PDF Oxu

Siyasət

  • 11

İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirildi

İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirildi

Dünən İstanbulda, "Çırağan" sarayında Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edib. Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, ötən il isə Naxçıvanda keçirilib. Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu, Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanı qarşıladı.Zirvə toplantısını Türkiyə Prezidenti Abdullah Gül açdı. O, zirvə görüşündə iştirak edən dövlət başçılarını salamladı və onları yenidən görməkdən məmnun olduğunu bildirdi. "Qardaş ölkələrimiz arasındakı müştərək dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanan tellər çox güclüldür", - deyən Abdullah Gül vurğuladı ki, məhz bu baxımdan türkdilli ölkələrin dövlət başçılarının bir araya gəlməsi çox önəmlidir. Türkiyə Prezidenti türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsində ötən il Naxçıvanda keçirilən IX zirvə toplantısında qəbul edilən qərarların mühüm rol oynadığını bildirdi:
- Naxçıvanda bu konteksdə qəbul etdiyimiz mühüm qərarlardan biri də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasıdır. Məlum olduğu kimi, Şuranın Katibliyi İstanbulda olacaqdır. Bugünkü toplantıda Katibliyin strukturunun yaradılması ilə bağlı qərar qəbul edəcəyik. Bu çərçivədə Şuranın baş katibini də təyin edəcəyik. Beləliklə, keçən il Naxçıvanda təməlini qoyduğumuz təşkilatın qurulmasını təmin edəcəyik. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının atalarımızdan miras aldığımız müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından mühüm bir iş görəcəyinə inanırıq. Eyni millətə mənsub olmaqdan qürur duyan xalqlarımız arasındakı əzəli və əbədi qardaşlıq tellərinin artıq konkret əməkdaşlığa çevriləcəyinə güvənirik.
Türkiyə Prezidenti əlavə etdi ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması geniş coğrafi ərazini əhatə edən Türk dünyasının qarşılaşdığı problemlərin həllində də vacib rol oynayacaqdır. Bu, həmçinin ölkələrimizi və xalqlarımızı bir-birinə daha sıx bağlayacaq, bölgədə sülhə və sabitliyə xidmət edəcəkdir. Abdullah Gül türkdilli ölkələrin əlaqələrinin genişlənməsində mühüm rol oynayan TÜRKSOY və katibliyi Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətindən danışdı. Daha sonra Türkiyə Prezidenti İstanbulda keçirilən X zirvə toplantısında müzakirə olunacaq məsələlər barədə məlumat verdi.
Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış etdi. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, bu zirvə görüşü türk dünyasının gələcək inkişafı baxımından və türkdilli ölkələr arasında güclü əlaqələr yaradılması baxımından böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bildirdi ki keçən il Türk dünyasının qədim torpağı olan Naxçıvanda zirvə görüşünün keçirilməsi böyük hadisə idi. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, bu bir il ərzində türkdilli ölkələr arasındakı əlaqələr yetərincə sürətlə inkişaf edib:
"Hörmətli cənab Prezident, əziz qardaşım Abdullah Gül!
Əziz dostlar, hörmətli dövlət başçıları! İlk növbədə demək istəyirəm ki, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Əziz qardaşım Abdullah Gülə təşəkkür edirəm ki, bugünkü zirvə görüşü çox yüksək səviyyədə təşkil olunubdur. Türkiyə yenə də bu gözəl təşəbbüsü öz üzərinə götürüb və bu zirvə görüşü gözəl İstanbulda keçirilir. Bizə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram. Əminəm ki, zirvə görüşünün gözəl nəticələri olacaqdır və ölkələrimiz arasında əməkdaşlıq, dostluq, qardaşlıq əlaqələri sürətli inkişafını davam etdirəcəkdir. Keçən il Türk dünyasının qədim torpağı olan Naxçıvanda zirvə görüşünün keçirilməsi böyük hadisə idi. O dövrdən bu günə qədər - bu bir il ərzində hesab edirəm ki, aramızdakı əlaqələr daha da sürətlə inkişaf etdi. Aramızdakı dostluq, qardaşlıq əlaqələri həm ikitərəfli formatda, həm çoxtərəfli müstəvidə daha da gücləndi. Keçənilki zirvə görüşü ərəfəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci plenar iclası keçirilmişdir. Bakıda TürkPA-nın Baş Katibliyi yaradılmışdır. Artıq Katiblik uğurla fəaliyyət göstərir. Eyni zamanda, Naxçıvan zirvə görüşü zamanı Azərbaycan tərəfi təşəbbüs irəli sürmüşdü ki, TÜRKSOY Fondu yaradılsın. Mən hörmətli həmkarlarıma minnətdaram ki, bu təşəbbüs dəstəkləndi və artıq bütün hazırlıq işləri gedir. Yaxın zamanlarda TÜRKSOY Fondu yaradılacaq və Azərbaycan bu Fondun fəaliyyəti üçün lazımi maddi dəstəyini verəcəkdir. Hesab edirəm ki, bu Fond nəinki türkdilli dövlətlərdə, bütün türk ellərində mədəni abidələrin bərpası, qorunması işinə öz dəstəyini verməlidir.

Tarixi, mədəni araşdırmalar aparmalıdır. Mədəni sahədə, ölkələrimiz, xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinin inkişafı işinə böyük töhfə verməlidir.
Bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Xalqlarımız əsrlər boyu bir yerdə yaşamışlar, bir yerdə çalışmışlar, daim bir-birinə arxa, dayaq olmuşlar. Mən çox şadam ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə uğurlu əməkdaşlıq aparır, bir-birinə dəstək olurlar. Biz çalışmalıyıq və çalışırıq ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini gücləndirək, bir-birimizə siyasi dəstək verək və bütün işlərdə bir-birimizin yanında olaq. Bütün bu əməkdaşlığa və xoş niyyət göstərən bütün ölkələrə öz minnətdarlığımı bildirmək istəyirəm." Prezident İlham Əliyev daha sonra qeyd etdi ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş və nəticə yoxdur. Ölkə Prezidenti diqqətə çatdırdı ki, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında qalır. Bu işğal və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb. Bu, böyük ədalətsizlikdir, bu, humanitar fəlakətdir: "Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz istəyirik ki, bunu tezliklə, danışıqlar, sülh yolu ilə həll edək. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda müxtəlif millətlərə mənsub olan xalqlar yaşayır, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində münaqişə, qarşıdurma olmamışdır. Azərbaycanda bütün xalqların hüquqları qorunur. Əlbəttə ki, erməni xalqı Azərbaycan torpaqlarında yaşamışdır, bu gün də yaşayır. Onların da hüquqları qorunur.
Xalqların öz müqəddəratını təyinetmə istəkləri ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Yəni, bu iki anlayış arasında qarşıdurma yaradılmamalıdır. Beynəlxalq təcrübə və beynəlxalq hüquq belə mövqeyi, bu mövqeyi dəstəkləyir. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar vahid Azərbaycan dövləti çərçivəsində yüksək özünü idarəetmə imkanlarına malik olan prinsiplər əsasında yaşamalıdırlar. Bu, beynəlxalq hüququn qaydalarıdır. Bu, normal insani davranışın qaydalarıdır.
Biz XXI əsrdə yaşayırıq, XIX əsrdə yaşamırıq. Biz sivilizasiyalararası dialoqun inkişafına çalışmalıyıq, xalqlar arasında dostluq, əməkdaşlıq meyillərini gücləndirməliyik. XXI əsrdə başqa ölkənin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü pozmaq, o bölgədə etnik təmizləmə siyasəti aparmaq, Xocalı soyqırımı törətmək kimi cinayətlər cavabsız qalmamalıdır. Beynəlxalq birlik nəinki öz qətnamələri və qərarları ilə, praktiki addımlarla bu məsələnin tezliklə həll olunmasına çalışmalıdır. Hər halda bundan sonra da çalışacağıq ki, məsələ daim gündəlikdə, bütün beynəlxalq təşkilatların gündəliyində qalsın. Əlbəttə ki, biz dost, qardaş ölkələrin dəstəyinə görə minnətdarıq. İlk növbədə qardaş Türkiyəyə minnətdarıq ki, bütün dövrlərdə daim Azərbaycanın yanında olmuşdur. Bütün beynəlxalq təşkilatlarda Azərbaycana dəstək olmuşdur. Öz fikrini, öz mövqeyini açıq ifadə etmişdir. Türk dünyasında yaşayan və bizə dəstək olan bütün qardaşlarıma bu gün bu gözəl şəhərdən müraciət edib minnətdarlığımı bildirmək istəyirəm.
Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək. Mən xüsusilə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün dünən imzalanan çox vacib sazişi bu gün vurğulamaq istəyirəm. Dünən Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası yaradılıbdır. Əminəm ki, Şuranın fəaliyyəti çox uğurlu olacaqdır."
Dövlət başçısı ölkəmiizin Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə böyük önəm verdiyini və son illər bu iki qardaş ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini dilə gətirdi: "Bu gün əziz qardaşım Abdullah bəy qeyd etdi ki, enerji təhlükəsizliyi məsələlərində biz birgə çalışırıq. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdə bu məsələ xüsusi çəkiyə malikdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri demək olar ki, bölgənin enerji xəritəsinə böyük töhfə verdi, yəni enerji xəritəsini zənginləşdirdi. Bu yollar, bu dəhlizlər açılandan sonra bu dəhlizlər vasitəsilə Xəzər dənizinin şərq sahillərindən təbii ehtiyatlar nəql edilir. Bu gün Qazaxıstandan, Türkmənistandan neft məhsulları Azərbaycan ərazisindən dünya bazarlarına, o cümlədən Türkiyəyə və Türkiyə ərazisindən dünya bazarlarına çıxarılır. Əminəm ki, gələcəkdə bu əməkdaşlığın daha da böyük faydası olacaqdır. Bu sahədə aramızdakı çoxtərəfli əməkdaşlığa böyük ehtiyac vardır. Xəzər hövzəsində yerləşən ölkələrdə zəngin təbii ehtiyatlar vardır. Türkiyə bizim üçün həm böyük bazardır, eyni zamanda, qardaş ölkənin tranzit imkanları da genişdir. Biz bu sahədə səylərimizi daha da artırsaq, bu, hər bir ölkənin gücləndirilməsinə xidmət göstərəcəkdir.
Bu gün biz dəmir yolu layihəsi üzərində fəal çalışırıq. Bakı-Tbilisi-Qars dəmir yolu nəinki Türkiyəni Azərbaycanla, Türkiyəni Orta Asiya ilə birləşdirəcək, Avropanı Orta Asiya ilə birləşdirəcəkdir. Bu yol həm iqtisadi cəhətdən çox cəlbedicidir, həm də ki, qardaş ölkələri birləşdirəcəkdir. Zirvə görüşündə digər dövlət başçıları da çıxış etdilər. Tədbirdə TÜRKSOY-un və TürkPA-nın fəaliyyətinə dair məlumatlar dinlənildi. Sonda dövlət başçıları zirvə toplantısının yekun sənədini imzaladılar. Qərara alındı ki, növbəti zirvə toplantıları 2011-ci ildə Qazaxıstanda, 2012-ci ildə Qırğızıstanda keçirilsin. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının İstanbulda yerləşəcək Katibliyinə rəhbər təyin olundu. Türkiyə Prezidenti Abdullah Gül tərəfindən dövlət başçılarının şərəfinə rəsmi nahar verilib. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edib.

Digər xəbərlər