Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsi çərçivəsində birgə müəssisəsinin yaradılmasına dair anlaşma memorandumu və yeni şirkətin nizamnaməsinin layihəsi imzalanıb. Anlaşma memorandumu və nizamnamənin layihəsini ARDNŞ, Gürcüstan Neft-Qaz Korporasiyası və Rumıniyanın "ROMGAS" şirkətinin rəhbərləri imzalayıb. Yaradılan şirkət layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq, potensial investorları cəlb edəcək və s. məsələləri həll edəcək.
Şirkət Rumıniya qanunvericiliyi əsasında yaradılacaq və Buxarestdə qeydiyyatdan keçəcək. 2010-cu ilin oktyabr ayının ilk dekadasında Buxarestdə hər üç ölkənin işçi qrupu yeni şirkətin əsasnaməsini müzakirə edərək təsdiqləyəcək.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. Layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır.
Rumıniyaya Gürcüstan vasitəsilə göndəriləcək Azərbaycan qazının ilk versiyada həcmi 2 mlrd. kubmetr, ikinci versiyada- 5 mlrd. kubmetr, üçüncü versiya üzrə isə 8 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir. Həcmdən asılı olaraq layihənin dəyəri də 1,2-4,5 mlrd. avro məbləğində dəyişə bilər. Lakin yekun həcm və məbləğ texniki-iqtisadi əsaslandırma hazır olandan sonra müəyyənləşəcək.
Azərbaycan, Gürcüstan və Rumıniya energetika nazirlərinin mayeləşdirilmiş qaz kəməri layihəsinə bağlı imzaladıqları saziş geosiyasi kontekstdə geniş maraq doğurub. Ekspertlər də Azərbaycanın bu layihədən böyük dividendlər götürəcəyini qeyd edirlər.
"Azərbaycan enerji ixrac edən ölkədir. Lakin həmin qazı ixrac etmək üçün alternativ variantlar lazımdır". Bu sözləri SİA-ya iqtisadçı ekspert Əli Əlirzayev AGRI layihəsinə dair açıqlamasında deyib. O bildirib ki, belə bir layihənin həyata keçirilməsi və Azərbaycanın bu layihədə qaz istehsal edən bir ölkə kimi aparıcı rol oynaması ölkəmiz üçün əhəmiyyətlidir. Layihənin ölkəmizin gələcək iqtisadi inkişafı üçün xüsusi önəm kəsb etdiyini dilə gətirən ekspert söyləyib ki, bu da Azərbaycanın Avropaya inteqrasiyasının bir formasıdır.
Onun sözlərinə görə, AGRI layihəsi əsasında Azərbaycanın iqtisadi gəlirləri artacaq. Bu layihənin ölkəmizin iqtisadi maraqları ilə üst-üstə düşdüyünü dilə gətirən Ə.Əlirzayev bildirib ki, ümumiyyətlə, hər hansı bir layihə həyata keçirilməzdən əvvəl geniş müzakirə olunur, bəyəniləndən, müəyyən qərarlar qəbul olunduqdan sonra layihə həyata keçirilir. Onun sözlərinə görə, AGRI layihəsində Azərbaycan aparıcı rolu oynacaq. Bu da bizim üçün iqtisadi baxımdan daha səmərəlidir.
Açıqlaması zamanı Macarıstanın da AGRI layihəsinə qoşulması ilə bağlı verdiyi təklifə də toxunan ekspert bunu müsbət qiiymətləndirib. O bildirib ki, Avropanın mərkəzində olan bir ölkənin bu layihəyə qoşulması Azərbaycan üçün daha geniş imkanlar açır: "Ümumiyyətlə, bu layihəyə daha çox ölkə qoşularsa, həm investisiya, həm kapital, həm də məhsulun yerləşmə məkanı baxımından müsbət haldır. Belə olan halda ölkə qazımız daha çox ölkələrə çıxış qazana bilər".
Beləliklə, qloballaşan dünyanın enerji təchizatında mühüm əhəmiyyətə malik ölkələr sırasında Azərbaycanın rolu daha böyük sürətlə artmaqda davam edir. Artıq bu sahədə dünya dövlətləri ilə sıx əməkdaşlıq edən Azərbaycan enerji məsələsində də ən etibarlı tərəfdaşlardan biri kimi tanınır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan tərəfindən başlanılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri enerji mənbələrinin şaxələndirilməsi sahəsində regionda tamamilə yeni vəziyyət yaradıb. Hazırda Avropanın nativ marşrutlarla təbii qazla təmin olunmasında əsas diqqət də məhz Azərbaycana yönəlib.
Məlum olduğu kimi, Qərb dövlətləri Xəzər hövzəsinə çıxış imkanı əldə etmək və neft idxalında nativ imkanlar qazanmağa birqütblü enerji asılılığından azad olmaq üçün əsas vasitə kimi yanaşırlar. Bu amil Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyini və nüfuzunu daha da artırır, respublikanın Avroatlantik məkana inteqrasiyası üçün geniş şərait yaradır.
Ekspertlər bu memorandumun imzalanmasından sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, o cümlədən, "Nabucco" layihəsinin reallaşmasında daha aktiv iştirak edəcəyini proqnozlaşdırdılar. 2008-ci ilin noyabrında Bakıda keçirilən IV Enerji Sammiti də enerji nəqli dəhlizlərinin yaradılmasının bütün dünyanın marağında olduğunu bir daha nümayiş etdirib.
21 ölkənin nümayəndələrinin və diplomatların, o cümlədən, 6 dövlətin prezidentlərinin qatıldıqları sammitdə çıxış edənlər bir daha bildiriblər ki, "Nabucco" layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həyati əhəmiyyət daşıyır və Avropa Birliyi ilə Azərbaycan bu istiqamətdə sıx əməkdaşlıq etməlidirlər. Sammitin yekunlarına dair qəbul olunmuş Bəyannamədə qeyd olunur ki, sammit iştirakçıları enerji resurslarının hasilatçı, tranzit və istehlakçı ölkələri arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, regional investisiya enerji layihələrinin həyata keçirilməsi üçün zəruri əlverişli şərait yaradılmasına tərəfdar olduğunu təsdiq edirlər.
"Nabucco" layihəsinin reallaşdırılması istiqamətində növbəti mühüm addım isə 2009-cu ilin yanvarında Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş enerji sammiti oldu. Budapeşt sammitində çıxış edən Prezident İlham Əliyev ölkəsinin Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynadığını, Azərbaycanın etibarlı tərəfdaş dövlət olduğunu və öz təbii sərvətlərini Xəzər hövzəsindən Avropaya nəql etdiyini bildirib.
Bu layihə çərçivəsində yaxşı tərəfdaşlıq əlaqələrinin yaranacağına əmin olduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa Birliyinə və Avroatlantik məkana inteqrasiyaya üstünlük verir və bu siyasət bundan sonra da davam etdiriləcək.
Beləliklə, yaxın illərdə Azərbaycanın önəmli rol oynayacağı növbəti qlobal layihənin reallaşmasının şahidi olacağıq. Bu isə Azərbaycanın bölgənin enerji ehtiyatlarının dünya bazarına nəqlində strateji önəm daşıyan ölkə statusunu daha da möhkəmləndirəcək. Eyni zamanda, ölkəmizin iqtisadi inkişafına önəmli dərəcədə töhfə verəcək.
Elçin Bayramlı
Qeyd: Yazı Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində sahibkarlığın inkişafına informasiya dəstəyi" layihəsi çərçivəsində hazırlanıb.