PDF Oxu

Siyasət

  • 10

2010-cu ilin 7 ayında inkişaf göstəriciləri

2010-cu ilin 7 ayında inkişaf göstəriciləri
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ötən yeddi ay ərzində 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 3,5 faiz, yaxud müqayisəli qiymətlərlə 649,6 milyon manat artaraq 23,2 milyard manata çatmışdır.  ÜDM-in 66,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən, 55,5 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 4,3 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,1 faiz, o cümlədən, nəqliyyatda 6,6 faiz, ticarət və iaşədə 8,1 faiz, rabitədə 1,8 faiz, sosial və qeyri-formal xidmətlərdə 10,6 faiz təşkil etmişdir.
 ÜDM-in 6,2 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Keçən ilin yanvar-iyul aylarına nisbətən adambaşına ümumi daxili məhsul istehsalı 2,3 faiz artaraq 2599,7 manat (3235,5 ABŞ dolları) olmuşdur.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin yanvar-iyul ayları ilə müqayisədə 3,2 faiz çox və ya 16,2 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 76,8 faizi mədənçıxarma bölməsində, 17,9 faizi emal bölməsində, 4,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
İlin yeddi ayında 10,5 milyard kv.saat elektrik enerjisi istehsal olunmuşdur. Sənayenin neft sektorunda məhsul istehsalı 2,3 faiz, qeyri-neft sektorunda 9,7 faiz artmışdır.
Aqrar bölmədə avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 98,6 faizi, yaxud 1836,9 min hektarı biçilmiş və həmin sahələrdən 925,4 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 19,9 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 2,7 min hektar qarğıdalı sahəsindən 7,3 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan tarlalardan 471,6 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 79,6 min ton az kartof, 653,5 min ton (6,9 min ton az) tərəvəz, 140,7 min ton (21,3 min ton az) meyvə və giləmeyvə, 245,2 min ton (13,0 min ton çox) bostan məhsulları, 956 ton, yaxud 232 ton çox tütün toplanmışdır.
Bu dövrdə 174,7 min ton, yaxud 2009-cu ilin yanvar-iyul aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 868,5 min ton (4,9 faiz çox) süd, 709,5 milyon ədəd (1,7 faiz az) yumurta, 13,6 min ton (3,5 faiz çox) yun istehsal olunmuşdur.
İlkin məlumatlara əsasən altı ay ərzində ölkəyə 3,4 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olmuşdur. İnvestisiyanın 1,5 milyard dolları (43,5 faizi) birbaşa investisiya qoyuluşları, 1,9 milyard dolları isə kreditlər və digər investisiyalar şəklində daxil olmuşdur. Birbaşa investisiyaların 1288,0 milyard dolları, yaxud 37,7 faizi neft sektoruna, 198,3 milyard dolları isə qeyri-neft sektoruna yönəldilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 109,5 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,1 faiz çox yük, 764,9 milyon nəfər və ya 3,4 faiz çox sərnişin daşınmışdır. Yüklərin 11,6 faizi dəmir yolu, 49,6 faizi avtomobil, 5,8 faizi dəniz nəqliyyatı, 33,0 faizi boru kəmərləri ilə, sərnişinlərin 85,6 faizi avtomobil, 13,9 faizi metropolitenlə daşınmışdır.
Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 619,4 milyon manat dəyərində və ya ötən ildə olduğundan 31,3 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 74,1 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 79,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
İqtisadiyyatın sürətlə inkişafı ölkə əhalisinin gəlirlərinin də mütənasib olaraq artımını təmin edir. 2010-cu ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,3 faiz artaraq 13,6 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8,0 faiz artaraq 1527,4 manata çatmışdır.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul aylarında 5,3 faiz artaraq 316,3 manata çatmışdır. Bununla yanaşı, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əməkhaqqı daha yüksək olmuşdur. Yanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 453,2 manat, tikinti kompleksində işləyənlərin isə 496,7 manat olmuş və ötən illə müqayisədə müvafiq olaraq 6,0 faiz və 11,8 faiz artmışdır.
2010-cu ilin yanvar-iyun aylarında 130 ölkə ilə aparılmış xarici ticarət dövriyyəsinin həcmi 13,1 milyard dollar təşkil etmiş, 85,3 faizi və ya 11,2 milyard dolları uzaq xarici dövlətlərlə, 1,9 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.
Altı ay ərzində ölkəmizdən xarici ölkələrə 10,2 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 9,2 milyard dolları uzaq xarici dövlətlərə, 1,0 milyard dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 2901,7 milyon dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 1976,0 milyon dollar, MDB üzvü dövlətlərindən isə 925,7 milyon dollar olmuşdur.
Xarici ticarət əlaqələrinin 41,2 faizi Avropa Birliyi ölkələrinin, 14,7 faizi MDB-yə daxil olan ölkələrin, 44,1 faizi digər dövlətlərin payına düşmüşdür. Əmtəə dövriyyəsinin 56,4 faizi Avropa, 34,7 faizi Asiya, 7,4 faizi Amerika, 1,4 faizi Afrika qitələrinin ölkələri ilə aparılmışdır.
Altı ay ərzində 7343,7 milyon dollarlıq, o cümlədən, uzaq xarici ölkələrlə 7265,1 milyon dollar məbləğində, MDB üzvü dövlətləri ilə isə 78,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-iyun aylarında dövlət büdcəsinə 4922,7 milyon manat həcmində, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 1,3 faiz çox vəsait daxil olmuşdur.
Göründüyü kimi, 2010-cu ilin birinci yarısı ölkənin bütün sahələrdə uğurlar əldə etməsi ilə müşayiət olunub, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə inkişaf tempi davam edib. Qeyd edilənlər göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan hökuməti uğurlu siyasi və iqtisadi islahatlar aparmaqla Azərbaycanın sürətli inkişafını davam etdirir. Dünya ölkələrinin böhrandan əziyyət çəkdiyi bir zamanda Azərbaycanın böyük uğurlar əldə etməsi məhz düşünülmüş siyasətin və strateji fəaliyyətin nəticəsidir.

Digər xəbərlər