Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşıladı. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.
Naxçıvan Şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoydu. Uzun müddətdir ki, blokada şəraitinin ağırlığına mətanətlə sinə gərən Naxçıvan Muxtar Respublikası bu gün dinamik inkişafı, tərəqqisi ilə seçilir. Təsadüfi deyil ki, bütün ölkəmizdə olduğu kimi, Naxçıvanda da sosial-iqtisadi inkişaf uğurla müşahidə edilir. Azərbaycanın iqtisadi nailiyyətlərinin təmin olunmasında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikasında sistemli şəkildə reallaşdırılan islahatlar ümumi iqtisadi fəallığı daha da gücləndirmiş, investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlmişdir. 2010-cu ilin 8 ayında muxtar respublikada ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 772 milyon manatdan çox olmuşdur. Sənaye sahəsində aparılan islahatlar bu ilin səkkiz ayında 213 milyon manatdan çox məhsul istehsalı ilə nəticələnmişdir. Həmin dövrdə muxtar respublikada 300-ə yaxın müxtəlif təyinatlı obyekt, 10-dan çox inzibati bina tikilərək istifadəyə verilmiş, aqrar sahənin inkişafı diqqətdə saxlanılmışdır. Cari ildə əkilən taxıl zəmilərinin sahəsi əvvəlki dövrlə müqayisədə 362 hektar artırılmışdır.
Bu ilin səkkiz ayında Naxçıvan Muxtar Respublikası 125,5 milyon ABŞ dollarından çox xarici ticarət əməliyyatları aparmışdır. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulması prosesi sürətlə davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada aparılan təhsil və səhiyyə islahatlarına əsl töhfədir.
Kəngərli rayon mərkəzində ümummilli lider heydər əliyevin abidəsinin açılışı
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəldi. Rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin açılışında iştirak etdi.
Ümummilli lider Heydər Əliyevin abidəsinin yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri aparılmışdır. Abidənin ətrafında park salınmış və burada geniş yaşıllaşdırma işləri görülmüşdür.
Dövlətimizin başçısı buraya toplaşan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından Bəyimcan BABAYEVA ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün də uğurla davam etdirildiyinə, rayonun gündən-günə sürətli inkişafına görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Prezident İlham ƏLİYEV ulu öndər Heydər Əliyevin abidəsinin açılışı münasibətilə mərasim iştirakçılarını təbrik edərək dedi:
-Sizi ulu öndər Heydər Əliyevin abidəsinin açılışı münasibətilə ürəkdən salamlayıram və ürəkdən təbrik edirəm. Bu gözəl abidə rayon mərkəzinə əlavə yaraşıq verir. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir. Müstəqil Azərbaycanda dövlət quruculuğu prosesi məhz onun fəaliyyəti ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan müstəqilliyini əldə edəndə ən ağır vəziyyətdə olan respublika idi. Ölkədə gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül, hərc-mərclik, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti demək olar ki, Azərbaycanın müstəqilliyini şübhə altına qoyurdu və Bakıda hakimiyyət uğrunda çəkişmələr, mübarizələr vəziyyəti daha da ağırlaşdırırdı. Belə vəziyyətdə Azərbaycan xalqı yeganə düzgün seçim etdi, Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Bunun nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlandı.
O illər bugünkü Azərbaycanın reallıqlarını müəyyən edən illər olmuşdur. Məhz o illərdə Azərbaycanın bugünkü taleyi həll olunurdu - Azərbaycan hansı yollarla inkişaf edəcək, hansı ölkəyə çevriləcək, Azərbaycanda hansı dövlət quruluşu yaranacaq?! Məhz o illərdə ulu öndər Heydər Əliyev tərəfindən bütün bu işlərin əsası qoyuldu. O, bütün dövrlərdə - həm sovet dövründə, həm də müstəqillik dövründə ictimai-siyasi quruluşdan asılı olmayaraq, həyatını, ömrünü Azərbaycan xalqına xidmət işinə həsr etmişdir. Bu gün müasir Azərbaycan Heydər Əliyevin əsəridir və bu gün Azərbaycan onun yolu ilə uğurla inkişaf edir.
Bu gün ölkəmizdə bütün sahələrdə quruculuq, abadlıq, tikinti işləri aparılır, yeni müəssisələr, zavodlar, fabriklər, sosial obyektlər yaradılır. İndi biz Azərbaycanın hər bir bölgəsində sürətli inkişafı görürük. Təsadüfi deyildir ki, Azərbaycanın uğurları dünya miqyasında qiymətləndirilir. Mötəbər beynəlxalq təşkilatlar iqtisadi inkişaf baxımından Azərbaycanı dünyanın ən dinamik və sürətlə inkişaf edən ölkəsi kimi tanıyırlar. Bütün bu işlərin təməlində uğurlu siyasət, Heydər Əliyev siyasəti dayanır. Uğurlu neft strategiyamız bizə imkan verdi ki, maliyyə imkanlarımızı genişləndirək və bu imkanlardan əldə olunan gəlirdən ölkəmizdə ədalətli şəkildə istifadə edək ki, hər bir Azərbaycan vətəndaşı öz həyatında, öz güzəranında bunu hiss etsin. Bu gün bu reallıqları görürük və haqlı olaraq, qürur hissi ilə bunu qeyd edirik. O cümlədən Naxçıvanda bütün işlər çox yüksək səviyyədə aparılır. Naxçıvan gündən-günə gözəlləşir, abadlaşır, yeni müəssisələr, zavodlar, fabriklər yaradılır. Bu gün mən bir gündə həm sosial, həm iqtisadi, həm də enerji sahəsində bir neçə vacib müəssisənin açılışında iştirak edəcəyəm.
Kəngərli rayonunun yaradılması da çox əlamətdar hadisədir. Bir neçə il bundan əvvəl Vasif Talıbov müraciət etmişdi ki, Naxçıvanda yeni rayon - Kəngərli rayonu yaradılsın. Bu, muxtar respublikanın inkişafına əlavə təkan verəcəkdir. Bu gün biz burada qısa müddət ərzində görülən işləri əyani şəkildə görürük. Bu ərazidə heç bir bina, heç nə yox idi. Boş yerlər idi. Artıq burada inzibati və yaşayış binaları tikilir, gözəl park salınıbdır, gözəl yol çəkilibdir. Bax bu Naxçıvan-Sədərək yolu dünyanın ən yüksək standartlarına cavab verir.
Mən keçən dəfə Naxçıvanda olanda bu yolun bir hissəsini getmişəm - Şərura qədər. Bu gün bu yol artıq Sədərəyə qədər hazırdır. Bu, inkişafdır, bu, quruculuqdur, bu, abadlıqdır, bu, xalqa xidmət etmək deməkdir. Bütün məmurlar elə etməlidirlər ki, onların fəaliyyəti nəticəsində insanlar daha da yaxşı yaşasınlar, ölkəmiz daha da sürətlə inkişaf etsin. Bu gün Azərbaycan çox sürətlə və uğurla inkişaf edən ölkədir. Bütün iqtisadi-sosial məsələlər həll olunur, dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycanın gücü artır və bu, bizə imkan verir ki, sözün əsl mənasında, müstəqil siyasət aparaq. O siyasət ki, Azərbaycan xalqının iradəsinə söykənir. Bu siyasəti Heydər Əliyev bizə göstəribdir və bu gün Azərbaycan onun yolu ilə uğurla inkişaf edir.
Bir daha sizi ürəkdən salamlayıram. Xahiş edirəm mənim səmimi salamlarımı rayonun bütün sakinlərinə çatdırasınız. Sizə işlərinizdə yeni uğurlar arzulayıram. Sağ olun.
Şərur rayonunun Yengicə kənd orta məktəbinin yeni binası istifadəyə verilib
Oktyabrın 5-də Prezident İlham Əliyev Şərur rayonunun Yengicə kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir.
Məktəbin müəllim kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu. Məlumat verildi ki, məktəbin 130 ildən çox yaşı olan köhnə binası sonuncu dəfə 1986-cı ildə təmir edilmişdir. Uzun müddət yararsız vəziyyətdə olan təhsil ocağı üçün yeni binanın tikintisi uğurla başa çatmışdır. Üçmərtəbəli yeni binada hazırda 306 şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 45 müəllim məşğul olur. Yeni binada 568 şagird yeri vardır. Otaqlar və fənn kabinetləri müasir standartlara cavab verən dərs ləvazimatları və avadanlığı ilə təchiz olunmuşdur. Səkkiz min nüsxəyə yaxın ədəbiyyat fondu olan kitabxanada Heydər Əliyev guşəsi yaradılmışdır. Kompyuter otaqlarında şagirdlərin informasiya texnologiyalarının sirlərinə yiyələnmələri üçün bütün texniki imkanlar mövcuddur. Sinif otaqlarının hər birində internetə qoşulmuş 19 kompyuter qoyulmuşdur. Məktəbdə dərslərin elektron formatda keçilməsi üçün elektron lövhə ilə təmin edilmiş iki kabinet fəaliyyət göstərir. Təhsil ocağında zəruri materiallarla təchiz olunmuş hərbi kabinet də vardır. Müxtəlif idman qurğularının quraşdırıldığı zalda mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bir sözlə, üç korpusdan ibarət olan məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur yaradılmışdır.
Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı müəllimlərlə görüşdü.
Məktəbin müəllimi Səkinə CABBARLI bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında aparılan yenidənqurma işlərinin dərin sevinc hissi doğurduğunu, burada yeni obyektlərin istifadəyə verildiyini, əhali üçün lazımi infrastrukturun yaradıldığını söylədi. Bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident İlham ƏLİYEV yeni məktəb binasının açılışı münasibətilə yengicəliləri təbrik edib: - Yeni məktəbin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Gözəl, çox rahat, müasir məktəbdir, bütün avadanlıq da quraşdırılıb. Yəni, hər bir şərait vardır ki, burada uşaqlar yaxşı oxusunlar. Burada müəllimlər üçün də yaxşı şərait yaradılıb. Bu məktəbin tikintisi çox əlamətdar bir hadisədir və onu göstərir ki, Azərbaycanın hər bir yerində məktəb tikintisi sürətlə gedir. Bu məktəb əslində kənd məktəbinə oxşamır. Çox əzəmətli, gözəl, geniş, işıqlı bir məktəbdir. Bu gün Azərbaycanın bütün kəndlərində belə gözəl məktəblər tikilir. Bizim siyasətimiz məhz bundan ibarətdir ki, bütün yerlərdə, bütün bölgələrdə, ən ucqar kəndlərdə də ən müasir səviyyə, insanların yaşaması, işləməsi üçün bütün şərait yaradılmalıdır.
Şərur rayonunda bütün sosial məsələlər həllini çox uğurla və keyfiyyətlə tapır. Keçən dəfə Olimpiya Kompleksinin açılışında, mərkəzi rayon xəstəxanasının istifadəyə verilməsində iştirak etmişdim. Digər obyektlərin, sosial infrastrukturun yaradılması bu rayonda çox uğurla və sürətlə gedir. Bu məktəbin tikintisi rayona göstərilən qayğının nəticəsidir.
Mən çox şadam ki, muxtar respublikanın rəhbərliyi bütün bu işləri çox böyük zövqlə və məhəbbətlə edir. Hər şey etmək olar, çünki indi Azərbaycanın iqtisadi imkanları genişlənir, maliyyə resurslarımız da, ciddi düşünülmüş proqramlarımız da vardır. Amma bununla bərabər, hər bir vətəndaş öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Naxçıvanda gözəl quruculuq, abadlıq işləri sürətlə gedir və bu məni çox sevindirir. Hər dəfə Naxçıvanda olanda mən bu yenilikləri, müasir yanaşmanı görürəm.
Naxçıvanın çox qədim tarixi, zəngin mədəni irsi, gözəl ənənələri vardır. Bizim bütün bu tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur və bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır. İnsanların yaşaması və işləməsi üçün bütün imkanlar vardır. İş yerləri açılır, məktəblər, xəstəxanalar, idman qurğuları tikilir, yollar, su kəməri çəkilir. Bu gün biz Naxçıvanın su proqramının həllinin birinci mərhələsini qeyd edəcəyik. Yəni, bu onu göstərir ki, ölkədə bütün sahələrdə düşünülmüş siyasət vardır və hər yerdə bu işlər yüksək səviyyədə görülür. Bu məktəb inkişaf etmiş ölkələrin əsas şəhərlərində olan məktəblərə bənzəyir, bəlkə onlardan da üstündür. Bax, budur bizim yanaşmamız və budur Azərbaycanın bugünkü reallıqları.
Bu gözəl məktəbin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm və sizə fəaliyyətinizdə uğurlar arzulayıram.
Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev Naxçıvan-Sədərək magistral yolunun açılışında iştirak edib
Prezident İlham Əliyev muxtar respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında da iştirak etmişdir. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi.
Məlumat verildi ki, Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yolu olan Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Dördzolaqlı yolun ümumi uzunluğu 82 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Bir hissəsi dövlətimizin başçısının ötən il Naxçıvana səfəri çərçivəsində istifadəyə verilən şosenin kənarlarında xüsusi suötürücüləri və arxlar çəkilmiş, magistralın üzərində bir neçə yolötürücü tikilmişdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə Böyük İpək yolunun bir hissəsini təşkil edir.
Prezident İlham ƏLİYEV rayon ictimaiyyətinin və inşaatçıların qarşısında çıxış edib: -Yolun açılışı münasibətilə sizi təbrik edirəm. Biz yolun bir hissəsini keçən dəfə bərabər açdıq. Bu gün isə yolun ikinci mərhələsi açılır və Naxçıvandan Türkiyə ilə sərhədə qədər müasir, gözəl, keyfiyyətli yol salınıb. Keçən dəfə də biz bu yoldan istifadə edəndə gördük ki, keyfiyyət yüksəkdir. Bu dəfə də gələndə görürəm ki, çox yüksək keyfiyyətlə tikilib, geniş, rahat, hamar yoldur, dünya standartlarına cavab verir və demək olar ki, muxtar respublikanın bu hissəsində yerləşən bütün yaşayış məntəqələrini Naxçıvan şəhəri ilə birləşdirir.
Bilirsiniz ki, yol tikintisi inkişaf, insanların normal, rahat yaşaması üçün əsasdır. Harada ki, yol tikilir, orada inkişaf vardır. Harada ki, yol tikilir, müəssisələr yaradılır, orada canlanma gedir. Ona görə bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur. Gələcəkdə başqa yolların tikintisi də nəzərdə tutulur və lazımi vəsait ayrılacaqdır. Artıq burada yerli şirkətlər vardır ki, bu cür yolları çox keyfiyyətlə tikə bilirlər. Bu o qədər də asan məsələ deyildir. Yol tikintisi çox böyük peşəkarlıq tələb edir. Keyfiyyətli yol böyük ustalıq və əlbəttə ki, nəzarət tələb edir. Ona görə mən çox şadam ki, biz Naxçıvanda artıq bu gözəl yolun tikintisinə nail olduq. Ümid edirəm ki, yaxın zamanlarda Naxçıvan şəhərini bütün rayonlarla birləşdirən yollar da bax bu səviyyədə olacaqdır və onların da tikintisi nəzərdə tutulur. Bir daha sizi ürəkdən təbrik edirəm.
Rayon ictimaiyyəti adından çıxış edən Vidadi SÜLEYMANOV dövlətimizin başçısının rəhbərliyi ilə muxtar respublikada bütün sahələrdə aparılan quruculuq işlərinin naxçıvanlıların ürəyincə olduğunu dedi. Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və inşaatçılarla xatirə şəkli çəkdirdi.
Sonra dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi.
Prezident İlham Əliyev Şərur rayonunun maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib
Dünən Prezident İlham Əliyev Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir.
Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Məlumat verildi ki, Milli Qəhrəman Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbinin binası əsaslı şəkildə yenidən qurulmuşdur. 1981-ci ildən fəaliyyət göstərən hazırkı bina bir müddət əvvəl qəzalı vəziyyətə düşmüşdü. Üçmərtəbəli, 540 şagird yeri olan yeni binada 30 sinif otağı vardır. Bir-birinə örtülü keçidlə birləşdirilmiş üç korpusdan ibarət binada şagirdlərin təlim-tərbiyəsi üçün bütün şərait yaradılmış, otaqlar zəruri vəsaitlərlə təchiz olunmuşdur. Fənn kabinetlərində, laboratoriyalarda müasir standartlara cavab verən avadanlıq qurulmuşdur. Altı min nüsxə ədəbiyyatın saxlanıldığı kitabxanada ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən guşə yaradılmışdır. İdman zalı da müasir tələblərə cavab verir. Məktəbin iki kompyuter sinfinin hər birində internetə çıxışı olan 19 kompyuter vardır. İki elektron lövhəli sinif otağı isə tədrisin müasir standartlar səviyyəsində aparılmasına imkan verəcəkdir. Hərbi hazırlıq fənninin əyani vəsaitlərlə tədrisi də diqqətdən kənarda qalmamışdır.
Dövlətimizin başçısı yaradılmış şəraiti yüksək qiymətləndirdi, kollektivi təbrik etdi. Müəllimlər ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev 2 nömrəli sədərək orta məktəbinin yeni binasının açılışında iştirak edib
Dünən eyni zamanda Prezident İlham Əliyev Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmişdir.
Məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Məlumat verildi ki, 594 şagird yeri olan 2 nömrəli Sədərək orta məktəbinin binası yeni inşa edilmişdir. Dördmərtəbəli binanın tikintisinə bu ilin mayında başlanılmışdır. Burada 33 sinif otağı vardır. Fənn kabinetləri, o cümlədən hərbi hazırlıq otağı və idman zalı zəruri əyani vəsaitlərlə təmin olunmuşdur. Burada həm də şagirdlərin ixtiyarına iki elektron lövhəli sinif otağı da verilmişdir. Məktəbdə internetə çıxışı olan 31 kompyuter vardır. Kitabxanada 10 min nüsxəyə yaxın ədəbiyyat mühafizə edilir. Məktəbdə 511 şagirdin təlim-tərbiyəsi ilə 32 müəllim məşğul olur.
Qeyd edildi ki, muxtar respublikanın bütün məktəbləri kompyuterlərlə təmin olunmuşdur. Məktəblərə hər 19 şagirdə bir dəst olmaqla 2 min 674 kompyuter verilmişdir. Dövlətimizin başçısı yeni binanın açılışı münasibətilə kollektivi təbrik etdi, onlara uğurlar arzuladı.
Müəllimlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər. Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev Sədərək rayon mərkəzi xəstəxanasının açılışında iştirak edib
Dünən Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərək rayonuna gəlmişdir.
Sədərək rayonu Azərbaycanda yeganə inzibati ərazi vahididir ki, 3 dövlətlə həmsərhəddir. Ötən əsrin 90-cı illərinin əvvəllərində sədərəklilər Ermənistanın aramsız hücumlarına qəhrəmanlıqla sinə gərmişlər. Son illərdə bu bölgədə gedən inkişaf prosesləri isə Sədərəyin Azərbaycan üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha nümayiş etdirmişdir. Təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən tədbirlər rayonun ümumi inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Sədərəkdə inşa olunan mərkəzi xəstəxana binası da bu reallıqdan qaynaqlanır.
Prezident İlham Əliyev Sədərək rayon mərkəzi xəstəxanasının açılışında iştirak etdi.
Səhiyyə ocağının kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu. Ümumi sahəsi 11700 kvadratmetr olan xəstəxana binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilmişdir. Zirzəmi qatı ilə birlikdə üç mərtəbədən ibarət olan xəstəxana 26 çarpayılıqdır. Müasir tibbi avadanlığın quraşdırıldığı səhiyyə ocağında 29 həkim, 34 tibb bacısı çalışır. Xəstəxanada üç şöbə - stasionar, poliklinika və təcili yardım şöbələri fəaliyyət göstərəcəkdir. Burada, həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait vardır.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, səhiyyə islahatları muxtar respublikada uğurla aparılır. Cari ilin ötən dövründə muxtar respublikanın demək olar ki, bütün rayonlarında səhiyyə ocaqlarının tikintisi və mövcud olanların yenidən qurulması prosesi sürətlə davam etmişdir. Xəstəxananın kollektivi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Dövlətimizin başçısı yaradılmış şəraitdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı. Sonda xatirə şəkli çəkdirildi.
"N" hərbi hissəsi ilə tanışlıq
Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərəkdəki "N" hərbi hissəsində olmuşdur. Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış oldu. Məlumat verildi ki, 2008-ci ildə inşa olunmuş binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait vardır. Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydərabad qəsəbəsində hərbi hissənin zabitləri üçün evlər tikilmişdir.
Prezident İlham Əliyev müşahidə məntəqəsindən təmas xəttini seyr etdi.
Prezident İlham Əliyev Sədərək rayonunun heydərabad qəsəbəsində tikilən yeni binalarla tanış olub
Prezident İlham Əliyev dünən Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsində də olmuşdur. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Bildirildi ki, Sədərək rayonunun inzibati binalarının yerləşdiyi yeni qəsəbədə bütün infrastruktur yaradılmışdır. Qəsəbədə rayon sakinləri üçün yeni evlər də tikilmişdir. İndiyədək Heydərabad qəsəbəsində onlarla ev inşa olunaraq sakinlərə paylanmışdır. Tikilən 16 yeni ev də sakinlərinə təqdim olunacaqdır. Yeni evlərin hər birinin ümumi həyətyanı sahəsi min kvadratmetrdir. Bu sahə sakinlərin təsərrüfat işləri ilə məşğul olmaları üçün nəzərdə tutulmuşdur. İkimərtəbəli evlərin birinci mərtəbəsində qonaq otağı, mətbəx və digər otaqlar, ikinci mərtəbədə isə iki otaq və eyvan yerləşir. Mənzillərin ümumi sahəsi 100 kvadratmetrdən çoxdur. Evlərə telefon, qaz, elektrik və su xətləri çəkilmişdir.
Ərazidə geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, yollara asfalt döşənmişdir.
Prezident İlham Əliyev qəsəbədə tikinti işlərinin gedişini əks etdirən fotostendə baxdı. Dövlətimizin başçısı binalarda yaradılmış şəraitlə tanış oldu.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər.
Prezident İlham Əliyev məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev dünən məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və mərkəzlə yaxından tanış oldu.
Bildirildi ki, mərkəzin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisi, gözdən əlil uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanmasıdır. Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin BMT-nin İnkişaf Proqramının həyata keçirdikləri bu layihənin əsasında yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin xidmətindən Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsurlu insanlar istifadə edə biləcəklər.
İkimərtəbəli mərkəzdə 60 nəfərlik kinozal, 40 nəfərlik iclas zalı yaradılmışdır. Kinozalda məhdud imkanlı insanlar üçün subtitrli filmlərin nümayişi nəzərdə tutulmuşdur. Mərkəzdə istirahət otağı, 24 kompyuterdən ibarət 2 kompyuter və 12 kompyuterlə təchiz olunan tədris otaqları fəaliyyət göstərir. Burada gözdən əlil və görmə qabiliyyəti zəif olan insanların Brayl monitorları vasitəsilə internetə daxil olaraq informasiya əldə etməsi və informasiyanı Brayl printerləri ilə çap etmələri üçün lazımi şərait yaradılmışdır. Görmə qabiliyyətini itirmiş insanlar burada mətni audio formata çevirən avadanlıq vasitəsilə istədikləri məlumatı əldə edə bilərlər. Kitabxanada isə Brayl şriftli kitablardan ibarət xüsusi guşə yaradılmışdır. Burada gözdən əlillər üçün xüsusi klaviatura və qulaqcıqlar qoyulmuşdur. "Kitabsevər" xüsusu avadanlığı vasitəsilə isə hər hansı məlumatı kompyuterə köçürüb səsləndirmək mümkündür.
Mərkəzdə audiostudiya da vardır. Studiyanın köməyi ilə audiokitabların nəşri mümkündür. İstifadəçilər mərkəzin internet saytından lazımi informasiyanı əldə etməklə yanaşı, "tanışlıq" bölməsinin köməyi ilə bir-biriləri ilə ünsiyyət qura bilərlər. Burada əqli cəhətdən zəif olan insanlar üçün intellektual oyunlar otağı da yaradılmışdır.
Ümumi sahəsi 860 kvadratmetr olan binanın həyətində yaşıllaşdırma işləri aparılmış, istirahət guşələri salınmışdır. Birgə əməkdaşlıq çərçivəsində Gəncə şəhərində də müvafiq mərkəz yaradılmışdır.
Prezident İlham Əliyev Ordubadda biləv su elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə tənzimləyici bəndə və su anbarına baxdı.
Məlumat verildi ki, stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir.
Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün suyun tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür. Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk əşyalardan təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu anbardan su poladdan hazırlanan və uzunluğu 1540 metr olan təzyiq borusu ilə stansiya binasına verilir. Suyun təzyiqi 24 atmosferə bərabərdir. Tənzimləyici bənddən anbara qədər su ötürülən açıq kanalların ümumi uzunluğu 9091 metrə yaxındır. Ərazidəki qapalı kanalların ümumi uzunluğu isə 200 metrdən çoxdur. Burada hər birinin diametri 2,4 metr, uzunluğu təxminən 175 metr və 573 metrə yaxın 2 sifon quraşdırılmışdır. Bu sifonlardakı suyun təzyiqi 3,2 və 6,4 atmosfer təşkil edir.
Sonra Prezident İlham Əliyev stansiya binasının olduğu əraziyə gəldi. Muxtar respublika ictimaiyyətinin nümayəndələri, energetiklər və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev stansiyanın maketinə və şəkillərinə baxdı. Diqqətə çatdırıldı ki, stansiya binası bütün zəruri avadanlıqla təchiz edilmişdir. Burada Avstriya şirkətinin hazırladığı 2 turbin quraşdırılmışdır. Bundan başqa, stansiyada 2 generator vardır. Stansiyanın nominal gücü 20 meqavat, maksimal gücü isə 22 meqavatdır. Stansiyada istehsal edilən enerji yarımstansiyaya ötürülür. Yarımstansiyada hər birinin gücü 25 meqavoltamper olan iki transformator quraşdırılmışdır. Yarımstansiyanın gərginliyi 110/35/10 kilovoltdur. Burada şəbəkəyə iki qoşulma xətti vardır. Onların hər birinin uzunluğu 8,5 kilometr, gərginliyi isə 110 kilovoltdur. Biləv Su Elektrik Stansiyasında nəzərdə tutulan orta illik enerji istehsalı 80 milyon kilovatsaatdır. Stansiyanın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır. Ərazidə əsaslı bəndbərkitmə işləri də aparılmışdır. Stansıyanın tikinti işləri zamanı Biləv kəndinə gedən 20 kilometrlik yol da əsaslı şəkildə yenidən qurulmuşdur.
Dövlətimizin başçısı stansiyanı işə saldı.
Stansiyanın açılışı münasibətilə keçirilən mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada həyata keçirilən layihələr, sosial-iqtisadi inkişaf haqqında danışdı. Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Kespublikasına səfəri davam edir.