Türkiyə - Azərbaycan münasibətləri regionun inkişafını təmin edir
Məlum olduğu kimi, bu günlərdə Türkiyə prezidenti Abdullah Gül Azərbaycanda səfərdə olub. İki gün davam edən səfər zamanı A.Gül bir sıra mühüm görüşlər keçirmiş, bu görüşlərdə hər iki ölkəni maraqlandıran məsələlər müzakirə olunmuşdur. Eyni zamanda, bir sıra qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə yönəlmiş sənədlər də imzalanmışdır. Bunları nəzərə alaraq demək olar ki, A.Gülün Azərbaycana səfəri qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək, iki qardaş ölkə arasında strateji tərəfdaşlığı daha da gücləndirmək yönündə mühüm və əhəmiyyətli bir addımdır.
Qeyd edək ki, Türkiyə prezidentinin Azərbaycana səfəri barədə proqnozlar əvvəlcədən də o istiqamətdə qurulmuşdu ki, bu səfər iki ölkə başçısı arasında baş tutan digər səfərlərin ardı olaraq mühüm əhəmiyyət kəsb edəcək. Strateji tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün sahələrdə müzakirələri nəzərdə tutan səfər çərçivəsində iki ölkəni maraqlandıran və onların inkişafını nəzərdə tutan bəzi məsələlərin öz həllini tapması gözlənilirdi. Burada əsasən iki ölkə arasında viza rejimi, qaz nəqli, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi məsələlərin müzakirəsinin daha çox diqqət mərkəzində saxlanılması gözlənilirdi. İstər Azərbaycan Respublikasının Prezidenti ilə təkbətək görüşdə, istərsə də geniş tərkibli görüşdə bu məsələlər müzakirə obyekti olmuşdur.
Təkbətək görüş zamanı ikitərəfli əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirən prezidentlər ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. Bundan sonra keçirilən geniş tərkibli görüşdə bu məsələlər bir daha nəzərə çatdırılmış, Türkiyə-Azərbaycan dostluğunun vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüş zamanı həm ikitərəfli formatda, həm də regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığının və birgə fəaliyyətinin mühüm bir amilə çevrildiyini nəzərə çatdırmışdır. Türkiyə prezidenti A.Gül isə, öz növbəsində, Türkiyə ilə Azərbaycan arasında münasibətləri adi protokol səviyyəsindən kənarda gördüyünü, tez-tez görüşlərin keçirilməsinin, vaxtaşırı müzakirələrin aparılmasının xalqlarımız üçün faydalı olacağını qeyd etmişdir. Ümumilikdə, hər iki prezident səfərdən və qurulmuş qarşılıqlı münasibətlərdən məmnun olduqlarını bildirmişlər.
Prezident İlham Əliyev keçirilən mətbuat konfransı zamanı bu müqavilənin gələcək fəaliyyəti müəyyən etdiyini və bundan sonra, onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəyini nəzərə çatdırıb.
Keçirilən görüşlərdən sonra Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən mətubat konfransında da bir daha qarşılıqlı əməkdaşlığın perspektivləri barədə danışılmış, prezidentlər keçirdikləri görüşdən və əldə olunan nəticələrdən məmnun olduqlarını nəzərə çatdırmışlar. Prezident İlham Əliyev çıxışı zamanı qarşılıqlı əməkdaşlığın bütün sahələri əhatə etdiyini və bu əməkdaşlığın yaxşı nəticələr verdiyini bildirmişdir. İstər iqtisadi, istərsə də siyasi sahələrdə yüksək səviyyəli əməkdaşlıqdan bəhs edən cənab Prezident bu əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd etmişdir. İlk növbədə, iqtisadi ələaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycan və Türkiyə tərəfindən birgə həyata keçirilmiş layihələri misal göstərərək, onların əhəmiyyətindən danışmışdır. "Bu yaxınlarda Türkiyə-Azərbaycan iqtisadi forumunun keçirilməsi iqtisadi sahədə çox mühüm bir hadisə idi. Biz, nəinki qarşılıqlı yatırımların həcmini artırırıq, eyni zamanda, artıq üçüncü ölkələrdə birgə sərmayə qoyuluşu haqqında ciddi fikir mübadiləsi aparırıq və əminəm ki, bu sahədə yaxşı nəticələr ola bilər.
Neft-qaz sahəsindəki əməkdaşlığımızın böyük tarixi vardır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir və bu fəaliyyət gələcəkdə daha da geniş olacaqdır. Bu gün bu mühüm layihələr yeni vəziyyətin yaranmasına gətirib çıxarıbdır. Həm bölgədəki vəziyyətə müsbət təsir göstərir, eyni zamanda, gələcəkdə çoxtərəfli regional əməkdaşlıq üçün də mühüm şərt kimi mövcuddur".
Prezident İlham Əliyev mətbuat konfransında çıxışı zamanı türkdilli ölkələr arasındakı əlaqələr və bu əlaqələrin möhkəmləndirilməsində Türkiyə-Azərbaycan dostluğunun mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Məlum olduğu kimi, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü ötən il məhz Azərbaycanın dilbər guşələrindən biri olan - Naxçıvanda keçirilmişdir. Bu il isə bu görüşün Türkiyədə keçirilməsi nəzərdə tutulur. Ötənilki görüşdə bir sıra mühüm əhəmiyyətli məsələlərin müzakirə olunduğunu və qarşıya bir sıra məqsədlərin qoyulduğunu nəzərə alsaq, bu görüşün türkdilli ölkələrin bir-birilə yaxınlaşması üçün böyük bir təkan olduğunu deyə bilərik. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev Azərbaycan-Türkiyə əlaqələrinin bütövlükdə türk dünyasının birləşməsi üçün xüsusi yeri olduğunu qeyd etmişdir.
Müzakirə olunan məsələlər sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev bir daha Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına əmin olduğunu bildirdi və bu işdə Azərbaycanın tutduğu mövqeyə daim dəstək verdiyinə görə Türkiyə prezidentinə və bütün türk xalqına minnətdarlığını bildirmişdir. Türkiyə prezidenti Abdullah Gül isə bu məsələnin dondurulmuş halda qalmasının doğru olmadığını nəzərə çatdırmış və bu yöndə fəaliyyətlərini və müzakirələrini davam etdirəcəyini bildirmişdir. A.Gül bir daha Türkiyənin daim bu məsələdə Azərbaycanın yanında olduğunu, həmrəy olduğunu və olmaqda davam edəcəyini bəyan etmişdir.
Prezidentlərin Dağlıq Qarabağ məsələsinə bu cür diqqət ayırması məsələnin həssaslığından xəbər verir. Yəni bu, çox mürəkkəb məsələdir və təkcə Azərbaycanın deyil, eyni zamanda, bütün regionun təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Ermənistanın danışıqlarda qeyri-konstrutiv mövqe nümayiş etdirməsi Türkiyəni də narahat edən məsələlərdəndir. Bir neçə dəfə Türkiyə dövləti tərəfindən Ermənistana bü mövqeyindən çəkilmək barədə təkidlər olsa da, qarşı tərəf razılığa gəlməmişdir. Əksinə, öz himayədarlarından ardıcıl olaraq yardımlar alan Ermənistan daha radikal mövqe nümayiş etdirməyə başlamışdır. Belə bir məqamda isə Türkiyənin Azərbaycanın yanında olması, ona dəstək verməsi yüksək əhəmiyyətli məsələdir.
Ümumilikdə götürdükdə isə, Abdullah Gülün Azərbaycana səfərini ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox yüksək qiymətləndirmək lazımdır. Bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə təkan verəcək bu səfər ölkələrimiz arasında gələcək perspektivi də müəyyənləşdirmiş oldu. Ümumiyyətlə, belə səfərlərin tez-tez olması Azərbaycanla Türkiyə arasında ittifaqı və dostluq münasibətlərini daha da möhkəmləndirəcək, xalqlarımızı arasında yaxınlaşmanın və dostlaşmanın inkişafını şərtləndirəcəkdir. Eyni zamanda, iki ölkə arasında bu cür birliyin yaradılması bəzi qüvvələrə xüsusilə düşmən, Azərbaycan-Türkiyə dostluğunu istəməyən, zaman-zaman bu dostluğa zərbə vurulması üçün müxtəlif əməllər törətmiş qüvvələrə qarşı bir mesajdır.