Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev "Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin 8 əməkdaşına "Əməkdar Elm Xadimi", 20 əməkdaşına "Əməkdar Həkim", 24 əməkdaşına "Əməkdar Müəllim", bir əməkdaşına isə "Əməkdar Jurnalist" fəxri adı verilib. Ölkə Prezidenti həmçinin "Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin 5 əməkdaşı "Şöhrət" ordeni, 20 əməkdaşı isə "Tərəqqi" medalı ilə təltif edilib. Ölkə Prezidenti bundan başqa "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" da Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda tibb təhsilinin və elminin inkişafında xidmətləri olan Bəybala Abbasova və Zemfira Topçubaşovaya Prezidentin fərdi təqaüdləri veriləcək. Prezidentin Sərəncamları ilə həmçinin Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar Nazirliklərinin, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd xidmətlərinin, habelə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə, onların aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.