PDF Oxu

Siyasət

  • 25

İlham Əliyev BMT-nin tribunasından Azərbaycanın prinsipial mövqeyini bütün dünyaya çatdırdı

İlham Əliyev BMT-nin tribunasından Azərbaycanın prinsipial mövqeyini bütün dünyaya çatdırdı
"Azərbaycanla Ermənistan arasında davam edən silahlı münaqişə hələ də bölgədə və beynəlxalq aləmdə təhlükəsizliyə və sülhə təhlükə yaradır". SİA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyasındakı çıxışında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbayacan ərazilərinin beşdə birinin işğalı ilə nəticələnib, Azərbaycan vətəndaşlarının hər 9 nəfərdən biri məcburi köçkünə çevrilib. Prezident İlham Əliyev bildirib ki, Ermənistanın ciddi beynəlxalq cinayətlər törədərək, Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürütməsi, monoetnik mədəniyyət yaratmaq istiqamətində fəaliyyət, Azərbaycan ərazilərinin işğal edilməsində məsuliyyət daşıdığı təsdiqlənib: "BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, ərazilərin əldə edilməsi üçün gücün tətbiqinin qəbuledilməzliyini dəstəkləyib. Qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu göstərilib, işğalçı qüvvələrin dərhal işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkilməsinə çağırılıb. BMT Baş Assambleyası və digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa Birliyi, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı da eyni mövqedən çıxış ediblər. Təəssüf ki, beynəlxalq ictimaiyyətin birgə mövqeyinə baxmayaraq Azərbaycan əraziləri işğal altında qalmaqda davam edir".
Prezident İlham Əliyev bəyan edib ki, rəsmi İrəvan münaqişəyə müvafiq həll variantı tapmaq əvəzinə sonu bilinməyən nəticələrə səbəb olan hadisələrin qızışdırılmasına çalışır: "Hazırda davam edən siyasi cəhdlərə baxmayaraq Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüququn pozulması halları artır, işğal olunmuş ərazilərindəki mövcud status-kvo pozulur, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasətinin nəticələri saxlanılır. Bütün bunlar münaqişənin sülh yolu ilə həllinə ciddi maneələr yaradır. Münaqişənin başlanmasından keçən dövr ərzində işğal olunmuş ərazilərdə məskunlaşma halları stimullaşdırılır. ATƏT 2005-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə faktaraşdırıcı missiya göndərib. Bu missiya orada məsukunlaşma izlərini aşkarlayıb və Azərbaycanın işğal olunmuş ərazilərindəki məskunlaşmanın dayandırılmasına çağırıb".
İlham Əliyev işğal olunmuş ərazilərdəki tarixi və mədəni abidələrin dağıdılmasına da toxunub. O, Baş Assambleyanın diqqətinə çatdırıb ki, Ermənistanın məqsədi Azərbaycanın izlərini daşıyan mədəni və tarixi kökləri məhv etməkdir. Azərbaycan Prezidentinin sözlərinə görə, işğal olunmuş ərazilərdə heç bir Azərbaycan tarixi və mədəni abidəsi qalmayıb, heç bir müqəddəs yer vandalizmdən xilas ola bilməyib. O bəyan edib ki, işğal olunmuş ərazilərdə aparılan məskunlaşma, tarixi və mədəni abidələrin dağıdılması və başqa qeyri-qanuni əməllər oradan köçkün düşmüş insanların hüquqlarını pozur. Prezident İlham Əliyev bildirib ki, uzanan siyasi danışıqlar beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır: "Dağlıq Qarabağda və ətraf rayonlarda silahlı münaqişənin tezliklə həll olunması bizim üçün vacib məsələ olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bölgəyə sülh və əmin-amanlıq gətirmək səylərini artırıblar. Münaqişə ilə bağlı qətnəmələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən təyin olunmuş vaxt ərzində çıxarılmasını tələb edir, bütün kommuniksiyaların bərpasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasını, Dağlıq Qarabağın daxili muxtariyyət statusunun müəyyənləşdirilməsini və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbaycan daxilində yekun statusu ilə bağlı danışıqları davam etdirməyə hazırıq".
Azərbaycanın dövlət başçısı bildirib ki, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistan tərəfi bunun üçün heç bir addım atmır. Məsələn, rəsmi İrəvan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilən yenilənmiş Madrid prinsiplərinə hələ də cavab verməyib.
Azərbaycanın davamlı inkişaf, dünyada fundamental azadlıqların, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin mərkəzi rolunu tanıdığını deyən prezident qeyd edib ki, Azərbaycan hesab edir ki, BMT güclü və dünyanın istənilən hissəsindəki mürəkkəb qlobal problemləri həll etməyə qadir olmalıdır: "Azərbaycan dağıdıcı müharibələr və işğaldan əziyyət çəkən ölkə kimi hesab edir ki, beynəlxalq norma və mehriban qonşuluq, dostluq və əməkdaşlıq siyasətinə riayət etmək, BMT-nin üzv dövlətlərin öhdəliklərinin yerinə yetirilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır".

Digər xəbərlər