Ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında" fərmanları respublikamızda yeni inkişaf mərhələsinin əsasını qoydu. Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının vaxtından öncə və uğurla icra edilməsi əyalətlərdə yaşayan əhalinin maddi rifah halının, sosial-məişət şəraitinin önəmli dərəcədə yaxşılaşmasına, işləməyən müəssisələrin fəaliyyətinin bərpasına və yeni iş yerlərinin açılmasına gətirib çıxardi. Hazırda bu proqramın 2-ci mərhələsi uğurla həyata keçirilir.
2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı çərçivəsində aparılmış işlər regionlarda istehsal sahələrinin və sosial infrastrukturların yaradılması sahəsində müsbət dəyişikliklərə səbəb olub. I dövlət proqramının uğurla icra edilməsi bölgələrimizdə böyük inkşafla müşahidə olunmuşdur ki, bu da növbəti mərhələdə daha genişmiqyaslı proqramın qəbul edilməsini vacib edib.
Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da növbəti beş ildə iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq bütün regionlarda istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev II dövlət proqramının icrasını da şəxsi nəzarətinə götürüb. Prezident respublikanın müxtəlif regionlarına tez-tez səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən obyektlərin açılış və təməlqoyma mərasimində iştirak edir, çox müxtəlif təyinatlı müəssisələrinin fəaliyyəti ilə tanış olur.
Müntəzəm olaraq həyata keçirilən bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində çox önəmli olmaqla yanaşı, hər bir bölgənin inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən ediliməsini və həyata keçirilməsini təmin edir.
Ölkə başçısı Dövlət Proqramının 2-ci mərhələsi dövründə ölkəmizin uğurla inkişaf edəcəyini bildirir. "Biz 2013-cü ilə qədər nəzərdə tutulmuş bütün vəzifələri uğurla həll etməliyik".
Ölkə başçısı İlham Əliyevin təsdiq etdiyi regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında ölkədə sahibkarlığın dinamik yüksəlişinə də xüsusi yer ayrılıb. Proqrama əsasən, qarşıdakı illərdə sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir.
Kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər hamı tərəfindən razılıqla qarşılanıb.
Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxumla təmin edilməsi, "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının daha bir təzahürüdür.
2010-cu il yanvarın 1-dən bəzi sahələrdə vergilərin azaldılması sahibkarlığın inkişafı, daxili bazarın qorunması baxımından böyük önəm kəsb edir. Başqa sözlə, fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilib, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədi ilə vergi tutulan əməliyyatların həcmi 90 min manatdan 150 min manatadək artırılıb.
Bu kimi önləyici tədbirlərin görülməsi sayəsində Azərbaycan qlobal maliyyə böhranı şəraitində sürətli inkişaf tempini qoruyub saxlaya bilib. Əldə olunan uğurlu nəticələr həm də öncəki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına mümkün olub.
Prezident İlham Əliyev Azərbaycanın qlobal böhrandan az ziyan çəkməsinin səbəblərindən danışarkən respublikamızın milli maraqlara əsaslanan iqtisadi siyasət xətti yürütdüyünü xüsusi vurğulayıb: "Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadi potensialını böyük dərəcədə gücləndirə bilib. Müstəqillik dövründə Azərbaycan böyük və uğurlu yol keçmişdir. 2009-cu il bütün cəhətlərdən çox böyük sınaq ili idi, həm bizim üçün, həm bütün başqa ölkələr üçün. Dünyada hökm sürən maliyyə böhranı hər bir ölkəyə təsir etmişdir.
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət tərəfindən görülən işlərin miqyası ildən-ilə artır. Büdcə xərclərinin əsas prioritetləri xərclərin sosial və investisiya yönümlüyünün təmin edilməsindən, dövlətin müdafiə qabiliyyətini gücləndirmək üçün tələb olunan maliyyə ehtiyatlarının yaradılmasından, ünvanlı sosial yardımın, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin maliyyə təminatından və digər tədbirlərdən ibarətdir. Builki büdcənin də sosialyönümlü və investisiya tutumlu olması deyilənlərdən xəbər verir.
Ölkə vətəndaşlarının sosial durumunun daha da yaxşılaşmasına xidmət edən islahatların davam etdirilməsi və hər ilin büdcə zərfində bu məsələnin prioritet kimi saxlanılması aparılan sosialyönümlü siyasətin məntiqi nəticəsidir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4 faiz və yaxud 3 milyard 877,6 milyon manat təşkil edir. Bu isə 2009-cu ilin büdcə göstəricisindən təxminən 1,8 faiz çoxdur. 2010-cu ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 219 milyon manat vəsait nəzərdə tutulub.
2010-cu ilin əvvəllərində Prezident İlham Əliyev ölkədə ötən əsrin 90-cı illərindən başlanmış keçid dövrünün başa çatdığını rəsmən elan etdi. Söhbət ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan miras qalmış bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə uyğun tamamilə yenidən qurulması prosesinin başa çatmasından gedir. Respublikamız son 15 ildə özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək - böyük bir iqtisadi mərhələni inamla başa vurub.
Beləliklə, böyük uzaqgörənliklə həyata keçirilən iqtisadi siyasət ölkəmizin dünya maliyyə böhranından az itki ilə çıxmasına imkan yaratdı. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək kimi böyük vəzifələr durur. İndi ölkədə iqtisadi inkişaf tempinin qorunub saxlanması və sosial-iqtisadi proqramların uğurla həyata keçirilməsi deməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycan daha böyük uğurlara imza atacaqdır.
Yazı Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikasında regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində sahibkarlığın inkişafına dövlət dəstəyi" layihəsi çərçivəsində hazırlanıb.