PDF Oxu

Siyasət

  • 17

Özbəkistanla Azərbaycanın münasibətləri geniş tərəfdaşlığa çevrilir

Özbəkistanla Azərbaycanın münasibətləri geniş tərəfdaşlığa çevrilir

Prezident İlham Əliyev sentyabrın 27-də Özbəkistan Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə bəzədilmiş "Daşkənd-2" hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Şavkat Mirziyayev və yüksək vəzifəli digər dövlət və hökumət rəsmiləri qarşıladılar.
Dünən Özbəkistan Prezidentinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. İqamətgahın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevi iqamətgahın önündə qarşıladı.
Prezidentlər iqamətgaha daxil olaraq, salonda dövlət bayraqları qarşısında xatirə şəkli çəkdirdilər. Sonra dövlət başçıları iqamətgahın qarşısına gəldilər. Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Prezidentlər hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İslam Kərimov Özbəkistanın yüksək vəzifəli şəxslərini Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin üzvlərini Prezident İslam Kərimova təqdim etdi. Prezident İslam Kərimov Özbəkistanda akkreditə olunan diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərlərini Prezident İlham Əliyevə təqdim etdi. Həmin gün Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Özbəkistan Prezidenti İslam Kərimov bu cür qarşılıqlı səfərlərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini bildirdi. Ölkələrimizin zəngin və qədim tarixi köklərə malik olduğunu deyən Özbəkistan dövlətinin başçısı 2008-ci ildə Azərbaycana səfərini xatırlayaraq, Prezident İlham Əliyev ilə  görüşlərindən məmnun qaldığını söylədi. Müasir Azərbaycan dövlətinin yaradılmasında və Özbəkistan ilə respublikamız arasında əlaqələrin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edən İslam Kərimov dedi ki, Daşkənd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daim Azərbaycanın ədalətli mövqeyini müdafiə edir.
Daşkəndə səfərinə böyük önəm verdiyini bildirən dövlətimizin başçısı İlham Əliyev həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İslam Kərimovun ölkələrimiz arasında əlaqələrin inkişafında yaratdıqları ənənənin bu gün də uğurla davam etdiyini vurğuladı.  Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Özbəkistanın ölkəmizin haqq işini dəstəkləməsini yüksək qiymətləndirir.  Görüşdə regional və iqtisadi münasibətlərə, mədəniyyət, təhsil və bir sıra digər sahələrə dair geniş müzakirələr aparıldı.
Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan-Özbəkistan sənədləri imzalanıb

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşu başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Birgə Bəyannamə imzalayıblar.
"Özbəkistan Respublikası Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası arasında aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması haqqında Saziş"i Özbəkistan Respublikası Uçuşların təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyinin rəisi Tolib Eqamberdiyev və "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov imzaladılar.
"Özbəkistan Milli Teleradio Şirkəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş"i Özbəkistan Milli Teleradio Şirkətinin sədri Alişer Xocayev və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanov imzaladılar. "Özbəkistan Rəssamlıq Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında Müqavilə"ni Özbəkistan Rəssamlıq Akademiyasınn sədri Tursunali Kuziyev və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.
"Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş"i Özbəkistanın baş prokuroru Raşitjan Kodirov və Azərbaycanın baş prokuroru Zakir Qaralov imzaladılar.
"Özbəkistan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arasında 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyət haqqında Protokol"u Özbəkistanın daxili işlər naziri Baxodır Matlyubov və Azərbaycanın daxili işlər naziri Ramil Usubov imzaladılar. "Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi arasında 2010-2012-ci illər üçün əməkdaşlıq Poroqramı"nı Özbəkistanın xarici işlər naziri Vladimir Norov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar. "18 iyun 1997-ci ildə imzalanmış "Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız gəliş-gedişi haqqında Saziş"ə dəyişikliklər və əlavələr edilməsi haqqında Protokol"u Özbəkistanın xarici işlər naziri Vladimir Norov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar. "2011-2015-ci illər üzrə Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"i Özbəkistanın Baş nazirinin birinci müavini, Özbəkistanın maliyyə naziri Rüstəm Azimov və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzaladılar.
 
Prezident İlham Əliyev Özbəkistan Senatının binası ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev dünən Özbəkistan parlamentinin yuxarı palatası - Senatın binası ilə tanış olub.
Özbəkistan dövlətinin başçısı İslam Kərimov Prezident İlham Əliyevə milli və müasir üslubları özündə birləşdirən bina haqqında məlumat verdi. Bina 3 il əvvəl inşa olunub. Özbəkistan parlamenti senatının 100 üzvü vardır. Ali Məclisin qəbul etdiyi qanunlar Senatda bəyənildikdən sonra təsdiqlənmək üçün ölkə başçısına göndərilir.
Prezident İlham Əliyev burada senatorlara yaradılan iş şəraiti ilə tanış oldu.

"Müstəqillik və humanizm" abidəsi ilə tanışlıq

Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov dünən Daşkəndin mərkəzindəki Müstəqillik meydanı kompleksinə gəldilər. Hərbi orkestrin ifasında həzin musiqinin sədaları altında Prezident İlham Əliyev burada ucaldılmış "Müstəqillik və humanizm" abidəsinin önünə əklil qoydu. Özbəkistan Prezidenti İslam Kərimov Müstəqillik meydanı kompleksi, həmçinin abidə haqqında məlumat verdi.
Bildirildi ki, 2005-ci ildə Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə ucaldılan bu abidə Özbəkistanın azadlığının, müstəqilliyinin və gələcəyinin rəmzidir. Abidədə körpəsini qucağında tutmuş xoşbəxt ana təsvir olunub. Daşkənd sakinlərinin ən sevimli istirahət yerlərindən biri olan bu meydandakı abidəni əsasən yeni ailə qurmuş gənclər ziyarət edirlər. Prezident İslam Kərimov kompleksə daxil olan digər abidələr haqqında da məlumat verdi. Dedi ki, hər il mayın 9-da paytaxt sakinləri buradakı "Kədərli ana" abidəsinin qarşısına gül-çiçək dəstələri düzürlər. Prezident İlham Əliyevə Müstəqillik meydanı kompleksində görülən işlər barədə məlumat verildi.

Forumlar sarayı ilə tanışlıq

Dünən həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzində yerləşən Forumlar Sarayına gəldilər. Milli memarlıq üslubunda tikilmiş bu möhtəşəm bina haqqında dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 2 min tamaşaçı yeri olan bu sarayda yüksək səviyyəli dövlət mərasimləri və beynəlxalq tədbirlər keçirilir. Özbəkistan Prezidenti İslam Kərimov dövlətimizin başçısı İlham Əliyevə binanın ətrafında Əmir Teymur bağında aparılan abadlıq-quruculuq işləri barədə də məlumat verdi.

Daşkənddə Ulu öndər  Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışı olub

Dünən Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olub.  Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev iştirak ediblər. Prezident İlham Əliyev mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu. Bina ilə tanışlıq zamanı məlumat verildi ki, mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Bundan başqa, mərkəzdə Azərbaycanın musiqi, rəqs və folklor ansamblları da fəaliyyət göstərəcəkdir. Burada Azərbaycan məktəbi və kitabxana da yaradılıb.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan diasporunun üzvləri ilə görüşdü. Prezident İlham Əliyev diasporun üzvləri ilə xatirə şəkli çəkdirdi. Prezident İlham Əliyev mədəniyyət mərkəzinin sərgi salonunda Səmərqənddə yaşamış mərhum azərbaycanlı heykəltəraş Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxdı. Dünən Daşkənddə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət təşkil edilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri davam edir.

Digər xəbərlər