Prezident təbrik məktubları göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın milli bayramı münasibətilə Prezident Emoməli Rəhmona təbrik məktubu göndərmişdir. Məktubda deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Xalqlarımızı birləşdirən ənənəvi dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daim geniş imkanlar açır. Əminəm ki, bu imkanlardan səmərəli istifadə olunması məqsədilə bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə, hörmətli Emoməli Şərifoviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram."
* * *
Prezident İlham Əliyev həmçinin Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin sədrini təbrik edib. Prezidentin məktubunda deyilir: "Milli bayramınız - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram."