AGRİ layihəsinin çox yaxşı gələcəyi var
Xəbər verdiyimiz kimi, sentyabrın 14-də AGRİ layihəsinə dair Bakı Bəyannaməsi imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban birgə mətbuat konfransı keçiriblər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək bildirdi ki, imzalanan AGRİ layihəsi olduqca mühüm əhəmiyyət kəsb edir və bu layihənin çox böyük gələcəyi var. Prezident İlham Əliyev daha sonra xüsusi olaraq qeyd etdi ki, bu layihənin üzərində uzun müddət gərgin və səmərəli iş aparılıb:
- Hörmətli xanımlar və cənablar!
Mən hamını bu əlamətdar hadisə ilə bağlı təbrik etmək istərdim. Biz indicə AGRİ layihəsi üzrə mühüm bir bəyannamə imzaladıq. Bu layihə üzərində biz uzun müddət çalışmışıq. Bu layihənin nisbətən yeni bir layihə olmasına baxmayaraq, onun çox yaxşı gələcəyi vardır. Biz bu gün bunu müzakirə etdik. Ölkələrimizin liderlərinin, insanlarımızın, şirkətlərin və nazirliklərin təmsilçilərinin bizim bir araya gəlməyimiz üçün etdiyi səylər artıq yaxşı nəticələr verib. Biz böyük bir inkişafın başlanğıcındayıq və əminəm ki, bu inkişaf uğurlu olacaqdır.
Bu layihəni sürətlə irəliyə aparmaq üçün bizə lazım olan hər bir şey vardır. İlk növbədə bizim çox güclü siyasi iradəmiz vardır. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə sıx əməkdaşlıq mövcuddur. Bugünkü sammit bunun yaxşı göstəricisidir. Bizim böyük həcmdə təbii ehtiyatlarımız vardır. Azərbaycan "Şahdəniz" və digər qaz yataqlarında hasilatı artırmaq üçün öz töhfələrini verəcəkdir. Bizim etibarlı nəqletmə və tranzit marşrutlarımız mövcuddur. Bizim dost qismində istehlakçılarımız vardır. Onların qaz təchizatının əlavə mənbələrinə ehtiyacları vardır. Əgər biz istənilən potensial enerji layihəsində bütün əhəmiyyətli elementləri bir araya qoysaq görərik ki, mənzərə çox vədedicidir. Zənnimcə, imzaladığımız bəyannaməni hansı sürətlə və səmərə ilə icra etməyimizdən, texniki əsaslandırmanı hansı sürətlə və səmərə ilə hazırlamağımızdan və təbii ki, maliyyə ehtiyatlarının artırılmasından, bütün təcrübə və texniki bacarıqlarımızın istifadəsindən çox şey asılı olacaqdır.
Nəhəng enerji layihələrini irəliyə aparmaq və icra etmək təcrübəsi, əminəm ki, bizə uğur gətirəcəkdir." Azərbaycan Prezidenti ümidvar olduğunu qeyd etdi ki, imzalanma mərasimi və aparılan danışıqlar, şirkətlərin və nazirliklərin nümayəndələrinə verilmiş göstərişlər gələcəkdə uğurun əldə olunması üçün öz rolunu oynayacaqdır."
Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ bəyanatla çıxış edərək bildirdi ki, bu mühüm layihənin reallaşdırılması əsl tarixdir. Gürcüstan Prezidenti göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi: "Mən Bakıya tez-tez gəlirəm və hər dəfə buraya gələndə bu şəhərin təkcə həmişə inkişaf etdiyini deyil, onun parlaq gələcəyə sürətlə addımladığının şahidi oluram. Əslində, çox canlı şəhərdir, burada həmişə nə isə baş verir. Dünən bizim İçərişəhəri gəzmək və şəhərdə aparılan yeni tikinti işləri ilə yaxından tanış olmaq üçün gözəl imkanımız oldu. Bilirsiniz, bu siyasət elə bir fakta, elə bir fikrə əsaslanır ki, Azərbaycanın bütün gəlirləri insanların, xalqın rifahına yönəlməlidir. Azərbaycanda məhz belə nəticələr əldə olunur. Düşünürəm ki, bunun əsasında davamlı, uzaqgörən siyasət dayanır. Bakının gözəlliyi və Prezident İlham Əliyevin ruh yüksəkliyi, onun öz ölkəsinin gözəl gələcəyini necə təmin etməsinə dair baxışları məndə dərin təəssüratlar yaratdı.
Bir daha, qeyd etmək istərdim ki, bu gün burada baş verənlər tarixdir. Əgər xəritəyə nəzər yetirsəniz, görərsiniz ki, bu, enerji daşımaları üçün ən məntiqi marşrutdur. Belə ki, bu, düz xətt üzərində yerləşir və ən qısa yoldur. O, Qara dənizdən min yüz kilometr məsafəni əhatə etməklə, enerji ehtiyatlarının Xəzər dənizindən Avropa istiqamətinə daşınmasında ən qısa yoldur. Bu layihənin daha öncə ərsəyə gəlməməsinin səbəbi burada üçüncü tərəflərin müəyyənləşdirilməməsi idi. Eyni zamanda, biz Türkiyə ərazisindən keçəcək Nabukko boru kəmərini də tam dəstəkləyirik. Lakin AGRİ layihəsi şübhəsiz ki, ən məntiqi və qısa yoldur. Prezident Trayan Besesku da bu layihənin sadəliyini görənlərdən biri oldu, o da bu layihəyə "hə" dedi, lazımi işləri həyata keçirdi. Bu gün biz Macarıstanın Baş naziri Viktor Orbanı burada görməyimizə şadıq. Zənnimcə, bu, onun ölkəsi üçün, "Şərq Tərəfdaşlığı" proqramı üçün vacib məsələdir."
Rumıniya Prezidenti Trayan BESESKU bəyanatla çıxış edərək əldə olunan razılıqla əlaqədar öz həmkarlarını təbrik etdi. Rumıniya Prezidenti vurğuladı ki, bu layihə ilk növbədə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"na doğru yanaşmasının sübutudur:
- İlk növbədə icazə verin, mən öz həmkarlarımı təbrik edim, çünki biz razılıq əldə etdik. Bəyannamədə qeyd edildiyi kimi, biz bu layihəni reallaşdırmaqda qərarlı olduğumuzu açıqladıq. Mən hesab edirəm ki, bu layihə ilk növbədə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"na doğru yanaşmasının sübutudur. Bu layihə sübut edir ki, Avropa İttifaqı sərhədlərinin şərq hissəsində yerləşən ölkələr hər iki tərəfin maraqları çərçivəsində əməkdaşlıq edə bilər. Layihə, eyni zamanda, Avropa İttifaqının açıq bazarı təmin etmək məqsədilə alternativ yollar yaratmaq strategiyasına uyğun gəlir. Həmçinin bu layihə Qara dənizin iki tərəfini birləşdirən, demək olar ki, ən mühüm layihədir.
Uzun müddət mən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarda belə bir fikri dəstəkləmişəm ki, Avropa İttifaqının, hətta NATO-nun təhlükəsizliyi Xəzər dənizi regionunda və Mərkəzi Asiyada baş verən hadisələrdən çox asılıdır. Bu layihə Avropa İttifaqı ölkələri, Xəzər dənizi və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa öz töhfəsini verəcəkdir. Mən əminəm ki, Azərbaycan hazırda layihənin ilk təminatçısıdır. Lakin Azərbaycan layihənin yeganə təminatçısı olmayacaqdır. Bundan əlavə, layihə Avropa İttifaqının şərq hissəsinin enerji təhlükəsizliyi sahəsinə daxil olmaqla, bu sahəyə də öz töhfəsini verəcəkdir."
Macarıstanın Baş naziri Viktor ORBAN isə öz bəyanatında vurğuladı ki, Macarıstan uzun müddət bu ərazi ilə Avropa İttifaqı arasında əməkdaşlığın qurulmasına kömək edəcək. Baş nazir həmçinin hazırpda əməkdaşlıq üçün doğru zaman olduğunu önə çəkərək xatırlatdı ki, bu hamıya uğur gətirəcək əməkdaşlıqdır:
"Cənab Prezident, icazə versəniz, mən üç məsələyə toxunmaq istərdim. Əvvəlcə bizim kiminsə qalib gələcəyi və ya kiminsə məğlub olacağı fəlsəfəsinə əsaslanan əməkdaşlıq və ittifaqlar üzrə təcrübəmiz vardır. Beləliklə, hazırda əməkdaşlıq üçün doğru zamandır. Çünki bu, bütün tərəfləri qane edən bir vəziyyətdir. Bu, hamıya uğur gətirəcək əməkdaşlıqdır. Bu əməkdaşlığın bütün tərəflərə fayda gətirəcəyi üçün biz çox məmnunuq. Bu, dünya siyasətinin gələcək onillikləri üçün bir müjdədir.
Qeyd etmək istədiyim ikinci məsələ isə, hər bir macarın düşüncəsində olan şaxələndirmə məsələsidir. Əgər biz marşrutları və mənbələri ayırmasaq, enerji bazarında rəqabət yaranmayacaqdır. Enerji bazarında rəqabət olmasa, biz həmin biznes sahəsini siyasiləşdirmiş olacağıq. Enerji və siyasətin birləşməsi isə hamımız üçün bir çox problemlər yaradır. Bu səbəbdən, şaxələndirmə bu vəziyyətdən çıxış yolu və rəqabəti təmin edəcək amildir. Bu investisiya və əməkdaşlıq marşrut və mənbələrimizin şaxələndirilməsinin gözəl nümunəsidir. Biz bu layihəyə ciddi yanaşırıq və Rumıniya ilə əməkdaşlıq zamanı əlimizdən gələni edəcəyik ki, bu layihənin bütün Avropa İttifaqı üçün rəqabətə davamlı bir layihə olduğunu göstərə bilək. Biz layihənin sabit təməlini bu yolla təmin edəcəyik."