PDF Oxu

Siyasət

  • 13

Turizmin inkişafı sürətlənir

Turizmin inkişafı sürətlənir
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəyə gələn 1 milyon 830 min xarici vətəndaşdan 1 milyon 430 mini turist olub. Təkcə Qəbələyə ilk yarımildə 20 min turist gəlib. Hazırda Azərbaycanda turistlər üçün nəzərdə tutulmuş yataq yerlərinin sayı 30 mindən çoxdur. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində 137 turizm şirkəti, 57 mehmanxana və 48 restoran fəaliyyət göstərir.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün ekspertlər klaster yanaşmanı məqbul sayırlar. Klaster yanaşma zamanı Azərbaycanda perspektivi aydın görünən bir neçə sahənin inkişaf etdirilməsi əsas götürülür ki, bunlardan da biri turizm sektorudur. Digər sektorlardan fərqli olaraq turizm ekologiyaya zərər vurmayan, xammal və ya industrial texnologiya tələb etməyən, faydalı qazıntıların istifadəsinə ehtiyac duymayan bir sektordur. Təsadüfi deyil ki, bir çox ölkələrin əsas gəlirləri məhz bu sektordan əldə olunur.
Azərbaycan təbii şəraiti, olduqca zəngin və rəngarəng rekreasiya ehtiyatları, xarici və daxili turizmin və əhalinin istirahətinin təşkili üçün hər cür şəraitə malikdir. Təbii ki, bu imkandan səmərəli formada yararlanmaq üçün bir sıra digər tədbirlərin də həyata keçirilməsi zəruridir.
Son illər Azərbaycanda yuxarıda qeyd edilən məsələlərin həlli, o cümlədən, infrastruktur sahələrin inkişafı istiqamətində irimiqyaslı yerli, regional və beynəlxalq layihələr həyata keçirilməkdədir. Bu layihələr müxtəlif istehsal və xidmət sahələrini əhatə etməklə ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynamaqdadır.
Həyata keçirilən layihələrin prioritet istiqamətlərindən biri də infrastruktur sahələrin təkmilləşdirilməsi və müasir tələbata uyğunlaşdırılmasıdır. Bu da təbiidir, çünki köhnə, müasir standartlara cavab verməyən infrastruktur sahələrlə hər hansı inkişafa nail olmaq qeyri-mümkündür.
Bu gün infrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ilbəil yüksək templə artması dövlətin bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Müşahidə və təhlillərdən aydın olur ki, ölkəmizdə son 6 ildə sürətlə inkişaf edən sahələrdən biri də nəqliyyat sektorudur.
Nəqliyyat xidmətlərinin, yolların və s. inkişafı isə sahibkarlıq, turizm və s. sahələrin dirçəlişinə təkan verir. O cümlədən, bu gün Azərbaycanın ən ucqar kəndlərinədək rahat yolların çəkilməsi, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizm sektorunun da inkişafına ciddi təsir göstərməkdədir.
Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli yolların yenidən qurulması, yeni yolların çəkilişi ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə ərazisindən tranzit kimi istifadə edən xarici daşıyıcıların sayı da çoxalır. Bu da turizmin inkişafında mühüm rol oynayır.
Məlumdur ki, turizmin inkişafında daxili turistlər də xüsusi rol oynayır. Xüsusən, ölkəmizdə kənd turizminin inkişafı əsasən daxili turistlərdən asılıdır. Belə ki, turizmin ekoloji turizm, dağ turizmi, idman turizmi və s. müxtəlif növləri içərisində kənd turizmi daha geniş yayılıb. Eyni zamanda, Azərbaycanda da kənd turizminin inkişaf etdirilməsi üçün çox geniş potensial imkanlar mövcuddur.
Əhalisinin təqribən yarısı kənd yerlərində yaşayan Azərbaycan kimi ölkələrdə kənd turizminin inkişafı çox vacibdir. Çünki kənd turizmi şəhər mühitinin kənd mühiti ilə əvəz olunması ilə yanaşı, kənd yerlərində kiçik sahibkarlığın inkişafının, kənd təsərrüfatı məhsullarının istehlakçılara birbaşa çatdırılmasının təmin edilməsində, bölgələrin mövcud potensialından səmərəli istifadə olunmasında xüsusi əhəmiyyətə malikdir.
Araşdırmalardan aydın olur ki, kənd turizmi ümumilikdə, milli park və təbiət ərazilərindən istifadəyə, insanların istirahət tələbatında ətraf mühitlə bağlılığa, mədəni və milli irs nümunələrindən, eləcə də, tarixi memarlıq abidələrindən istifadəyə, yüksək keyfiyyətli yaylaq havasına və müalicəvi bulaq sularına daimi tələbatın olmasına əsaslanır .
Azərbaycanda kənd turizminin sürətli inkişafı XX əsrin 80-ci illərinə təsadüf edir. Belə ki, tədricən iqlim dəyişmələrinin kəskinləşdiyi, ölkə ərazisində isti günlərin sayının və temperaturun yüksəlməsi Bakı və aran rayonlarında yaşayan insanların yay aylarında təbiət qoynunda olmağa, kənd yerlərində müvəqqəti yaşayış yerləri kirayələyərək orada istirahət etməyə məcbur edirdi.
Təbii ki, kütləvi axında əsas hissəni əhalinin orta və aztəminatlı təbəqəsi təşkil edirdi. Son illər ölkədə siyasi və iqtisadi stabilliyin təmin olunması, əldə edilmiş iqtisadi uğurlar nəticəsində əhalinin həyat səviyyəsinin yüksəlməsi və yaşayış şəraitinin yaxşılaşması insanların asudə vaxtlarının daha səmərəli istifadə etməsinə, eləcə də, istirahət maraqlarının artmasına səbəb olub. Bütün bunlar isə, təbii ki, son nəticədə turizmin inkişafına təkan verir.
Son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, əksər regionlara və sahələrə dair dövlət proqramlarının qəbulu, onların uğurla icra edilməsi və s. nəticəsində bir çox problemlər tədricən öz həllini tapıb, ölkədə kənd turizminin inkişafı üçün münbit şərait formalaşdırılıb. Bu sahədə isə nəqliyyat əlaqələrinin genişlənməsi, ən ucqar yaşayış məntəqələrinədək abad yolların çəkilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəlməsi xüsusilə əhəmiyyətli olub. Avtomobil yollarının yenidən qurulması və təkmilləşdirilməsi, nəinki kənd turizminin, ümumilikdə, ölkə turizminin inkişafında mühüm rol oynayır.
Aydındır ki, kənd turizm mərkəzləri əsasən dağlıq rayonlarda - Quba, Qusar, Xaçmaz, Masallı, Şamaxı, Qəbələ, Şəki və digər rayonların ərazisində yerləşir. Digər tərəfdən, məlumdur ki, son dövrlər, hətta ən mürəkkəb coğrafi şəraitə və dağlıq relyefə malik ərazilərlə nəqliyyat əlaqələri yaradılıb. Ən yüksək zirvədə yerləşən, rəngarəng təbiəti və gözəl mənzərələri olan Xınalıq kəndinə yol çəkilişi buna sübutdur. Təbii ki, Xınalıq və bu kimi digər ərazilərdə keyfiyyətli turizm xidmətlərinin təşkili ilə yolların çəkilişinə sərf edilən vəsaiti tezliklə dövlət büdcəsinə qaytarmaq və turizmi büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək olar.
Bütün bunlarla yanaşı, son illər, regionlarda (Gəncə, Zaqatala, Lənkəran və s.) beynəlxalq standartlara cavab verən hava limanlarının tikintisi, Lerik-Lənkəran, Şəmkir-Qazax, Xınalıq-İspik yollarının yenidən qurulması, Tovuz, Gədəbəy, Yardımlı, Daşkəsən, Quba və digər rayonlarda yeni yol çəkilişləri regional inkişafa verilən ən gözəl töhfədir. Təbii ki, regionların abadlaşdırılması, yeni yolların çəkilməsi sahibkarlıq və turizm kimi sahələrin də inkişafına güclü təkan verəcəkdir.
Burada ölkə başçısı cənab İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşərdi: "Harada ki, müasir infrastuktur var, o bölgədə mütləq və mütləq inkişaf olacaqdır. Əgər bu yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii şərait olsa da, əgər müasir infrastuktur yoxdursa və ya bərbad durumdadırsa, oraya heç kim gəlməyəcəkdir".
Təbii ki, yol olmadıqda və ya yararsız halda olduqda nəqliyyat vasitələri, normal nəqliyyat vasitələri olmadıqda isə yollar əhəmiyyətsiz olur. Eyni zamanda, tələbata uyğun nəqliyyat xidmətləri olmadan hər hansı sahədə istənilən inkişafa nail olmaq qeyri-mümkündür.
Turizmin, o cümlədən, kənd turizminin inkişafı nəqliyyat və onun infrastruktur sahələrinin inkişafı ilə bir kompleks əmələ gətirir. Bütün bunlar isə ölkədə həyata keçirilən infrastruktur layihələrin turizmin inkişafında, konkret olaraq, regionlarda aparılan quruculuq işləri, yeni yol çəkilişlərinin isə kənd turizminin inkişafında xüsusi əhəmiyyəti olduğunu bir daha sübut edir. Son illərdə Azərbaycana gələn turistlərin xeyli artması bu sahənin klaster yanaşmada ən vacib sahələrdən olduğunu göstərir.

Digər xəbərlər