PDF Oxu

Siyasət

  • 21

Azərbaycan sənaye dövlətinə çevrilir

Azərbaycan sənaye dövlətinə çevrilir
"Biz Azərbaycanda çox güclü sənayeləşmə siyasətini aparırıq və bildiyiniz kimi, bu sahəyə diqqət günü-gündən artır. Biz həm yerli investorları ruhlandırırıq, həm də xarici sərmayəçiləri alqışlayırıq. Elə etmək istəyirik ki, Azərbaycana qoyulan vəsait ölkəmizdə çox güclü sənaye potensialı yarada bilsin"- Prezident İlham Əliyev ölkədə sənayenin inkişafının vacibliyini belə ifadə edir.
Son bir neçə ildə artım göstəricisi baxımından dünyada ilk yerin sahibi kimi çıxış edən Azərbaycan iqtisadiyyatını xarakterizə edən əsas göstəricilərdən biri onun konkret bir sahəni yox, digər mühüm iqtisadi sferaları da əhatə etməsidir. Bunun nəticəsidir ki, karbohidrogen ehtiyatları ilə zəngin olan ölkəmizdə iqtisadi inkişaf təkcə enerji sferası ilə məhdudlaşmayaraq başqa sahələr üzrə də özünü qabarıq büruzə verir.
Dünyanın əksər dövlətlərində, o cümlədən, sənayeləşmiş dövlətlərdə bu sahədə ciddi tənəzzül yaşandığı halda, Azərbaycanda sənaye istehsalında artım qeydə alınır. Məhz bu, bir daha Azərbaycan sənayesinin inkişaf strategiyasının nə dərəcədə düzgün müəyyən olunduğunu və uğurla həyata keçirildiyini əyani nümayiş etdirdi.
Energetika ilə yanaşı, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələri də Azərbaycanda bu gün böyük sürətlə inkişaf etməkdədir. Konkret strategiya və proqramlarla müəyyən olunan bu inkişaf ümumi iqtisadiyyatda sənayenin çəkisinin artmasına önəmli təsir göstərir. Bunun nəticəsidir ki, son illərdə ölkəmizdə kassa aparatlarının, mikrokalkulyatorların, telefon aparatlarının, məişət-elektrik cihazlarının, plastik qapı və pəncərə bloklarının, neftin nəqli üçün xüsusi boruların və digər məhsulların istehsalı mənimsənilib, əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qismi artıq Azərbaycanda istehsal olunmağa başlanıb. Həyata keçirilən "açıq qapı" siyasətinin nəticəsində isə sənayedə xarici və müştərək müəssisələrinin sayı 3 dəfədən çox artıb, bu sahədə minlərlə yeni iş yerləri açılıb.
Ölkəmizdə neft sektorunun dinamik inkişafı qeyri-neft sahələrinin tərəqqisinin daha da sürətləndirilməsi üçün möhkəm zəmin yaradır. Bununla yanaşı, qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi və digər islahatlar növbəti illər ərzində qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edəcək əsas faktor kimi çıxış edir.
Qarşıdakı illərdə sənaye sektorunun inkişaf etdirilməsində əsas məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi hesabına sənayenin davamlı inkişafına nail olmaqdan ibarətdir.
Azərbaycanda iqtisadiyyatın aparıcı bölmələrindən biri olan sənayedən danışarkən ölkəmizin müdafiəsi məqsədilə yaradılan və ya fəaliyyəti yenidən qurulan müəssisələrinə xüsusi toxunmaq lazım gəlir. Müdafiə Sənayesi Nazirliyinin balansında olan bu müəssisələr sənayenin inkişafında, həmçinin ölkəmizin daha etibarlı şəkildə qorunmasında zəruri rol oynayır.
Silahlı qüvvələr müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün nazirliyin müəssisələrində xeyli sayda istehsal sahələri formalaşdırılıb.
Qeyd edilənlər onu göstərir ki, indi ölkəmizdə böyük imkanlara malik istehsal müəssisələri, sənaye obyektləri mövcuddur. Həmin obyektlərin istehsal potensialından səmərəli istifadə etməklə istər daxili, istərsə də xarici bazarda rəqabət qabiliyyətli, beynəlxalq standartlara uyğun məhsul realizə olunur.
İqtisadi sferada islahatların davam etdirilməsi və həyata keçirilən digər tədbirlər sənayenin inkişafına müsbət təsir göstərməkdədir. Bu səbəbdən Azərbaycan dünyada həm də sənayenin inkişaf tempi baxımından seçilən dövlətlərdən biri kimi qəbul olunmaqdadır.
Qarşıdakı illər ərzində ölkəmizdə yüksək inkişaf etmiş sənaye məhsullarının istehsalı və ixracı sayəsində ölkənin postsənaye erasına qədəm qoyması üçün isə Azərbaycan artıq zəruri potensial yarada bilib. Yaxın illərdə Azərbaycan dünyada inkişaf etmiş sənaye dövləti kimi tanınacaq.

Digər xəbərlər