Azərbaycan-Türkiyə həmrəyliyi
Azərbaycanla Türkiyə arasında münasibətlərin tarixən çox yaxın və möhkəm olması hər kəsə bəllidir. Bu, heç də təsadüfi deyil. Çünki dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə söykənən Türkiyə-Azərbaycan əlaqələri daim yüksələn xətlə inkişaf edir. Bəlli olduğu kimi, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən ölkəmizin ərazisinin Bakıda, Yerevanda və digər ətraf ərazilərdə böyük qətliamlar törədən erməni quldur dəstələrindən təmizlənməsində qardaş Türkiyənin, Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun köməyi, yardımı danılmazdır.
Vahid türk millətinin ayrılmaz parçası olan Azərbaycanla Türkiyə çətin anlarda həmişə bir-birilərinə dayaq durublar, yaxından kömək ediblər. Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra isə ölkəmizin dünyada qəbul edilməsində, beynəlxalq münasibətlərin subyektinə çevrilməsində Türkiyənin mənəvi dəstəyi önəmli rol oynayıb. İkitərəfli münasibətlərin strateji xətti isə ümummilli lider Heydər Əliyev tərəfindən "bir millət, iki dövlət" prinsipi ilə müəyyənləşdirilib.
Hazırda ikitərəfli münasibətlər Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana son səfəri zamanı imzalanan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə ilə yetərincə möhkəmləndirilib. Bununla yanaşı, iki ölkə arasında dövlət rəsmiləri səviyyəsində təmasların, məsləhətləşmələrin intensivləşməsi və davamlı xarakter alması, imzalanan sazişlər Azərbaycan-Türkiyə münasibətlərini yüksək qarşılıqlı etimad və anlaşma həddinə çatdırıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ardınca prezident Abdullah Gülün də ölkəmizə səfər etməsi əməkdaşlığın yüksək səviyyədə olmasının bariz nümunəsidir. Hər iki ölkənin liderləri dəfələrlə bildiriblər ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər qardaşlıq təməlləri üzərində qurulub.
Türkiyə rəsmiləri dəfələrlə vurğulayıblar ki, Qafqazda sülh və sabitlik məsələsi bölgənin başlıca problemidir. Hazırda hər iki ölkənin iştirakı ilə çox önəmli, strateji xarakterli layihələr həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan xəttinin, Bakı-Ərzurum qaz kəmərinin ardınca 2012-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəzərdə tutulur.
Türkiyə-Azərbaycan münasibətləri Avropada və postsovet məkanında diqqətlə izlənir. İki qardaş ölkənin strateji maraqları əksər prioritet məsələlərdə üst-üstə düşür. Hər hansı aktual məsələyə münasibətdə həm Bakıda, həm də Ankarada operativ və obyektiv yanaşma ortaya qoyulur. Bu iki dövlət beynəlxalq aləmdə bir-birini sıx şəkildə müdafiə edir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın son səfəri Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə razılaşma ikitərəfli münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.
Bölgədə müşahidə olunan son proseslər bir daha təsdiqləyir ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər kifayət qədər möhkəm və sarsılmazdır. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yönələn səylərlə bağlı bir müddət öncə iki ölkə arasında yaşanan anlaşılmazlıqlara baxmayaraq, ölkələr arasında münasibətlər yüksək səviyyədədir. Son günlər NATO-nun Ermənistanda keçirəcəyi tədbirlərlə əlaqədar sərhədlərin müvəqqəti olaraq açılmasının mümkünlüyü barədə səsləndirilən fikirlər də Azərbaycan ictimaiyyətində narahatlıq doğurmuşdu. Bu məsələyə Türkiyənin Xarici İşlər Nazirliyi səviyyəsində aydınlıq gətirilməsi bu narahatlığı aradan qaldırsa da, indiki Azərbaycanın Türkiyənin strateji dəstəyinə daha çox ehtiyacı var. Belə ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan Türkiyəyə qarşı da bir çox cəfəng iddialar irəli sürür, erməni lobbisinin dəstəyi ilə qondarma soyqırım iddiasını bütün dünyada qəbul etdirməyə çalışır. Türkiyənin bütün bunlara rəğmən, qeyd-şərtsiz Ermənistanla sərhədlərini açması işğalçı ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində mövqeyini sərtləşdirə bilər. Digər tərəfdən, ermənilər sərhədlərin açılması ilə Türkiyəyə qarşı olan cəfəng iddialarından geri çəkilmək niyyətində deyillər. Bu səbəbdən, Türkiyənin işğalçı Ermənistanla sərhədlərini açması, ilk növbədə, onun öz maraqlarına, bu dövlətin strateji xəttinə ziddir. Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədləri məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə bağlanmışdı.
İkitərəfli əməkdaşlıq sahəsində enerji məsələləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Türkiyə arasında əlaqələr dinamik inkişaf tempinə malikdir. Regionda baş verən son prosesləri sistemli şəkildə təhlil etdikdə, çox maraqlı mənzərə yaranır. Türkiyə və Azərbaycanın hərtərəfli əməkdaşlığı, Gürcüstanın bu əməkdaşlığa fəal cəlb olunması Ermənistanın regionda təklənməsi və təcrid olunması prosesini qüvvətləndirir. Bu proses son nəticədə Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə və işğal etdiyi əraziləri azad etməyə vadar olunmasına hesablanıb. Regionun gələcəyi ilə bağlı irəli sürülən və həyata keçirilən planlar bu reallığı ortaya qoyur.
Türkiyə-Azərbaycan münasibətlərində indi kifayət qədər böyük həssaslıq nəzərə çarpır. İndi hər hansı xəbər, kiçik bir informasiya, adi hadisə belə bu münasibətlərdə müəyyən təsirə malikdir. Azərbaycan artıq 20 ilə yaxındır ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalından əziyyət çəkir. Türkiyə isə, xeyli müddətdir ki, qondarma soyqırımı ittihamları ilə üzləşib. Bu problemlərin qaynaqlandığı məkan isə Ermənistandır.
Sirr deyil ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılması üçün az qala dəridən-qabıqdan çıxır. Lakin Türkiyə baş nazirinin "Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla sərhədlər açılmayacaq" bəyanatı da ermənilərin mənasız savaşını dayandırmayıb. Rəsmi Yerevan dünya dövlətlərinin bu məsələdə Türkiyəyə təzyiq göstərməsinə çalışır. Ötən ilin oktyabrında Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair Sürixdə imzalanan protokollardan sonra qardaş ölkə ictimaiyyətinin etirazları, bu məsələdə Türkiyə müxalifətinin də Azərbaycanla eyni mövqedən çıxış etməsi və baş nazir Rəcəb Tayyib Ərdoğanın son Amerika səfərinin nəticələri göstərir ki, Türkiyə-Azərbaycan münasibətləri möhkəm təməllər üzərində qurulub. Türkiyə Qafqazda Azərbaycan vasitəsilə formalaşdırdığı imkanlarını Ermənistan naminə qurban vermək fikrində deyil. Türkiyə iqtidarının müvafiq danışıqlar prosesində Qarabağ məsələsini ön plana çəkməsi bu qənaətə gəlməyə zəmin yaradır. Tarix sübut edir ki, ermənilərin istər Türkiyəyə, istərsə də Azərbaycana münasibəti eynidir. Bu səbəbdən Türkiyə Azərbaycanda öz təbii maraqlarını qorumalı, Ermənistana münasibətdə Azərbaycanın haqlı və ədalətli mövqeyini anlayıb qəbul etməlidir.
Türkiyə hazırda Yaxın Şərq və Qafqaz regionunda münaqişələrin həll olunması prrsesində olduqca fəal görünür, kifayət qədər pozitiv, diqqətiçəkən təkliflərlə çıxış edir. Burada sülhün, mehriban qonşuluğun və əmin-amanlığın bərpasına yönələn böyük diplomatik-siyasi səylər özünü qabarıq şəkildə göstərir. Türkiyədə çox yaxşı başa düşürlər ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan Cənubi Qafqazda böyük təhlükə mənbəyi olaraq qalır. Rusiyanın hərbi-siyasi dəstəyinə arxalanan Ermənistan beynəlxalq hüququn prinsipləri çərçivəsində konstruktiv razılığa gəlməkdən, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməkdən ciddi-cəhdlə yayınır. İşğal etdiyi əraziləri nəzarətdə saxlamaqla regionun simasını dəyişməyə, Qafqaz bölgəsində davamlı gərginlik mənbəyi yaratmağa səy göstərir. Lakin Azərbaycan-Türkiyə həmrəyliyi, bu iki qardaş ölkənin birgə fəaliyyəti Ermənistana daha acınacaqlı vəziyyət vəd edir.