Müasir şəraitdə xarici siyasətin milli maraqlara uyğun şəkildə, beynəlxalq hüququn ali prinsiplərinə istinad olunaraq müəyyənləşdirilməsi və həyata keçirilməsi hər bir dövlət üçün prioritet təşkil edir. Bu baxımdan, rasionallıq prinsipinə, mümkün alternativlərin səmərəli şəkildə qiymətləndirilməsinə əsaslanan, tarazlaşdırılmış, hərtərəfli ölçülüb-biçilmiş xarici siyasət xətti beynəlxalq münasibətlərin subyekti kimi Azərbaycan Respublikasının dövlətlərarası əlaqələrinin məhək daşı sayılır. Hər bir müstəqil dövlətin nüfuzu, qüdrəti, inkişaf potensialı əhəmiyyətli dərəcədə onun xarici siyasət sahəsində qazandığı nailiyyətlərlə ölçülür. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunmasına yönəlib. Bu gün dünyanın müxtəlif dövlətləri ilə tarazlaşdırılmış, bərabərhüquqlu əməkdaşlığa önəm verən Azərbaycan iqtisadi və geostrateji maraqlarının gerçəkləşdirilməsinə, vətəndaşların layiqli yaşayışının, yüksək həyat şəraitinin təmin olunmasına xüsusi diqqət yetirir. Bütün bunlar xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir.
Azərbaycanın mövqeyi yetərincə möhkəm və inamlıdır
Xarici siyasət və diplomatiya, ümumilikdə, hər bir dövlətin beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsinə, ümummilli problemlərinin həllinə yönəlir. Xüsusən, Azərbaycan kimi müxtəlif supergüclərin maraqlarının kəsişdiyi, toqquşduğu məkanda yerləşən bir ölkə üçün diplomatik fəallıq, xarici siyasətdə mövcud reallıqların nəzərə alınması, bütün problemlərin hüquqi müstəvidə, mümkün qədər danışıqlar masası arxasında həll olunması olduqca vacibdir. Yeni dünya nizamı xarici siyasət sahəsində təmasların intensivləşdirilməsini, diplomatik fəallığın əhəmiyyətli dərəcədə artırılmasını tələb edir. Bu gün xarici siyasət prioritetlərinin həyata keçirilməsi sahəsində Azərbaycanın mövqeyi yetərincə möhkəm və inamlı görünür. Sivil, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə söykənən, müstəqil xarici siyasət yeridən, beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında vacib dövlətə çevrilib. Ölkəmizin bu mövqeyi möhkəm sosial-siyasi sabitliklə, iqtisadi və demokratik inkişaf prosesi ilə şərtlənir. Məhz tarazlaşdırılmış, hərtərəfli ölçülüb-biçilmiş xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Cənubi Qafqazda iqtisadi qüdrəti, sosial-siyasi nüfuzu, yüksək inkişaf potensialı ilə fərqlənən cəlbedici ölkəyə çevrilib. Region dövlətlərinin - Türkiyənin, Rusiyanın, Gürcüstanın, İranın dövlət rəsmiləri tez-tez Azərbaycana səfərlər edir. Azərbaycan yaxın qonşusu olan bu ölkələrlə fəal əməkdaşlıq edir, müəyyən məsələlərlə bağlı özünü göstərən fikir ayrılıqlarına baxmayaraq, bu ölkələrlə Azərbaycan arasında yaxın qonşuluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
Öz tarixi ənənələrinə söykənən Azərbaycan türkdilli dövlətlərlə sosial-iqtisadi və mədəni-mənəvi əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Türkdilli dövlətlərin siyasi liderlərinin artıq ənənə halını alan zirvə görüşləri, bu görüşlərdə qəbul edilən birgə qərarlar Azərbaycanın diplomatik-siyasi mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir, ölkəmizin xarici siyasət prioritetlərinin gerçəkləşdirilməsi baxımından yeni üfüqlər açır.
Azərbaycanın xarici siyasətində Avropaya və Avratlantika məkanına inteqrasiya başlıca məqsədlərdən sayılır. Bu baxımdan, ölkəmizin Avropa Birliyi və digər Avropa dövlətləri ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın Avropaya inteqrasiyası olduqca aktual məsələlərdən sayılır. Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq vurğulayır: "Bu gün Avropa Birliyinin sərhədləri getdikcə regionumuza daha artıq yaxınlaşır. Azərbaycan Avropa Birliyinin "Yeni qonşuluq" siyasətinə daxil edilmişdir. Buna görə də bizim regionda əsas götürüləcək meyarlar Avropa Birliyində qüvvədə olan meyarlara çox oxşar olacaqdır".
Terrorçuluğa qarşı mübarizədə NATO və ABŞ ilə sıx əməkdaşlıq edən Azərbaycan qlobal təhlükəsizlik sisteminin möhkəmlənməsinə öz layiqli töhfələrini verir. Eyni zamanda, ABŞ Azərbaycanın mühüm siyasi və iqtisadi tərəfdaşı sayılır, ölkəmizin iqtisadi əlaqələrində bu ölkə önəmli yer tutur.
Azərbaycan xarici siyasətdə milli maraqlarını uğurlu şəkildə təmin etmək üçün bir sıra regional qurumların işində fəal edir. Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanı birləşdirən GUAM təşkilatı buna əyani misaldır. Bu, onu göstərir ki, Azərbaycan öz strateji müttəfiqləri ilə maraqlarını qarşılıqlı anlaşma və hüquq bərabərliyi əsasında uzlaşdırmağı bacarır. Bu səbəbdən, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların fəal üzvü, regionda həyata keçirilən bütün strateji layihələrin mühüm, aparıcı qüvvəsi kimi çıxış edir.
Azərbaycanın ədalətli mövqeyinin birmənalı şəkildə qəbul edildiyi beynəlxalq qurumlar sırasında İslam Konfransı Təşkilatı (İKT) xüsusi yer tutur. İKT səviyyəsində Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan təcavüzkar, işğalçı dövlət kimi tanınıb, Ermənistandan işğal etdiyi torpaqları qeyd-şərtsiz azad etməsi tələb edilib. Bu təşkilat çərçivəsində Azərbaycan öz beynəlxalq nüfuzunu, mövqeyini əhəmiyyətli dərəcədə möhkəmlədə bilib, öz haqq səsini bütün islam dünyasına çatdırmağı bacarıb.
Milli diplomatiyamızın inkişafına göstərilən böyük diqqət
Ölkənin xarici siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsində müvafiq dövlət strukturlarının, xüsusən, Xarici İşlər Nazirliyinin üzərinə böyük vəzifələr düşür. Bu baxımdan, Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə müvafiq nazirliyin strukturunun, səfirliklər şəbəkəsinin genişləndirilməsi, peşəkar diplomat kadrların hazırlanması məqsədi ilə Diplomatik Akademiyanın yaradılması dövlət başçısının milli diplomatiyamızın inkişafına böyük diqqət yetirdiyini göstərir. Sözsüz ki, burada başlıca məqsəd Azərbaycanın maraqlarını ciddi şəkildə təmsil və müdafiə etməyi bacaran yüksək səviyyəli diplomat kadrlar hazırlamaqdan ibarətdir. Nəticə etibarı ilə, diplomatiya sahəsinə xüsusi diqqət yetirilməsi Azərbaycanın xarici siyasət xəttinin ardıcıl, davamlı şəkildə, uğurla həyata keçirilməsini şərtləndirir. Bu, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həlli, eyni zamanda, haqlı mövqeyimizin bütün dünya ölkələrində geniş ictimaiyyətə çatdırılması və müdafiə olunması baxımından da olduqca əhəmiyyətlidir.
Son 7 ildə nəzərə çarpan sosial-iqtisadi yüksəliş və demokratikləşmə xətti dövlət başçısı tərəfindən milli inkişafın dəyişməz formulu kimi önə çəkilir. Bu, respublikamızın beynəlxalq siyasi münasibətlər sistemində müsbət imicini yetərincə möhkəmləndirib, ölkəmizin regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. "Güclü dövlət - müstəqil siyasət" prinsipini məqsədyönlü şəkildə həyata keçirən dövlət başçısı İlham Əliyev çevik və səmərəli xarici siyasət yürüdür. İqtisadi, siyasi və hüquqi islahatların uğurlu nəticələri ümumən səmərəli xarici siyasət üçün də etibarlı zəminə çevrilir. Prezident İlham Əliyevin son 7 ildə həyata keçirdiyi uğurlu xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin edir. Bu siyasət müasir dünyanın geosiyasi reallıqlarına maksimum adekvatlığı ilə diqqəti çəkir.
Bəlli olduğu kimi, Azərbaycan ərazisinə və əhalisinin sayına görə, iri dövlətlər kateqoriyasına daxil edilmir. Bununla yanaşı, fəal, praqmatik diplomatiya yeridən Azərbaycan bölgədə və Avropa subregional məkanında nüfuzlu dövlət kimi özünə layiqli yer tutub. Ölkəmiz demokratik dəyərlərə, sosial-iqtisadi liberallaşma xəttinə sadiqliyi ilə seçilir. Azərbaycanın əlverişli coğrafi-siyasi məkanda yerləşməsi, geniş tranzit-kommunikasiya imkanlarına malik olması, fövqəlgüc dövlətlərinin strateji maraq dairəsinə daxil edilməsi milli maraqların, xarici siyasət prioritetlərinin uğurla gerçəkləşdirilməsi baxımından ölkəmizə əlverişli imkanlar yaradır. Rəsmi Bakı bu imkanlardan maksimum səmərəli bəhrələnməklə xarici siyasət hədəflərini yüksək dəqiqliklə müəyyənləşdirir.
Azərbaycan tam müstəqil xarici siyasət yeridir
Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, dünyanın bütün dövlətləri, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin sivil, ədalətli şəkildə gerçəkləşdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini təşkil edir. Respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti getdikcə daha da artır, Avropa strukturlara inteqrasiya prosesi əhəmiyyətli dərəcədə sürətlənir.
"Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən Prezident İlham Əliyev respublikamızın kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və ölkənin xarici siyasət xəttini məhz regionun xüsusiyyətlərini nəzərə almaqla həyata keçirir. Bu baxımdan, Azərbaycan Cənubi Qafqazda, eləcə də, bütövlükdə MDB və Avropa məkanında ABŞ, Rusiya, İran, İsrail kimi maraqları toqquşan dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olan azsaylı dövlətlərdən biridir.
Regionda militarizm, təcavüzkarlıq siyasəti həyata keçirən, özünü faydalı əməkdaşlıq təşəbbüslərindən, enerji-kommunikasiya layihələrindən təcrid edən forpost Ermənistandan fərqli olaraq, Azərbaycan bu gün tam müstəqil daxili və xarici siyasət yeridir. Müəyyən mərhələdə rəsmi Bakıya müxtəlif vasitələrə göstərməyə çalışan dövlətlər də artıq bunun yersiz olduğunu anlayaraq, respublikamızla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər.
Bu gün Azərbaycan, faktiki olaraq, işğalçı Ermənistanla müharibə vəziyyətindədir, torpaqlarımızın 20 faizi işğal altındadır. Belə şəraitdə müdafiə məsələlərinə xüsusi diqqət yetirilməsi zərurət kimi meydana çıxır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca bunun miqyası daha da genişlənəcək.
Dövlət başçısının son illər ərzində apardığı danışıqlar, nümayiş etdirdiyi qətiyyətli mövqe, verdiyi bəyanatlar kifayət qədər effektli olub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı aparılan danışıqlarda rəsmi Bakının siyasi-psixoloji üstünlüyünü təmin edib.
Beləliklə, Azərbaycanın dəqiq hədəflərə hesablanmış uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq aləmdəki mövqeyini getdikcə möhkəmləndirməkdədir. Beynəlxalq miqyasda Azərbaycanın ildən-ilə artan nüfuzu xarici siyasət prioritetlərinin uğurla gerçəkləşdirilməsini şərtləndirir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində qısa vaxt ərzində həll ediləcəyinə inamı artırır.