PDF Oxu

Siyasət

  • 25

Azərbaycan və Özbəkistan strateji tərəfdaşa çevrilir

Azərbaycan və Özbəkistan strateji tərəfdaşa çevrilir
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlər ötən həftə Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə yenidən aktuallaşdı. Sentyabrın 27-28-də baş tutmuş bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə yönəldiyi keçirilən görüşlərdə və səsləndirilən fikirlərdə öz əksini tapmış oldu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov arasında geniş tərkibdə və təkbətək görüşdə aparılan danışıqlar, müzakirə edilən məsələlər ölkələrimiz arasında münasibətlərin hansı səviyyədə olduğunu və bunun gələcək inkişaf perspektivlərinin hansı məcrada qurulduğunu göstərdi.
Sentyabrın 27-də Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə keçirilən görüşündə prezident İslam Kərimov bu cür qarşılıqlı səfərlərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini bildirib. Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzssiz rolu hər iki prezident tərəfindən xüsusilə vurğulanmış və bu münasibətlərin bu gün də uğurla davam etdirildiyi qeyd edilmişdir. Eyni zamanda, geniş tərkibli görüş çərçivəsində Özbəkistan prezidenti Özbəkistanın Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daim Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini bildirmişdir.
Təkbətək görüş zamanı da qarşılıqlı münasibətlərin səviyyəsi haqqında müzakirələr aparılmışdır. İslam Kərimov ölkələrimiz arasında olan münasibətlərin səviyyəsindən və Prezident İlham Əliyevin Özbəkistana səfərindən böyük məmnunluq duyduğunu bir daha nəzərə çatdırmışdır. Ölkələrimizin yaxınlaşmasının və münasibətlərinin inkişaf etdirilməsinin əsas təkanverici amili kimi hər iki ölkənin bir sıra vacib məsələlərdə baxışlarının eyni olması ilə bağlı olduğunu qeyd edib. Bu ortaq baxışların isə həm Azərbaycanın Mərkəzi Asiya problemlərinə, həm də Özbəkistanın Dağlıq Qarabağ məsələsinə dair mövqelərində ifadə olunduğunu bildirib. Birgə mətbuat konfransı zamanı da Özbəkistan prezidenti öz çıxışında keçirilən görüşlərdə və aparılan müzakirələrdə bir sıra vacib əhəmiyyətli məsələlərlə bağlı razılaşmaların əldə olunduğunu nəzərə çatdırdı. "Danışıqlar zamanı biz bir daha təsdiq etdik ki, Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimiz birmənalı və dəyişməz qalır. Özbəkistan bu çoxillik münaqişənin sülh yolu ilə siyasi həllinə tərəfdardır və tərəfdar olaraq qalır. Eyni zamanda, Özbəkistan hesab edir ki, bu münaqişənin həllinin başlıca şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyününü bərpa olunmasıdır."
Prezident İlham Əliyev isə, öz növbəsində, Özbəkistan prezidentinə göstərdiyi mövqeyə görə təşəkkür edərək, onun bu mövqeyinin Azərbaycan tərəfindən də qarşılıqlı olduğunu nəzərə çatdırdı. Bir çox istiqamətlərdə fəal əməkdaşlığımızın olduğunu qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında həm regional problemlərlə, həm də Qafqaz, Xəzər dənizi, Mərkəzi Asiya regionunda nizama salınmamış münaqişələr və potensial təhlükələrlə əlaqədar məsələlərə dair tam qarşılıqlı anlaşmanın mövcud olduğunu xüsusilə vurğuladı. Mətbuata verilən açıqlamada isə İlham Əliyev cənabları Özbəkistanın uğurlarının Azərbaycanı çox sevindirdiyini bildirdi. "Biz Özbəkistanı qardaş, yaxın dost dövlət hesab edirik. Bu dövlətlə bizi çox möhkəm tarixi, mədəni əlaqələr bağlayır. Bugünkü münasibətlərimiz də bu baza əsasında formalaşıb."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və keçirilən görüşlərdən alınan nəticələr, bir daha onu deməyə əsas verir ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər çox yüksək səviyyədə inkişaf etməkdədir. Bunu, həmçinin, ölkələrimiz arasında imzalanan strateji istiqamətli müqavilələr də sübut edir. Ölkələrimizin istər ikitərəfli əməkdaşlıq çərçivəsində, istərsə də, türkdilli dövlətlərin birliyi çərçivəsində əlaqələri inkişaf etməkdədir. Azərbaycan və Özbəkistan arasında bu sahədə də qarşılıqlı razılaşmanın olması Azərbaycan və Özbəkistanın mövqelərinin nə dərəcədə üst-üstə düşdüyünün və qarşılıqlı anlaşmanın mövcud olduğunun əyani göstəricisidir. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin isə keçirilən görüşlərdə xüsusilə vurğulanması mühüm bir məsələ kimi qeyd oluna bilər. Belə ki, Azərbaycan üçün bir nömrəli problem sayılan Dağlıq Qarabağ məsələsində Özbəkistanın da dəstək göstərməsi əhəmiyyətli bir məsələdir. Ümumiyyətlə, bu yöndə qazanılan hər bir tərəfdaş diplomatik cəhətdən və münaqişənin beynəlxalq arenada tanıdılması və ona haqq qazandırılması baxımından yüksək məna kəsb edir. Azərbaycan dövlətinin və onun rəhbərliyinin bu mənada həyata keçirdiyi siyasət isə təqdirəlayiqdir.
Azərbaycan və Özbəkistan arasında inkişaf edən qarşılıqlı əməkdaşlıq və ən müxtəlif sahələri əhatə edən müqavilələrin bağlanması ölkələrimizin gələcəkdə də bir-birinə yaxınlaşmasına və türkdilli ölkələr arenasında özünəməxsus yerlərini tutmasına səbəb olacaqdır. Bu ikitərəfli əməkdaşlıq ayrı-ayrılıqda hər iki ölkənin inkişafına əhəmiyyətli təkan verəcəkdir.

Digər xəbərlər