Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır. Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.
Mərasimi şeyxülislam Allahşükür Paşazadə açaraq mərasimə toplaşanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi, öz fikirlərini çatdırdı: -Bismillahir-rəhmanir-rəhim!
Zati-aliləri, möhtərəm cənab Prezident!
Möhtərəm səfirlər və əziz din qardaşlarım!
Hörmətli qonaqlar!
Bugünkü məclisimizdə əziz qonaqlarımıza, xüsusən dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyevə ən səmimi salamlarımı yetirir, islam aləminin müqəddəs mərasiminə göstərdiyiniz ehtirama və dəvətimizi qəbul etdiyinizə görə Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan sizə dərin minnətdarlığımı bildirirəm.
Hər il mübarək Ramazan ayında möhtərəm Prezidentimizlə iftar süfrəsində görüşmək artıq ənənə halını alaraq dövlətimizin tarixində çox vacib bir reallığa çevrilir. Biz dindarlar üçün bu məclis yalnız iftar süfrəsi deyil, həm də birliyimizin, tolerantlığımızın, Prezidentimizlə həmrəyliyimizin nümunəsidir. Şükr edirəm ki, Allah-taala hər il bizə dövlətimizin başçısı ilə görüşün səadətini və müqəddəs Ramazanın nemətini bəxş edir. Əminəm ki, inşallah, biz hamımız gələcəkdə də bu nemətdən yenə də faydalana biləcəyik.
Hər il keçirilən Ramazan görüşlərimizin bir özəlliyi də il ərzində dini mühitimizdə, dindarların həyatında baş verən hadisələr barədə məlumat verməkdir. Bu müddət ərzində əlamətdar tədbirlərin sırası böyük bir tarixi salnaməni xatırladır. Bu salnamə həqiqətən çox zəngin və təqdirəlayiqdir. Hər şeydən əvvəl, mənim 60 illik yubileyimin yüksək səviyyədə keçirilməsi, dünyanın nüfuzlu din xadimlərinin, dövlət rəhbərlərinin bu tədbirdə iştirakı ölkəmizin dini həyatında mötəbər hadisəyə çevrildi. Mən hər zaman fəxr etmişəm ki, həyatımın 30 ilindən çoxu bir şeyxülislam kimi böyük qardaşım, fenomen şəxsiyyət, ulu öndərimiz mərhum Heydər Əliyevlə birgə olub və onun dəyərli tövsiyələri ilə milli mənəviyyatımızın formalaşmasına, islamın tərəqqisinə və Azərbaycan dövlətçiliyinə xidmətdə keçib. Uzun illik dostluğumuz və səmimi ünsiyyətimiz dövlət və din münasibətlərinin təməl əsaslarını möhkəmlədib, müstəqil Azərbaycanın dünyaya bəyan etdiyi yeni tolerant imicini formalaşdırıb. Mən bu müddətdə layiq görüldüyüm ali təltifləri bir dini rəhbərin dövlət qarşısında fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirirəm. Ötən ilin noyabr ayında keçirilən təntənəli mərasimdə mənə "Şərəf" ordenini Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevin şəxsən təqdim etməsini həyatımın ən gözəl məqamlarından sayıram və düşünürəm ki, bu orden təkcə mənə yox, Qafqaz Müsəlmanları İdarəsinin dövlətçiliyimiz naminə apardığı mənəvi fəaliyyətə verilən ali mükafat kimi bizi öz işimizdə daha da məsuliyyətli olmağa çağırır.
Bu gün mədəni irsimizin qorunmasında, milli mənəvi dəyərlərin inkişafında möhtərəm Prezidentimizlə bərabər böyük zəhmətləri olan çox hörmətli Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd olunmalıdır. Allah-taala bu ailənin xalqımızın rifahı, dövlətimizin gələcəyi naminə gördüyü bütün gözəl işlərdə hər zaman yardımçısı olsun! Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının öz rəhbərinə arzuladığı ən səmimi dualardır. Biz tam əminliklə deyə bilərik ki, xalqımız və dindarlarımız cənab Prezidentimiz İlham Əliyevin nəcib amallarını ürəkdən bəyənir və dövlətimizin başçısına hər zaman dəstək verəcəklərini bəyan edirlər!
Zati-aliləri! Möhtərəm qonaqlar!
Ramazanın hər gəlişi bizim üçün böyük sevincdir. Çünki müqəddəs Qurani-Kərim bu ayda nazil olmuşdur, xeyir-bərəkət də elə bu ayın rəhmətindən sayılır. Bu əziz günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, o cümlədən Qarabağ şəhidlərinin əziz xatirəsini yad edir, ruhlarına dualar oxuyuruq. Mübarək Ramazanda edilən duaların Allah hüzurunda qəbuluna əmin olduğuma görə, mən də Sizin üçün xeyir-dualar edirəm. Çünki, bu ayda mənim evimi mənəvi ocaq bilib iftar məclisində iştirak etməyiniz bir Şeyxülislam kimi məni qəlbən sevindirir və bu görüşlərin, inşallah, söz verdiyiniz kimi, hər il davam edəcəyi ümidindəyəm. Mübarək Qurani-Kərimdə buyrulur: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilmişdir" (Bəqərə, 185).
Bu mübarək ayda hamınıza bir daha "Xoş gəlmisiniz!" deyir, ibadətlərimizin qəbul olunması üçün Allahdan xeyir-dualar diləyirəm!
Allah köməyimiz olsun!
X X X
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri ALEKSANDR Azərbaycanda tolerantlığın hökm sürdüyünü və dövlətlə din arasında münasibətlərin nümunəvi xarakter daşıdığını vurğuladı. O, respublikamızın dinlərarası dialoqa əsaslı töhfələr verdiyini və cari ilin aprel ayında Bakıda keçirilən dünya dini liderlərinin sammitinin bunun əyani təcəssümü olduğunu bildirdi.
Aleksandr həmin mötəbər tədbirin yüksək səviyyədə təşkilinə Prezident İlham Əliyevin hərtərəfli dəstəyini Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill həzrətlərinin də dəfələrlə vurğuladığını diqqətə çatdırdı.
Rus Provaslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr dinlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Rus Provaslav Kilsəsinin "Müqəddəs Apostol Varfolomey" qızıl medalını Prezident İlham Əliyevə təqdim etdi.
X X X
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İXİİLOV azərbaycanlılarla yəhudilər arasında tarixən dostluq münasibətlərinin olduğunu dedi. O, respublikamızda bütün millətlərin mehriban ailə kimi yaşadığını, heç bir zaman antisemitizmlə qarşılaşmadıqlarını söylədi.
Vətəni Azərbaycana dərindən bağlı olduğunu vurğulayan Semyon İxiilov xalqımızı və Prezident İlham Əliyevi müqəddəs Ramazan ayı münasibətilə təbrik etdi və ən xoş arzularını çatdırdı.
X X X
Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir FEKETE Roma Papasının bütün dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik etdiyini, dinlərarası dialoqu və əməkdaşlığı möhkəmləndirməyə çağırdığını xatırlatdı. O, ölkəmizdə tolerantlığın hökm sürməsi ilə bağlı ulu öndər Heydər Əliyevin siyasətinin indi də uğurla davam etdirildiyini dedi və Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi.
Vladimir Fekete müqəddəs Ramazan ayı münasibətilə Roma Katolik Kilsəsinin təbrik məktubunu və şəxsən Papa Şurasının dinlərarası dialoq üzrə nümayəndəsi, kardinal Yan Lui Toranın təbriklərini Azərbaycan dövlətinin başçısına çatdırdı.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış etdi
-Hörmətli şeyx həzrətləri! Hörmətli din xadimləri!
Hörmətli xanımlar və cənablar!
Bizim görüşlərimiz artıq gözəl bir ənənədir. Bu ənənə əminəm ki, bundan sonra da davam edəcəkdir. Mübarək Ramazan ayında şeyx həzrətlərinin dəvəti ilə təşkil olunan bu görüşlərin çox böyük mənası vardır. Burada artıq qeyd olundu ki, Azərbaycanda din ilə dövlət arasında münasibətlər çox sağlam zəmində qurulmuşdur. Dövlətçilik tarixi böyük olan ölkələrdə bu münasibətlər əvvəlki əsrlərdə, əvvəlki dövrlərdə artıq təşkil olunmuşdur. Azərbaycan isə cəmi 20 ilə yaxındır ki, müstəqillik həyatını yaşayır və bizdə dinlə dövlət arasındakı münasibətlərin tənzimlənməsi böyük səylər tələb edir. Mən çox şadam ki, Azərbaycan xalqının və Azərbaycanda əsrlər boyu yaşamış və yaşayan bütün millətlərin nümayəndələrinin həmrəyliyi, birliyi müstəqillik dövründə də özünü büruzə verdi, özünü göstərdi. Müstəqillik dövründə din ilə dövlət arasında yaranan münasibətlər bu gün Azərbaycanın uğurlu inkişafını təmin edir. Bu münasibətlərin möhkəmlənməsində və qurulmasında ulu öndər Heydər Əliyevin böyük səyləri, böyük zəhməti olubdur. Heydər Əliyevin şeyx həzrətləri ilə şəxsi dostluq əlaqələri də Azərbaycanda din ilə dövlət arasındakı münasibətlərin qurulmasına çox böyük töhfə vermişdir.
Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur. Bizə bəzən elə gəlir ki, hər yerdə belə olmalıdır. Amma əfsuslar olsun ki, hər yerdə heç də belə deyildir. Bəzi yerlərdə, bəzi ölkələrdə dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir. Azərbaycanda bütün dinlərin nümayəndələri, bir daha demək istəyirəm ki, qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar. Artıq bu ənənələr möhkəmlənir və heç şübhə etmirəm ki, gələcək illərdə və dövrlərdə Azərbaycanda dini münasibətlər lazımi səviyyədə təşkil olunacaqdır.
Biz öz milli dəyərlərimizə sadiq olan xalqıq. Biz öz milli mənəvi dəyərlərimizi hər şeydən üstün tuturuq. Bu dəyərlər Azərbaycan xalqının formalaşmasında həlledici rol oynamışdır. Əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq, müstəqillikdən məhrum idik. Amma buna baxmayaraq, öz mənliyimizi, milli mənsubiyyətimizi, dinimizi, dilimizi, adət-ənənələrimizi qoruya bildik və bu amillər bu gün müstəqil ölkənin inkişafı üçün də mühüm rol oynayır.
Son illər ərzində Azərbaycanda bütün dinlərə məxsus olan abidələrdə təmir-bərpa işləri gedir. Yüzlərlə yeni məscid tikilmişdir. Digər dinlərin məbədləri tikilir, təmir olunur və gələcəkdə də tikiləcəkdir. Bu, onu göstərir ki, Azərbaycanda bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Millətini sevən, dininə hörmətlə yanaşan insan başqa millətdən olan insanları da sevməlidir, başqa dinlərə də hörmətlə yanaşmalıdır. Azərbaycanda bax bu əsaslarda güclü dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Təsadüfi deyildir ki, Azərbaycan artıq dünya miqyasında dinlərarası dialoqun inkişafında və təşkil olunmasında mühüm rol oynamağa başlamışdır.
Mən çox şadam ki, Azərbaycanda bu sahədə əldə edilmiş nailiyyətlər dünya birliyində də qiymətləndirilir. Bu nailiyyətlərin mövcudluğu bizə imkan verir ki, bu sahədə mötəbər tədbirləri Azərbaycanda keçirək. Bu barədə artıq burada deyildi. Hörmətli şeyx həzrətlərinin yubileyi Azərbaycanda geniş qeyd olunmuşdur və müxtəlif ölkələrdən dini rəhbərlər qonaqlarımızın sırasında idi. Eyni zamanda, dünya dinlərinin zirvə görüşü Azərbaycanda ən yüksək səviyyədə keçirilmişdir. Bu zirvə görüşü haqqında təəssüratlar, fikirlər və xatirələr bu günə qədər bizə gəlib çatır. Bu, çox sevindirici haldır. Biz istəyirik ki, gələcəkdə belə tədbirlərin sayı çoxalsın. Çünki Azərbaycan bu mövzuda tədbirlərin keçirilməsi üçün hesab edirəm ki, məqbul məkandır.
Azərbaycanda vətəndaş birliyi, vətəndaş həmrəyliyi vardır. Azərbaycanda dini, milli məsələlərin həllində çox böyük uğurlar vardır. Bu, bizim böyük sərvətimizdir, böyük nailiyyətimizdir. Biz bunu yüksək qiymətləndiririk. Mən əminəm ki, Azərbaycanda bu sahədə əldə edilmiş nailiyyətlər, təcrübəmiz başqa yerlərdə də öyrənilə bilər və bu proseslər artıq başlanmışdır.
Bir il bundan əvvəl biz bu salonda görüşmüşdük, fikir mübadiləsi aparmışdıq. Bir il çox tez keçdi və şeyx həzrətləri bu dəfə məni iftar süfrəsinə dəvət edəndə fikirləşdim ki, bir il nə qədər sürətlə keçdi. Nəyə görə? Çünki bu bir il ərzində o qədər hadisələr, o qədər tədbirlər görüldü. Azərbaycanda bütün işlər o qədər sürətlə aparılır ki, bəzən heç vaxtın bu qədər sürətlə keçməsinə də fikir vermirsən. Ancaq bu son bir il ərzində ölkəmizdə bütün sahələrdə çox müsbət proseslər gedib, Azərbaycan daha da möhkəmlənib. Baxmayaraq ki, 2009-2010-cu illərdə dünyada mövcud olan böhran demək olar, bir neçə ölkəni çox ciddi sarsıtmışdır. Biz Azərbaycan əhalisini bu böhranın fəsadlarından qoruya bildik. Azərbaycanın inamlı və sürətli inkişafını təmin edə bildik.
Ölkədə bütün sosial və iqtisadi proqramlar plan üzrə aparılmışdır. Heç bir sahədə yubanma, geriləmə olmamışdır. Nəzərdə tutulmuş bütün layihələr vaxtında və yüksək səviyyədə icra edilmişdir. Bu onu göstərir ki, ölkəmiz artıq o səviyyəyə çatıb ki, hətta dünya miqyaslı problemlər bizə o qədər də böyük təsir etmir. Bunun yeganə səbəbi ondan ibarətdir ki, biz öz siyasətimizi düşünülmüş şəkildə aparırıq. Bizim siyasətimiz həm gələcəyə, eyni zamanda, bu gün ölkə qarşısında duran problemlərin həllinə yönəldilib. Atılan bütün addımlarımız bir məqsədi güdür: Azərbaycanı daha gücləndirək, Azərbaycan əhalisinin rifah halını yaxşılaşdıraq, ölkədə sabitliyi möhkəmləndirək, təhlükəsizlik tədbirlərini gücləndirək ki, Azərbaycan xalqı rahat, sərbəst, azad və firavan yaşasın. Bunu etmək üçün bizdə bütün imkanlar vardır. Artıq Azərbaycan dövlət quruculuğu işində böyük uğurlara nail olubdur. Bizim artıq güclü dövlətimiz vardır.
Azərbaycanda bütün azadlıqlar vardır. O cümlədən Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə qorunur. Azərbaycanda demokratik azadlıqlar güclənir və bu meyillər möhkəmlənir, bu da çox mühüm amildir. İqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Əldə edilmiş nailiyyətlər bunun ən yaxşı sübutudur. Sosial məsələlər həllini tapır. Azərbaycan təsir imkanlarını genişləndirir. Beynəlxalq müstəvidə nüfuzumuz artır və tərəfdaşlarımızın sayı çoxalır. Azərbaycan artıq uzun illərdir ki, ikitərəfli və çoxtərəfli əsaslarda etibarlı tərəfdaş kimi qəbul edilir. Yəni, ölkəmizin hərtərəfli inkişafı təmin edilib. İnkişafın strateji istiqamətləri müəyyən edilib. Hər bir tarixi dövr və gələcək dövr üçün konkret proqramlar tərtib edilib və icra olunur. Məhz buna görə biz nail ola bilmişik ki, ölkə hərtərəfli inkişaf etsin. Ölkəmizin bütün problemləri tədricən həll olunacaqdır.
Qarşımızda duran ən başlıca vəzifə, ən böyük problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Bu istiqamətdə bizim birmənalı mövqeyimiz daha da güclənir. Azərbaycan gücləndikcə, təbii ki, ölkəmizin mövqeyi də güclənəcəkdir. Nəzərə alsaq ki, mövqeyimiz hansısa qeyri-real arzulara deyil, məntiqə, beynəlxalq hüquqa, ən mötəbər beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına əsaslanır, nəzərə alsaq ki, Azərbaycan bu bölgədə öz fəaliyyəti ilə və irəli sürdüyü təşəbbüslərlə təsir imkanlarını gücləndiribdir, iqtisadi cəhətdən böyük və uğurlu yol keçibdir, mən şübhə etmirəm ki, biz bu məsələni ədalətli, beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcəyik. Mən buna şübhə etmirəm.
Biz elə etməliyik ki, hər bir vətəndaş tutduğu vəzifədən asılı olmayaraq, öz sahəsində əməli işləri, fəaliyyəti ilə ölkəmizin güclənməsinə xidmət göstərsin və öz töhfəsini versin. Azərbaycan uzun illərdir ki, bu ədalətsizliklə üzləşibdir. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Vətəndaşlarımız tarixi torpaqlarından didərgin salınmışdır və bu ədalətsizlik əfsuslar olsun ki, bu gün də davam edir. Amma mən tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Mən Dövlət Bayrağı Meydanının açılışı mərasimindəki çıxışımı bir daha xatırlatmaq istəyirəm, Azərbaycan bayrağı Dağlıq Qarabağda dalğalanacaqdır!
Bizim işimiz haqq işidir. Azərbaycan sülhsevər dövlətdir. Biz bütün ölkələrlə münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasına çalışırıq, buna nail oluruq. Ölkədə gedən proseslər, bir daha demək istəyirəm ki, müsbət istiqamətdə davam edir. Bugünkü məclis özlüyündə gözəl bir göstəricidir. Azərbaycanda bütün xalqlar, bütün millətlərin, bütün dinlərin nümayəndələri, sözün əsl mənasında, dostluq, qardaşlıq şəraitində yaşayırlar. Mən şübhə etmirəm ki, bundan sonrakı dövrlərdə də bu gözəl ab-hava Azərbaycanda qalacaqdır. Milli münasibətlər, dinlərarası münasibətlər Azərbaycanda həmişə olduğu kimi, yüksək səviyyədə həll olunacaqdır.
Mən bu gözəl gündə öz dostuma - şeyx həzrətlərinə bir daha müraciət etmək istəyirəm. Ona minnətdarlığımı bildirmək istəyirəm ki, şeyx həzrətləri öz fəaliyyəti ilə Azərbaycanın haqq işinin dünya birliyinə çatdırılmasında mühüm işlər görür. Onun beynəlxalq səviyyədəki nüfuzu və ona olan hörmət Azərbaycanı gücləndirir. Şeyx həzrətlərinin təşəbbüsü ilə keçirilmiş gözəl beynəlxalq tədbirlər bunun əyani sübutudur. Həm dünya dini rəhbərləri, eyni zamanda, böyük dövlətlərin başçıları ilə görüşlərdə şeyx həzrətləri haqqında xoş sözlər eşidəndə çox sevinirəm. Bu, ədalətli qiymətdir və mən çox şadam ki, nəinki Azərbaycanda, Azərbaycandan kənarda da şeyx həzrətlərini tanıyırlar, ona hörmət edirlər, həm bizim bölgədə, həm Qafqaz bölgəsində, eyni zamanda, qonşuluqda və dünya miqyasında. Mən əziz dostum şeyx həzrətlərinə gələcək fəaliyyətində uğurlar diləyirəm. Arzu edirəm ki, onun bütün arzuları həyatda öz əksini tapsın və mən bilirəm ki, onun ən böyük arzusu Azərbaycan torpaqlarının işğal altından çıxmasıdır, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.
Bir daha əziz dostlar, bu gözəl gündə mən sizi ürəkdən salamlayıram. Qarşıdan Ramazan bayramı gəlir. Bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun.
X X X
Şeyxülislam Allahşükür PAŞAZADƏ minnətdarlıq edərək dedi:
-Zati-aliləri, bütün Qafqaz müsəlmanları, Azərbaycan müsəlmanları adından mən Sizə minnətdaram. Siz bizə, işlərimizə çox böyük qiymət verdiniz. Biz inşallah gələcəkdə də Sizə xalqımız, cəmiyyətimiz, dinlər arasında dialoqun yaradılması, Azərbaycanın rifahı, Azərbaycan torpaqlarının bütövlüyü üçün əlimizdən gələn köməyi edəcəyik. Biz bütün işlərdə Sizə yardımçıyıq və bundan sonra da belə olacaqdır.
Allah-taala bütün dünyadan gedənlərə bu mübarək Ramazan ayında rəhmət eləsin. Bu gün mən mərhum dostum, qardaşım ulu öndərimiz Heydər Əliyevin, görkəmli alimimiz Zərifə xanımın ruhunu ehtiramla yad eləmək istəyirəm. O cümlədən dünyadan gedənlərin, Vətən uğrunda vuruşub şəhid olanların hamısına - Allah-taala rəhmət eləsin. Bizim ən müqəddəs sözümüz və axırıncı kəlamımız Quran olduğuna görə istərdim ki, bu kitabdan bir neçə ayə oxunsun, onların ruhları şad olsun. Ondan sonra Ramazan duası oxunacaq və iftar süfrəsi açılacaq, inşallah.
X X X
Sonra Qurani-Kərimdən ayələr və Ramazan duası oxundu, iftar süfrəsi açıldı.