Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev "Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, AMEA-nın tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Dövlət başçısı bundan başqa mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Prezident həmçinin "Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Fərman imzalayıb.
Fərmana əsasən, 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2010-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaqlar.
"Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2010-cu ilin oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" da Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2 nəfərə "Əməkdar İncəsənət Xadimi", 5 nəfərə "Əməkdar Artist", 3 nəfərə isə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilib.