Latviyanın sabiq prezidenti İçərişəhərdə olub
BMT-nın Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi ilə tanış olub. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbrə görə, elektromobillərlə başlanan gəzinti zamanı İçəri Şəhər, Qoşa Qala Qapıları və yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar qonağın diqqətinə çatdırılıb.Böyük İpək yolunun üstündə yerləşən Multanı və Buxara karvansaralarının Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verdiyi və öz ilkin memarlıq quruluşunun saxladığı qeyd olunub. İçəri Şəhərin qədim abidələrindən olan Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisində yenidən təşkil edilən ekspozisiya ilə tanışlıq zamanı bu işlərin Avstriyalı mütəxəssislərin hazırladığı layihə əsasında ən müasir beynəlxalq tələblərə uyğun həyata keçirildiyi bildirilib.
Xəzər dənizinin kənarında dənizə doğru mailli nəhəng bir qayanın üzərində silindirik formada tikilən, nadir quruluşa malik Qız Qalasının Bakının simvolu və YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş abidə olduğu vurğulanıb. Qonaq "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"nda olubvə burada sərgilənən tanınan Azərbaycan rəssamlarının İçəri Şəhərə həsr olunan rəsm əsərlərinə tamaşa edib. Sonda xanım Vayra Vike-Freyberqa İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini yazıb.