Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası öz bəhrəsini verməkdədir. Hazırda iqtisadiyyatın bütün sahələri inkişaf edir, əhalinin həyat səviyyəsi daha da yaxşılaşır. Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadi artım tempinə görə beynəlxalq miqyasda lider dövlətə çevrilərək, dünyanın ən islahatçı ölkəsi kimi tanınır.
Belə ki, Qərb standartlarına cavab verən sənaye və emal müəssisələri, təhsil və səhiyyə ocaqları yaradılır. Regional inkişafa dair Dövlət Proqramının ikinci mərhələsi də uğurla həyata keçirilməkdədir. Məhz həyata keçirilən dövlət proqramları ölkə iqtisadiyyatını qüdrətləndirir, insanların rifah halını daha da yaxşılaşdırır. Dünya iqtisadiyyatının zəiflədiyi 2009-cu ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusən də, ümumi daxili məhsul istehsalı 9,3 faiz artmış, 73613 yeni iş yeri açılmışdır. Bu gün Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğunu dünyanın aparıcı iqtisadçıları və nüfuzlu nəşrləri də təsdiqləyirlər.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ölkəmizin nüfuzunu daha da artırır
Bu ilin ötən dövrü ərzində həyata keçirilən məqsədyönlü sosial-iqtisadi tədbirlər nəticəsində Azərbaycan MDB-də ən rəqabətə davamlı ölkələr siyahısında lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanan ən son hesabat da bunu təsdiq edir. Belə ki, adıçəkilən qurumun on dörd minə yaxın iş adamının iştirakı ilə hazırladığı hesabatda Azərbaycan infrastruktur, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət və maliyyə bazarının inkişafına görə MDB ölkələri arasında birinci yeri tutubdur. Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabətədavamlı ölkə kimi üçüncü yerdə göstərilibdir. Xatırladaq ki, məlumatda keçmiş SSRİ dövlətləri arasında birinci yerdə Estoniya, ikinci yerdə isə Litvadır. Dünya dövlətləri üzrə siyahıda həmin ölkələr müvafiq olaraq 33-cü və 47-ci, Azərbaycan isə 57-ci sıradadır.
Özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan ölkəmiz artıq 17 ildir ki, müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə çevrilir. Əlverişli geosiyasi mövqeyə malik olması, mühüm enerji layihələrinin mərkəzinə çevrilməsi ölkəmizin iqtisadi qüdrətinin ilbəil artmasına, ümumi inkişaf tendensiyasına görə liderlik mövqeyinin qorunub saxlanmasına imkan yaradır. Elə 2004-2009-cu illərdə iqtisadiyyatımızın 2,8 dəfə artması da bir daha sübut edir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi, iqtisadi və sosial islahatlar öz müsbət nəticələrini verməkdədir.
Son yeddi ildə iqtisadiyyatımızın 2,8 dəfə artması ölkəmizdə aparılan düzgün və məqsədyönlü siyasətin nəticəsidir. İki il əvvəl dünyanı bürüyən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda yüksək inkişaf və tərəqqi davam etməklə, bütün sahələrdə uğurlu göstəricilər əldə olunubdur. Təkcə onu demək kifayətdir ki, dünya tarixində böhran ili kimi qalan 2009-cu ildə Azərbaycan iqtisadiyyatı təqribən 10 faiz artmışdır. Bu da bir daha onu sübut edir ki, Azərbaycanda aparılan siyasi, iqtisadi və sosial islahatlar qlobal maliyyə böhranının ölkəmizə təsirini minimuma endirməyə imkan yaratmışdır.
Xatırladaq ki, Ümumdünya İqtisadi Forumunun yeni reytinq siyahısı tərtib edilərkən, ölkələrdəki infrastruktur, əmtəə və əmtəə bazarlarının səmərəliliyi, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət, innovasiya, maliyyə bazarının inkişafı kimi mühüm amillər əsas götürülmüşdür.
Azərbaycanın strateji valyuta ehtiyatları artmaqdadır
Azərbaycanın iqtisadi inkişafının ilbəil sürətlənməsi büdcə gəlirlərinin, ölkənin valyuta ehtiyatlarının artmasına səbəb olur. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycanın strateji valyuta ehtiyatları təqribən 26 milyard dollara çatıbdır ki, bu da qarşıya qoyulan istənilən məsələni həll etməyə, qəbul olunan proqramları uğurla reallaşdırmağa imkan yaradır. Bu müsbət tendensiyanı yüksək dəyərləndirən Prezident İlham Əliyev demişdir: "... Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil və ölkə iqtisadiyyatına qoyulan sərmayələr də yüksək səviyyədədir, əlbəttə ki, biz gələcəkdə də valyuta ehtiyatlarımızın artımını görəcəyik. Çünki əvvəlki illərdə görülən işlər, xüsusilə, neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatlarımızı yığaq ki, öz növbəsində, həm iqtisadi, həm infrastruktur, həm də sosial məsələlərin həlli üçün onlardan istifadə edək və güclü bir maliyyə resursları əldə edək".
Sevindirici haldır ki, Azərbaycan artıq öz maliyyə imkanları ilə dünyanın investisiya qoyan ölkəsinə çevrilməkdədir. Təsadüfi deyil ki, indi Azərbaycan Dövlət Neft Fondu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasında iştirak edir. Bu da ölkəmizin beynəlxalq qurumlar tərəfindən artıq bərabərhüquqlu tərəfdaş kimi tanınmasına, uğurlu əməkdaşlığa dəlalət edir.
Məlum olduğu kimi, son illər ölkəmizdə mühüm infrastruktur obyektləri tikilir, yeni-yeni iş yerləri açılır. Azərbaycanda investisiya layihələri uğurla icra olunur. Son illər ərzində sərf olunan on milyardlarla dollar investisiyanın böyük hissəsini daxili investisiyalar təşkil edir. Ölkənin tələbatını ödəmək üçün investisiya şəklində yönəldilən vəsait hesabına həm sənaye istehsalının artırılması, həm də yeni iş yerlərinin açılması mümkün olubdur. "Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı"na əsasən bölgələrin sənaye potensialının hərəkətə gətirilməsi, emal sahələrinin inkişafı nəzərdə tutulur ki, bu da ölkəmizdə sənayeləşmə siyasətinin uğurla reallaşdırılmasına təkan verəcəkdir.
Qeyri-neft sektorunun inkişaf etdirilməsini özünün iqtisadi siyasətinin əsas prioritetlərindən sayan Azərbaycan bu sahədəki nəticələrini ilbəil yaxşılaşdırır. Bu tendensiya cari ilin birinci yarısı ərzində də davam edərək, ölkəmizin qeyri-neft sektorunda 15 faizdən çox artım qeydə alınıbdır.
Siyasi və iqtisadi modernləşməyə doğru
Bu gün isə ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik təməlinə əsaslanaraq Azərbaycanı uğurla siyasi və iqtisadi modernləşməyə doğru aparır. Ölkədə iqtisadiyyatın liberallaşdırılması, Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və s. müstəqil Azərbaycanın yüksələn xətlə dirçəlişinə səbəb olubdur. Milli iqtisadiyyatın inkişaf yolunda III mərhələ ölkə Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilən Heydər Əliyev strategiyası, sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunan milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılan uğurlar daha da möhkəmləndirilib, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşdırılıbdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulan tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra proqramlar təsdiq edilib və uğurla icra olunmaqdadır.
Dəfələrlə ölkə başçısının çıxışlarında da qeyd edildiyi kimi, xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin nəticəsidir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8 dəfə, ölkə üzrə orta aylıq əmək haqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, onun adambaşına düşən həcmi isə 3,2 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əmək haqqı 6,3 dəfə artırılıbdır. Son 6 ildə 840 min yeni iş yeri yaradılıbdır.
Qeyd olunduğu kimi, artıq keçid dövrü arxada qalmış, ölkəmiz milli iqtisadiyyatın davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Təbii ki, keçid dövrünün başa çatması və sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanması həm də qarşıya yeni vəzifələr qoyur. Bütün hallarda və dövrlərdə isə, heç şübhəsiz ki, yuxarıda qeyd edilən strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcəkdir.
Qeyd: Yazı Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində sahibkarlığın inkişafına informasiya dəstəyi" layihəsi çərçivəsində hazırlanıb.