Azərbaycan investisiya baxımından ən cəlbedici ölkədir
Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləridir. Ölkəmizdə müasir dövrün reallıqları nəzərə alınmaqla gerçəkləşdirilən uğurlu iqtisadi strategiya özünü yüksək səviyyədə doğruldub, respublikamız sürətli, davamlı inkişaf mərhələsinə qədəm qoyub.
İqtisadiyyatın şaxələndirilməsi, sosial-iqtisadi infrastrukturun təkmilləşdirilməsi siyasəti məqsədyönlü şəkildə davam etdirilir. Bu strategiyanın uğurla davam etdirilməsi kifayət qədər müsbət nəticələrlə müşayiət olunur. İqtisadiyyatın bütün sahələrində özünü göstərən dinamik artım və tərəqqi bunu əyani şəkildə təsdiqləyir. Ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni tərəqqiyə əlverişli zəmin yaradıb. Respublikamızda insan kapitalının inkişafına xüsusi diqqət yetirilir, təhsilə, elmi-texniki tərəqqiyə, səhiyyəyə xüsusi önəm verilir.
Bütün bunlar Azərbaycanın xarici ticarət dövriyyəsinin genişlənməsinə də əhəmiyyətli təsir göstərir. Müvafiq statistik göstəricilər də deyilənləri əyani şəkildə təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin birinci yarısında ölkəmiz dünyanın 130 ölkəsi ilə ticarət əməliyyatı aparıb, ticarət əlaqələrinin 77,9 faizi ixracın, 22,1 faizi idxalın hesabına həyata keçirilib, nəticədə 7343,7 milyon dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2010-cu ilin müvafiq dövründə xarici ticarət dövriyyəsinin həcmi faktiki qiymətlərlə 53,4 faiz, o cümlədən, ixrac 1,8 dəfə, idxal 5,2 faiz artıb. İdxal-ixrac əməliyyatlarında Azərbaycanın əsas tərəfdaşları isə İtaliya, İsrail, Fransa, Rusiya, ABŞ, Ukrayna, İndoneziya, Çin, Malayziya və Türkiyə olub.
Hazırda Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə gedən dövlətlərindən sayılır. 2009-cu ildə Azərbaycan iqtisadiyyatına 9,2 milyard dollar investisiya yatırılıb ki, bunun da 7,3 milyardı, yaxud 67 faizi daxili sərmayədir. Dünyada maliyyə resurslarının məhdudlaşdığı, qlobal iqtisadi böhranın yaşandığı bir dövrdə bu, kifayət qədər yüksək göstərici sayıla bilər.
Biznes, sahibkarlıq mühitinin inkişafına, liberallaşdırılmasına xidmət edən bu tədbirlər dünya miqyasında Azərbaycanın iqtisadi çəkisini və nüfuzunu nzərəçarpacaq dərəcədə yüksəldir, ölkəmizin investisiyalara açıq ölkə olduğunu bilavasitə sübut edir. 2008-ci ildə Dünya Bankının Azərbaycanı bir nömrəli "İslahatçı ölkə" elan etməsi, 2009-cu ildə Ümumdünya İqtisadi Forumunun Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə bütün MDB ölkələrini qabaqlaması məhz əlverişli biznes mühitinin nəticəsidir.
Prezident İlham Əliyev bununla bağlı dəfələrlə vurğulayıb ki, dövlətin əsas vəzifəsi mütərəqqi sosial-iqtisadi islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməklə mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır.
Dövlət başçısının təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ında bu amil prioritet məsələ kimi qabardılır. Müvafiq proqram çərçivəsində bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılmasından ötrü kompleks tədbirlər həyata keçirilir. Bu sahədə həyata keçirilən siyasətin başlıca hədəflərindən biri də əlverişli biznes və investisiya mühiti yaratmaqla ölkə iqtisadiyyatına daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır. 2010-cu ilin birinci yarısında xarici ticarət dövriyyəsinin 85,3 faizi, o cümlədən, ixracın 90,2 faizi, idxalın 68,1 faizi uzaq xarici dövlətlərin payına düşüb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu ölkələrlə ticarət əlaqələrinin həcmi faktiki qiymətlərlə 58,1 faiz, o cümlədən, ixrac 1,7 dəfə, idxal olunan malların həcmi isə 2,4 faiz artıb. Uzaq xarici dövlətlərlə ticarət əlaqələrinin 82,4 faizini ixrac, 17,6 faizini idxal təşkil etmiş və 7265,1 milyon dollarlıq müsbət saldo yaranıb.
Cari ilin birinci yarısında ölkə iqtisadiyyatına 3,4 milyard dollar həcmində xarici sərmayə qoyulub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz çoxdur. Sərmayələrin 43,5 faizi iqtisadiyyata birbaşa investisiyalar, 43,2 faizi isə maliyyə kreditləri şəklində daxil olub.
Cari ilin 7 ayında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq 13,6 milyard manata çatıb.
Gəlirlərin 70,2 faizi son istehlaka, 9,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 18,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 12,3 milyard manatlıq və ya ötən ildəkindən 9,9 faiz çox vəsait qalıb. Ölkəmizdə iqtisadi sahədə əldə edilən yüksək nailiyyətlər vətəndaşların sosial rifah halının yüksəlməsinə müsbət təsir göstərir. Bu gün Azərbaycan yaşayış üçün dünyanın ən yaxşı ölkələri sırasında yer alır. ABŞ-ın məşhur "Newsweek" ictimai-siyasi jurnalının tərtib etdiyi "Dünyanın ən yaxşı 100 ölkəsi" ilə bağlı reytinq cədvəlində Azərbaycanın ön sıralarda yer alması deyilənləri bilavasitə təsdiqləyir. "Newsweek" jurnalı 100 ölkəni 5 kateqoriyaya - səhiyyə, iqtisadi inkişafın dinamikası, təhsil, siyasi sabitlik və həyat səviyyəsi üzrə müqayisə edib. Azərbaycan burada ən yüksək qiyməti iqtisadi inkişafın dinamikasına görə alıb. Ümumiyyətlə, ölkəmizin iqtisadi inkişafı ilə bağlı, bundan bir müddət əvvəl də müxtəlif təşkilat və institutlar, ekspertlər tərəfindən açıqlanan hesabatlarda, proqnozlarda da Azərbaycan daim yüksək səviyyədə qiymətləndirilib.
Azərbaycanın iqtisadi sahədə əldə etdiyi yüksək nəticələr beynəlxalq miqyasda da müsbət qiymətləndirilməkdədir. Prezident İlham Əliyev hökumətin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı nitqində neft-qaz sektorunda işlərin plan üzrə getdiyini bildirmişdi. Dövlət başçısı karbohidrogenlərin hasilatı ilə bağlı bütün işlərin lazımi səviyyədə qurulduğunu vurğulayaraq, cari il üçün nəzərdə tutulmuş səviyyənin təmin ediləcəyinə əmin olduğunu bildirmişdi. Həmin tədbirdən keçən qısa vaxt ərzində hasilat sahəsində göstəricilər daha da yüksəlib. Belə ki, bu ilin yeddi ayında Azərbaycanda 29,7 milyon ton neft hasil edilib, 10 milyard kubmetr əmtəəlik qaz çıxarılıb. Bu barədə məlumat verən Dövlət Statistika Komitəsi yanvar-iyul aylarında çıxarılmış neftin 24,8 milyon tonunun Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür.
Hazırda təkcə Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından gündə orta hesabla 827,6 min barel neft hasil edilir. Həmin neft əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına göndərilir. 2006-cı ilin ortalarından indiyədək BTC vasitəsilə 125,6 milyon tondan çox neft nəql olunub. Təkcə bu ilin altı ayında BTC 18 milyon ton neft ixrac edib. Hazırda BTC-yə AÇG neftindən əlavə "Şəhdəniz"dən çıxarılan kondensat da vurulur. "Şahdəniz"dən hasil olunan qaz isə Cənubi Qafqaz boru kəməri (CQBK) vasitəsilə ixrac edilir. İlin birinci yarısında CQBK gündə təxminən 15 milyon kubmetr qaz nəql edib. Neft ekvivalentinə çevirdikdə, bu, gündəlik göstərici 93 min barreldən çoxdur.
Hasilat artdıqca ölkəmizin əldə etdiyi gəlirlər də çoxalır. Təkcə bp-nin ölkəmizdə operatorluq etdiyi layihələrdən bu il Azərbaycan dövlətinin ümumi gəlirinin 11,4 milyard dollar olacağı gözlənilir.
Ölkədə aparılan uğurlu siyasət maliyyə imkanlarını getdikcə genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artaraq 20 milyard dollardan 24,7 milyard dollara çatıb.
Neft amilindən istifadə edərək digər sahələrin inkişafına nail olmaq Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet vəzifələrdəndir. Hazırda bu vəzifə böyük uğurla yerinə yetirilir. Ötən ilin yeddi ayına nisbətən neft sektorunda artım 2,3, qeyri-neft sektorunda 9,7 faiz olub. Bu, bir daha göstərir ki, sözügedən məqsədin tam reallaşması üçün neft sektorunda işlər müvəffəqiyyətlə icra olunur. Dövlət Neft Fondunda (DNF) toplanan gəlirlər və onun xərcləri barədə ictimaiyyətə mütəmadi məlumatlar verilir. Bu qurumun şəffaflığına görə Azərbaycan neft gəlirlərinin idarə edilməsi və ədalətli bölünməsi sahəsində dünyada nümunəvi dövlətlərdən sayılır. Hazırda "Əsrin müqaviləsi"nin imzalanmasından 16 il keçməsinə baxmayaraq, Azərbaycan xarici sərmayədarlar üçün maraqlı və cəlbedici bir ölkə olaraq qalmaqdadır. Bu səbəbdən Azərbaycanla əməkdaşlıq etmək, birgə iş görmək istəyən şirkətlərin sayı getdikcə artmaqdadır. Azərbaycanın gəlirlərin ədalətli bölünməsi və şəffaf şəkildə saxlanılması artıq bütün dünyada nümunə kimi göstərilir.
Qazanılan nailiyyətlər ölkəmizin qarşısında yeni üfüqlər açır və müasir şəraitdə Azərbaycanın dinamik, davamlı sosial-iqtisadi inkişafını şərtləndirir.