PDF Oxu

Siyasət

  • 13

Azərbaycan enerji təhlükəsizliyi məsələsində bölgədə və qitədə mühüm rol oynayır

Azərbaycan enerji təhlükəsizliyi məsələsində bölgədə və qitədə mühüm rol oynayır
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə tənzimləyici bəndə və su anbarına baxdı.  Məlumat verildi ki, stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir.
Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün su tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür. Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk cisimlərdən təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir. 
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu anbardan su poladdan hazırlanan təzyiq borusu ilə stansiyaya verilir. Suyun təzyiqi 24 atmosferə bərabərdir. Burada hər birinin diametri 2,4 metr olan 2 sifon quraşdırılmışdır. Bu sifonlardakı suyun təzyiqi 3,2 və 6,4 atmosfer təşkil edir.
Sonra Prezident İlham Əliyev stansiya binasının olduğu əraziyə gəldi. Muxtar respublika ictimaiyyətinin nümayəndələri, energetiklər və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. 
Prezident İlham Əliyev stansiyanın maketinə və şəkillərinə baxdı. Diqqətə çatdırıldı ki, stansiya binası bütün zəruri avadanlıqla təchiz edilmişdir. Burada Avstriya şirkətinin hazırladığı iki turbin və iki generator quraşdırılmışdır. Stansiyanın nominal gücü 20 meqavat, maksimal gücü isə 22 meqavatdır. Stansiyada istehsal edilən enerji yarımstansiyaya ötürülür. Gərginliyi 110/35/10 kilovolt olan yarımstansiyada hər birinin gücü 25 meqavoltamper olan iki transformator quraşdırılmışdır. Burada şəbəkəyə iki qoşulma xətti vardır. Onların hər birinin uzunluğu 8,5 kilometr, gərginliyi isə 110 kilovoltdur. Biləv Su Elektrik Stansiyasında nəzərdə tutulan orta illik enerji istehsalı 80 milyon kilovatsaatdır. Stansiyanın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır. Ərazidə əsaslı bəndbərkitmə işləri də aparılmışdır. Stansiyanın tikinti işləri zamanı Biləv kəndinə gedən 20 kilometrlik yol da əsaslı şəkildə yenidən qurulmuşdur. Dövlətimizin başçısı stansiyanı işə saldı. Stansiyanın açılışı münasibətilə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış etdi. Vasif Talıbov bildirdi ki, Bu gün Azərbaycan özünün intibah dövrünü yaşayır. Bu intibahın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyinizlə uğurla davam və inkişaf etdirilir. Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq lider dövlətə çevrilmişdir. O bildirdi ki,  bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirilir. Aydındır ki, hər bir inkişafın kökündə iqtisadi inkişaf dayanır. Son 5 ildə muxtar respublikanın iqtisadi inkişafı 4 dəfə artmışdır. Sənayenin, kənd təsərrüfatının və sosial sahələrin inkişafında əsaslı dönüşə nail olunmuşdur. Son dövrlərdə yaradılan sənaye və emal sahələri sovetlər birliyinin mövcud olduğu illər ərzində istifadəyə verilən müəssisələrin sayını 8 dəfə üstələmişdir. Bunun sayəsində yeni iş yerləri açılmış, əhalinin məşğulluğu təmin olunmuşdur. 2003-cü ildən bu günədək Naxçıvan Muxtar Respublikasında 44 min 647 yeni iş yeri açılmışdır ki, bunun da 29 min 393-ü və yaxud 66 faizi daimi iş yerləridir. Yeni iş yerlərinin açılması, iqtisadiyyatın ümumi strukturuna uyğun olaraq və daxili bazarın qorunması tələbləri nəzərə alınaraq yeni istehsal və emal sahələrinin yaradılması sahibkarlığın inkişafı üçün əlverişli şəraitin formalaşdırılması hesabına mümkün olmuş, ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 86 faiz təşkil etmişdir.
2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qaz kəmərinin çəkilməsindən sonra enerji təsərrüfatının gücləndirilməsi sahəsində təsirli tədbirlər görülmüş, modul və qaz-turbin elektrik stansiyaları, Heydər Əliyev su anbarı üzərində elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bundan başqa, Biləv Su Elektrik  Stansiyasının tikintisi başa çatdırılmışdır. Bu sahədə həyata keçirilən tədbirlər imkan yaratmışdır ki, Naxçıvan Muxtar Respublikası özünü 4 dəfə elektrik enerjisi ilə təmin edə bilsin. Bu gün Naxçıvan Muxtar Respublikası elektrik enerjisi alan regiondan elektrik enerjisi ixrac edən regiona çevrilmişdir. Hazırda Türkiyə Respublikasına əvvəlki illərdə alınan elektrik enerjisinin əvəzinə gündə 16 meqavat elektrik enerjisi verilir. Kəngərli rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin, Naxçıvan şəhərində travertin zavodunun, məhdud fiziki imkanlılar üçün regional informasiya mərkəzinin, Naxçıvan şəhərinin içməli su təchizatının, Ordubad rayonunda Biləv Su Elektrik Stansiyasının, 87 kilometrlik Naxçıvan-Sədərək magistral yolunun ikinci hissəsinin, Şərur rayonundakı Yengicə və Maxta kənd orta məktəblərinin, Sədərək rayonunda mərkəzi xəstəxananın, orta məktəbin yeni tikilmiş binalarının və Heydərabad qəsəbəsinin yenidənqurmadan sonra açılışı həyata keçirilməkdədir.  Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək Naxçıvanın müasir inkişafı ilə bağlı əldə olunan nətiəcələrdən və uğurlardan danışdı, gələcəkdə görüləcək işlər barədə fikirlərini söylədi. Prezident bildirdi ki, Naxçıvan çox sürətlə və hərtərəfli inkişaf edir. Bir gündə Naxçıvanda 3 məktəb, xəstəxana, magistral avtomobil yolu, elektrik stansiyası, digər zavodlar, fabriklər, içməli su - demək olar ki, bütün sahələri əhatə edən müəssisələr açılır. Dövlət başçısı vurğuladı ki, ancaq bu işlər bir gündə həll olunan məsələlər deyildir. Bu məsələləri həll etmək üçün düşünülmüş siyasət və məqsədyönlü addımlar lazımdır. Bu addımlar atılır:
"Bu gün Naxçıvanda və demək olar ki, bütün ölkəmizdə, bütün bölgələrdə aparılan siyasət bir məqsədi güdür ki, Azərbaycan daha da güclənsin, vətəndaşlarımız daha da yaxşı yaşasınlar. Bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində yaşanan böhranlı anları geridə qoyub, öz inkişaf strategiyasını ortaya qoyub və bu strategiya bu gün də uğurla icra edilir. Heydər Əliyev siyasəti Azərbaycanın bütün bölgələrində özünü büruzə verir. Hər bir yerdə, hər bir şəhərdə, hər bir rayonda quruculuq, abadlıq işləri aparılır. Böyük investisiyalar qoyulur. İqtisadi və sosial məsələlər öz həllini tapır. Baxın, son bir neçə il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə düşmüşdür. Ölkədə son illərdə 800 mindən artıq yeni iş yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yerləridir. Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün praktiki tədbirlər görülüb. Demək olar ki, Azərbaycan indi öz daxili tələbatını, ərzağa olan tələbatının böyük hissəsini  özü təmin edir. Biz çalışmalıyıq ki, görüləcək işlər nəticəsində özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq.
Enerji təhlükəsizliyi məsələlərinin həlli işində ölkədə əsaslı tədbirlər görülüb. Bütün bunlar Heydər Əliyev neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Əgər 1994-cü ildə ulu öndərin qətiyyəti və müdrikliyi sayəsində Azərbaycanın yeni neft strategiyası başlanmasaydı, bu gün biz bu uğurlardan danışa bilməzdik. Məhz Azərbaycan iqtisadiyyatına xaricdən gətirilmiş milyardlarla dollarla ölçülən investisiyalar hesabına biz ölkəmizi hərtərəfli inkişaf etdirməyə nail ola bilmişik. Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, eyni zamanda, qitədə öz rolunu oynayır. Bu rol artır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir. Biz artıq ölkə daxilində enerji təhlükəsizliyi məsələlərini yüz faiz həll etmişik. Bu gün Azərbaycan təbii qazı, nefti, neft məhsullarını, elektrik enerjisini qonşu ölkələrə ixrac edir. Bu ixrac ildən-ilə daha da şaxələnir. İxracın coğrafiyası genişlənir və həcmi artır. Bu, çox vacib məsələdir ki, biz enerji təhlükəsizliyimizi təmin edəndən sonra başqa ölkələrin enerji təhlükəsizliyini təmin etmək üçün töhfəmizi veririk.
Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir, bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir.
Naxçıvanın xüsusiyyəti ondan ibarətdir ki, coğrafi baxımdan Azərbaycanın əsas hissəsi ilə bağlantısı yoxdur. Vaxtilə Azərbaycanın qədim torpağı olan Zəngəzur diyarının Ermənistana verilməsi demək olar ki, Naxçıvanı coğrafi baxımdan Azərbaycandan ayırıbdır. Naxçıvan uzun illərdir ki, blokada şəraitində yaşayır və bu blokadanı Ermənistan tətbiq edir. Ancaq buna baxmayaraq, Naxçıvanın bütün imkanları səfərbər olunub və əlavə tədbirlər görülür, proqramlar icra olunur. Bu gün Naxçıvan uğurla və sürətlə inkişaf edən diyardır, respublikadır. Bütün şəhərlər abadlaşır, gözəlləşir, yeni mehmanxanalar, sənaye müəssisələri yaradılır. Enerji təhlükəsizliyi əsas məsələdir və bu gün bu, Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır. Hər halda biz buna nail olmaq üçün bütün tədbirləri görürük.  Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir. Keçən il ümumi daxili məhsul artmışdır, bu il də artır, templər yüksəkdir. Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük. Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyətə malik olan diyardır, eyni zamanda, müasir şəhərdir, müasir respublikadır. Mən əminəm ki, gələcəkdə Naxçıvan daha da gözəlləşəcək, inkişaf edəcək və bütün işlər burada həmişə olduğu kimi, yüksək səviyyədə təşkil olunacaqdır. Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar və cansağlığı arzulayıram."
Daha sonra  Prezident İlham Əliyev məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və mərkəzlə yaxından tanış oldu.
Ölkəmizin ictimai həyatında, sosial problemlərin həllində çox fəal iştirak edən Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri də xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə, sosial problemlərini həll etməkdir. Bu məqsədlə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi əsasında məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi yaradılmışdır.
Məlumat verildi ki, ən müasir texnologiyalarla təchiz olunmuş mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə edilməsi xidmətlərini təmin edən kompyuter mərkəzi yaradılmışdır.
Mərkəzdə hərəsində 24 kompyuter olan 2 kompyuter otağı və 12 kompyuterdən ibarət tədris otağı fəaliyyət göstərir. Kor və zəif görənlər üçün kompyuterlərə Brayl displeyi, "VideoLight" böyüdücü cihazı quraşdırılmışdır. Brayl displeyi görmə qabiliyyətini itirmiş insanların internetdən istifadə etməsinə tam şərait yaradır. Displeyin vasitəsilə istifadəçi həm monitordakı informasiyanı əldə edə, həm də informasiyanı ora əlavə edə bilir. "Videolight" böyüdücü cihazı vasitəsilə istənilən informasiyanı lazımi qədər böyütmək olar. Kor və zəif görən insanlar "Kitab həvəskarı - kompakt" oxu maşınının imkanlarından istifadə edə bilərlər. Bu qurğunun vasitəsilə Azərbaycan, türk, ingilis, rus və s. dillərdə istənilən kitabı səsləndirmək olar. "Kitab həvəskarı - kompakt" böyük yaddaşa malikdir.
Mərkəzdə əqli cəhətdən zəiflər üçün intellektual oyunlar otağı yaradılmışdır. Buradakı kompyuterlərin yaddaşına zehni inkişaf etdirən oyunlar daxil edilmişdir. Mərkəzin kitabxanasında görmə qabiliyyətini itirmiş insanlar üçün 1000-ə yaxın Brayl əlifbası ilə nəşr olunmuş kitab və həmçinin zəif görən insanlar üçün böyük şriftlə nəşr olunmuş kitablar vardır. Mərkəzdə yaradılan audiostudiyanın yardımı ilə kitabxana audiokitablarla təmin ediləcəkdir.
İkimərtəbəli mərkəzdə 60 nəfərlik kinozal, 40 nəfərlik iclas zalı yaradılmışdır. Kinozalda lal və karlar üçün subtitrlə olan filmlərin nümayişi nəzərdə tutulmuşdur.
Əlil arabası ilə buraya gələn əlillər heç bir kömək olmadan binaya daxil ola və içəridə maneəsiz hərəkət edə biləcəklər. Ümumi sahəsi 860 kvadratmetr olan binanın həyətində yaşıllaşdırma işləri aparılmış, istirahət guşələri salınmışdır. Mərkəzin xidmətindən Naxçıvan şəhəri daxil olmaqla, muxtar respublikanın 7 rayonunda yaşayan məhdud fiziki imkanlı insanlar istifadə edə biləcəklər.
Prezident İlham ƏLİYEV şəhər sakinlərini təbrik etdi, onlara sağlailıq və uğurlar arzuladı:
 "Sizi təbrik edirəm. Bu gözəl mərkəzin yaradılması doğrudan da,  çox vacib, əlamətdar hadisədir. Burada fiziki imkanları məhdud olan uşaqlar üçün bütün şərait yaradılıbdır. Bildiyiniz kimi, Heydər Əliyev Fondu çox böyük fəaliyyətlə məşğuldur. Azərbaycanın bütün bölgələrində məktəb tikintisi, xəstəxanaların avadanlıqla təchiz edilməsi, mədəni irsimizin qorunması sahəsində böyük işlər görür. Eyni zamanda, uşaqlar, yeniyetmələr, kimsəsiz uşaqlar üçün şərait yaradılır.
Bu mərkəzin yaradılması, əslində Azərbaycanda bu sahədə dövlət siyasətinin təzahürü kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan dövləti öz sosial proqramlarını çox uğurla irəliyə aparır və çox şadam ki, ictimai təşkilatlar da bu işlərə qoşulurlar. İctimai təşkilatların arasında  Heydər Əliyev Fondu əlbəttə ki, xüsusi rola malikdir. İndi burada quraşdırılan bütün avadanlıq dünyanın ən yüksək standartlarına cavab verir. Fiziki imkanları məhdud olan uşaqlar burada oxuyacaqlar. Onlar cəmiyyətdən kənarda qalmayacaqlar. Azərbaycanda elə şərait yaradılmalıdır ki, bütün vətəndaşlar onların fiziki imkanlarına baxmayaraq, ondan asılı olmayaraq, cəmiyyətdə öz yerini tuta bilsin. Xəstə və fiziki cəhətdən qüsurlu uşaqlar bu gözəl binada oxuyacaqlar və əminəm ki, cəmiyyətdə öz yerini tapacaqlar. Bu savab işdə iştirak edən, bu işləri təşkil edən bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Müəllimlərə, buradakı təlimatçılara xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, bu, doğrudan da, böyük savab, xeyirxah işdir. Əminəm ki, uşaqlar da bunu qiymətləndirəcəklər. Bir daha sizi təbrik edirəm." Həmin gün  Prezident İlham Əliyev oktyabrın 5-də Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev əvvəlcə kompleksin ərazisində xammal nümunələrinə baxdı. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və müəssisə ilə  yaxından tanış oldu. Məlumat verildi ki, tikintisinə 2009-cu ilin ortalarından başlanan Gəmiqaya daş məhsulları kompleksi travertin və mərmər emalı üzrə ixtisaslaşmışdır. Muxtar respublikanın Qarabağlar, Çalxanqala və Yuxarı Buzqov ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşları emal üçün bu kompleksə gətirilir. Ümumi sahəsi 53 min kvadratmetr olan kompleksdə müxtəlif çeşiddə inşaat və məişət məmulatı istehsal ediləcəkdir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Prezident İlham Əliyevə məlumat verildi ki, kompleksdə Türkiyə istehsalı olan "SESEMAK" markalı avadanlıq quraşdırılmışdır. Böyük və kiçik ölçülü travertin plitələrdən, əsasən binaların fasadının və həyətyanı sahələrinin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərin hazırlanmasında istifadə olunur. Müəssisənin gündəlik maksimum istehsal gücü 2 min kvadratmetrdir. Yaxın gələcəkdə kompleksdə travertin məhsulları ilə yanaşı, sədəf, mərmər məmulatlarının istehsalı da planlaşdırılır.
Bildirildi ki, kompleksdə 170 nəfərin işləyəcəyi nəzərdə tutulmuşdur. Hər işçiyə orta hesabla 400-450 manat əməkhaqqı veriləcəkdir. Prezident İlham Əliyev istehsal edilən məhsulların nümunələrinə baxdı.  Dövlətimizin başçısı kollektivi təbrik etdi.
Ölkə Prezidenti eyni zamanda Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Məlumat verildi ki, son illərdə Naxçıvanda həyata keçirilən infrastruktur layihələri arasında əhalinin içməli suya olan tələbatının ödənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanan kredit müqaviləsinə əsasən, Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə tikilən supaylayıcı şəbəkə vasitəsilə əhalinin içməli suya olan ehtiyacı tam şəkildə ödəniləcəkdir. İçməli su şəhərə 17 kilometr məsafədən xüsusi boru xətləri ilə gətirilir,  təmizləndikdən sonra supaylayıcı qurğu vasitəsilə əhaliyə verilir. Qurğunun suötürmə gücü saniyədə 600 litrdir.
Hazırda Naxçıvan şəhərinin daxili su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Layihə çərçivəsində 21 min 500 metr içməli su və 18 min 300 metr kanalizasiya xətti yenidən qurulmuşdur. Supaylayıcı qurğunun yerləşdiyi ərazi şəhərin ümumi planına uyğun olaraq abadlaşdırılmış və yaşıllaşdırılmışdır.
Prezident İlham Əliyev Naxçıvan şəhərini içməli su ilə təmin edən qurğunu işə saldı. Şəhər ictimaiyyətinin nümayəndələrini təbrik edərək ürək sözlərini onların diqqətinə çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri oktyabrın 6-da başa çatmışdır. Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və muxtar respublika hökumətinin üzvləri yola saldılar. Həmin gün dövlətimizin başçısı Naxçıvandan Bakıya qayıtmışdır.

Digər xəbərlər