PDF Oxu

Siyasət

  • 15

Regionlarda yeni iş yerlərinin açılması əhalinin sosial durumunu yaxşılaşdırır

Regionlarda yeni iş yerlərinin açılması əhalinin sosial durumunu yaxşılaşdırır
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçən əsrin 90-cı illərinin ortalarından başlanmış hüquqi-demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib. Bu müddətdə ölkədə iqtisadi və siyasi sabitlik təmin edilib, beynəlxalq aləmdə ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulubdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. "Biz, həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar, orta pensiyaların həcmi təxminən 130 dollar təşkil edir. Bu rəqəmlər ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur" Azərbaycan Prezidentinin hökumətin iclasında söylədiyi bu sözlər dövlətin əhalinin sosial müdafiəsinə nə qədər böyük önəm verdiyini göstərir. Qeyd edək ki, xəstəxanaların, məktəblərin, idman qurğularının, mədəniyyət ocaqlarının tikilməsi üçün konkret işlər görülür. Bakıda və bölgələrdə ilin birinci yarısında açılan gözəl, müasir sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir. Azərbaycanda gedən inkişaf 2010-cu ilin 1-ci yarısının yekunlarında da özünü göstərdi. Bu göstərici insanların həyat səviyyəsində, abadlaşan şəhərlərdə, çəkilən yollarda, tikilən sənaye müəssisələrində özünü göstərir. Bu gün Azərbaycanda işləmək üçün xaricdən işçi qüvvəsi gəlir. Vaxtilə ölkəmizdən başqa şəhərlərə, dövlətlərə getmiş vətəndaşlar da qayıtmağa başlayırlar. Çünki Azərbaycanda sabitlik, ictimai-siyasi asayiş ən yüksək səviyyədədir. Ölkədə özəl sektor inkişaf edir. Sahibkarlığa dəstək məqsədi ilə kreditlər ayrılır, kənd təsərrüfatının inkişafı üçün böyük subsidiyalar qoyulur. İnfrastruktur layihələri, bütün ölkəmizdə yol tikintisi, müasir müəssisələr, qazlaşdırma prosesi sürətlə gedir. Dövlət başçısı cənab İlham Əliyev deyir: "Elə etməliyik ki, ölkəmizin bütün məntəqələrinə kifayət qədər elektrik enerjisi verilsin, qaz problemləri həllini tapsın. Növbəti mərhələdə içməli su, kanalizasiya problemləri bizim üçün prioritet təşkil edir. Ümid edirəm ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızın su-kanalizasiya problemləri həllini tapacaq. Azərbaycan informasiya-kommunikasiya sahəsində MDB məkanında birinci yerə çıxıb. Bu sahə bizdə, demək olar ki, cəmi 5 il əvvəl yaranıb. Ondan əvvəl Azərbaycanda çox adam bilmirdi ki, informasiya-kommunikasiya texnologiyaları nədir. Beş il ərzində biz MDB məkanında birinci olduq". Prezident Azərbaycanın daha da sürətlə inkişaf edəcəyini, müasirləşəcəyini, beləliklə, ölkəmizin uzunmüddətli inkişaf strategiyasının təmin olunacağını bildirir: "Bu strategiya elə qurulmalıdır ki, təbii resurslardan asılılıq minimum səviyyəyə endirilsin. Biz ölkə iqtisadiyyatını elə qurmalıyıq və elə qururuq ki, təkcə bir sahədən asılı olmayaq. Ona görə şaxələndirmə prosesi Azərbaycanda geniş vüsət alıb." 2010-cu ilin birinci yarısında ölkədə 36127 yeni, o cümlədən, 26292 daimi iş yerləri açılıb. 2009-cu ilin yanvarın 1-dən 2010-cu ilin iyulun 1-i vəziyyətinə qədər olan dövr ərzində cəmi 109740, o cümlədən, 80807 daimi iş yerləri yaradılıbdır. Yeni iş yerlərinin 92,7 faizi özəl sektorda, mütləq əksəriyyəti isə qeyri-neft sektorunda yaradılmış daimi iş yerlərinin 6,5 faizi tikinti, 3,9 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 3,1 faizi emal sənayesi, 1,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,4 faizi nəqliyyat və anbar təsərrüfatı və digər sahələrdə açılmışdır. Güclü dövlətin qarantı güclü maliyyə ehtiyatlarıdır Bu gün dünyada ən böyük problem dövlətlərin maliyyə ehtiyatlarını qoruyub saxlamasıdır. Azərbaycanda isə, nəinki artıq güclü maliyyə ehtiyatları yaradılıb və bu ehtiyatlar getdikcə artır. Uğurlu neft siyasəti nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artaraq, 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır. Bu ehtiyatlar imkan verir ki, Azərbaycan iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini təkbaşına həyata keçirə bilər. Ölkə Prezidenti hər zaman neft gəlirlərinin saxlanması və idarə olunmasında şəffaflığın vacibliyini önə çəkir: "Bu, Azərbaycan xalqının sərvətidir. Bildiyiniz kimi, Neft Fondunun gəlirləri və xərcləri haqqında mütəmadi qaydada ictimaiyyətə məlumat verilir. Bu, çox şəffaf qurumdur, neft gəlirlərinin uğurla idarə edilməsində və ədalətli bölünməsində Azərbaycan dünya miqyasında nümunə kimi göstərilir. Əlbəttə ki, əldə edilmiş təcrübə və bu sahədə görülən işlər artıq bizə deməyə imkan verir ki, Azərbaycanın strateji valyuta ehtiyatları gələcəkdə də artacaqdır. Əlbəttə, bu valyuta ehtiyatları Azərbaycanın uğurlu inkişafını və müstəqil siyasətini təmin edəcəkdir. Çünki iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas amilidir". Göründüyü kimi, 2010-cu ilin birinci yarısı ölkənin bütün sahələrdə uğurlar əldə etməsi ilə müşayiət olunub, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə inkişaf tempi davam edib. Xarici siyasət və ordu quruculuğu sahəsində də böyük üstünlük əldə edilib. Qeyd edilənlər onu deməyə əsas verir ki, ölkə Prezidenti cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan hökuməti uğurlu siyasi və iqtisadi islahatlar aparmaqla ölkənin sürətli inkişafını davam etdirir.

Digər xəbərlər