Ortaq türk keçmişindən birgə gələcəyə doğru
Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu sammitinin yekunları geniş ictimaiyyətin diqqət mərkəzindədir. Artıq ənənəyə çevrilən belə görüşlər davamlı xarakter alıb.
Qardaş dövlətlərin paytaxtlarında keçirilən zirvə görüşlərindən keçən müddət ərzində türkdilli dövlətlərin ikitərəfli münasibətləri yüksələn xətlə inkişaf edib. Bu müddət ərzində türk dövlətlərinin liderləri arasında çoxsaylı yüksək səviyyəli görüşlər keçirilib, danışıqlar aparılıb, dost ölkələrə qarşılıqlı səfərlər olub, bir sıra mühüm dövlətlərarası sazişlər imzalanıb. 2000ci ildə VI Bakı zirvə görüşündə qəbul edilən Bakı bəyannaməsinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu sənəd türkdilli dövlətlərin gələcəyi üçün mühüm bir proqram xarakteri daşıyır. 2001-ci il VII İstanbul zirvə görüşü isə türk xalqları arasında dostluq və qardaşlığımızın möhkəmlənməsinə, türkdilli dövlətlər arasında çoxtərəfli əlaqələrin inkişaf etməsinə əlverişli zəmin yaradıb.
Ümummilli lider Heydər Əliyev bu sammitdə TÜRKSOY təşkilatının fəaliyyətinin genişləndirilməsi ilə bağlı TÜRKSOY Fondunun yaradılmasını təklif etmişdi. Fond bütün türk dövlətləri və diyarlarında tarixi abidələrin bərpası, mədəniyyətlərarası əlaqələrin dərinləşdirilməsində, inkişafında mühüm rol oynayıb. 2006-cı ilin noyabrında keçirilən Antalya sammitində isə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı sərt, prinsipial mövqeyini ortaya qoymuşdu. Bu tədbir erməni işğalına və ermənilərin cəfəng iddialarına kəsərli, layiqli cavab verilməsi kimi yadda qalıb. Həmin tədbirdə Prezident İlham Əliyev türkdilli dövlətləri dünyada aparılan ideologiyasına qarşı vahid mövqedən çıxış etməsinin, erməni yalanlarının artıq müdafiə deyil, hücum taktikası ilə darmadağın olunmasının zəruriliyini vurğulamışdı.
Türkdilli dövlətlər arasında parlament əlaqələrinin genişlənməsi türk dünyasında gedən inteqrasiya proseslərinin daha da dərinləşdiyini və dönməz xarakter aldığını göstərir. 2008-ci ildə isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərləri arasında Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması buna əyani misaldır. Ortaq parlamentarizm ənənəsinin formalaşdırılması, geosiyasi əhəmiyyət kəsb edən mühüm qərarların razılaşdırılması, qanunvericilik ənənəsinin təkmilləşdirilməsi baxımından, bu, çox mühüm əhəmiyyət kəsb edir.
Türkdilli dövlətlər arasında mövcud olan milli-mənəvi, tarixi bağlılıq mədəni-humanitar sahədə hərtərəfli əməkdaşlığı zərurətə çevirir. Bu əməkdaşlıq ortaq türk mədəniyyətinin zənginləşməsinə böyük töhfələr verir. Müasir dövrdə türk dövlətləri və topluluqlarının mədəni-mənəvi həmrəyliyinin simvolu sayılan TÜRKSOY-un bu istiqamətdə fəaliyyəti diqqətiçəkən və təqdirəlayiqdir. Təşkilat çərçivəsində TÜRKSOY Fondu da yaradılıb. Fondun fəaliyyəti türkdilli xalqların, türk dilinin, türk mədəniyyətinin araşdırılması və öyrənilməsi və digər əlaqədar məsələləri əhatə edir. TÜRKSOY çərçivəsində "Manas" eposunun 1000, Əmir Teymurun 660, Məhəmməd Füzulinin 500, Abay Kunanbayevin 150, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi qeyd edilib. Eyni zamanda, TÜRKSOY-un dəstəyi ilə İbn-Sinanın, Nizaminin, Yunus İmrənin, Məxtumqulunun, Mahmud Qaşqarinin və bir çox başqa dahinin yubileyləri keçirilib. Belə tədbirlər türk ölkələrinin mədəni irsinin zənginliyini təsdiqləyir, böyük söz, sənət ustadları yetişdirən türk xalqlarının bəşəriyyətin mütərəqqi inkişafında özünəməxsus rola malik olduğunu bir daha sübut edir.
Ortaq, eyni keçmişə malik olan türkdilli xalqların bu gün üzləşdikləri qayğılar, inkişaf hədəfləri də, əsasən, eynidir. Sivil, dünyəvi inkişaf yolunu seçmiş türk dövlətlərini indi bir çox ortaq məqsəd və vəzifələr birləşdirir.
Türkdilli dövlət başçılarının Naxçıvanda keçirilən IX sammitinin türk ölkələrinin həmərəyliyinin möhkəmlənməsi baxımından rolu olduqca böyükdür. Bu mənada, burada qəbul edilən Naxçıvan bəyannaməsi tarixi əhəmiyyət kəsb edir. Bəyannamədə qeyd olunur ki, türkdilli ölkələr beynəlxalq siyasətdə mühüm yer tutur, iqtisadi və mədəniyyət sahəsində əməkdaşlıq edirlər. Türk dünyası Avrasiyanın böyük məkanında yerləşir, bu səbəbdən türkdilli xalqların mədəni irsi digər xalqların mədəniyyətinə böyük təsir göstərir. Sammitdə Prezident İlham Əliyev Naxçıvanın türk dünyasının tarixindəki önəminə diqqət çəkmiş, Naxçıvanın Azərbaycanı Türkiyə ilə birləşən yeganə sərhəd bölgəsi olduğunu vurğulamışdı. Ötən əsrin əvvəllərində qədim Azərbaycan torpağı Zəngəzurun Ermənistana birləşdirilməsi ilə türk dünyası coğrafi baxımından parçalanmış oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan sammitində ölkəmizin təklifi ilə xüsusi Naxçıvan bəyannaməsinin imzalanması, konkret qərarların qəbul edilməsi türkdilli dövlətlərin inteqrasiyası baxımından mühüm addıma çevrildi. Bu mənada, IX Zirvə toplantısı konkret əməli qərarların qəbul edilməsi ilə tarixi əhəmiyyət kəsb etdi. Tam əminliklə söyləmək mümkündür ki, hazırda türkdilli dövlətlərin başçıları arasında səmimi ünsiyyət, mehriban dostluq və qardaşlıq münasibətləri mövcuddur. Bu isə bir sıra çətin və mürəkkəb məsələlərin birgə səylərlə, səmərəli həllinə kömək edir. Ölkələrimiz bir sıra mühüm beynəlxalq layihələr çərçivəsində uğurla əməkdaşlıq edirlər. Belə transmilli layihələrdən biri də Xəzər hövzəsindəki enerji daşıyıcılarının hasil edilməsi və onları dünya bazarına çıxaracaq infrastrukturların yaradılmasıdır.
TRASEKA və Böyük İpək yolunun bərpası layihələrinin türkdilli dövlətlərin iqtisadiyyatının dirçəlməsində mühüm rolu olub. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini reallığa çevrilməsi iqtisadi inkişaf və yeni iş yerlərinin açılması üçün imkanlar yaradır. Bu, regionda sülh və sabitlik şəraitini möhkəmləndirir. Tarixi Böyük İpək yolunun bərpasına dair 1998-ci il sentyabrın 7-8-də Avropa Birliyinin himayəsi altında Bakıda dünyanın 32 dövlətinin və 15 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın bu prosesdə böyük əhəmiyyəti olub. Böyük İpək yolunun bərpa edilməsi, TRASEKA proqramının həyata keçirilməsi nəticəsində Avropa Birliyi məkanından başlayaraq, Qafqazdan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyayadək uzanan nəqliyyat dəhlizi Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirir. Bu layihənin reallaşmasında isə türk dövlətləri strateji körpü və açar rolunu oynayıb.
Eyni kökdən olan, ortaq milli-mənəvi, dini-mədəni dəyərləri bölüşən dost və qardaş türk xalqlarının bugünkü həmrəyliyi daha böyük məna və əhəmiyyət kəsb edir. Dünyada regional inteqrasiya proseslərinin getdikcə geniş vüsət alır. Belə vəziyyət müasir dünyadan bu xalqlardan bir-birinin problemlərinə daha həssas, daha diqqətlə yanaşmağı tələb edir. Bu mənada, X sammitin yekunları türk dünyasının həmrəyliyini daha da möhkəmləndirir, türkdilli dövlətlərin böyük və ortaq inkişaf potensialının səmərəli gerçəkləşdirilməsinə yol açır. Türk dövlətlər arasında münasibətlərin belə axarı türk dünyasının mədəni-mənəvi inteqrasiyasını daha da dərinləşdirir. Bu isə ortaq türk keçmişindən əxz olunan bağlılığı, mədəni-mənəvi dəyərləri uğurlu birgə gələcəyə, türk dünyasının rifahına doğru yönəldir.