Dünən Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksinin açılışında iştirak etmişdir. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirdi ki, Nəqliyyat Nazirliyinin sifarişi ilə Bakı-Rusiya Federasiyası dövlət sərhədi yolunun tikintisinə 2008-ci ilin martında başlanılmışdır. İnşaat işlərinə 7 min işçi qüvvəsi və 3 minədək xüsusi texnika cəlb olunmuşdur. Tikinti işləri mərhələlərlə aparılmışdır.
Körpünün ümumi uzunluğu 540 metr, eni də, hündürlüyü də 23 metrdir. Hərəkət hissəsi 4 zolaqdan ibarət olan körpünün hər iki tərəfində piyadalar üçün 1,5 metr enində səki salınmışdır. Körpünün üzərindəki ayırıcı zolaqda müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi üçün körpünün üzərində iki qoruyucu sədd düzəldilmişdir. Üçmərtəbəli dayaqlar üzərində tikilmiş körpü 16 aşırımdan ibarətdir. Hər aşırımın uzunluğu 32 metrdir.
Körpü 8-9 ballıq seysmik təsirlərə davam gətirməyə hesablanmışdır. Baş verə biləcək sel və daşqınlarla bağlı etibarlı mühafizə sistemi yaradılmışdır. Prezident İlham Əliyevə məlumat verilmişdir ki, körpünün inşa edildiyi ərazi sürüşmə zonası hesab edilir. Xarici mütəxəssislərin də yaxından iştirakı ilə aparılan müzakirələrdən sonra dairəvi yolun bir hissəsini təşkil edən 2 kilometrlik sürüşmə ərazisindən 4 milyon kubmetr torpaq daşınmış və digər tədbirlər görülmüşdür. Beynəlxalq əhəmiyyətli Bakı-Rusiya Federasiyası dövlət sərhədi yolunun üzərində yeni körpü kompleksinin inşa edilməsi ilə Şabran şəhərinin mərkəzində yaranan tıxac problemi həllini tapmışdır.
Dövlətimizin başçısına respublikanın avtomobil yollarının yenidən qurulması ilə bağlı yeni layihələr barədə də məlumat verildi.
Prezident İlham Əliyev Şabran dairəvi yolu və körpü kompleksinin açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı İlham ƏLİYEV inşaatçıları təbrik edərək dedi:
- Salam. Sizi körpünün açılışı münasibətilə təbrik edirəm. Gözəl, nadir körpüdür. Bu, Azərbaycanda son illər ərzində tikilən körpülərin içərisində ən uzun körpüdür. Yəni bu, onu göstərir ki, Azərbaycan şirkətləri belə böyük layihələri icra etməyə qadirdir. Çox şadam ki, yerli şirkət bu işi böyük keyfiyyətlə görübdür. İndi yol həm rahatlıq gətirəcək, həm də bunun təhlükəsizlik baxımından böyük əhəmiyyəti vardır. Artıq Şabranın içindən yol keçməyəcək və təhlükəsizlik baxımından da bunun böyük əhəmiyyəti vardır.
Azərbaycanın inkişafı üçün yol tikintisi çox mühüm rol oynayır. Bütün istiqamətlərdə yollar tikilir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar. Azərbaycanın inkişafına bunun çox böyük dəstəyi, köməyi vardır. Bu, çox böyük maliyyə vəsaiti tələb edən layihələrdir və yola qoyulan investisiyalar öz iqtisadi səmərəsini bəlkə 10 ildən, 15 ildən sonra verəcəkdir. Amma bizim üçün əsas odur ki, ölkəmizin inkişafı təmin olunsun, bütün regionlarda müasir infrastruktur yaradılsın. Yol tikintisi hər bir bölgənin iqtisadi inkişafını şərtləndirən amillərdən biridir. Mən əminəm ki, bu yolun istismarı nəticəsində bütün bu bölgədə, şimal bölgəsində iqtisadi inkişaf, sənaye müəssisələrinin yaradılması, turizmin inkişafı daha da sürətlə gedəcəkdir. Nəzərə alsaq ki, Quba-Qusar bölgəsində turizm potensialımız çox böyükdür, orada böyük işlər görülür, Azərbaycanda ən böyük turizm mərkəzi yaradılır - bu yolun yüksək səviyyədə olması əlbəttə ki, turizmin inkişafına da kömək göstərəcəkdir.
Bütövlükdə Azərbaycanda son illər ərzində yol tikintisinə çox böyük diqqət göstərilir və bu işlərlə məşğul olan bütün qurumlar - dövlət qurumları, özəl şirkətlər bütün işləri çox yüksək peşəkarlıqla görürlər. Bu işlər göz qabağındadır. Bunları danmaq, görməmək mümkün deyildir. Azərbaycan vətəndaşları hər gün görülən bu işləri görürlər və ondan istifadə edirlər.
Bütün bu işlərə görə mən sizə minnətdarlığımı bildirmək istəyirəm, uğurlar arzulayıram. Əminəm ki, gələcəkdə Azərbaycanda yol tikintisi sahəsində hələ çox işlər görüləcəkdir. Bizdə bütün proqramlar, planlar, maliyyə resursları vardır. Bir şey qalır ki, bütün bu işlər yüksək keyfiyyətlə və qısa müddət ərzində görülsün. Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bir daha demək istəyirəm, məni ən çox sevindirən odur ki, bütün bu işləri yerli şirkətlər, yerli fəhlələr, mühəndislər, işçilər görüblər. Əminəm ki, siz bundan sonra da bütün işləri yüksək keyfiyyətlə görəcəksiniz. Sağ olun.
X X X
Sonra dövlətimizin başçısı sükan arxasına əyləşib avtomobili özü idarə edərək Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmuş 131-165-ci kilometrlik hissəsinin açılış mərasiminə gəldi. Dünən Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna gəlmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Qusar rayonunda da hərtərəfli inkişafa təkan vermişdir. İstər rayon mərkəzi, istər kənd və qəsəbələr müasir görkəm alır. Ölkəmizin iqtisadi gücü artdıqca yenidənqurma və abadlıq işləri də sürətlənir. Yenidənqurma tədbirləri zamanı beynəlxalq təcrübə ilə milli üslubun üzvi şəkildə uzlaşdırılması diqqətdə saxlanılır. Füsunkar təbiətin qoynunda yerləşən Qusar rayonundakı müasir tikililər, sosial obyektlər, istirahət ocaqları və yaşıllıqlar birlikdə bənzərsiz mənzərə yaradır. Bütün bunlar ölkəmizdə həyata keçirilən kompleks yenidənqurma tədbirlərinin səviyyəsini dolğun əks etdirir. Dövlətimizin başçısı əvvəlcə Qusar şəhərinin mərkəzindəki Heydər bağında ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi Heydər bağında geniş yenidənqurma və abadlıq işləri aparılmışdır. Burada müasir işıqlandırma sistemi və yeni oturacaqlar quraşdırılmışdır. Bağdakı yaşıllıq zolağı xeyli genişləndirilmişdir. Bu istirahət məkanında əhalinin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Samur-Həzrə yolunun açılışında iştirak etmişdir. Qusar rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Məlumat verildi ki, Prezident İlham Əliyevin 2009-cu il 27 avqust tarixli Sərəncamı ilə yolun yenidən qurulmasına dövlət başçısının ehtiyat fondundan 6,5 milyon manat vəsait ayrılmışdır. Bu avtomobil yolu Qusar rayonunda geniş miqyasda tikinti-quruculuq işlərinin həyata keçirildiyi və turizm potensialının inkişaf etdirildiyi indiki zamanda müasir yol infrastrukturunun yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu 23 kilometr, hərəkət hissəsinin eni 7 metr olan bu yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra üç istiqamətdə - Həzrə-Mucuq, Həzrə-Sudur, Həzrə-Zeyxur istiqamətlərində davam edir. Samur-Həzrə yolunun yenidənqurmadan əvvəl tam dağılmaq üzrə olan 600 metrlik hissəsi 30 metr sola çəkilməklə yenidən tikilmiş, yol yatağı 12 metrə qədər genişləndirilmişdir. Yol boyunca bir sıra ərazilərdə istinad divarları tikilmiş, suötürücü borular qoyulmuş, yolun yatağı qaldırılmış və digər işlər görülmüşdür. Yolda 1000-dən çox siqnal dirəyi və 100 ədəd nişan qoyulmuşdur. Əsaslı şəkildə yenidən qurulan Samur-Həzrə yolu ilə yaxından tanış olan Prezident İlham Əliyev ölkənin yol infrastrukturunun müasirləşdirilməsinə dair növbəti tapşırıqlarını verdi. Azərbaycan Prezidenti İlham Əliyev Samur-Həzrə yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi: - Mən sizi ürəkdən təbrik edirəm. Bildiyiniz kimi, mən bir il bundan əvvəl yolun çəkilişi ilə bağlı müvafiq sərəncam imzalamışdım. Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdı ki, bu yol tikilsin. Qusar sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, biz bütün bu işləri gördük və artıq yüksək keyfiyyətə malik olan yol istismara verilir. İndi verilən məlumata görə, yol 16 min əhaliyə xidmət göstərəcəkdir. 27 qəsəbə və kənd bu yolun üstündə yerləşibdir.
Yəni bu, insanlara rahatlıq verəcəkdir. Burada şəkillərdə göstərilir ki, əvvəlki yol hansı vəziyyətdə idi, ona heç yol demək olmazdı, insanlar əziyyət çəkirdilər. İndi isə bu gözəl yol uzun illər, onilliklər ərzində insanlara xidmət göstərəcəkdir.
Hesab edirəm ki, bu, çox mühüm hadisədir. Bu, onu göstərir ki, bizim yol-tikinti işlərimiz nəinki magistral yolları, eyni zamanda kənd yollarını da əhatə edir. Kənd yollarının tikintisi gələcək illərdə daha da geniş sürətlə aparılacaqdır. Çünki magistral yollara gəldikdə, demək olar ki, bütün əsas magistralların tikintisi uğurla davam edir. Bu gün Bakı-Quba yolunun bir hissəsi istismara verilibdir. Çox böyük keyfiyyətə malik olan bir yoldur. Bütün başqa istiqamətlərdə - Bakı-Rusiya, Bakı-Gürcüstan, Bakı-İran sərhədi yollarının tikintisi, demək olar ki, bu il və gələn il ərzində başa çatmalıdır. O ki qaldı, kənd yollarına, onların tikintisinə böyük ehtiyac vardır. Ən ucqar yerlərdə, ən ucqar kəndlərdə bu yol tikintisi davam edəcəkdir. Azərbaycanın bütün bölgələrində insanlar yaxşı yoldan istifadə etməlidirlər.
Yol inkişafdır, mədəniyyətdir. Yol olan yerdə inkişaf da olacaqdır. Qusar rayonunun, qonşu rayonların böyük turizm potensialı vardır. Yol olan yerdə biz bu imkanlardan daha da səmərəli şəkildə istifadə edəcəyik. Bildiyiniz kimi, Qusarda son illərdə çox sürətli inkişaf gedir. İnkişafın templəri məni qane edir. İqtisadi inkişaf, sənaye, turizm müəssisələrinin yaradılması - bütün bu sahələrdə işlər yüksək səviyyədədir. Son 5-6 il ərzində 17 məktəb tikilibdir, bir neçə məktəb təmir edilib, böyük xəstəxana tikilməkdədir.
Azərbaycanın turizm obyektləri arasında ən birinci yeri tutan Qusar-Şahdağ qış-yay turizm kompleksi tikilməkdədir. İndi orada gedən tikinti işləri ilə bu gün bir daha tanış olacağam. O kompleksin istismara verilməsi nəticəsində minlərlə yeni iş yeri açılacaq, rayon iqtisadiyyatına böyük investisiyalar qoyulacaq və beləliklə, Qusar rayonunun uzunmüddətli və uğurlu inkişafı təmin ediləcəkdir.
Biz bütün bu işləri planlı şəkildə aparırıq. Həm ölkənin iqtisadi inkişafına göstərilən diqqət, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılan tədbirlər, sosial proqramlar, maaşlar, pensiyalar, sənaye müəssisələrinin, turizm mərkəzlərinin tikintisi - bütün bunların bir məqsədi var ki, Azərbaycan vətəndaşları yaxşı, firavan yaşasınlar, dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda istənilən sahədə tətbiq olunsun və beləliklə, ölkəmiz hərtərəfli inkişaf etsin. Regionlar inkişaf edir, paytaxt şəhərimiz inkişaf edir, rayon mərkəzləri gözəlləşir, abadlaşır - bax, inkişaf budur! Mən Prezident kimi Qusara artıq beşinci dəfədir ki, səfər edirəm. Hər dəfə gələndə burada gördüyüm yeniliklər, inkişaf məni sevindirir. Əldə edilmiş bütün bu nailiyyətlərlə bağlı mən sizi ürəkdən təbrik edirəm. Demək istəyirəm ki, yolun tikintisi rayon icra hakimiyyətinə tapşırılmışdır və mən görürəm ki, bu iş böyük keyfiyyətlə və zövqlə görülübdür. Növbəti illərdə əlbəttə ki, digər kənd yollarının tikintisi üçün əlavə vəsait ayrılacaqdır. Azərbaycan dövləti güclü dövlətdir. Bizim güclü iqtisadiyyatımız, güclü maliyyə imkanlarımız vardır. Bütün bu imkanlar Azərbaycan xalqının, bölgələrimizin inkişafına yönəldilib. Bir daha bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.
Mənə yolun tikintisi ilə bağlı edilən müraciətlər səslənəndə söz vermişdim ki, biz yolun tikintisinə nail olacağıq və yolun açılışında mən şəxsən iştirak edəcəyəm. Bu gün mən sizinlə bərabərəm. Təbrik edirəm.
X X X
Rayon ictimaiyyəti adından çıxış edən Həzrə kənd orta məktəbinin müəllimi Məsud QƏDİMOV dövlətimizin başçısına diqqət və qayğıya görə təşəkkürünü bildirərək dedi:
- Möhtərəm cənab Prezident!
Bu gün Qusar rayonun həyatında çox mühüm, əlamətdar bir gündür. Biz bu günü səbirsizliklə gözləyirdik. Çünki Sizin Qusara hər gəlişiniz elimizin bayramına çevrilir. Çünki Sizin hər gəlişinizdən sonra bir neçə yeniliyin şahidi oluruq.
Cənab Prezident! Biz qusarlılar xoşbəxt adamlarıq ki, son 6 il ərzində beşinci dəfədir Sizinlə görüşmək şərəfinə nail oluruq. Odur ki, Sizi bütün qusarlılar adından salamlayır və Sizə "Xoş gəlmisiniz" deyirik!
Möhtərəm Prezident! Sizin titanik əməklə respublikamızın inkişafını təmin etməyiniz, bütün bölgələrdə yüksək inkişaf tempinin saxlanılması çox böyük işdir. Hazırda bütün bölgələr inkişaf edir. Hər yerdə abadlıq-quruculuq işləri gedir. O cümlədən bizim Qusar rayonunda da. Qusar rayonu doğurdan da Sizin dediyiniz kimi, çox gözəlləşibdir. Biz fəxr edirik ki, Qusar rayonu respublikamızın ən gözəl guşələri ilə müqayisədə doğurdan da çox gözəl bir mənzərəyə malikdir. Biz bütün bunlar üçün Sizə minnətdarıq. Çünki Sizin köməyiniz olmasaydı, əlbəttə, biz belə gözəl şəraitə, inkişafa, rifaha malik ola bilməzdik. Rayonumuzda son illərdə tikilib istifadəyə verilmiş ən mühüm obyektlər, infrastruktur layihələri bilavasitə Sizin diqqət və qayğınız sayəsində ərsəyə gəlmişdir.
Cənab Prezident, bizim böyükdən-kiçiyə kimi hamımızın ürəyində Sizə dərin hörmət və istək vardır. Çünki Siz həmişə bizim problemlərimizlə maraqlanırsınız. Siz bizim problemlərimizi öz problemləriniz hesab edirsiniz. Elə götürək, bu yol məsələsini. Onda Siz Qusara gələndə biz bu məsələni ortaya atdıq və bu yolun bərpası barədə Sizdən xahiş etdik. Biz bilirdik ki, bu, çox çətin işdir. Xatirinizə gəlirsə, onda yağış da yağırdı - Siz bizi səmimiyyətlə otağa dəvət etdiniz.
Prezident İlham ƏLİYEV: - Bəli, bəli. Təzə açılmış idman kompleksi idi.
Məsud QƏDİMOV: - Bəli, onda Siz bizimlə oturub səmimi söhbət etdiniz. Bildirdiniz ki, bütün Azərbaycan xalqının nə problemi var, hamısı həll ediləcəkdir. Doğurdan da ilk anda bizə təəccüblü göründü, yəni bu çətin iş belə tez başa gələrmi?! Lakin bu yolun tikintisinin doğurdan da belə sürətlə başa çatması bizi heyrətə gətirdi. Biz bilirik ki, Prezidentimizin sözü ilə işi vəhdət təşkil edir. Prezidentimizin dediyi söz mütləq yerinə yetirilir. Özü də ən yüksək səviyyədə və ən qısa müddətdə.
Cənab Prezident! Bu yolun çəkilişi doğurdan da çox qısa müddətdə başa gəlsə də, çox keyfiyyətli qurulubdur. Allah Sizdən razı olsun! Bu yoldan istifadə edən 27 kəndin 16 minə qədər əhalisi Sizə minnətdardır. On illərlə onlar bu yolun həsrətində olublar. Lakin Siz bu yolu onlara bəxş etdiniz. Siz onlara bu yol ilə bərabər, yeni həyat bəxş etmisiniz. Onların sevincinin həddi-hüdudu yoxdur. Bunu sadəcə olaraq dillə demək çətindir. Atalar deyib ki, yol çəkmək, körpü tikmək dünyada ən savab işdir. Yeri gəlmişkən, Sizə ağsaqqallarımızın xeyir-duasını, minnətdarlığını, eləcə də bu yoldan istifadə edən, Şahdağın ətəklərinə qədər səpələnmiş 27 kəndin əhalisinin minnətdarlığını bildirmək istəyirəm. Sizin yolunuz həmişə işıqlı olsun! Sizin ömrünüz çəkdiyiniz yollar qədər uzun, rəvan olsun! Çox sağ olun, cənab Prezident!
X X X
Prezident İlham ƏLİYEV: - Sağ olun, xoş sözlərə görə sizə minnətdaram. Mən o günü yaxşı xatırlayıram. Olimpiya-İdman Kompleksinin açılışı zamanı yağış da yağdı, biz keçib içəridə oturduq, səmimi söhbət etdik. O vaxt da demişəm, bu gün də demək istəyirəm ki, mən Azərbaycanın inkişafı üçün çalışıram. Bölgələrə səfərlərimin məqsədi də məhz ondan ibarətdir ki, həm problemləri aşkar etmək, sizdən o problemləri eşitmək, hansı sahədə nə edilməlidir müəyyənləşdirmək, onları həll etmək və ondan sonra həll edilmiş problemləri, necə deyərlər, artıq görmək və bərabər sevinməkdir. Məni ən çox sevindirən məhz odur ki, Azərbaycanda hər gün hansısa bölgədə, hansısa rayonda hansısa müəssisə açılır, məktəb, xəstəxana tikilir, yol çəkilir. Budur əsas məqsədimiz. Yenə də demək istəyirəm, görülən bütün bu işlər bir neçə məqsədi güdür. Birinci növbədə, insanlar daha da yaxşı yaşasınlar, onların problemləri həll olunsun, yol çəkilsin.
İndi Qusar rayonunda qazlaşdırma prosesi sürətlə gedir. Mənə verilən məlumata görə, bir neçə kəndə yeni qaz xətləri çəkilmişdir. Bu proses davam etdirilir və göstəriş vermişəm ki, Qusarın kəndlərinə qaz təchizatı maksimum dərəcədə təşkil edilsin.
İnsanların sağlamlığı - Qusarda tikilən 230 çarpayılıq böyük xəstəxana demək olar ki, burada bütün sağlamlıq problemlərini həll edəcəkdir, həm diaqnostika, müayinə, əməliyyatlar, müalicə. Yəni bu, insanların sağlamlığı deməkdir.
Məktəblər - mən qeyd elədim, 17 məktəb nə deməkdir? Bu, bizim gələcəyimizdir. Həm uşaqlar yaxşı məktəblərdə oxuyacaqlar, həm də ki, bu, müəllimlərin iş şəraitidir. Ondan sonra Qusarda Olimpiya Kompleksi tikilmişdir. Onun açılışında bərabər iştirak etmişdik. Bu da fiziki və mənəvi cəhətdən sağlamlıqdır. Xüsusilə Qusar əhalisi idmana çox meyillidir. Qusardan çıxmış çox görkəmli idmançılarımız vardır və gənc nəsil də yetişməlidir. Onlar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlam, vətənpərvər olmalıdırlar. Yəni bu, elə vətənpərvərlik tərbiyəsinin bir istiqamətidir.
Burada dağ turizm mərkəzi tikilir. Qusar dünya miqyaslı bir turizm mərkəzinə çevriləcəkdir. Orada görülən işlər dünyanın aparıcı ölkələrində görülən işlərdən zərrə qədər də geri qalmır. Bu işlər bəzi hallarda orada olan işlərdən üstün görülür. Çünki biz artıq onların təcrübəsini bilirik və o təcrübəni burada müasir səviyyədə tətbiq edirik. Bir-iki ildən sonra siz həm ölkə daxilindən, həm xaricdən buraya turistlərin axınını görəcəksiniz. Bu, həm inkişafa aparan yoldur, eyni zamanda, böyük dəyər gətirəcək bir sahədir. Dünyada ölkələr turistləri cəlb etmək üçün bir-biri ilə rəqabət aparır. Qusarı mərkəzə, necə deyərlər, Azərbaycanın bir nömrəli turizm bölgəsinə çevirmək düşünülmüş və məqsədyönlü bir addımdır. Yəni, hər bir istiqamətdə görülən bu işlər cəmləşəndə artıq böyük dəyər təşkil edir.
Növbəti illərdə Qusar rayonunun problemlərinin həlli üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yeni yollar çəkiləcək, kənd təsərrüfatının inkişafı, sahibkarların, fermerlərin işinin yüngülləşdirilməsi, sənaye müəssisələrinin tikilməsi üçün bütün işlər görüləcəkdir. Artıq görülən bu işlər ki var, bir rayonun timsalında onu göstərir ki, biz hər şeyə qadirik. Təki güclü iradə olsun, o da var, xalqla iqtidarın birliyi olsun, o da var və düşünülmüş siyasət olsun, o da vardır. Beləliklə, ölkəmiz qabağa gedəcək və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir.
Bir daha sizi ürəkdən təbrik edirəm və gələcəkdə biz hələ tez-tez görüşəcəyik. Çünki əminəm ki, Qusarda belə gözəl açılışlar hələ çox olacaqdır.
X X X
Sonra mərasim iştirakçıları Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər. Bölgəyə səfəri çərçivəsində Prezident İlham Əliyev "Samur" gömrük buraxılış məntəqəsinin açılışında iştirak etmişdir.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlətimizin başçısına raport verdi.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə yaxından tanış oldu. Aydın Əliyev və Dövlət Sərhəd Xidmətinin sədri Elçin Quliyev dövlətimizin başçısına məlumat verdilər ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 5 hektardır ki, bunun da 11500 kvadratmetrində binalar və qurğular yerləşir. Gömrük məntəqəsinin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilmişdir.
Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilmişdir.
Diqqətə çatdırıldı ki, burada ixrac və idxal gömrük nəzarəti xətləri vardır. Gömrük buraxılış məntəqəsində "bir pəncərə" sistemi tətbiq edilmişdir. Burada yük-maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları da çalışır. Sanitar-karantin, fitosanitar və baytar nəzarəti xidmətlərinin də fəaliyyət göstərdiyi terminalın ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır. Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür. Gömrük buraxılış məntəqəsi ilə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Qusar rayonuna səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksində işlərin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaqdır.
Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək, 11 qaldırıcı, xizək yolları, süni göl və qar avadanlığı quraşdırılacaqdır. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır.
İkinci mərhələdə qaldırıcılar şəbəkəsinin və mədəni-idman qurğularının, kotteclərin tikintisi və bağların salınması nəzərdə tutulur.
Üçüncü mərhələ isə, əlavə xizək yollarının salınmasını və yaşayış zonasının genişləndirilməsini əhatə edir. Avstriyalı mütəxəssislərin layihəsi əsasında bütün fəsillərdə qar yağdırmaq üçün xüsusi aparat və su anbarı yaradılacaqdır. Dəniz səviyyəsindən iki min metr yüksəklikdə tikiləcək mərkəzdə 5 min işçi çalışacaqdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səfərbərlik sahəsi haqqında məlumat verərək bildirdi ki, kompleksin inşasında çalışanlar üçün burada hər cür şərait yaradılmışdır. Burada, həmçinin texnika və tikinti materiallarının yerləşdiyi anbarlar da vardır.
Prezident İlham Əliyevə kompleksə daxil olan mehmanxanaların dizayn və interyer elementləri, tikinti zamanı istifadə ediləcək materiallar barədə də ətraflı məlumat verildi.
Dövlətimizin başçısı tikintinin müasir standartlar səviyyəsində aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Prezident İlham Əliyev həmçinin Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 131-165-ci kilometrlik hissəsinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevə qədim Şabran şəhərinin maketi nümayiş etdirildi və aparılan arxeoloji qazıntılar, həmçinin Çıraqqala tarix və memarlıq abidəsinin maketi əsasında burada həyata keçiriləcək tədbirlər barədə məlumat verildi.
Nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 131-165-ci kilometrliyində görülən işlər və yeni layihələr barədə dövlətimizin başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, 34 kilometrlik bu yolun inşasına 2009-cu ilin iyulunda başlanıb və tikinti 2 mərhələdə aparılıb. Birinci mərhələdə 15 kilometrlik, ikinci mərhələdə isə qalan 19 kilometrlik hissə əsaslı bərpa edilib. Nəqliyyat Nazirliyinin sifarişi ilə yenidən qurulan bu yolun torpaq yatağının eni 15 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yolun 2 hərəkət zolağı vardır və örtüyü asfalt-betondur.
Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun yenidən qurulan 34 kilometrlik bu hissəsindəki 7 körpüdə təmir işləri aparılıb.
Prezident İlham Əliyev yolun müasir standartlara uyğun yenidən qurulmuş 34 kilometrlik hissəsinin açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı inşaatçıları təbrik etdi, tapşırıq və tövsiyələrini verdi. Prezident İlham Əliyev avqustun 12-də "Qusar-1" su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
"Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, dövlətimizin başçısı respublikada 2010-cu ili alternativ enerji mənbələrinin istifadəsi və ekologiyanın yaxşılaşdırılmasında kəskin dönüş ili elan etmişdir. Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli Sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramların hazırlanması "Azərenerji" ASC-yə tapşırılmışdır. içik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir.
Layihənin əsas komponentləri haqqında dövlətimizin başçısına ətraflı məlumat verildi. Buraya xüsusi su hovuzu, hər birinin uzunluğu 577 metr, diametri 900 millimetr olan 3 boru xətti, turbin zalı, ümumi gücü 1 MVt olan 3 hidroturbin və hidrogenerator, 10 kV-luq yarımstansiya və elektrik verilişi xətləri daxildir.
Tikintinin 2011-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. İnşaat işləri yerli "Azenco" şirkəti tərəfindən həyata keçiriləcəkdir. ayihənin icrası nəticəsində Qusar rayonunun Urva kəndi yaxınlığında inşa edilən su elektrik stansiyasında ildə 7 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunacaqdır.
Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığı tökdü.
Dövlətimizin başçısı inşaatçıları və energetikləri təbrik etdi, onlara tapşırıq və tövsiyələrini verdi.