PDF Oxu

Siyasət

  • 12

Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa vurub

Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa vurub
Müasir dünyamızda hər bir dövlətin inkişaf yolu həmin ərazidə yaşayan xalqların öz qarşısına qoyduğu vəzifələrlə üzvi surətdə bağlıdır. Bu gün dünyada təqribən 200-ə yaxın irili-xırdalı dövlət var. Amma bu dövlətlərin inkişaf səviyyələri heç də eyni deyildir. Aydındır ki, yeni yaranmış dövlətlərin hər biri sürətlə inkişaf etmək, zəngin dövlətlərə çatmaq xəttini götürür. Azərbaycanda yeni dövrün gerçəklikləri nəzərə alınmaqla həyata keçirilən uğurlu iqtisadi strategiya respublikamızı analoqu olmayan inkişaf mərhələsinə gətirib çıxarmışdır.
Son 7 ildə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi müsbət nəticələrlə müşahidə olunmaqdadır. Ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır.
Ölkədə xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin prioritet istiqamətləridir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Respublikada son 7 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması da reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Həyata keçirilən islahatlar nəticəsində isə ölkə iqtisadiyyatı keçid dövründən bazar iqtisadiyyatı dövrünə qədəm qoymuşdur. Belə ki, qeyd olunanların məntiqi təsdiqi baxımından, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında vurğuladığı fikirlər böyük əhəmiyyət kəsb edir: "...Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Bu, həqiqətən də, belədir. Biz artıq keçid dövrünün iqtisadiyyatı deyilik. Bunu şərtləndirən müxtəlif amillər vardır...Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır."
Ötən müddətdə dövlət başçısı xalq qarşısında verdiyi hər bir vədi gerçəkliyə çevirmiş və bunun üçün ardıcıl, məqsədyönlü, uğurlu fəaliyyət göstərmiş, bütün məsələlərdə xalqın mənafeyini əsas götürmüşdür. Bu siyasətin əsas qayəsində məhz insan və şəxsiyyət amili dayanmışdır. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır" - deməklə hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən dövlət başçısı Nazirlər Kabinetinin müntəzəm olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Hökumətin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunları ilə bağlı keçirilmiş iclası göstərdi ki, dünya ölkələri qlobal böhranın mənfi təsirlərindən hələ tam qurtula bilmədiyi halda, Azərbaycan dinamik və ardıcıl inkişafını davam etdirmişdir. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ında qarşıyıa qoyulan vəzifələrin uğurla gerçəkləşdirilməsi nəticəsində bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilməkdədir. Bu, iş adamlarının fəaliyyətlərinin genişləndirilməsinə də yaxşı imkanlar açmışdır. Bu sahədə yürüdülən siyasətin başlıca hədəflərindən biri də əlverişli biznes və investisiya mühiti yaratmaqla ölkə iqtisadiyyatına daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır. Ölkəyə investisiya qoyuluşları sahəsində dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyini daha da artırmaq baxımından 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının da mühüm əhəmiyyəti olmuşdur. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına nail olmaqdır. Şirkət, eyni zamanda, xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsini təmin edir. Qürur doğuran haldır ki, hazırda Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə olan dövlətlərindəndir. 2009-cu ildə Azərbaycan iqtisadiyyatına 9,2 milyard dollar investisiya qoyulmuşdur və bunun da 7,3 milyardı, yaxud 67 faizi daxili sərmayədir. Bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə bu, kifayət qədər qənaətbəxş göstəricidir. Biznes mühitinin liberallaşdırılmasına xidmət edən bu tədbirlər respublikamızın beynəlxalq miqyasda investisiyalara açıq ölkə imicini gücləndirir, qeyri-neft sektoruna marağı artırır. 2008-ci ildə Dünya Bankının Azərbaycanı bir nömrəli "İslahatçı ölkə" elan etməsi, 2009-cu ildə Ümumdünya İqtisadi Forumunun Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə bütün MDB ölkələrindən irəli - dünyada 51-ci hesab etməsi də məhz əlverişli biznes mühitinin nəticəsidir. Azərbaycanda iqtisadi və sosial məsələlərin həlli istiqamətində həyata keçirilən genişmiqyaslı işlər öz müsbət nəticələrini verməkdədir. Cari ilin 7 ayında əldə olunan iqtisadi nəticələrə nəzər yetirdikdə, bu inkişafı bir daha aydın görmək mümükündür. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin birinci yarısında ölkəmiz dünyanın 130 ölkəsi ilə ticarət əməliyyatı aparmışdır. Ticarət əlaqələrinin 77,9 faizi ixracın, 22,1 faizi idxalın hesabına formalaşmış, nəticədə 7343,7 milyon dollarlıq müsbət saldo yaranmışdır. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi faktiki qiymətlərlə 53,4 faiz, o cümlədən, ixrac 1,8 dəfə, idxal 5,2 faiz artmışdır. İdxal-ixrac əməliyyatlarında İtaliya, İsrail, Fransa, Rusiya, ABŞ, Ukrayna, İndoneziya, Çin, Malayziya, Türkiyə əsas ticarət tərəfdaşlarımız olmuşdur.
Xarici ticarət dövriyyəsinin 85,3 faizi, o cümlədən, ixracın 90,2 faizi, idxalın 68,1 faizi uzaq xarici dövlətlərin payına düşmüşdür. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu ölkələrlə ticarət əlaqələrinin həcmi faktiki qiymətlərlə 58,1 faiz, o cümlədən, ixrac 1,7 dəfə, idxal olunan malların həcmi isə 2,4 faiz artmışdır. Uzaq xarici dövlətlərlə ticarət əlaqələrinin 82,4 faizini ixrac, 17,6 faizini idxal təşkil etmiş və 7265,1 milyon dollarlıq müsbət saldo yaranmışdır. Cari ilin birinci yarısında ölkə iqtisadiyyatına 3,4 milyard dollar həcmində xarici sərmayə qoyulub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz çoxdur. Sərmayələrin 43,5 faizi iqtisadiyyata birbaşa investisiyalar, 43,2 faizi isə maliyyə kreditləri şəklində daxil olmuşdur. Cari ilin 7 ayında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq 13,6 milyard manata çatmışdır. Bu müddət ərzində əhalinin hər nəfərinə orta hesabla əvvəlki ilin eyni dövründəkindən 8 faiz çox gəlir düşmüşdür. Gəlirlərin 70,2 faizi son istehlaka, 9,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 18,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 12,3 milyard manatlıq və ya ötən ildəkindən 9,9 faiz çox vəsait qalmışdır.
Ölkəmizdə iqtisadi sahədə əldə edilən yüksək nailiyyətlər vətəndaşların sosial rifah halının da adekvat olaraq yüksəlməsinə müsbət təsir göstərir. Azərbaycanın yaşayış üçün dünyanın ən yaxşı ölkələri sırasında yer alması artıq dünya miqyasında da etiraf edilməkdədir. ABŞ-ın məşhur "Newsweek" ictimai-siyasi jurnalı tərəfindən tərtib edilən "Dünyanın ən yaxşı 100 ölkəsi" ilə bağlı reytinq cədvəlində Azərbaycanın da yer alması deyilənləri bir daha təsdiqləyir. Azərbaycan reytinq cədvəlində İran, Venesuela, Misir, Hindistan və digər ölkələri qabaqlayıb.
Beləliklə, iqtisadiyyatda əldə olunan nailiyyətlər deməyə əsas verir ki, ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanıb. Bütün bu nailiyyətlər xalqımızın böyük dəstəyi sayəsində mümkün olmuş və Azərbaycanın daha sürətli inkişafı yolunda yeni prespektivlər açmışdır.
Bölgənin ən güclü, qüdrətli və zəngin ölkəsinə çevrilən ölkəmiz davamlı və dinamik inkişaf yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlamaqdadır. Prezident İlham Əliyevin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi: "Biz müstəqil siyasət aparırıq, ləyaqətli siyasət aparırıq, öz resurslarımıza arxalanırıq, öz hesabımıza yaşayırıq və ölkəmizi gücləndiririk, abadlaşdırırıq. Ölkəmizin beynəlxalq müstəvidə daha da güclü olması üçün əlimizdən gələni edirik."

Digər xəbərlər