Abdullah Gülün Azərbaycana səfəri...
Verilən rəsmi məlumatlardan da məlum olduğu kimi, Türkiyə prezidenti Abdullah Gül avqust ayının 16-17-də Azərbaycana rəsmi səfər edəcək. Səfər zamanı iki ölkə arasında qarşılıqlı əlaqələrin, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunacağı gözlənilir ki, bu məsələlər də hər iki tərəfi yaxından maraqlandıran məsələlərdir. Türkiyə prezidentinin Azərbaycana səfərinin gerçəkləşməsi ölkələrimiz arasında olan sıx qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün müsbət bir rol oynayacağı gözlənilir.
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əlaqələr demək olar ki, bütün sahələri əhatə edir. Bu əlaqələr istər iqtisadi, istər siyasi, istər sosial, istərsə də mədəni sahələri əhatə etməklə iki qardaş ölkəni bir-birinə daha sıx bağlamaq məqsədi güdür və tarixən Türkiyə-Azərbaycan dostluğunu inkişaf etdirib gələcək nəsillərə ötürməyə xidmət edir. Bunun üçün genişmiqyaslı layihələrə imza atan Azərbaycan və Türkiyə dövlətləri regional sahədə də təhlükəsizlik və sabitlik məsələlərinin təmin olunmasında bir-birilərinə dəstək verirlər. Artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxmış bu müttəfiqlik ölkələrimizin gələcək birgə inkişafını təmin etmiş olur. Bu mənada, xüsusilə siyasi, hərbi və iqtisadi sahələrdə əməkdaşlığı qeyd etmək lazımdır ki, bu da son dövrlərdə ən yüksək həddə gəlib çatmışdır. Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra daim Türkiyə tərəfindən müstəqilliyinin qorunub saxlanılması sahəsində müxtəlif dəstəklər almışdır. Türkiyə dövləti Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə olmuşdur və beynəlxalq miqyasda da ölkəmizin təbliğ olunmasında öz yardımlarını əsirgəməmişdir.
Avqust ayının 16-17-də gerçəkləşəcək səfərin əhəmiyyətinə gəlincə isə, onu demək lazımdır ki, bu ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yüksək əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğvi məsələsinin hələ də öz həllini tapmamasının müzakirə olunması gözlənilən məsələlərdəndir. İki müttəfiq və qardaş ölkə arasında viza rejiminin ləğvində bəzi problemlərin yaranması bu məsələnin açıq qalmasına səbəb olmuşdur. Bundan başqa, daha əhəmiyyətli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Türkiyə və Azərbaycan prezidentləri arasında müzakirə olunması gözlənilir. Məlum olduğu kimi, Türkiyə dövləti son illərdə münaqişənin tənzimlənməsində böyük bir fəallıq nümayiş etdirir. Onun münaqişənin həllində oynamaq istədiyi rol və bu məsələyə baş nazir və prezident səviyyəsində diqqət ayırması qeyd olunmağı vacib olan məsələlərdəndir. Hətta Minsk Qrupunda həmsədr kimi də çıxış etmək istəyən Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını əsas götürməsi Azərbaycan üçün çox vacib məsələdir. Türkiyə regionun və dünyanın nüfuzlu ölkələrindən olmaqla, Azərbaycan maraqlarını bu səviyyələrdə müdafiə etməyə hazırdır və bunu edir də. İstər beynəlxalq təşkilatların tərkibində, istərsə də digər dövlətlərlə münasibətlərdə daim Azərbaycan maraqlarını, Azərbaycanın problemlərini ən az Türkiyənin problemləri ilə eyni səviyyədə tutur, onları daim ön planda saxlayır. Bu mənada, Türkiyənin Azərbaycanın haqq işində ona dəstək olması yüksək qiymətləndirilməlidir.
Abdullah Gülün Azərbaycana səfəri ilə bağlı daha bir məqam xüsusilə diqqətəlayiqdir. Belə ki, avqust ayının ortalarına təsadüf edən bu səfər Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri ilə eyni həftə ərzində baş tutacaq. Bu iki səfər arasında bəzi paralelləri göstərmək lazımdır. Qeyd edək ki, D.Medvedevin Yerevan səfəri ayın 19-da gerçəkləşəcək və burada iki ölkə arasında bir sıra mühüm məsələlərin müzakirə olunması və vacib əhəmiyyətli sənədlərin imzalanması gözlənilir ki, bu məsələlərin də həlli Ermənistanın güclənməsi, xüsusilə, hərbi potensialının yüksəlməsi üçün mühüm əhəmiyyət daşıması gözlənilir. Rusiyanın öz hərbi bazalarını Ermənistanda daha uzun muddətə saxlaması üçün nəzərdə tutulan bu müqavilə ilə Rusiya-Ermənistan hərbi bloku daha da möhkəmlənmiş olacaq. Bundan başqa, KTMT ölkələri başçılarının Yerevanda zirvə toplantısına yığışması da Ermənistanı hərbi cəhətdən gücləndirmək və bu ölkələrin onun arxasında durduğunu nümayiş etdirmək məqsədi güdür. Bəzi ekspertlər isə belə hesab edirlər ki, Rusiya prezidentinin səfəri və yuxarıda qeyd olunan məsələlərin fonunda Abdullah Gülün Azərbaycana səfəri Rusiya və Ermənistana çatdırılması lazım olan bir mesajdır. Yəni burdan belə bir nəticə çıxır ki, Türkiyə bir növ bütün hallarda Azərbaycanın arxasında olacağını və Ermənistanla münasibətlərdə də ölkəmizə dəstək verəcəyini nümayiş etdirir.