Sentyabrın 14-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rumıniya Prezidenti Trayan Beseskunun, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü olub. SİA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tədbir keçirilən binada Rumıniyanın və Gürcüstanın prezidentlərini, Macarıstanın Baş nazirini qarşılayıb. Görüş iştirakçıları əvvəlcə rəsmi foto çəkdiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" (AGRİ) layihəsinə həsr olunmuş görüşü açaraq, qonaqları salamlayıb.
Azərbaycanın neft-qaz sahəsində böyük ənənələri var
Dövlətimizin başçısı Azərbaycanda neft və qaz hasilatının tarixi haqqında danışaraq bildirib ki, ölkəmiz dünyada neft hasil edən ilk ölkələrdən biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neft və qaz yataqlarının işlənməsində beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayıb: " Bildiyiniz kimi, Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk neft Azərbaycanda hasil olunub və beləliklə, neft və qaz sahəsində bizim böyük ənənələrimiz vardır. Açıq dənizdə dünyada ilk neft də Azərbaycanda hasil olunub."
Prezident İlham Əliyev daha sonra vurğulayıb ki, ötən əsrin ortalarında Sovet İttifaqında əldə olunan neftin böyük hissəsi Azərbaycanda hasil edilirdi: "Lakin Sovet İttifaqı süquta uğradıqdan sonra ciddi çətinliklərlə üzləşmişdik. O zaman neft və qaz hasilatında böyük tənəzzül və özümüzü daha tam idarə edə bilməmək təhlükəsi var idi. Beləliklə, mövqelərimizi bərpa etməyin yeganə yolu xarici sərmayələrin cəlb olunması üçün ciddi çalışmaq idi. Bu istiqamətdə siyasətimiz uğurlu oldu və 1994-cü ildə ilk əsas neft müqaviləsi imzalandı. Bu, sonralar "Əsrin müqaviləsi" adlandırıldı və bizə neft və qaz sahəsinə milyardlarla birbaşa xarici sərmayə cəlb etməyə imkan verdi. Xəzər dənizində yeni tərəfdaşlıq ruhu yaratdı. Xəzər dənizi beynəlxalq sərmayələr üçün ilk dəfə açıq oldu və bu, tərəfdaşlarımızla qarşılıqlı maraqlar əsasında çox fəal və hərtərəfli əməkdaşlığa başlamağımıza şərait yaratdı".
Enerji sahəsində şaxələndirmə siyasəti yeni mənzərə yaradır
Azərbaycanın enerji daşıyıcılarının ixracında şaxələndirmə siyasətinə üstünlük verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, neftin və qazın müxtəlif istiqamətlərdə nəqli üçün ölkəmizdə yaxşı infrastruktur yaradılıb, yeni boru kəmərləri çəkilib: "Mən bütün bunların necə baş verdiyini və həmin əməkdaşlığın nəticələrinin nədən ibarət olduğunu qısaca xatırladıram. Zənnimcə, ən böyük nəticə neft və qaz sahəsində güclü əməkdaşlığın qurulması, enerji dəhlizlərinin yaradılması oldu ki, Azərbaycanın karbohidrogen ehtiyatları ilk dəfə Qərb istiqamətinə nəql olunmağa başlandı. İlk dəfə olaraq enerji infrastrukturu Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirdi. Bu, təkcə karbohidrogen ehtiyatların hasilatı və satılması məsələsi deyildi. Bu, böyük məna kəsb edirdi və geniş regional əməkdaşlığa yol açdı və hazırda geniş beynəlxalq əməkdaşlığa çevrilmişdir.
Hazırda neft və qaz təchizatının şaxələndirilməsində əldə etdiyimiz yaxşı nəticələr tamamilə yeni mənzərə yaradır. Biz bu sərmayələri iqtisadiyyatı şaxələndirmək, digər sahələrə cəlb etmək və eyni zamanda, yeni layihələr üzərində çalışmaq üçün istifadə etməyə nail olduq. Bakı-Tbilisi-Ceyhan bu istiqamətdə ilk addım oldu."
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan enerji sahəsində regional və beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir: "Cənubi Qafqaz adlandırılan qaz boru kəməri isə bizə qonşu bazarlara nəinki nefti, hətta qazı ixrac etməyə imkan yaratdı. Biz karbohidrogen ehtiyatların kənar təchizat asılılığından yaranan vəziyyətdən yaxşı xəbərdarıq. Çünki bir müddət biz də təbii qazı idxal edirdik.
Biz, eyni zamanda, Xəzər dənizinin şərqindəki tərəfdaşlarımız üçün tranzit ölkə olmuşuq. Bu gün də belədir və biz həm hasilatçı, həm də ixracatçıyıq. Biz mühüm regional layihələri həyata keçirmişik və indi də həyata keçiririk. Düşünürəm ki, hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı maraqlar tarazlığı və regional əməkdaşlığın bu üç vacib seqmenti arasındakı qarşılıqlı anlaşma mühüm əhəmiyyət daşıyır. Fikrimcə, bu gün maraqlar tarazlığının təmin olunduğu bir vəziyyət yaranıb və hamı - hasilatçılar, tranzit ölkələr və istehlakçılar bundan yararlanacaqdır. Daha sonra ölkələrimiz də, xalqlarımız da bundan faydalanacaq və bu, regional əməkdaşlıqda yeni mərhələyə gətirib çıxaracaqdır".
"Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" layihəsinin böyük potensialı var
"Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" layihəsinin enerji sahəsində əməkdaşlıqda yeni mərhələ açdığını vurğulayan Prezident İlham Əliyev layihənin böyük potensialı olduğunu deyib: " Bu gün biz Gürcüstan, Rumıniya və Macarıstandan gələn qonaqların iştirakını nəzərə alaraq, Qara dəniz-Xəzər dənizi əməkdaşlığından ciddi danışa bilərik. Biz bu layihəyə bir neçə il bundan əvvəl Bakıdan Supsaya, Qara dənizin Gürcüstan sahilinə uzanan boru kəmərinin tikintisi ilə başladıq. Bir qədər əvvəl qeyd etdiyim kimi, biz Xəzər dənizinin və Qara dənizin hövzələrini birləşdirdik. Əminəm ki, bu görüşün nəticəsi olaraq bu marşrutun genişləndirilməsi və yeni layihələr yeni imkanlar açacaq, ölkələrimiz arasında daha sıx əlaqələrin yaranmasına şərait yaradacaqdır".
Dövlət başçısı bildirib ki, bugünkü sammitin keçirilməsinin əsas səbəblərindən biri burada təmsil olunan ölkələr arasında mövcud olan möhkəm əlaqələrdir: "Bizim Gürcüstan, Rumıniya və Macarıstan ilə yaxşı ikitərəfli əlaqələrimiz vardır. Bu əlaqələrin genişlənəcəyinə, müxtəlif sahələrdə daha da inkişaf edəcəyinə əminəm. Hesab edirəm ki, enerji amili bu əlaqələrin mühüm elementidir, lakin biz təkcə enerji əməkdaşlığı ilə kifayətlənməməliyik. Enerji sahəsində əməkdaşlıq iqtisadiyyatımızın bütün digər sektorlarına mühüm yol açacaq və təbii ki, biz siyasi əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün çalışacağıq".
Yeni nəqliyyat marşrutlarının çəkilməsi vacibdir
Gürcüstan Prezidenti Mixeil Saakaşvili regional enerji əməkdaşlığında Azərbaycanın rolunu xüsusi vurğulayıb. O, enerjidaşıyıcılarının nəqlində Gürcüstanın tranzit rolu barədə danışıb. M.Saakaşvili qeyd edib ki, bu layihənin böyük perspektivi var və enerji təhlükəsizliyinin mühüm amilə çevrildiyi indiki məqamda dünyada yeni nəql marşrutlarının çəkilməsi vacibdir: "Böyük adət-ənənə vardır. Bu ənənənin önündə Azərbaycan gedir. Prezident İlham Əliyev qeyd etdi ki, dünyada neft ilk olaraq Azərbaycanda hasil edilmişdir. Bəli, ilk neft burada hasil olunmuş və Gürcüstanda Batumi vasitəsilə dünyaya ixrac edilmişdir. Dünya tarixində ilk boru kəməri, həmçinin Bakıdan Batumiyə çəkilən boru kəməri olmuşdur. İlk tankerlər də Azərbaycan neftinin Gürcüstanın Batumi limanından Avropa istiqamətində daşınması məqsədi ilə inşa edilmişdir. Zənnimcə, biz bu dəhlizin müəllifləriyik. Əgər coğrafiyaya nəzər yetirsəniz görərsiniz ki, bir çox dəyişikliklər baş vermişdir. Mərhum Prezident Heydər Əliyevin dövründən əvvəl Gürcüstanda yalnız iki liman var idi - Poti və Batumi. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi tarazlı siyasət nəticəsində Gürcüstanda əlavə iki liman yaradıldı - Supsa və Kulevi. Bu, böyük inkişafdır".
Mixeil Saakaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən xüsusi olaraq danışıb və bildirib ki, Asiyadan başlayan və Azərbaycan ərazisindən keçən bu dəmir yolu Avropaya qədər uzanacaqdır. Gürcüstan Prezidenti onu da deyib ki, Azərbaycan və Gürcüstanın birgə iştirak etdiyi Bakı-Tbilisi-Ceyhan layihəsində qazanılan təcrübə AGRİ layihəsinin də həyata keçirilməsində mühüm rol oynayacaq.
Mixeil Saakaşvili vurğulayıb ki, ölkəsi Azərbaycan ilə birgə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirak edir: "Bu, onu göstərir ki, biz birgə addımlayan ölkələrik". Gürcüstanın dövlət başçısı bu gün Cənub dəhlizi vasitəsilə bir çox ölkələrin enerjidaşıyıcıları ilə təmin olunduğunu və bu məsələdə Azərbaycanın fəallığını diqqətə çatdırıb: "Əgər biz buradakı vəziyyətə diqqətlə nəzər yetirsək görərik ki, Azərbaycanın Avropa istiqamətində enerji təchizatında siyasi baxımdan heç bir dəyişiklik olmayıb. Azərbaycanın enerji ixracı sabit sürətlə artmışdır. Azərbaycan özünü sabit, proqnozlaşdırılan və etibarlı enerji təchizatçısı kimi təqdim edib. Bütün bu işlər şəffaf qaydada aparılıb".
AGRİ bütün tərəfdaş ölkələrə rifah gətirəcək
Rumıniya Prezidenti Trayan Besesku AGRİ layihəsinin ölkəsi üçün əhəmiyyətindən söhbət açıb. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayıb. O bildirib ki, görüşdə iştirak edən dörd ölkə bu gündən AGRİ layihəsinin təsisçiləri kimi tanınacaq: "Biz enerji sahəsində Avropa ilə Xəzər regionunu birləşdirəcək strateji xəttin üzərində işləyən ilk ölkələrik. Qurduğumuz bu tərəfdaşlıq siyasi iradəmizi nümayiş etdirir. Eyni zamanda, AGRİ layihəsinin həyata keçirilməsi bir il əvvəl Azərbaycan ilə Rumıniya arasında imzalanan strateji münasibətlər haqqında sazişə yeni çalar gətirəcəkdir. Avropanın mövqeyi baxımından AGRİ layihəsi Nabukko layihəsinə və Panavropa boru kəmərinə əlavə dəstək olan bir təşəbbüsdür". T.Besesku əlavə edib ki, bu layihənin icrası Rumıniyanın yerləşdiyi regionda da enerji təhlükəsizliyini gücləndirəcəkdir. Rumıniya Prezidenti ölkəsinin və Avropa İttifaqının "Şərq tərəfdaşlığı"na qoşulan ölkələrlə qarşılıqlı tədbirlərə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, bildirib ki, "Şərq tərəfdaşlığı" proqramı həm Qara dəniz, həm də Xəzər dənizi regionunda enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək: "İlk hesablamalara görə, belə bir ümid yaranır ki, AGRİ layihəsinin həyata keçirilməsi bütün tərəfdaş ölkələrə rifah gətirəcəkdir. Siyasi, iqtisadi və texnoloji baxımdan açacağı imkanlarla yanaşı, AGRİ layihəsi sərmayələrin yatırılması və insan resurslarının cəlb olunması baxımından bütün regionun inkişafına töhfə verəcəkdir. AGRİ əsas karbohidrogen hasilatçısı kimi Azərbaycanın rolunu gücləndirəcək".
Rumıniya prezidenti qeyd edib ki, AGRİ layihəsinə gələcəkdə Xəzərin şərq sahilində yerləşən ölkələr də qoşula bilər. "Təchizat yollarının şaxələndirilməsi və davamlı inkişafın təmin edilməsi bu gün Rumıniyanın iqtisadi siyasətinin əsas tərəfləridir", - deyən Trayan Besesku burada əsas amil kimi enerji bazarının liberallaşdırılması və bərpa olunan enerji mənbələrindən istifadənin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Macarıstanın Baş naziri Viktor Orban bu layihəyə qoşulmağın ölkəsi üçün əhəmiyyətini vurğulayıb. Baş nazir qeyd edib ki, Macarıstan AGRİ layihəsində fəal iştirak etməyə hazırdır.
Azərbaycan nəhəng enerji infrastruturuna malikdir
Azərbaycan Prezidenti bir daha Bakıya gələn dövlət və hökumət başçılarına minnətdarlıq edib və bu görüşün layihənin həyata keçirilməsində mühüm əhəmiyyətə malik olduğunu bidlirib.
Sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" layihəsi ilə bağlı təqdimatla çıxış edib. Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban AGRİ layihəsinə dair Bakı Bəyannaməsini imzalayıblar. Daha sonra dövlət və hökumət başçıları birgə mətbuat konfransı keçiriblər.
Prezident İlham Əliyev Bakı Bəyannaməsinin imzalanması münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, ölkələrimiz yaxşı işləyərək müsbət nəticəyə nail olublar. "Biz böyük inkişafın ərəfəsindəyik və bizim güclü iradəmiz vardır", - deyən Prezident İlham Əliyev ölkəmizin malik olduğu nəhəng enerji infrastrukturundan danışıb. Dövlətimizin başçısı deyib ki, Azərbaycanın enerji sahəsində nadir təcrübəsi vardır və tərəflərin maraqlarının tarazlığı AGRİ layihəsinin də həyata keçirilməsinin vacib şərtidir.
"Biz burada tarix yazırıq", - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, şaxələndirmə enerji təhlükəsizliyinin vacib elementidir. Hazırda Azərbaycanın 7 neft-qaz kəməri vardır və bu kəmərlər ölkəmizin neft və qazını müxtəlif istiqamətlərə nəql edir.
Prezident İlham Əliyev qeyd edib ki, hazırda Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir. Milli təhlükəsizliyin ayrılmaz hissəsi olan enerji təhlükəsizliyi indi dünyada vacib amildir. Azərbaycanda bu il 28 milyard kubmetr qazın hasil olunmasının nəzərdə tutulduğunu deyən dövlətimizin başçısı yerli təlabatın ildə 10-11 milyard kubmetr təşkil etdiyini vurğulayıb.
Avropanın enerji təhlükəsizliyinə yeni çalar
Dövlət başçısı bildirib ki, qalan hissə ixrac olunmaqla yanaşı, anbarlara da vurulur. Azərbaycanın indiki ixrac səviyyəsi isə ölkəmizin digər layihələrdə iştirakını məhdudlaşdırmır. "Avropanın enerji təhlükəsizliyi Azərbaycan üçün də maraqlıdır və bu təhlükəsizliyin təmin olunması ölkəmiz üçün də geniş imkanlar açacaq", - deyən Prezident İlham Əliyev bundan sonra layihənin texniki əsaslandırma və maliyyə məsələlərinin həllinə nail olunmasının vacibliyindən danışıb bu məsələdə beynəlxalq maliyyə qurumlarının iştirakının zəruriliyini qeyd edib.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan tərəfinə yüksək təşkilatçılığa görə təşəkkür edib. M.Saakaşvili bildirib ki, hər dəfə Bakıya gələndə yeniliklər görür. Bu da onu göstərir ki, Azərbaycanın inkişafı ilk növbədə xalqın rifahına xidmət edir. Gürcüstanın dövlət başçısı AGRİ layihəsində region ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin də iştirak etməsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu, özlüyündə mühüm hadisədir. Macarıstanın bu layihəyə qoşulması Avropanın enerji təhlükəsizliyinə yeni çalar gətirəcəkdir.
Rumıniya Prezidenti Trayan Besesku bildirib ki, bu layihənin icrası Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır. Layihənin icrası həm də Xəzər regionu ilə Avropa ölkələri arasında əməkdaşlığa təkan verəcəkdir:
"Macarıstanın bu layihəyə qoşulması onun etibarlılığı üçün mühüm elementdir", - deyən Trayan Besesku bildirib ki, layihə öz nadirliyi ilə səmərəliliyə əsaslanır və o, heç bir siyasi qərara söykənmir. Layihənin icrası üçün əsas infrastrukturun mövcud olduğunu deyən Trayan Besesku bildirib ki, mühüm məsələ Rumıniyanın Konstansa və Gürcüstanın Kulevi terminallarının ərazilərində iki qaz terminalının inşasıdır. Bu da onu göstərir ki, bu, ən qənaətcil layihələrdəndir. Texniki əsaslandırma başa çatdıqdan sonra maliyyə məsələlərinin həllinə başlanacaqdır. Terminalların qurulmasına isə özəl sərmayələr cəlb olunacaqdır.
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana gəlməkdən şad olduğunu deyib. Əmin olduğunu bildirib ki, layihə çərçivəsində əməkdaşlıq səmərəliliyi ilə seçiləcəkdir və Macarıstan bu layihəyə sadiqdir. Viktor Orban ölkəsinin Rumıniya ilə birlikdə bu layihənin Avropa qitəsində özünü doğrultması istiqamətində mühüm əməkdaşlıq edəcəyini də diqqətə çatdırıb və əmin olduğunu bildirib ki, bu layihə Avropa İttifaqına töhfə verəcəkdir. Sonra dövlət və hökumət başçıları jurnalistlərin suallarını cavablandırıblar.