PDF Oxu

Siyasət

  • 24

Məşğulluq probleminin həlli əhalinin sosial müdafiəsini gücləndirir

Məşğulluq probleminin həlli əhalinin sosial müdafiəsini gücləndirir
"Biz, həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, hazırda Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar, orta pensiyaların həcmi təxminən 130 dollar təşkil edir. Bu rəqəmlər ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur"- Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri dövlətin əhalinin sosial müdafiəsinə nə qədər böyük önəm verdiyini göstərir .
Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir və regionlarda gedən quruculuq-abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış durumdan uğurla istifadə edirlər.
Qeyd edək ki, ölkədə güclü sosial infrastrukturun yaradılması- xəstəxanalar, məktəblər, idman qurğuları, mədəniyyət ocaqlarının tikilməsi üçün konkret işlər görülür. Bakıda və bölgələrdə ilin birinci yarısında açılan gözəl, müasir sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir.
Azərbaycanda son 6 ayda 36 min yeni iş yerləri açılıb. Son altı 6 ildə isə təxminən 900 min yeni iş yerləri açılıb ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir. Bütövlükdə, Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur. İşsizliyin aradan qaldırılması istiqamətində çox önəmli addımlar atılır.
Bu işlərin nəticəsində, ölkədə yoxsulluq səviyyəsi getdikcə kəskin şəkildə aşağı düşür. Son 6 ildə yoxsulluq şəraitində yaşayanların sayı 4 dəfə azalıb. Hazırda ölkə əhalisinin cəmi 11 faizi yoxsulluq şəraitində yaşayır.
Yoxsulluğun azaldılmasında kiçik və orta sahibkarlığın inkişafının da böyük rolu var. Bu il sahibkarlara 100 milyon manatdan çox kreditlər veriləcəkdir. Bu da kiçik və orta biznesin inkişafına böyük dəstək olacaq. Özəl sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi regionların inkiaşfına öz böyük töhfələrini verməkdədir.
"Biz elə etməliyik ki, gələcəkdə də, bütün dövrlərdə ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkə qarşısında duran bütün problemləri həll edək" deyən Prezident İlham Əliyev problemlərin böyük hissəsinin həll olunduğunu qeyd edir.
Prezident bununla belə, həll ediləsi problemlərin hələ də çox olduğunu bildirir: "Əsas sosial və iqtisadi problemlərin böyük hissəsi həll olunub. Azərbaycanda işsizlik böyük dərəcədə aradan qaldırılıb. Yoxsulluq, demək olar ki, artıq inkişaf etmiş ölkələrin səviyyəsinə - 11 faizə enib. Bütün bunların təməlində aparılan islahatlar, düşünülmüş siyasət və görülən iqtisadi tədbirlər dayanır".
Azərbaycanda gedən inkişaf 2010-cu ilin 1-ci yarısının yekunlarında da özünü göstərdi. Bu göstərici insanların həyat səviyyəsində, abadlaşan şəhərlərdə, çəkilən yollarda, tikilən müəssisələrdə özünü göstərir. Bu gün Azərbaycanda işləmək üçün xaricdən işçi qüvvəsi gəlir. Artıq vaxtilə ölkəmizdən başqa şəhərlərə, ölkələrə getmiş vətəndaşlar da qayıtmağa başlayırlar. Çünki Azərbaycanda sabitlik, ictimai-siyasi asayiş ən yüksək səviyyədədir.
Ölkədə özəl sektor inkişaf edir. Sahibkarlığa dəstək məqsədi ilə kreditlər ayrılır, kənd təsərrüfatının inkişafı üçün böyük subsidiyalar qoyulur. İnfrastruktur layihələri, bütün ölkəmizdə yol tikintisi, müasir müəssisələr, indi qazlaşdırma prosesi sürətlə gedir.
Dövlət başçısı deyir: "Elə etməliyik ki, ölkəmizin bütün məntəqələrinə kifayət qədər elektrik enerjisi verilsin, qaz problemləri həllini tapsın. Növbəti mərhələdə içməli su, kanalizasiya problemləri bizim üçün prioritet təşkil edir. Ümid edirəm ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızın su-kanalizasiya problemləri həllini tapacaq".
Azərbaycan informasiya-kommunikasiya sahəsində MDB məkanında birinci yerə çıxıb. Bu sahə bizdə, demək olar ki, cəmi 5 il öncə yaranıb. Ondan qabaq Azərbaycanda çox adam bilmirdi ki, informasiya-kommunikasiya texnologiyaları nədir. Beş il ərzində biz MDB məkanında birinci olduq".
Prezident Azərbaycanın daha da sürətlə inkişaf edəcəyini, müasirləşəcəyini, beləliklə, ölkəmizin uzunmüddətli inkişaf strategiyasının təmin olunacağını bildirir: "Bu strategiya elə qurulmalıdır ki, təbii resurslardan asılılıq minimum səviyyəyə endirilsin. Biz ölkə iqtisadiyyatını elə qurmalıyıq və elə qururuq ki, təkcə bir sahədən asılı olmayaq. Ona görə şaxələndirmə prosesi Azərbaycanda geniş vüsət alıb".
Dünyada 2 ildir ki, böhran hökm sürür. Sadə Azərbaycan vətəndaşları isə bu böhranın acı nəticələrini, demək olar ki, hiss etməyib. Çünki inflyasiya sabit qaldı, qiymətlərin artımına imkan verilmədi. Maaşlar, pensiyalar vaxtında verildi və bu proses bu gün də davam edir. Bir qədər öncə isə maaşlar, pensiyalar artırıldı.
Azərbaycan bu gün özünü, demək olar ki, əsas kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin edir. Əhalinin gəlirlərinin artması isə, ölkədə milli iqtsadiyyatın inkişafını və sosial problemlərin həllini şərtləndirir.
Regionların sosial-iqtisadi inkiaşfı Dövlət Proqramının 2-ci mərhələsi həyata keçirilir. Bu proqramın uğurla başa çatdırılması üçün bütün işlər görülür. Bölgələrdə yeni müəssisələr açılır, müasir infrastruktur yaradılır, əhalinin işlə təmin olunmasında ciddi artım qeydə alınır. Bütün bunlar yaxın illərdə ölkədə işsizlik probleminin tam həll ediləcəyini və vətəndaşların sosial rifahının yüksələcəyini deməyə əsas verir.

Digər xəbərlər