Yeni park istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev dünən Bakının Xətai rayonu ərazisində Zığ yolunun kənarındakı 38, 40 və 42 nömrəli binaların yaxınlığında yerləşən, əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən parkın açılışında iştirak edib.
Parka gələn dövlətimizin başçısına məlumat verildi ki, uzun müddət baxımsız və yararsız vəziyyətdə olan bu istirahət guşəsində əsaslı təmir işlərinə cari ilin yanvarında başlanılıb. Ərazisi 2,3 hektara yaxın olan parkda qısa müddətdə görülən işlər buranın görkəmini tamamilə dəyişib. Ərazinin 1,5 hektarı yaşıllaşdırılıb, 5 mindən çox müxtəlif dekorativ ağac və gül kolları əkilmiş, çəmənliklər salınıb.
Parkda hər cür hava şəraitinə davamlı materialdan hazırlanan oturacaqlar quraşdırılıb. İstirahət məkanında ən müasir işıqlandırma sistemi yaradılmış, 90-a yaxın yüksək keyfiyyətli müasir işıq dirəklərindən istifadə edilib. Prezident İlham Əliyevə məlumat verildi ki, parkda 2 yeni fəvvarədən ibarət kompleks yaradılıb. Parkın avtomobil yoluna yaxın hissəsində yerləşən fəvvarə kompleksinin uzunluğu 280 metrdir. Parkın ərazisinə 4 min kvadratmetrə yaxın tamet daşlarla yanaşı Avropadan gətirilmiş qranit-mərmər döşənib.
Parkda balaca sakinlərin istirahəti üçün də hər cür şərait yaradılıb. Bu məqsədlə xüsusi attraksionlar quraşdırılmış, idman və əyləncə meydançaları salınıb. Sakinlərin asudə vaxtının səmərəli təşkili və mənalı istirahətinə xidmət edəcək parkda görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.