PDF Oxu

Siyasət

  • 19

Türkiyə-Azərbaycan əlaqələrində yeni mərhələ başlanır

Türkiyə-Azərbaycan əlaqələrində yeni mərhələ başlanır
Cənubi Qafqazda baş verən geosiyasi proseslərin yenidən dinamik mərhələyə qədəm qoyması region ölkələrinin xarici siyasət kursu ilə bağlı müəyyən addımlar atması ilə müşayiət olunur. Rusiyanın son vaxtlar Cənubi Qafqazda yenidən möhkəmlənmək və regionda nəzarəti ələ keçirmək istiqamətində səylərini yenidən artırması region ölkələrinə təhlükəsizliyinin təmin olunması ilə bağlı da bəzi addımlar atması zərurəti yaradır.
Bu baxımdan da son vaxtlar Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da yaxınlaşdırılması istiqamətində hər iki ölkə öz imkanlarını səfərbər etməyə başlayıb.
Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər dövlətlərarası münasibətlər olmaqla yanaşı, həm də dili və dini eyni olan iki ölkə arasında gedən təbii yaxınlaşma prosesinin nəticəsi kimi qiymətləndirilir. Bununla belə regionda gedən siyasi proseslər və başqa dövlətlərin Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı obyektiv mövqe nümayiş etdirməməsi də bir sıra məsələlərlə bağlı hər iki ölkənin eyni siyasi mövqe nümayiş etdirməsini zəruri edir.
Digər bir məqam isə Rusiyanın son vaxtlar Cənubi Qafqazla bağlı siyasətini aqressivləşdirməsidir. Gürcüstana qarşı daha sərt mövqe nümayiş etdirən rəsmi Moskva bu ölkə ilə müqayisədə Azərbaycanla normal əməkdaşlıq qursa da, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı Rusiyanın qeyri-obyektiv mövqe nümayiş etdirməsi və danışıqlar prosesinin irəli aparılmasını müxtəlif yollarla əngəlləməyə çalışır. Belə bir vaxtda Türkiyənin Azərbaycanın yanında olması təkcə siyasi baxımdan deyil, eyni zamanda, təhlükəsizlik və hərbi nöqteyi-nəzərdən vacib məsələdir. Onu da xatırlamaq yerinə düşər ki, bir qədər əvvəl, beynəlxalq ictimaiyyətin diqqətini DQ münaqişəsi ətrafındakı vəziyyətdən yayındırmaq məqsədi ilə Naxçıvanla bağlı iddiaları ortaya atan Ermənistana Türkiyə tərəfindən "Qars müqaviləsi"nin xatırladılması və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun "Lazım gələrsə, Türkiyə Naxçıvanın təhlükəsizliyini öz üzərinə götürə bilər"- səpkili bəyanat səsləndirməsi Moskvanın regionda Azərbaycana ermənilərin əli ilə ikinci münaqişə xətti açmaq səylərini puça çıxardı.
Türkiyə və Azərbaycan arasında əlaqələrin sıxlaşdırılmasını vacib edən üçüncü məqam isə son vaxtlar İran ətrafında yaranmış proseslərin gərgin müstəviyə keçməsidir. Qeyd edək ki, hər iki ölkə İranın nüvə texnologiyaları əldə etməsi ilə bağlı beynəlxalq prosedurlara əməl edilməsinin tərəfdarı olsalar da, ABŞ-ın İrana qarşı sərt sanksiyalarına qoşulmağa meyilli deyillər. İranın Türkiyə və Azərbaycanla münasibətlərdə müəyyən problemlərinin olmasına baxmayaraq, nə Ankara, nə də Bakı İranla bağlı problemlərin həllində hərb variantının seçilməsinə maraqlı deyillər.
Türkiyə və Azərbaycan əlaqələrində ən vacib və əhəmiyyətli məqamlardan biri isə Ermənistanla bağlıdır. Ermənistanın istər Azərbaycana qarşı işğalçılıq siyasəti, istərsə də Türkiyəyə qarşı qondarma iddialarla çıxış etməsi də, Bakı və Ankaraya bu ölkəyə qarşı siyasətlərini birləşdirmək və birgə mübarizə aparmaq zərurəti yaradır. Bu baxımdan da, belə qənaətə gəlmək olar ki, bu gün Türkiyə və Azərbaycan arasında əlaqələrin birgə koordinasiya edilməsi həm geosiyasi amillərlə, həm də bu ölkələrin öz dövlət maraqları baxımından vacibdir. Elə bu günlərdə Bakıya səfər edən Türkiyə prezidenti Abdullah Gülün "bizi maraqlandıran bir sıra məsələlər ortaya çıxıb ki, bu, bizim yenidən Bakıya getmək qərarı verməyimizə səbəb oldu"- kimi şərh etməsi də bunu bir daha təsdiqlədi. Başqa sözlə desək, bu gün Azərbaycan və Türkiyənin bir-biri ilə daha sıx əməkdaşlıq qurması, əlaqələrin hərbi-siyasi müstəvidə daha da irəliyə aparılması üçün böyük imkanlar var. Bu baxımdan da Türkiyə prezidentinin Azərbaycana budəfəki səfəri iki qardaş ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin başlanğıcı ola bilər.

Digər xəbərlər