PDF Oxu

Siyasət

  • 8

Azərbaycanın maliyyə qüdrəti artır

Azərbaycanın maliyyə qüdrəti artır
Son zamanlar Azərbaycandakı iqtisadi inkişaf və ölkənin maliyyə ehtiyatlarının artması dünyada maraqla qarşılanır. Qlobal böhrana baxmayaraq Azərbaycan iqtisadiyatına sərmayə qoyuluşu artır və bu da yaxın vaxtlarda ÜDM artımına və büdcə gəlirlərinin artımına müsbət təsir göstərəcək. Bundan başqa, yeni neft-qaz layihələrinin işə düşməsi və ixracın artması da gəlirlərin artmasına səbəb olacaq. Bu da, ölkənin maliyyə qüdrətinin yüksəlməsi ilə yanaşı, son nəticədə ölkə əhalisinin yaşam səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək.
Cari ilin ötən 7 ayı Azərbaycanın maliyyə sektorunda öz müsbət izini qoyub. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-iyun aylarında dövlət büdcəsinə 4922,7 milyon manat həcmində, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 1,3 faiz çox vəsait daxil olub. Büdcə gəlirlərinin 915,4 milyon manatını və ya 18,6 faizini əlavə dəyər vergisi, 728,5 milyon manatını (14,8 faizini) mənfəətdən vergilər, 273,7 milyon manatını (5,5 faizini) əhalidən tutulan gəlir vergiləri, 185,5 milyon manatını (3,8 faizini) aksiz vergisi, 64,8 milyon manatını, yaxud 1,3 faizini mədən vergisi təşkil edib.
Bu vaxt ərzində büdcədən 4276,7 milyon manat və ya 2009-cu ilin müvafiq dövrünə nisbətən 3,6 faiz az vəsait xərclənmiş, 646,0 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 3,3 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 38,2 faizi və ya 1633,4 milyon manatı iqtisadiyyatın inkişafına, 14,3 faizi, yaxud 610,8 milyon manatı sosial müdafiə və sosial təminata, 12,0 faizi və ya 513,2 milyon manatı təhsilə yönəldilib. Büdcə xərclərinin 33,5 faizi və ya 1432,5 milyon manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilib.
Prezident İlham Əliyev hökumətin ilk yarımilinin yekunları ilə bağlı iclasında bəyan edib ki, dünya iqtisadiyyatında və maliyyə bazarlarında yarana biləcək yeni risklərin Azərbaycan iqtisadiyyatına təsirinin neytrallaşdırılması imkanları da nəzərə alınmaqla, daxili resursların payının artırılması hesabına iqtisadiyyata daha çox sərmayə qoyulması, dövlət xərclərinin tənzimləyici rolunun və sosial səmərəsinin daha da artırılması, maliyyə intizamının gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
"Əsil siyasət konkret real iş görməkdən ibarətdir" şüarını irəli sürən Prezident İlham Əliyev ötən müddətdə həyata keçirdiyi çoxşaxəli islahatlarla, inkişafı stimullaşdıran qlobal layihələri reallaşdırmaqla böyük uğurlara imza atıb və bununla da verdiyi bütün vədlərə sadiq qaldığını təsdiqləyib.
Ölkəmizdə iqtisadi sahədə keçid dövrü tam başa çatıb, xarici və daxili investisiyaların qeyri-neft sektoruna, xüsusən də, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşması nəticəsində əhalinin maddi rifah halı daha da yaxşılaşıb.
Respublikamızın son illərdəki büdcəsinə nəzər saldıqda, həyata keçirilən iqtisadi islahatların milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqlənir. MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2009-ci illərdə 15-20 faiz artdığı halda, respublikamızda bu göstərici üzrə fərq 8 dəfədən çoxdur.
Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faizlə müşayiət olunub. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 1 milyard 500 milyon manat, 2005-ci ildə 2 milyard 100 milyon manat, 2006-cı ildə 3 milyard 800 milyon manat olub, 2007-ci ildə 50 faizdən də çox yüksələrək 6 milyard manatı ötüb. Qlobal böhranla müşayiət olunan 2008-2009-cu illərdə Azərbaycanda dövlət büdcəsinin 10 milyard manatı ötməsi kifayət qədər yüksək göstəricidir.
Hazırda ölkəmizdə inflyasiya 2 faizdən aşağı səviyyədədir. Yəni, iqtisadi inkişafın təmin edilməsinə dair əsas göstəricilər ən yüksək səviyyədədir. Prezident İlham Əliyev bununla bağlı deyir: "Bütün bunlara biz sizinlə bərabər düşünülmüş siyasət aparmaqla, islahatlar aparmaqla nail ola bilmişik. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanı bu istiqamətdə- iqtisadi və siyasi islahatların aparılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir".
Qeyd edək ki, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qəbul etdi və bunu bəyan edib. 2009-cu ildə Dünya İqtisadi Forumu- çox böyük mötəbər beynəlxalq təşkilat- Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerə layiq görüb. Azərbaycan MDB məkanında bu parametrlər üzrə lider ölkədir.
Ölkənin maliyyə-iqtisadi qüdrətinin artması xarici ticarət əməliyyatlarının nəticələrində də özünü göstərir. 2010-cu ilin yanvar-iyun aylarında 130 ölkə ilə aparılmış xarici ticarət dövriyyəsinin həcmi 13,1 milyard dollar təşkil edib, 85,3 faizi və ya 11,2 milyard dolları uzaq xarici dövlətlərlə, 1,9 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılıb.
Ötən müddətdə ölkəmizdən xarici ölkələrə 10,2 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilib, onun 9,2 milyard dolları uzaq xarici dövlətlərə, 1,0 milyard dolları MDB-yə daxil olan ölkələrə ixrac olunub.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 2901,7 milyon dollar təşkil edib. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 1976,0 milyon dollar, MDB üzvü dövlətlərindən isə 925,7 milyon dollar olub.
Xarici ticarət əlaqələrinin 41,2 faizi Avropa Birliyi ölkələrinin, 14,7 faizi MDB-yə daxil olan ölkələrin, 44,1 faizi digər dövlətlərin payına düşüb. Əmtəə dövriyyəsinin 56,4 faizi Avropa, 34,7 faizi Asiya, 7,4 faizi Amerika, 1,4 faizi Afrika qitələrinin ölkələri ilə aparılıb.
Altı ay ərzində 7343,7 milyon dollarlıq, o cümlədən, uzaq xarici ölkələrlə 7265,1 milyon dollar məbləğində, MDB üzvü dövlətləri ilə isə 78,5 milyon dollar məbləğində müsbət saldo yaranıb.
İlkin məlumatlara əsasən altı ay ərzində ölkəyə 3,4 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olub. İnvestisiyanın 1,5 milyard dolları (43,5 faizi) birbaşa investisiya qoyuluşları, 1,9 milyard dolları isə kreditlər və digər investisiyalar şəklində daxil olub. Birbaşa investisiyaların 1288,0 milyard dolları, yaxud 37,7 faizi neft sektoruna, 198,3 milyard dolları isə qeyri-neft sektoruna yönəldilib.
Göründüyü kimi, 2010-cu ilin birinci yarısı ölkənin bütün sahələrdə uğurlar əldə etməsi ilə müşayiət olunub, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə inkişaf tempi davam edib. Qeyd edilənlər göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan hökuməti uğurlu siyasi və iqtisadi islahatlar aparmaqla Azərbaycanın sürətli inkişafını davam etdirir. Dünya ölkələrinin böhrandan əziyyət çəkdiyi bir zamanda Azərbaycanın böyük uğurlar əldə etməsi məhz düşünülmüş siyasətin və strateji fəaliyyətin nəticəsidir.
Bu ilin dövlət büdcəsi əhalinin maddi rifahının yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini və makroiqtisadi sabitliyin təmin olunmasını strateji məqsəd kimi müəyyənləşdirməklə yanaşı, davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir.
Büdcə ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi, davam etdirilməsini, əhalinin sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur.
İlk yarımilin nəticələri dünya maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiq etdi. Ölkə rəhbərliyi tərəfindən dəqiq hədəflərə hesablanmış iqtisadi inkişaf kursunun uğurla aparılması növbəti ildə də böyük nailiyyətlərə imza atılacağına inam yaradır.
Beynəlxalq təşkilatlar və ekspertlər də 2010-2011-ci illərdə Azərbaycanda daha böyük iqtisadi artım proqnozlaşdırırlar. Cari ilin yekununda və gələn il ölkənin valyuta ehtiyatlarının daha çox artacağı, dövlət büdcəsinin gəlirlərinin nəzərdə tutulandan çox olacağı, ÜDM-in həcminin daha da çoxalacağı haqda proqnozların özünü doğruldacağına heç kimdə şübhə yoxdur.

Digər xəbərlər