PDF Oxu

Siyasət

  • 16

Sosial siyasət əsas prioritetdir

Sosial siyasət əsas prioritetdir
Qlobal iqtisadi böhran davam edir. ABŞ, Rusiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Çin kimi böyük ölkələrdə maliyyə böhranının törətdiyi fəsadlar daha çox hiss olunur. Dünya miqyaslı iri şirkətlər müflisləşir, bir çox nəhəng konsernlər fəaliyyətlərini tam gücü ilə apara bilmir. İşsizlərin sayı durmadan artır. Bəzi ölkələrdə insanların əmək haqları aşağı salınıb, pensiyaların, sosial müavinətlərin vaxtında verilməsi çətinləşib. Ölkəmizdə isə, əksinə, bütün sahələrdə inkişaf müşahidə olunur.
Bu gün Azərbaycanda dünya miqyaslı maliyyə böhranının bir o qədər də hiss edilməməsi onun göstəricisidir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan iqtisadi, sosial-mədəni siyasət uğurla davam etdirilir.
Ölkəmizdə əldə olunan sosial-iqtisadi göstəricilər adamları gələcəyə daha nikbin baxmağa sövq edir. Sosial məsələlərin həlli uğurla davam edir, bütün sosial proqramlar həyata keçirilir. Məktəb, xəstəxana tikintisi, digər sosial proqramlar icra edilir. Son 7 ildə ölkədə 2000-dən artıq məktəb tikilib ki, bu da dünyada analoqu olmayan bir prosesdir.
Azərbaycan dövləti bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiəsi üçün əzmlə çalışır.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı qlobal maliyyə-iqtisadi böhranın dünya iqtisadiyyatında yaratdığı mənfi fəsadları, xüsusilə də, ticarət dövriyyəsinin kəskin şəkildə aşağı düşməsi, əksər ölkələrin iqtisadiyyatının azalması fonunda baş verir.
Azərbaycanın sosial-iqtisadi inkişafını əyani görmək üçün rəqəmlərə nəzər salmaq kifayət edir. 2010-cu ilin birinci yarısında əhalinin gəlirləri 9,7 faiz, bir nəfərə düşən gəlirlər isə 8,4 faiz artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul (ÜDM) istehsalı 3,7 faiz, yaxud müqayisəli qiymətlərlə 561,4 milyon manat artaraq 20 milyard manata çatıb. ÜDM-in 67,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən, 57,2 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 3,4 faizi kənd təsərrüfatında yaradılıb.
Keçən ilin birinci yarısına nisbətən adambaşına ümumi daxili məhsul istehsalı 2,5 faiz artaraq 2210,6 manat (2751,5 ABŞ dolları) olub. Əlavə dəyər istehsalı neft sektorunda ötən illə müqayisədə 2,4 faiz, qeyri-neft sektorunda isə 4,7 faiz artıb.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin birinci yarısı ilə müqayisədə 3,5 faiz çox və ya 14,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib
Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 514,0 milyon manat dəyərində və ya ötən ildə olduğundan 28,2 faiz çox rabitə xidməti göstərib. Xidmətlərin 74,3 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 79 faizi qeyri-dövlət sektorunun payına düşüb. Mobil telefonları abonentlərinin sayı son bir il ərzində 1,4 milyon nömrə və ya 19 faiz artaraq 8,5 milyona çatıb.
2010-cu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,7 faiz artaraq 11,5 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8,4 faiz artaraq 1290 manata (orta hesabla ayda 215 manata) çatıb.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı 330 manata çatıb. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub və sənayedə çalışanların orta aylıq əmək haqqı 460 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 500 manat təşkil edib.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artaraq 6,3 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz çoxalaraq 2 milyard manata çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: "Bizim iqtisadi vəziyyətimiz sabitdir, sosial vəziyyət yaxşıdır. Ən əsası insanların sosial durumunun yaxşılaşmasıdır. İlk növbədə, bütün sosial proqramlar- pensiyalar, əmək haqları, ünvanlı sosial yardım proqramları icra edilməlidir.
Dövlət büdcəsi həm sosial yönümlü, həm də investisiya yönümlü olmalıdır. Bizim siyasətimiz məhz bu iki amilin sintezindən ibarətdir. Güclü iqtisadiyyat, bazar iqtisadiyyatı prinsiplərinin tam şəkildə tətbiq edilməsi, bununla bərabər, sosial məsələlərin uğurlu həlli bizim sosial-iqtisadi siyasətimizin əsas istiqamətidir".
Göründüyü kimi, dövlət başçısı sosial siyasəti davam etdirməkdə, bu istiqamətdə dövlət proqramlarını daha da genişləndirməkdə və ölkə əhalisinin ümumi gəlirlədən maksimum faydalanmasını əsas prinsip olaraq görür. Bu da, onu göstərir ki, ölkə vətəndaşları əldə olunan iqtisadi gəlirlərin səmərəsini öz həyatında hiss edir. Sosial siyasətin prioritet elan edildiyi ölkədə məhz belə də olmalıdır.

Digər xəbərlər