Son illər Azərbaycanın yüksək inkişaf mərhələsinə qədəm qoyması ölkəmizin dünyada lider mövqeyə çıxmasına zəmin yaradıb. Hazırda ölkəmizin sürətli iqtisadi inkişafı sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünya təcrübəsindən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər əhalinin sosial müdafiəsini gücləndirməsində mühüm rol oynamaqdadır.
Ölkə Prezidenti İlham Əliyevin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı bu sahədə inkişafa nail olunmasını şərtləndirib. Belə ki, son illər ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadi artımın davamlılığı təmin edilib, əhalinin gəlirlərinin artmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunub. Həmçinin, respublikamızda sosial problemlərin, o cümlədən, yoxsulluq probleminin həlli istiqamətində ölkə Prezidenti İlham Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" xüsusi əhəmiyyətə malik olub.
Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,2 faizə endirilib. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılıb və 2007-ci ilin axırına yaxın yoxsulluq səviyyəsi 15,8 faiz təşkil edib. Bu il isə, bu rəqəm 13 faizədək endirilib.
Ölkə iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri əsasında qurulub. Özəl sektorun inkişafı da məhz bunun nəticəsində inkişaf edir. Hazırkı şəraitdə valyuta ehtiyatlarının ölkəyə daxil olması fonunda Azərbaycanın bütün sahələr üzrə yüksək templə irəliləyişi müşahidə olunur. Strateji valyuta ehtiyatlarının 20 milyarda, dövlət büdcəsinin 15 milyarda çatması hökumətə sosial siyasəti dönmədən həyata keçirməyə imkan verir.
Dünyaya örnək olan inkişaf
Son illər ölkəmizdə qeyri-neft sektorunun dirçəlməsində, regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasında, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında, yoxsulluğun səviyyəsinin azaldılmasında böyük uğurlar əldə edilmişdir. Hazırkı mərhələdə başlıca vəzifə iqtisadiyyatın həm sahəvi, həm də regional baxımdan tarazlı inkişafının təmin edilməsindən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən sosial-iqtisadi tədbirlər məhz bu vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, sosial məsələlərin həllinə mühüm əhəmiyyət verilir. Ölkə Prezidenti İlham Əliyev sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsində bildirmişdir: "Biz, həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir, ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur. Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Amma, əlbəttə ki, biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq...".
Bu faktı da qeyd etmək lazımdır ki, ölkəmizin əldə etdiyi uğurlarda və davamlı iqtisadi inkişafa nail olunmasında qəbul edilmiş dövlət proqramlarının rolu xüsusi qeyd edilməlidir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər proqramlara əsasən, ölkə iqtisadiyyatının gücləndirilməsi, tarazlı inkişaf etdirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, sürətli regional inkişafın təmin olunması, regionlarda infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, xalqın rifah halının daha da yüksəldilməsi, əhalinin etibarlı ərzaq təminatının ödənilməsi üçün makroiqtisadi sabitliyin qorunması, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa, xüsusilə, regional sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması və s. istiqamətində ciddi uğurlar əldə edilmişdir. Bütün bunlar dövlət proqramlarının real nəticələrinin çox az bir hissəsidir. Xatırladaq ki, ölkə Prezidentinin rəhbərliyi və daimi diqqəti altında özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycanın büdcə siyasətində də mühüm uğurlar əldə edilmişdir. Belə ki, büdcədə tətbiq edilən makroiqtisadi göstəricilər mövcud maliyyə-kredit siyasətinin daha sürətlə davam etdirilməsini, iqtisadiyyatın idarə olunmasında büdcənin iştirakını, istehsalın həcminin və səmərəliliyinin artırılmasını, inflyasiyanın sabit saxlanılmasını, maliyyə intizamının gücləndirilməsini və xərclərin şəffaflığının təmin edilməsini özündə əks etdirir. Ölkənin sosial-iqtisadi inkişafında dövlət büdcəsinin nə dərəcədə ciddi rol oynadığının əlavə şərhinə ehtiyac yoxdur. Son illər büdcə sisteminin formalaşması və inkişafı istiqamətində xeyli müsbət dəyişikliklər baş vermişdir. Maliyyə Nazirliyi tərəfindən büdcə siyasətinin təkmilləşməsi, zəruri ehtiyaclar üçün maliyyə mənbələrinin səfərbər edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bununla bərabər yeni vəzifələr maliyyə sistemi qarşısında da müvafiq tələblər qoyur. Onu da qeyd edək ki, bu gün ölkədə effektiv maliyyə sektoru mövcuddur. Təbii ki, bu da maliyyə bazarının genişlənməsi, uğurlu büdcə siyasəti ilə bağlıdır. Bu halda vətəndaşlar maddi resurslardan səmərəli istifadə edə bilirlər. Bu zaman maddi resurslar siyasi məqsədlərdən çox, iş adamlarının əlində cəmləşdirilir, ya da sərmayə layihələrinə istiqamətləndirilir.
Göründüyü kimi, iqtisadi inkişafımızın dinamikası son illər Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyindən xəbər verir. Bu barədə Prezident İlham Əliyev demişdir: "Bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır. Bu siyasət davam etdirilir və ona alternativ siyasət yoxdur. Alternativ siyasət aparmaq istəyənlər iflasa uğradılar. Həm özlərini, həm də ölkəmizi uçurum kənarına gətirib çıxardılar. Biz buna yol verə bilmərik. Azərbaycanın qarşısında gözəl perspektivlər var. Çox aydın üfüqlər var..."
İqtisadiyyatı güclü olan dövlət bütün sahələrdə inkişafa nail olur
İqtisadiyyatı güclü olan dövlət bütün sahələrdə inkişafa nail ola bilər. Bu, dünya təcrübəsində sınaqdan çıxmış yoldur. Əvvəl iqtisadi tərəqqiyə nail olunur, ardınca bütün sahələrdə inkişaf yaranır. Beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlığın genişləndirilməsində iqtisadi potensialın böyük əhəmiyyəti var.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və sosial-iqtisadi modernləşməyə əsaslanan yüksək inkişaf strategiyası hazırda öz bəhrəsini verməkdədir. Son dövrdə iqtisadiyyatın inkişafı, makroiqtisadi sabitliyin qorunub saxlanması, effektli xarici siyasət Prezident İlham Əliyevin fəaliyyətinin mühüm uğurları ilə əlamətdar oldu. Ölkə başçısının həyata keçirdiyi iqtisadi islahatlar xalqın sosial-iqtisadi təminatının yaxşılaşmasına yönəldi. Demokratiya və müstəqillik ideyalarına sadiq qalan Prezident İlham Əliyev ölkənin milli mənafeyini yüksək səviyyədə təmin edir.
Beləliklə, ölkəmizin son illərə və aylara aid iqtisadi vəziyyətinin qısaca təhlilindən bu nəticəyə gəlmək mümkündür ki, ölkəmizdə bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi uğurlar ulu öndərin layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyev tərəfindən daha genişmiqyaslı və fundamental şəkildə davam etdirilir.
Qeyd: Yazı Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində sahibkarlığın inkişafına informasiya dəstəyi" layihəsi çərçivəsində hazırlanıb