib olan Azərbaycan həm də Şərqlə Qərb arasında körpü rolunu oynayır. Bu baxımdan da Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın, nəinki ayrı-ayrı bölgələri və şəhərləri, ən ucqar kəndlərini belə böyük inkişaf perspektivi gözləyir.