"Biz, həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar, orta pensiyaların həcmi təxminən 130 dollar təşkil edir. Bu rəqəmlər ildən-ilə artır"- Azərbaycan Prezidentinin söylədiyi bu sözlər dövlətin əhalinin sosial müdafiəsinə nə qədər böyük önəm verdiyini göstərir .
Azərbaycan iqtisadiyyatının sürətlə inkişafı ölkə əhalisinin gəlirlərinin də mütənasib olaraq artımını təmin edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,3 faiz artaraq 13,6 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8 faiz artaraq 1527,4 manata çatıb.
Göstərilən məlumatlar deməyə əsas verir ki, Azərbaycanda yoxsulluq kəskin şəkildə aşağı düşür. Son 6 ildə yoxsulluq şəraitində yaşayanların sayı 4 dəfə azalıb. Hazırda ölkə əhalisinin cəmi 11 faizi yoxsulluq şəraitində yaşayır.
Azərbaycanda regionların inkişafı Dövlət Proqramı uğurla davam edir və regionlarda gedən quruculuq-abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış durumdan uğurla istifadə edirlər.
Azərbaycanda son 7 ayda 40 min yeni iş yerləri açılıb. Son 6 ildə isə təxminən 900 min yeni iş yerləri açılıb ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir. Bütövlükdə, Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur. İşsizliyin aradan qaldırılması istiqamətində çox önəmli addımlar atılır.
Bu il sahibkarlara 100 milyon manatdan çox kredit veriləcəkdir. Bu da kiçik və orta biznesin inkişafına böyük dəstək olacaq. Özəl sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi regionların inkişafına öz böyük töhfələrini verməkdədir.
"Biz elə etməliyik ki, gələcəkdə də, bütün dövrlərdə ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkə qarşısında duran bütün problemləri həll edək" deyən Prezident problemlərin böyük hissəsinin həll olunduğunu qeyd edir.
Prezident bununla belə, həll ediləsi problemlərin hələ də çox olduğunu bildirir: "Əsas sosial və iqtisadi problemlərin böyük hissəsi həll olunub. Azərbaycanda işsizlik böyük dərəcədə aradan qaldırılıb. Yoxsulluq, demək olar ki, artıq inkişaf etmiş ölkələrin səviyyəsinə- 49 faizdən 11 faizə enib. Bütün bunların təməlində aparılan islahatlar, düşünülmüş siyasət və görülən iqtisadi tədbirlər dayanır".
Azərbaycanda gedən inkişaf 2010-cu ilin 7 ayının nəticələrində də özünü göstərdi. Bu göstərici insanların həyat səviyyəsində, abadlaşan şəhərlərdə, çəkilən yollarda, tikilən müəssisələrdə özünü göstərir. Bu gün Azərbaycanda işləmək üçün xaricdən işçi qüvvəsi gəlir. Artıq vaxtilə ölkəmizdən başqa şəhərlərə, ölkələrə getmiş vətəndaşlar da qayıtmağa başlayırlar. Çünki Azərbaycanda sabitlik, ictimai-siyasi asayiş ən yüksək səviyyədədir.
Ölkədə özəl sektor inkişaf edir. Sahibkarlığa dəstək məqsədi ilə kreditlər ayrılır, kənd təsərrüfatının inkişafı üçün böyük subsidiyalar qoyulur. İnfrastruktur layihələri, bütün ölkəmizdə yol tikintisi, müasir müəssisələr, indi qazlaşdırma prosesi sürətlə gedir.
Dövlət başçısı deyir: "Elə etməliyik ki, ölkəmizin bütün məntəqələrinə kifayət qədər elektrik enerjisi verilsin, qaz problemləri həllini tapsın. Növbəti mərhələdə içməli su, kanalizasiya problemləri bizim üçün prioritet təşkil edir. Ümid edirəm ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızın su-kanalizasiya problemləri həllini tapacaq".
Dünyada 2 ildir ki, böhran hökm sürür. Sadə Azərbaycan vətəndaşları isə bu böhranın acı nəticələrini, demək olar ki, hiss etməyib. Çünki inflyasiya sabit qaldı, biz qiymətlərin artımına imkan verilmədi. Maaşlar, pensiyalar vaxtında verildi və bu proses bu gün də davam edir. Yaxın aylarda maaşların, pensiyaların artımı nəzərdə tutulur.
Azərbaycan bu gün özünü, demək olar ki, əsas kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin edir. Milli iqtsadiyyatın inkişafı isə əhalinin gəlirlərinin artmasını və ölkədə və sosial problemlərin həllini şərtləndirir.