Avropada enerji təhlükəsizliyinə yeni töhfə
Bəlli olduğu kimi, bu günlərdə Bakıda növbəti beynəlxalq sazişə imza atılıb, AGRİ qaz nəqliyyatı layihəsinin (Azerbaijan, Georgia, Romania İnterconnector) həyata keçirilməsi üzrə Bakı bəyannaməsi imzalanıb. Saziş Azərbaycan qazının birbaşa olaraq, Avropa ölkələrinə, xüsusən Rumıniya, Macarıstan və Bolqarıstana çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu layihəyə Ukrayna da böyük maraq göstərir. Eyni zamanda, AGRİ layihəsi Avropa Birliyi ölkələrinin də geniş maraq dairəsindədir.
Layihənin üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə AGRİ çərçivəsində Avropaya ildə iki milyard kubmetr qaz ixrac olunacaq. İkinci mərhələdə bu rəqəm iki dəfədən çox artaraq beş milyard kubmetr təşkil edəcək. Üçüncü mərhələdə isə müvafiq layihə çərçivəsində Avropaya nəql ediləcək qazın həcmi səkkiz milyard kubmetrə çatdırılacaq. Layihənin nəzərdə tutulmuş gerçəkləşmə müddəti 20 ay təşkil edir. Beləliklə, Azərbaycandan maye qaz Qara dəniz vasitəsilə Rumıniyaya göndəriləcək. Bu, o deməkdir ki, AGRİ çərçivəsində nəql olunan qazın alıcıları Avropa Birliyi ölkələri olacaq. AGRİ layihəsi təbii qazın Avropa Birliyinə ixracı yollarının şaxələndirilməsi baxımından "ilk qaranquş" hesab edilir. Bu məqsədlə 2010-cu ilin oktyabrında Buxarestdə layihənin icrası üçün Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ), Rumıniyanın "Romqaz" şirkəti və Gürcüstan Neft-Qaz Korporasiyasından (GNQK) ibarət idarəçilik şirkəti təsis ediləcək. Şirkətlərin hər biri 33,3 faiz paya malik olacaq.
Yeni layihə həm regionda, həm də Avropada çox mühüm bir hadisə kimi dəyərləndirilir. Azərbaycan enerji ixrac edən ölkə olduğu bu sahədə bütün mümkün alternativlərin dəyərləndirilməsi və həyata keçirilməsi olduqca vacibdir. Bu sahədə alternativ variantların çoxluğu həm enerji resurslarının idxalına ehtiyac duran ölkələr, həm də zəngin enerji ehtiyatlarına malik Azərbaycan üçün müsbət amildir. Bu, sosial-iqtisadi infrastrukturun inkişaf etdirilməsi baxımından ölkəmiz qarşısında yeni üfüqlər açır. Bu mənada, belə bir layihənin həyata keçirilməsi, Azərbaycanın bu layihədə qaz hasil edən bir ölkə kimi aparıcı rol oynaması ölkəmiz üçün əhəmiyyətlidir.
Hazırda Azərbaycan işğalçı Ermənistan istisna olunmaqla bütün qonşu ölkələrə - Türkiyə, Rusiya, İran və Gürcüstana qaz ixrac edir. Azərbaycan qazının Gürcüstan və Qara dəniz vasitəsilə birbaşa Avropaya nəql olunması isə ölkəmizin iqtisadi inkişaf potensialını artıran amil kimi özünü göstərir. Bu, eyni zamanda, zəngin enerji ehtiyatlarına malik dövlət kimi ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Bu layihə ilə Avropada enerji təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın layiqli töhfələrindən biri hesab edilə bilər. Sözsüz ki, bu layihə ölkəmizin gələcək iqtisadi inkişafı baxımından da xüsusi önəm kəsb edir.
Mahiyyət etibarı ilə, bu, Azərbaycanın Avropaya inteqrasiyasının iqtisadi təzahürü də sayıla bilər. Bu mənada AGRİ layihəsi Azərbaycanın iqtisadi gəlirlərini nəzərəçarpacaq dərəcədə artıracaq. Bu baxımdan, layihənin gerçəkləşməsi ölkəmizin iqtisadi maraqlarına tam uyğundur.
Son günlər bu layihənin tez-tez "NABUCCO" ilə müqayisə edilməsi də diqqətdən yayınmır. Lakin hər iki layihənin müəyyən oxşar cəhətləri olsa da, onları nə eyniləşdirmək, nə də alternativ kimi təqdim etmək doğru deyil. Təcrübə göstərir ki, Avropa və digər potensial qaz idxalçıları indiki halda mümkün qədər daha çox mənbədən enerji resursları əldə etməkdə maraqlıdırlar. Bununla onlar alternativ enerji mənbələrinə çıxış əldə etməyə və birtərəfli enerji asılılığından yaxa qurtarmağa çalışırlar. Enerji resursları baxımından böyük ehtiyatlara malik olan Azərbaycan isə hasil etdiyi karbohidrogen məhsullarını - nefti və qazı şaxələndirilmiş şəkildə ixrac etməklə və daha əlverişli şərtlər daxilində satmaqda maraqlıdır.
Aydındır ki, "Nabucco", istərsə AGRİ, istərsə də digər bu kimi layihələr iqtisadi maraqlar əsasında həyata keçirilir. Avropanın mərkəzində yerləşən ölkələrin bu layihəyə qoşulması Azərbaycan üçün daha geniş imkanlar açır. Layihənin iştirakçısı olan tərəflərin müvafiq açıqlamaları göstərir ki, AGRİ-yə daha çox ölkənin qoşulması kifayət qədər realdır. Bu, həm investisiya, həm kapital, həm də məhsulun yerləşmə məkanı baxımından böyük mənfəət vəd edir.